Bülbül olub bağçasında ötərdim…Teymur Bünyadov

9 Baxış

378657

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim…
Məmməd Araz
Xalq şairi

Gecədən xeyli keçmiş yuxum ərşə çəkilmişdi. Halı pərişandım, bərk dumanlanmış, tüstülənmişdim. Yazıqlaşmış, yetimləşmişdim. Dolub, doluxsunmaq məqamındaydım. Bir əvvəl ayla ulduzları söhbətə tutmaq istədim, alınmadı. Məndən küsmüş kimi yoxa çıxdılar. Göyün üzünə zülmət çökdü. Daha da pərişanlandım. Neyləyim, necə eləyim intizarında qaldım.

Nagahan dost mehribanım Məmməd Arazın hikmətli misraları qəlbimə hakim kəsildi. Heyranlıqla bir neçə dəfə təkrarladım. Hardasa bir az ürəyimin döyüntüsü azaldı, təskinlik tapdım. Qəfildən bənzətmələrim, oxşamalarım sinəmdən qopdu. Muncuqlandı, misralandı, sıralandı.

Torpaq mənə gəl-gəl desə, nə dərdim,
Çinar olub sinəsində bitərdim.

Dağlar məni haraylasa, nə dərdim,
Qanad açar səcdəsinə gedərdim.

Araz çayı dayansaydı, nə dərdim,
Ayaqyalın Təbrizəcən gedərdim.
Dəli Kürüm sakitləşsə, nə dərdim,
Öpüb, qucub sularında üzərdim.
Elim mənə mərdim desə, nə dərdim,
El yolunda canı qurban verərdim.

Çeşmə görsəm nə məlalım, nə dərdim,
Diz çökərdim, lap gözündən içərdim.

Anam mənə layla desə, nə dərdim,
Səcdə qılıb, saçlarından öpərdim.

Samirəyə yol alsaydım, nə dərdim,
Qollarımı Babəkimə verərdim.

Çənlibelə vara bilsəm, nə dərdim,
Koroğlunun mən başına dönərdim.

Dəliləri dilə tutsam, nə dərdim,
Koroğlunun Qıratını minərdim.

Müdriklərdən dərs alsaydım, nə dərdim,
Əyri yoldan doğru yola dönərdim.

Mən Gəncəyə getsəydim, nə dərdim,
Nizamini ziyarətə gedərdim.

Füzulini quca bilsəm, nə dərdim,
Kərbəladan düz Bakıya gələrdim.

Səhra mənə qucaq açsa, nə dərdim,
Məcnun olub öz Leylimi gəzərdim.

Ələsgərdən söz söyləsəm, nə dərdim,
Saz sinəmdə hey elləri gəzərdim.

Heydər baba, ünüm çatsa, nə dərdim,
Şəhriyara min-min rəhmət dilərdim.

Yarım mənə yarım desə, nə dərdim,
Bülbül olub bağçasında ötərdim.

Göylər məni ağlasaydı, nə dərdim,
Köçüb bir gün bu dünyadan gedərdim.

Dan yeri sökülər-sökülməz, günəş dağın arxasından haləsini göstərər-göstərməz, ulduzlar sönər-sönməz, Ay yoxa çıxar-çıxmaz qələmim dayandı. Rahatlandım, dünyamı tapmış kimi oldum.

Əziz oxucular! Kəlamlarımın biri, parası qəlbinizə yol tapsa sevinər, xoşlanar, minnətdar olaram.

Təəssüflənib məyus olsanız, ixtiyar yaşıma bağışlayın. Keçin günahımdan. Yaxşımı?!

Mənbə: 525.az

KÖŞƏ YAZARLARI
TOP 10