Bura bir cəzirənin gözdən uzaq yeridir

34 Baxış

dervish

Senet.az Imarət Cəlilqızının şeirlərini təqdim edir:

 

Bu bağçanın çiçəkləri

Bu bağçada fırtınatək

əsmək olmaz,

bəslədiyin çiçəklərin

heç birini üzmək olmaz.

Dəliqanlı külək olma,

çiçəklərin tellərini

nəvazişlə sığallayan

meh ol, yetər.

Bu torpağın dil-dodağı

susuzluqdan

çat-çat olub yarılsa da,

Bu ağacın yaşıl-yaşıl qol-budağı

quruyaraq

yerbəyerdən qırılsa da,

leysan olma,

bircə damcı şeh ol, yetər.

 

Könlündəki nəğmələri

gah sevinc, gah qəmdən oxu,

nəğmələrə məsafə yox—

sən eləcə gendən oxu.

Səsin gedib çatmaz deyə

çağlayaraq zilə qalxma,

ünvanını tapacaqdır—

həzin-həzin, bəmdən oxu.

 

Bu bağçanın

çiçəkləri

qönçə-qönçə,

Bu bağçada

gəzənlərin

ruhu incə,

Bu bağçadan

qoyma qara

yellər keçə,

Bu bağçanın

növrağını

vermə heçə…

 

 

Guşənişin

 

Bura bir cəzirənin

gözdən uzaq yeridir,

Həmişə qaranlıqdır,

donub, buzlaq yeridir,

Işığa “yox” deyirsən—

buzunumu əridir?

Yoxsa öz sularında

qərq olmaqdan qorxursan?

 

Nədən bu soyuq yerə

tez-tez üzüb gəlirsən,

Gah özünlə barışıb,

gah da küsüb gəlirsən,

Qapıları bağlayıb

yolu kəsib gəlirsən,

Bəzən kövrək, bəzən də

sərt olmadan qorxursan

 

Uca Haqq hüzurundan

qaçmadığın bəllidir,

Yuxulardan qırağa

uçmadığın bəllidir,

Nəyə görə  sirrini

açmadığın bəllidir,

Sən sevinc əvəzinə

dərd olmaqdan qorxursan…

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10