Budur sənin qanacağın?

20 Baxış

Esmira rahimliEsmira Rəhimli

Budur sənin qanacağın?

Mikroavtobus Bakının yollarıyla irəliləyirdi. Sərnişinlərin bir məqsədi vardı. Mənzil başına vaxtında çatmaq. Sürücünün isə dərdi bir deyildi. O, dayanacaqlara vaxtında çatmalı, maşına çoxlu sərnişin mindirib planı verməli, maşının az qala altına girən piyadalardan və xam sürücülərdən yayınmalı idi. Sürücü olduğu üçün müxtəlif cür sərnişinlərə alışmışdı. Lakin bugünkü sərnişinlər başqa aləm idilər.
Dayanacaqda qadın iki uşağı ilə dayanmışdı. Biri qız, biri oğlan olan uşaqların dörd-beş yaşları olardı. Mikroavtobus dayanacaqda saxlayıb qapını açan kimi oğlan uşağı birbaşa sürücünün üstünə tullandı. Onun sürücüyə söydüyü xoruz banı eşitməmiş nalayiq söyüşlər digər sərnişinləri heyrətə gətirdi. Uşaq sükandan yapışıb var gücü ilə qışqırdı:
– Ay  …, bayaqdan sürürsən! Ver bir az da mən sürüm də! Ay … …!
Uşaq sürücünün sükanı xoşluqla buraxmaq istəmədiyini görüb, onu təpikləyir, üstünə tüpürür, söyürdü. Sürücü hər şeyə rəğmən həm maşını idarə edir, həm də sərnişinlərə xəbərdarlıq eləyirdi:
– Uşağı götürün! Yoxsa qəza törədərəm!
Kişi sərnişinlər uşağa xələl yetirməmək şərtilə onu sürücüdən ayırmağa çalışsalar da bir şey çıxmırdı.
– Ay balam, bu kimin uşağıdır?!
Uşağın anası qucağında saxladığı qızı ilə arxa sırada oturmuşdu. O, qucağındakı kiçik qızının yüksəkdən oxuduğu Azərbaycan himninin səsindən heç nə eşitmirdi. Onun üzündə elə bir etinasız ifadə var idi ki, elə bil nə bu uşaqlar onundur, nə də səs-küyü eşidir.
Sürücünün arxasındakı sırada əli uşaqlı bir ata əyləşmişdi. Onun olduqca mədəni adam olduğuna baxmayaraq artıq səbr kasası dolmuşdu. O sürücünü incidən uşağa dayanmadan öz mövqeyini bildirirdi. Onun mövqeyi isə birmənalı idi.
– Bu uşaq gələcək cinayətkardır! Bu nə uşaqdır?! Nə qanacaq var, nə mərifət!
Bu kişinin qucağındakı balaca gəlinciyə oxşayan iki-üç yaşlarında qız uşağı idi. Onu o biri uşaqlarla heç müqayisə eləməyə də dəyməzdi. Bunun heç cınqırı da çıxmırdı. Atası isə az qala hər nəfəs çəkəndə, – Qanacaq! Mərifət! – deyə deyinirdi. Beləliklə, marşurutda əsasən bu dörd nəfərin səsi küy yaradırdı. Tərbiyəsiz uşağın, onun heç cürə himni bitməyən bacısının, imdad istəyən sürücünün, bir də “qanacaq, mərifət” pərəstişkarı olan bu kişinin. Sürücü bu minvalla üç dayanacaqlıq yol gedə bilmişdi. Növbəti dayanacaqda ana himni hələ də bitməyən qızı ilə marşurutdan düşdü. O, qollarını uzadıb dəliqanlı oğlunu götürüb yerə qoydu. Onlar düşənə kimi marşuruta bir sakitlik çökəcəkdi ki, “qanacaq, mərifət” ayağa qalxdı. O, sürücünün başının üstündən qolunu uşazıb gediş haqqını verdi. Bu dəm qucağındakı balaca qızının mədəsi mikroavtobusun onu tutmasından xəbər verdi. Bəli, o yediyi südlü sıyığı sürücünün başına qusdu. Sürücü bir saniyə keyiyib qaldıqdan sonra dili açıldı:
– Budur sənin qanacağın, mərifətin?!
– Ay qardaş, bağışla, sən Allah, bu saat üstünü təmizləyərəm.
“Qanacaq” cibindən dəsmal çıxardıb onun üstünü təmizləməyə başlasa da artıq əsəbləri pozulmuş sürücü, – Eeee! – deyərək onun əlini itələyib kənarlaşdırdı.
– Düşün! Avtobus getmir!
Sonra o öz-özünə danışırmış kimi pıçıldadı:
– Bu nə gündür belə?