Bünyamin AKSUNQUR: “Üzeyir bəyin sayəsində Azərbaycan Türkiyəni ötüb keçdi” –VİDEO, FOTOLAR

148 Baxış

IMG_8055Keçən ilin sonunda dostum Samir Turanın təklifi ilə Türk Dünyası Gənclər Birliyinin İstanbulda hazırladığı qurultayda iştirak etmişdik. Həmin səfərin mənə ən böyük bəxşişi hələ Macarıstandakı Turan Qurultayında tanıdığım TRT-nin yapımcı -yönətməni, Türk dünyasının tanınmış sənət adamı, bir çox türk ləhcəsini bilən və bu ləhcələrdə ustalıqla mahnılar ifa edən və Türk xalqlarının musiqiləri üzrə araşdırmalar aparan dəyərli ziyalı Bünyamin Aksunqur ilə yaxından tanış olma şansı yaratdı. O zaman belə Bünyamin bəylə ətraflı söhbət etmə fürsəti axtarırdım. Qismət bu günə imiş. Təklifi dedim, evlərinə dəvət etdi. Samirlə ailəvi dostluqları olan böyük sənətkarın evinə dəvəti elə səmimi və elə içdən idi ki, etirazsız, filansız getdik. Çünki Bünyamin bəyin həyat yoldaşı Behiyə xanım ilə də ilkin tanışlığım var idi. Məhəllərinə çatanda birdən yadımıza düşdü ki, əliboş gedirik evə.  Adətimizə uyğun meyvə almaq istəyəndə Samir “Bünyamin bəy çok qızacaq” dedi. Mən də “atarsan mənim boynuma” deyib arzumuzu həyata keçirdik. Doğrudan da, qarşılama o qədər səmimi oldu ki, əlimizdəkini hara qoyacağımızı, necə edəcəyimizi bilmədik. Baxışlarında “olmaz” dedi və biz də “bir də olmaz” dedik. Sanki uzun illər görmədiyimiz nənəmizi, babamızı görmüşdük. Əvvəlcədən planlaşdırmışdıq ki, deyək yeyib gəlmişik və sonra bir yerdə yeyərik.  Saatı da deməmişdik ki, əziyyət olmasın. Amma veilən sual və təklif o qədər isti idi ki, etirazsız mətbəxə keçdik və Behiyə xanımın allah verənlərindən yedik və sonra da Bünyamin bəyin iş otağına ketdik. Otaq nə qədər balaca, nə qədər qarışıq olsa da, sanki bir Turan arxivi, müzeyi idi.  Qurultayda ikən hər türk xalqı öz milli mahnılarına, mədəniyyətlərini sərgilyirdi, Qaqauz qardaşlarımız çıxış edərkən dedilər ki, bizim aramızda musiqiçi olmadığından biz sadəcə şeir deyəcəyik, bu zaman Bünyamin bəyin səhnəyə getməsi və Qaqauz dilində “Oğlan” mahnısını oxuması, sonra isə Səudiyyə Ərəbistanından gələn türk qardaşlarımızın da dadına çataraq onların ləhcələrində mahnılar ifa etməsi onun daxili zənginliyindən və biliyndən xəbər verirdi. Onun üçün də bütün türk dünyasında fədakar bir aşıq-dərviş kimi tanınan Turan sevdalısını Azərbaycana da tanıtmaq arzusunu reallaşdırmaq vacib məsələyə çevrildi bizim üçün. Söhbətə başlayanda icazəsini alıb söhbətimizin yazdıq. Sonra isə lap jurnalist həvəsinə düşüb ara sıra suallar verib onu dinlədik. Təəssüflər olsun ki, jurnalist istedadımızın olmadığından söhbətimizin yarısını texniki səbəbdən yaza bilməmişik. Amma əminəm ki, bir saatlıq bu söhbət həm oxucularımıza, həm də mütəxəssislərimizə çox lazımlıdır.  Vüsalə xanımın da köməyi ilə səs yazısının mətnini və Elvin bəyin dəstəyi ilə videosunu sizlərə təqdim edirik.

 

Şamil Sadiq: Bünyamin bəy, demək, bizim bir neçə aylıq tanışlığımız var. Sizinlə tanışlıqda artıq türk dünyasının el birliyini, vahidliyini, musiqilərin sizin öz  ifanızda, düşüncənizdə birləşdiyini görürük. Bu birləşmə, bu musiqilərə maraq sizdə necə yarandı? Necə oldu ki, siz ancaq bu sahədə çalışdınız? Amma əslində çalışdığınız sahə Türkologiyadır.

Bünyamin Aksunqur: Birincisi, Allahın insana verdiyi istedad olmalıdır. O yoxdursa alınmaz. Bu istedad ilə əvvəl insan öz musiqisini, öz ölkəsinin xalq mahnılarını öyrənir. Mən orta məktəb illərində yavaş-yavaş öz əslimi, kökümü tanımağa başladım, öz kökümüzə aid nəğmələri, mahnıları əzbər öyrənməyə başladım. Türkiyədəki türküləri, mahnıları öyrəndikdən sonra ilk dayanacaq ünvanım Azərbaycan oldu. Azərbaycan xalq mahnılarını Türkiyədə Nəriman xanım Tüfəkçi ifa edirdi (Allah rəhmət eləsin). Nəriman xanım Türkiyədəki türk xalq musiqisinin zirvəsi hesab edilir. O, həm də müəllimə idi. Amma biz bu mahnıların orijinalını eşitmədiyimiz üçün Nəriman xanımın oxuduqlarını düzgün bilib elə də qəbul edirdik. Mən Ədirnədə Müəllim Məktəbində təhsil alarkən (Ədirnə Türkiyənin ən Qərb bölgəsi) Nəriman xanımın oxuduğu “Ceyran” mahnısını eşitmişdim (Ə.Tağıyev):

Araxçının məndədir,

Sərmişəm çəməndədir.

Aləm gözələ dönsə,

Mənim gözüm səndədir.

 

- bunu tam olaraq Azərbaycan dialektində, Azərbaycan şivəsində başa düşə bilmirdim. Məsələn:

Ulduz dönüb ay olmaz,

Yaz keçməzsə yay olmaz,

- biz yay fəslinə “yaz” deyirik, amma Azərbaycanın ilk baharı “yaz” adlandırdığını bilmirdim. “Yay” nə olur bəs? Yayı gənc vaxtlarım olduğuna görə kaman yayı kimi başa düşmüşdüm. Nə isə…

Könül sevən gözələ,

- mən onu “kömür sevən gözələ” kimi başa düşmüşdüm.

Gözəllikdə pay olmaz.

-“pay” “hissə” kimi qəbul etmişdim. O vaxtlar 17-18 yaşlarında idim. Dostlarıma danışırdım ki, baxın görün azərbaycanlılar Allahın verdiyi gözəlliyə nə qədər bağlıdılar ki, “Kömür sevən gözələ” gözəllikdə hissə vermirlər, pay vermirlər. Mən “kömür” başa düşmüşdüm, könül yox. Kömür, bilirsiniz, makiyajın, bəzənməyin rəmzi kimidir. Qara olsun deyə qaşlara, gözlərə çəkilər. Dostlarım da bu sözlərimdən çox təsirlənirlər. Özüm də mənanı səhv izah edirəm, amma bunun fərqində deyiləm.

 

Şamil Sadiq:  İzahını da tapmısınız – könülü kömür edərək(gülür).

Bünyamin Aksunqur: “Kömür sürən gözələ biz gözəllikdə pay, hissə vermərik”- mən belə anladım. Belə də izah etdim. Və Allaha baxın. Bir il sonra mən müəllim kimi Ədirnədən İğdıra gəldim. İğdırda Azərbaycan əsilli insanlar arasında müəllimlik etdim. Və ordan Bakı radiosunu dinlədim. Zeynəb Xanlarovanın səsini ilk dəfə Iğdırda eşitdim. 1975-ci ilin sentyabr-oktyabr ayları idi… Zeynəb Xanlarova “Ceyran” mahnısını oxuyurdu. Dostlardan, orda yaşayan insanlardan soruşdum, onlar belə izah etdilər:

Könül sevən gözələ

Gözəllikdə tay olmaz.

-yəni könlün sevdiyi ən gözəldir, ondan gözəli ola bilməz.

Sözlərin mənası tam açıqlandı, daha gözəl səsləndi, mənim izahım isə boşa çıxdı.

Aradan 25 il keçdi. Mən İstanbul radiosunda işləməyə başladım. Müəllimlikdən TRT-yə keçdim. TRT-də Nəriman xanımla tanış oldum. Onunla reportaj hazırladıq. Nəriman xanıma illər əvvəl onun oxuduğu mahnını necə anladığımı, necə oxuduğumu dedim. Nəriman xanım sırf o “ceyran” mahnısını anlamaq üçün 3 ay İğdırda (1960-cı illərdə) qaldığını dedi. Nəriman xanımın (Allah rəhmət eləsin) köhnə lentlərini dinlədik və:

Könül sevən gözələ

Gözəllikdə pay olmaz.

-kimi ifa edib. O da “pay” deyib. Utandı, üzü bir az qızardı (gülür). Bundan sonra Azərbaycan mahnılarına ağlaya-ağlaya qulaq asırdım, çünki:

Bu dağı bağ eylərəm, ay bülbüllər,

Yanını çardağ eylərəm, ay bülbüllər.

Eşitsəm sən gəlirsən,

Yoluna çıraq eylərəm, ay bülbüllər və s.

Hamısını qeyd etmişəm. Həmin vaxtlar eşitdiklərimi qeyd edirdim. Və azəri əsilli dostlarımdan sözlərin mənalarını soruşurdum.

Mən 1976-cı ildə İstanbula gəldim. İstanbulda Oruç Güvənclə tanış oldum. Onunla tanışlıq ərəfəsində artıq Azərbaycan musiqisi ilə tanış idim, kərkük türkülərini az-maz oxuyurdum, orada isə Krım, özbək, Türküstan  musiqilərini öyrənməyə başladım. Həmçinin Kazan, tatar və s. Və bizdə xoş bir inkişaf oldu. Türkiyədə bu işlə məşğul olan birlik yox idi. Çox həvəskar, çox təvazökar bir çalışma idi. İddiasız. Heç birimiz musiqiçi deyildik. Amma ürəyimizdə musiqiyə bir istək, sevgi vardı. Bu sevgi ilə “bizim türk qardaşlarımızın mahnıları” deyirdik. O illər Türkiyənin qarşıdurma, savaş illəri, yəni vətəndaş müharibəsi illəri idi. Türkiyədə bir qrup milliyətçi deyirdi ki, – “dünyada bizim qardaşlarımız var- 300 milyon türkük.” Bir başqa qrup deyirdi ki, – “Lenin ən böyükdür, siz faşistsiniz, onlar orda rahat yaşayır, biz burda kapitalizmin altında pis yaşayırıq.” Belə deyərək türk-türkü vurmağa başladı. Hər gün 10-15 insan ölürdü. Bu vəziyyət 1980-ci ilə qədər davam etdi. Amma mən bir yandan məktəbi davam etdirib, bir yandan türk dünyası musiqiləri ilə daha dərindən çalışmağa davam edirdim. Qazax (azərbaycanlı dostlarım onsuz da vardı), qırğız,  uyğur dostlar, hər hansı birindən kimsə gələrdi,(o vaxtlar sərhəd bağlı idi, oradan bura gəlmək, xəbərləşmək çox çətin idi, mümkün deyildi) Birdən eşitsəydik ki, bir azərbaycanlı gəlib – “sizdə mahnı varmı, kaset varmı?” – soruşardıq. Ondan bir mahnı, kaset ala biləcəyimiz üçün onun yanına gedər, onunla yemək yeyər, onun ardıyca düşər və ondan bir kaset istəsək, “verə bilmərəm” desəydi kasetin surətini çıxartdırardıq. Türküstanlıların yanına gedərdik, onların mahnılarını çox çətinliklə əldə edərdik. Və biz, elə bil ki, varlanardıq, zənginləşərdik. Bir neçə il keçdi, Sovetlər İttifaqı dağılmağa başladı, oradan daha çox insanlar gəldi, daha çox insan gəlincə daha çox material, sənəd-mahnılar, türkülər (mənim sahəm olduğuna görə) gəldi. Bunların hamısını qarşılaşdırmaq, müqayəsə etmək imkanı yarandı. Axtardıqlarımı tapdım. Diqqət yetirəndə görürsən ki, bir qazax mahnısı Tatarıstanda da var, sözlər eyni olmasa da, musiqi eynidir. İşlədikləri mövzu ikisi də Ana mövzusudur. Azərbaycanlının “layla” dediyi ninni “leyle”, Krımda “ay ninni”, Kərkükdə, qazaxlarda “eldiy”, özbəklərdə “alla” , “elle” deyə qarşımıza çıxır. Gördüyünüz kimi hamısı bənzər sözlərdir.

Analar övladlarının hər zaman yaxşı yerlərdə olmaqlarını istəyərlər. Bir ana balasına sadəcə süd vermir, o laylalarla öz milli mədəniyyətinin xromosomlarını uşağın genetik kodlarına, hüceyrələrinə, şüuraltına aşılayır. Bu, çox vacibdir. Bu gün dünyada operalarda, simfoniyaların təməlində də milli motivlər durur. Bunu mənə Lütfiyar İmanov da söylədi. O, dedi ki, milli musiqini bilmədən dünyanı tanıya bilməzsən. Doğru söyləmişdi. Həqiqətən gördüm ki, Şopen poloveçlərdən, polşa xalq mahnılarından ilham almış, macar bəstəkar List rapsodiyalardan, Paqanini kapriçiolardan, italyan xalq mahnılarından sürət yığaraq yola çıxmışdır. Demək, hər kəs əvvəl öz milli kökləri üstündə yüksəlir və ondan sonra da bütün dünyaya səslənə biləcək qədər inkişaf edir. Məsələn, Üzeyir Hacıbəyov kimi. O, Azərbaycan musiqisi içərisində doğulmasaydı belə, yenə də böyük musiqiçi olacaqdı, amma Azərbaycan musiqiçisi olmayacaqdı. Dünyanı tanıyandan sonra Azərbaycana dönsəydi Azərbaycan musiqisi bu qədər gözəl ola bilməzdi. Çünki, o, Azərbaycan musiqisi içərisində doğuldu. Bu musiqi onun ilikləri, damarları, hüceyrələrinə qədər işləyib. Ondan sonra bütün dünyanı tanıdı, müqayisə etdi – “Mən Azərbaycan musiqisini necə təkmilləşdirə bilərəm? Necə dünyaya tanıda bilərəm? Dünya musiqisi ilə necə yarışdıra bilərəm?” Və qəbul etmək lazımdır ki, başda Üzeyir bəyin sayəsində Azərbaycan Türkiyəni ötüb keçdi.

 

Şamil Sadiq: Məktəb yaratdı.

 

Bünyamin Aksunqur: Təbii ki. Klassik mənada deyirəm. Amma ənənəvi musiqilər istiqamətində Osmanlıların mədəniyyət sahəsində zirvəyə çatdığını bütün Türk dünyası qəbul edir. Xüsusilə də, İstanbul Osmanlıları istər ədəbiyyat, istər musiqi, istər memarlıqda və digər sənətlərdə XV-XVI-XVII əsrlərdə Türk İslam sənətinin ən mükəmməl əsərlərini yaratmışdır. Sonra bir durğunluq, geriləmə, çökmə, Qərb təsiri, özünü itirmə, daha doğrusu köklərindən uzaqlaşma başlandı. XX əsr Türkiyə üçün, başda Türkiyə olmaqla bütün Türk dünyası üçün fəlakət əsri oldu. Çünki öz dilini, mədəniyyətini, musiqisinin çalarlarını itirən xalqlar bir gün hürriyyətlərini də itirərlər. Halbuki, bayrağını itirən hürriyyətini itirsə belə yenidən onu alar və ya vətənini əldən verən dilini, mədəniyyətini mühafizə etdiyi müddətcə, bir gün mütləq yenidən sizin deyiminizlə desək, suveren olar, azad olar. Tarixdə,bilirik ki, frikayılar, lidiyalılar və s. xalqlar olub. Mən Türkiyənin qərbi olan Manisada doğulmuşam (kəndlərindən birində). Orada lidiyalılar yaşayırdı. Lidiyalılar soyqırıma uğrayıb yox olmadılar. Tarixdə heç bir millət yoxdur ki, soyqırımla yox olmuş olsun. Tarix boyunca soyqırm olub və ən çox soyqırıma uğrayan millət türk millətidir. “Ərgənəkon” bir soyqırım dastanıdır. İki insan qalıb yenidən çoxalırlar. Bunu siz də yaxşı bilirsiniz. Bəlkə-bəlkə Avstraliyadakı aborogenlər, Amerikadakı qızıldərililər soyqırımla yox olmaq ilə qarşı-qarşıya idilər, amma hələ də bir neçə yüz min qızıldərili, bir neçə yüz min aborogen mövcuddur. Onlar belə yox olmadıqlarına görə  – soyqırımla bir millətin yox olmadığına görə bəzi millətlər necə oldu ki yoxa çıxdılar? Bəs, hititlər niyə yoxdurlar? Dorilər,ionlar, spartalılar, Mesopotomiyadakı assurlar, elamlılar, frikiyalılar, lidiyalılar niyə yoxdurlar? O millətlər buxarlanmadılar, nə üçün yoxdurlar? Çünki dillərini və musiqilərini itirdilər. 5000 il əvvəl Çinlilər vardı, bu gün də var. 5000 il əvvəl İsrail oğulları vardı, onlar bəzən dağıldılar, sonra milli şüurlarını (Nihal Atsız bəyin söylədiyi kimi) itirmədilər və 1948-ci ildən sonra “ibranicə”ni – əski İsrail dilini  təkrar dirildərək  İsrail millətini yenidən var etdilər. Və onlar bu gün dünyanın başına bəla olublar. Amma bizim baxış bucağımızdan öz milli mədəniyyətlərinə sahib çıxmaları təqdirəlayiq, nümunə götürüləcək  bir haldır. Çox şükür ki, türk milləti 5000 il əvvəl var idi. Bu gün də var olmağı dilinə və mədəniyyətinə sahib çıxdıqlarına görədir. Amma müasir dövrümüzdə dilini qoruya bilməmək təhlükəsi də var. Çünki insanlar məktəblərdə ingilis dilində təhsil verirlər, ingilis dilində təhsil alırlar. Əsla buna qarşı deyiləm. Rusca, ingiliscə, ərəbcə, fransızca, hindcə (“bir dil bir insan” deyib atalar) öyrənsinlər, min dənə dil öyrənsinlər, amma o dillə düşünməsinlər, Türkcə düşünsünlər. Azərbaycanlı Azərbaycan türkcəsi ilə düşünsün. İngiliscəni bilsin və ya digər dünya dillərini bilsin, dünyada baş verənləri doğru başa düşmək üçün, amma o dillə yuxu görməsin, o dillə musiqi bəstələməsin, o dillə şeir yazmasın, o dillə küfr etməsin, o dillə sevməsin. İnsan hər dildə danışa bilər, nə isə yaza bilər, amma sevgi kəlmələrini, yuxusunu, bəstəsini və ya fəryadını, nidasını öz dilində edər. İtalyan bəstəkar Paqaninin çox gözəl bir lətifəsi var:

Paqanini 4 dili öz ana dili kimi bilirdi – italyan, fransız, ingilis və alman dilləri. Şagirdləri soruşur ki: “Ustad, sən bu 4 dili çox düzgün, bütün şivələri ilə bilirsən. Harda ingiliscə, harda almanca danışmağa necə qərar verə bilirsən? Paqanini cavab verir: “ Çox asan – rəsmi görüşlərimdə ingiliscə danışıram, xanımlarla fransızca danışıram, uşaqları qorxutmaq lazım olanda almanca danışıram. Bəs İtalyanca? Demək italyanca danışmırsız? Danışıram – küfr edəndə (gülür).

Küfrü təbii ki, heç tövsiyə etmirik. Heç uyğun da bilmirik. Amma küfr də həyatın bir hissəsidir. İnsan hirslənəndə sakitləşmək üçün ağzından istəmədiyi sözlər çıxır. İradədən asılı olmayaraq dediyimiz sözlər daim ana dillə deyilər.

Musiqi də belədir. Həmçinin musiqi də bir dildir – könül dilidir. Danışdığımız dil beynimizdən çıxıb dilimizdən, ağzımızdan və qələmimizdən dilə gətirdiyimiz dildir, o, düşünülərək söyləndiyinə görə daha məntiqə uyğundur. Amma könüldən çıxan dilin düşüncə ilə, ağılla əlaqəsi yoxdur, o, tamamilə səmimidir.  Ona görə də könül dili ağıldan gələn dilə nisbətən daha təsirlidir. Buna görə də İslam peyğəmbəri Həzrəti Məhəmməd deyib ki, “Quran”ı gözəl səsinizlə bəzəyin, “Quran” Allahın sözüdür. Allahın sözünün musiqiyə ehtiyacı var ki? Sən demə var imiş. Çünki Allahın sözü belə olmasına baxmayaraq biz insanıq, idrakımız zəifdir, müqayisə edə bilmərik, unuda bilərik. Türkiyəli bir ozandan (Pirsultan Abdal və ya Qaracaoğlan deyərlər adına) nümunə deyim:

Dinle, sana bir nasihet edeyim:

Hatırdan, gönüldən geçici olma!

Yiğidin başına bir hal gelirse,

Onu yad ellere açıcı olma!

Meclisde arif ol, kelamı dinle,

El iki söylerse, sen de bir söyle,

Elinden geldikce sen iyilik eyle,

Kötü günde başa kakıcı olma!

Çox gözəl, uzun şeirdir. Bunu dinlədiyimiz anda “gözəl şeirdir” deyərik, amma unudarıq. Ozan sazı götürüb çalaraq şeiri oxumuşdur… (oxuyur). İnsanlar bunu dinlədikcə şeir qulaqdan könülə enir. Sonra mahnını təkrar oxuyanda “Nə gözəl sözlərmiş” deyər insan. Demək, Peyğəmbərin sözləri doğrudur – “Quran”ı gözəl səsinizlə bəzəyin, “Qurani-Kərim”dəki hikmətli sözləri çox gözəl oxuyan müəzzinlər-şeyxülislamlar həmin sözləri gözəl də tələffüz etsələr onu dinləyib sadəcə musiqini eşitmək yox,  sözlərin də mənasını dərk etdiyiniz zaman həmin hikmətlərin fərqinə varırsınız. Bu, çox vacibdir. Və bu, millətdən millətə dəyişir. Dünyanın harasına gedərsinizsə gedin türk sazı olmadan piano ilə çalınsa hansının ispan musiqisi, hansının yunan musiqisi, hansının türk musiqisi (Azərbaycan, qırğız, Konya və s.) olduğunu anlayacaqsınız. Bunun üçün musiqiçi olmağınıza ehtiyac yoxdur. Ona görə də musiqi bir dildir.

Başqa bir nümunə deyək: bir türk nəğməsi dinləyirsiniz. Sözlərini dinləmirsiniz, sözlər olsa onsuz da sizə necə olsa ipucu verər. Sözsüz, instrumental və yenə də piano ilə çalınsın. Amma düzgün çalınsın. O musiqi şən, yoxsa dramatikdirmi? Qəhrəmanlıq yoxsa komediya ifadə edir? Ölüm, ayrılıq yoxsa körpələr üçün layla və ya dini ifadə edir? Bunu başa düşərsiniz ya düşməzsiniz? Bunun üçün musiqiçi olmağa ehtiyac yoxdur, anlayacaqsınız. Çünki bu torpaqlarda doğuldunuz, bu havayla nəfəs aldınız, bu mədəniyyətdə yaşadınız. Bu, çox vacibdir. Ona görə də musiqi bir dildir. Bu musiqinin dilinin hissiyyatı sizə aşılanır. Məsələn, Argentinanın da müxtəlif növlü musiqiləri (sevgi, şən, uşaq, qəhrəmanlıq, ölüm) vardır. Qulaq asdığınız zaman anlaya bilərsiniz? Anlaya bilməzsiniz. Anlamağınız üçün o sahədə ixtisaslaşmalısınız. Amma türk musiqisinin instrumental olaraq hansı mənanı bildirdiyini anlamağınız üçün sadəcə türk olmağınız bəs edir. İstər qırğız mahnısı, istər kərkük havası olsun, hiss edəcəksiniz. Ona görə də, Zeynəb Xanlarova dediyi kimi: “Biz ağlayanda segah muğamında ağlayırıq.” Bilirik ki, segah muğamının Azərbaycanda insanına verdiyi təsir bir başqadır, həmçinin Çahargahın, Şurun, Bayatı-Şirazın təsiri də tam başqadır.

Şamil Sadiq: Azərbaycandan xeyli dostlarınız var, həm də Azərbaycan musiqisini bir Azərbaycan musiqişünası qədər bilirsiniz. Xalq musiqisinə də çox bələdsiniz. Deyəsən, Emin Sabitoğlu ilə də dostluğunuz olub. Bu haqda da eşitmək istərdik .

Bünyamin Aksunqur: 1350-dən çox köhnə Azərbaycan mahnısı bilirəm, onlarla çox ağladım. İndiki ifaçılarınızın mahnılarını bilmirəm.

Şamil Sadiq: Elə bilməsəniz daha yaxşıdır.

Bünyamin Aksunqur: Emin Sabitoğlu bir gün mənə dedi ki, sən bizim bu köhnə mahnıları hardan bilirsən? Heç Azərbaycandakı xanəndələr bu mahnıları bilmir. Dedim – “yox ustad yəqin zarafat edirsiniz, elə şey ola bilməz.” Təbii ki, Emin Sabitoğlu vaxtaşırı İstanbula gələndə bizim evimizdə qonaq olardı, şərəf hissi keçirərdik. Allah rəhmət eləsin, böyük bəstəkar idi. Və Azərbaycan, Türkiyə, digər türk ölkələrinin musiqisinə bələd idi. Bir xatirəsi var öz aramızda – bir gün bizim evdə TRT 1-də “Yurddan səslər” proqramı gedir. Bir Ərzurum türküsü oxunurdu:

Tello gider, yan gider, tello,

Açma yaram kan gider, tello.

Bu dağı aşan bilir, tello,

Aşıb dolaşan bilir, tello.

Emin bəyin gözləri kəlləsinə çıxdı. Dedi ki, ola bilməz, bu mənim mahnımdır, amma sözlərini dəyişdiriblər. Dedim, ustad, xeyr, bu, sənin deyil, bu Ərzurum türküsüdür. Həmin vaxt da mən TRT İstanbul radiosunda xalq musiqisi proqramı təşkil edirdim. Repertuar kitabını çıxartdım (indi kitabxanamda – hardasa buralardadır), dedim ki, bu Ərzurum türküsüdür, ən azı 150 illik bir mahnıdır, sənin neçə yaşın var? Allah rəhmət eləsin, (həmin vaxt 57 yaşı vardı, mənim bu günkü yaşım), dedi ki 57 yaşım var. Bu kitabı da gördü, inandı, ola bilməz dedi, “mən bunu heç eşitməmişəm, mən haradan tapdım bu musiqini? Vallah mən oğurlamamışam.” Dedi. (Gülür)Onun:

Aşıq gəncəli dağlar oy, yar-yar,

Dibi yoncalı dağlar, oy yar-yar.

Yarından ayrılan yar oy yar-yar,

Haçan dincələr dağlar oy yar-yar,

Aşıq dağlar uzunu ay uzunu…

- bu hissədə bir az fərqlənir, amma nəqarət qismi Türkiyədəki ilə eynidir.

O, çox təəcübləndi, təəccübünün səbəbini soruşdum, dedim ki, “Sən türksən?”, “Bəli, mən türkəm.” – dedi. Dedim ki, Ərzurumlu da türkdür. Biz ağlayanda da, güləndə də eyni şeylərə ağlayıb gülərik, bu, Azərbaycanda da belədir, Ədirnədə də belədir. Biz nəyəsə hirslənsək, siz də onlara hirslənərsiniz, həmçinin manisalı da, tatarıstanlı da həmin şeylərə hirslənər və s.

Məsələn, “Tələbəlik illəri” mahnısı var. Şərqi Türküstan hara? Azərbaycan hara? Şərqi Türküstan bu gün Çin torpaqlarında Mahmud Kaşğarlının yaşadığı yerlərdədir.

Çox-çox adı dolaşar,

İllərə, cahana, vətənə.

Gələcəyə inanar,

Tələbə, tələbə, tələbə.

-sizin Azərbaycanın mahnısıdır bu mahnı. Amma:

Kilmədisən qaşınqa,

Giləmən, giləmən, giləmən.

Rəncüb qaldım nümüşka,

Bülümən, bülümən, bülümən.

-eyni musiqidir.

Şamil Sadiq: Sözləri nə idi? Yadınızdadırmı?

Bünyamin Aksunqur: “Gəlmə desən də qarşıma mən səni sevirəm, gələrəm canım, gələrəm. Məni rədd etmə, çox üzülərəm.” Bu, uyğur mahnısıdır. Azərbaycandan ora məktub gedib-gələ bilər.

Şamil Sadiq: Burda bir məsələ var, sözünüzü kəsməyək, sözünüzə qüvvət kimi olsun: Bizdə bu “Tələbə” mahnısı bəstəkar mahnısıdır. Amma uyğurlarda xalq mahnısıdır. Ola bilər ki, (heç kimin haqqına girməyək) məsələn, mən bir musiqiçi olaraq getmişəm Uyğurstana və eşidərək gəlib burda bəstələmişəm. Yəni həmin şəxslərin hardan qaynaqlanması onların vicdanına da qalıb artıq, bəlkə alt şüuruna yerləşdirilib, bilmədən də bəstələyə bilər. Amma bilərəkdən də edilə bilər.

Bünyamin Aksunqur: Baxın, Şəmil bəy, deyək ki,  II Dünya Müharibəsində və ya I Dünya Müharibəsində eyni cəbhədə vuruşan bir avstraliyalı ilə bir alman var. Eyni cəbhədə günlərlə sipərlərdə, savaş meydanlarında mübarizə aparan insanlar, ara-sıra birlikdə mahnı da oxuyurlar. Və bir alman mahnısı və ya əksinə bir avstraliya mahnısı Almaniyada vardır. Belə daşınmalar, təsirlənmələr ola bilər, amma belə nümunələr (Almaniyadan Avstraliyaya) milyonda bir dənə ola bilər. Lakin  Azərbaycandan Türkiyəyə, Krıma, Qırğızıstana, Şərqi Türküstana və ya əksinə, ümumiyyətlə, Türk dünyasının bir bucağından o birinə minlərlə, on minlərlə mahnı ötürülür. Nə üçün Belçikaya yox, özümüzdən-özümüzə gedir? Çünki, kökümüz birdir. Başqa yerə də gedə bilərdi, əgər insanlar arasında o qədər fərq olmasaydı.

 

Şamil Sadiq: Bəstəkarı Telman Hacıyevdir, sözləri də Cabir Novruzundur. Maraqlıdır, araşdırmaq lazımdır ki, sözlər birinci yazılıb yoxsa musiqi? Bəlkə sözə görə musiqi bəstələnib.

 

Bünyamin Aksunqur: Bu, problem deyil. Emin bəy dedi ki, mən bu mahnını “tello gider yan gider” variantını heç eşitmədim. Emin bəyin bu sözlərinə etibar edəcəyik. Bəs necə ola bilər ki, eyni mahnı ortaya çıxmış olur? “Mən eşitmədim deyərək” – and içdi Emin Sabitoğlu. Və eşitməyib. Bu, türk millətinin ortaq duyğusudur. Eşitmiş ola bilərdi, təsirlənmiş ola bilərdi, bu eyib deyil, çünki biz bir-birimizə yaxınıq, bir-birimizdən alıb-verdik, kəlmələrimiz, ifadələrimiz, ənənələrimiz bir-birinə çox oxşar, hətta eynidir. Həmçinin eyni olmaya da bilər. Əgər türksünüzsə bu hal qarşısında göstərdiyimiz mahnı Qırğızıstandakı mahnı ilə üst-üstə düşə bilər. Problem olmaz, çünki eyni millətin insanlarıyıq. Ona görə də bizim Fərabimiz, İbn Sinamız, Əbu Bəkr Razimiz 1132-ci ildə musiqi məqamların hər birinin insanın bir xəstəliyi üçün xeyir olduğunu söyləmişlər. Avropalılar ən çox əqli xəstələri onlar cinlə, şeytanla əlaqəyə girdi deyə yandırıb yox edəndə “barbar” adlandırdıqları türklər musiqi ilə insanları müalicə edirdi. Və hansı məqamın hansı xəstəliyə xeyir etdiyini bilirdilər. Məsələn, doğuş zamanı əziyyət çəkən qadın musiqi dinləyəndə doğum asanlaşır və s. XVII əsrdən etibarən Osmanlı dövləti müsbət elmləri mədrəsələrdən çıxarmışdır. Humanitar elmləri mədrəsələrə gətirmişlər. Bundan sonra çox şeyləri münəccimlərdən soruşaraq həqiqi elmlərdən uzaqlaşıb, məsələn, musiqi ilə müalicə edən xəstəxanalarımız var bizim Ədirnədə, Konyada, onlarda da bu iş dayandırılmış, XVIII əsrdən sonra Amerika, Avropa “musiqi terapiyası” adlanan sahəni inkişaf etdirmişdir. Bizim rədd etdiyimiz müasir elmə Avroplaılar, amerikalılar sahib çıxmışlar.  Səhv etmişik, bu, dinə qüsur tutmaq deyil, bizim özümüzdə qüsur var. Çünki dinimiz buyurur ki, “Elm Çində də olsa onu tapın, o, müsəlmanın itmiş malıdır. ”  Yəni demək istədiyim odur ki, bir millət dili və musiqisi ilə var olar. Və o musiqi dili millidir. Beynəlxalq musiqi də milli köklər üzərində inşa edilir. Milli köklər üstündə inkişaf etməyən musiqi beynəlxalq ola bilməz. Lütfiyar müəllimin bu barədə sözləri də çox gözəldir: Ahmed Adnan Saygunun “Yunus Əmrə” oratoriyasını çox bəyəndiyini demişdi bəstəkarın özünə – çox xoşuma gəlib, amma türk deyil, müsəlman deyil. Ahmed Adnan cavabında: Lütfiyar müəllim, düzgün deyirsən, amma mən Üzeyir bəyin tələbəsi deyiləm.

İndi həqiqəti görə bilirsiniz? Öz köklərinizdən qida alsanız dünyaya çıxmanız öz köklərinizlə, adınızla, milli kimliyinizlə baş verər. Qazaxların hər evində, hər kəndində sevimli aləti sazı – dombrası var. Qazaxlar dombra çala bilməyənlərə qız verməzlər. Artıq bu, qazax atalar sözünə çevrilib. Dombra sazının Türkmənistanda adı “tandra”dır. Özbəkistanda “tənbur”, Şərqi Türküstanda – Çində, Uyğur türkləri arasında “tənbur” adlanır (həm yaylı, həm mizrablı). Türkiyədə “tambura” adlanır.

Şamil Sadiq: Azərbaycanda yoxdur, deyəsən.

Bünyamin Aksunqur:  Azərbaycanda, bəlkə də, hansısa formada vardır, amma Qafqazda bizdən təsirlənərək Gürcülərdə tambur adına bənzər nəsə var. Bir saz adı da var – qopuz. “Ağız Qopuzu” bütün Türk dünyasının ən məşhur sazıdır. Amma çox təəssüf ki, Balkanlarda, Azərbaycanda və Türkiyədə yoxdur. (qopuzda ifa edir) Digər türk ölkələrində – Altay ərazisində var.

Şamil Sadiq: “Ağız Qopuzu” adlanır demək.

Bünyamin Aksunqur:  Qırğızlar buna “oğuz komuzu”, “temir komuz” deyirlər.  Bu, qızıldərililərdə, Macarıstanda, İtaliyada, Avstriyada da var. İtaliya və Avstriyaya yəqin ki, öz hücumları zamanı Atilla apardı. Bu qopuzu öz ustası çalanda ağzında havanı daraldıb genişləndirərək çalır. Səsi incəldir. Bu qopuz Balkanlar, Azərbaycan və Türkiyədən başqa bütün Türk dünyasında var. Amma “dombra” Balkanlarda “tambura” adı ilə mövcuddur, Anadoluda klassik musiqimizdə həm “tambur” var, həm də “tambura” şəklində işlənir.

Başqırd türklərinin “koray” adlanan bir sazı var. Məndə biri vardı, qırıldı. Diş taxılaraq çalınan saz növüdür. Bir illik ömrü olan ağacdan düzəldilir (qamış kimidir, amma qamış deyil), çalınanda şamanik bir nəğmə alınır, ruhlar aləmi filan. İki səsi birdən eşitmək olur. “Koray” sazı heç bir dəyişikliyə məruz qalmayaraq, sadəcə materialı-ağacı fərqlənərək, başqa bir ağacdan düzəldilərək Qırğızıstan və Qazaxıstanda “sıbızqı” deyə qarşımıza çıxır.

Şamil Sadiq: Buna daha çox saz deyək yoxsa tütək?

Bünyamin Aksunqur:  Biz saz deyirik. Alət olaraq saz deyirik. “Nəfəsli sazlar”, “vurmalı sazlar”, “mizrablı sazlar” və s. Bu “sıbızqı” aləti qırğız və qazaxlarda “koray”ın səsini verir. “Sıbızqı” Anadoluya gələrkən adı heç bir dəyişikliyə məruz qalmır, amma ölçüsü balacalaşır, Burdur-Sparta ərazilərində “sipsi” deyə qarşımıza çıxar. İkisi də eyni kəlmələrdir. Siz də filoloqsunuz, bilirsiniz ki, “qı” “qü” düşür. Bir az terminologiayaya keçdik.

Başqa bir alət – “surnay” farsca nəfəsli bir sazdır, “nay” farscadan keçib, özbəklər, türkmənlər “nay” deyər, Anadoluda da “ney” vardır. Bir də “qaval” var, Azərbaycanda “qaval” ritmli saza deyilir, Türkiyədə çobanların çaldığı müxtəlif növləri olan qavallarımız vardır. Azərbaycanın “balaban”ı Şərqdə elə də qarşımıza çıxmır, amma Qafqaz ərazisində vardır, “mey” adı ilə mövcuddur. Anadoluda “mey” adlanır. “Ney” klassik musiqidə çalınan alətdir. “Balaban”a isə Türkiyədə “mey” deyirlər.  Bu saz qazaxların “surnay” adlandırdıqları sazı var.

Şamil Sadiq: “Surnay” bizim “zurna”

Bünyamin Aksunqur:  Bəli, dəyişdirilib, mən bunu Əhməd Yəsəvinin türbəsindən aldım. Torpaqdan düzəldilib. Bunun adı “saz surnay”dır.

Şamil Sadiq: Yumurtaya bənzəyir.

Bünyamin Aksunqur:  (Gülür) Bəli, yumurta kimi bir şeydir. Bataqlıq ərazilərdə olan torpadan bişirilərək düzəldilir. (ifa edir alətdə). Qazaxlar və qırğızlar buna “saz surnay”ı deyirlər. Bu saz Anadoluda yoxdur, amma adı- “surnay” kəlməsi Anadoluya gələnə qədər “zurna” kimi işlənib.

Türkü – “türkə xas” deməkdir, türklərin anonim folklor nəğmələrinə “türkü” deyilir. Məndən soruşsanız, Azərbaycanın muğamı da, mahnısı da, dəstgahı da, Kərkükün bayatısı da, qazaxların “jırı ölönü” də, qırğızların “ırı” da, çuvaşların “yuvrı”sı da, tatarların “yırı”, “cırı” da, hamısı türküdür. Türkün nəğməsidir.

“Türkü” kəlməsi Naxçıvanda işlənir. Krımın Yalı boylarında işlənir, Balkanlarda işlənir, Telafelde “yır” kimi işlənir, Krımda da “yır” deyilir. Y-C dəyişməsini bilirsiniz, Krımın Noqay bölgəsində “Cır” deyilir, qazaxlar c-j əvəzlənməsi edib “jır” deyirlər, qırğızlar “ır” deyirlər, türkü oxumağa-ırdamak deyirlər, xakas türkləri “çıır” deyirlər, yakutlar, saxalar “ırı” deyirlər. Gördüyünüz kimi, eyni kəlmələrdir. Özbəklərdə fərqlidir, “türkü”yə “koşuk” deyirlər. Bizim aşıqlarımız qoşma yazır, “koşuk”-qoşma demək, təbii ki, saz şairləri sazla sözü bir arada söylədikləri üçün mən bu “qoşaq” kəlməsini Azərbaycanda öyrəndim.

Ay qız, gəl gedək qoşa

Qoşa hara? Sən demə, qoşa-birlikdə getmək, cüt getmək mənasını ifadə edirmiş.

Şamil Sadiq: Sizin dediyiniz nəzəri-praktik məlumatlar var, mən özüm musiqidən bir az uzaq insanam. Nəzəri və duyum olaraq musiqiyə bir az yadam. Oxşar mahnılar var, onlardan bir neçə nümunə deyə bilərsinizmi? Yəni xatırladıqlarınızdan

Bünyamin Aksunqur: Əslində Azərbaycanda ansamblla bərabər belə bir proyekti həyata keçirmək nə qədər gözəl olardı, sənətçilər də dəvət edib müqayisə edə bilərdik. Bizim “İndim Havuz başına” mahnımız Azərbaycanda “endim bulaq başına” kimi qarşımıza çıxır. (oxuyur)

İndim havuz başına,

Yarim çıktı karşıma

Endim bulaq başına,

Yarım çıxdı qarşıma.

 

-deyə oxunulur.

Sevda nədir bilməzdim,

O da gəldi başıma.

Və ya:

Sallasana-sallasana mendili

Akşam oldu, göndersene sevdiyini.

-bu əski İstanbul türküsüdür. Krımda isə belə oxunur:

Sallasana-sallasana yaylıqğını,

Bir məktubnan bildirsenə sağlıqını.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Musiqi, Sənət
KÖŞƏ YAZARLARI
TOP 10