Bürkülü yay

62 Baxış

namaz25Namaz Məmmədoğlu    

 

 

                                             Hekayə

Onlar- ana,  bir  də  iki  oğlu  ağacların  kölgəsi  düşən,  yanları  açıq  dəhlizdə oturub  çay  içirdilər. İkimərtəbəli  evin  yönü  günçıxana  baxırdı,  ona  görə  də axşamtərəfi  sərin  olurdu. Burdan  çökəkdəki  yamyaşıl  bağ,  bir  də  arteziana  gedən  torpaq  yol  görünürdü.  Kiçik  qardaş  yolla  keçən  qızlara,  böyük  qardaş  bağa  baxırdı.

– Yaman  darıxıram,  nədənsə  kənd  məni  sıxır.  İldən- ilə  kənddən uzaqlaşıram,  elə  bil  nə  isə  hər  şey  yadlaşır,- böyük  qardaş  dedi.

– Elədi,  bir  aydı  gəlmişəm, evdən  bir yerə  çıxmamışam,- kiçik  qardaş dilləndi.

– Kəndə  çıxırsan,  onnan  görüş,  bunnan  görüş,  hamı  ilə  də  gərək  arvad  kimi  öpüşəsən.  Adam  bezir, görüşməsən  də  deyəcəklər  kənddən  çıxdı,  qudurdu.

– Çayınızı  için,  yaxşı  çaydı,-  ana  dedi.

Mərmər  pilləkənlərin  qarşısındakı  ağ  hündür  dirəklərin  başında bir-birindən  aralı  iki  qaranquş   yuvası  vardı.  Yuvanın  birindən  qaranquş  balaları  sarı dimdiklərini  çıxarıb  cikkildəşirdilər,  birindən  isə  sərçə  balaları.  Sərçə  balaları olan  yuvadan  ip  qırığı,  toyuq  lələyi,  ot  qurusu  sallanırdı.

– Ay  qağa,  o qaranquş  yuvası  deyil?  Bəs  niyə  ordan  sərçə  balaları   boylanır?- böyük  qardaş  soruşdu.

– İkisi  də  qaranquş  yuvası  idi, bir  gün  sərçələr  yuvaya  çör-çöp, lələk  doldurdular,  içəri  soxulub  qaranquşları  qovdular.

– Həyasızlığa  bir  bax  ha! Lap  ermənilərin  günündədirlər  ki,- böyük  qardaş dilləndi.

Tez-tez  ana  qaranquş  qurd,  çəyirtikə,  soxulcan  gətirirdi,  bir  dəfə   öz  balalarına,  bir  dəfə  sərçə  balalarına  verirdi.  Ana  sərçə  də  yem  gətirirdi,  amma  hər  dəfə  yemi  öz  balalarına  yedirdirdi,  üstəlik  o  biri  yuvanın  qarşısına  qonub qaranquş  balalarını  dimdikləyirdi.

– Dünyanın  işinə  bax ,  bu  da  quşdu,  o  da,-  ana  dilləndi.

Evin  qapqara,  gözləri  gömgöy  pişiyi  pilləkəndə  arxası  üstə  uzanıb  başını pəncələri  arasına  qoymuşdu,  tərs-tərs  quşlara  baxırdı,  fikirləşirdi  ki,  balalardan  biri  aşağı  yıxılsa  pis  olmazdı.  Kiçik  qardaş  bir  parça  çörək   kəsdi, yağ  sürtüb  pişiyə  atdı.  Pişik  durdu, çörəyi  əvvəl  iyləyib  sonra  yeməyə  başladı.

– Xeyrini  bilir,-böyük  qardaş  pişiyə  baxdı.

– Daha  demir  yağ  olsa  özümüz  yeyərik,  gör  necə  dadanıb,-  ana  da pişiyə baxdı,-  şəhərdə  vəziyyət  nətəridi?-  hər  iki oğluna  dedi.

– Eh,  hər  şey  qarışıb  bir-birinə,  istisi  də  ki,  burdan  da  betər,-  böyük  qardaş  dilləndi,–dilənçilərin  də  sayı  yaman  artıb,  çoxu  da  ordan  gələnlərdi. Baxırsan  adamın  yazığı  gəlir,  baş  açıq,  ayaq  yalın,  ev  yox,  eşik  yox.  O  dəfə  metro  ilə  gedirdik,  stansiyada  on-on  iki  yaşlı  bir  oğlan  uşağı  mindi. Ayağı  yalın,  üst-başı  kirin  içində, bir  idman  köynəyi  geyinib,  əlli  yerdən  yırtığı  var. Belinə  də  bir  yaş- yaş  yarımlıq  bir  uşaq  şələləyiblər.  Oğlan  lap  baş  qapıdan  girdi  vaqona,  qatar  gedəndə  əlini  açıb  düşdü  ortaya.  Hərə  beş  qəpik,  on  qəpik atır  ovcuna,  kimi  də  nifrətlə  üzünü  çevirir.  Belinə  sarınmış  uşaq  yatıb,  hələ dünyadan  xəbəri  yoxdu.  Oğlan  dilənə-dilənə  vaqonun  o  başından  gəldi  bu  başına,  pəncərənin  qabaşında  durdu.   Hələ  qatar  gedir,  birdən  uşaq  ayıldı.  Gülür,  balaca  barmaqları  ilə  qardaşının  kirli,  qıvrım  saçlarını  qarışdırır. Yaşlı bir  qadın  çıxarıb   bir  manat  verdi,  sonra  da  ağladı.

– Çox  çətin  zəmanədi,  kim  öldü, qanı  batdı. Həmişə  də  əvvəl  günahsızlar ölür.  Vallah  elə  bil  dərəbəylikdi,  heç  nəyin  yiyəsi  yoxdu. Oğul,  özünüzü  gözləyin,  “durduğun  yerdə  işə  düş”  buna  deyərlər.

– Ay  ana,  bizim  gözləməyimiznən  deyil,  əcəl  hərənin  qapısına  bir  görkəmdə gəlir,-  böyük  qardaş  çaydan  bir qurtum   aldı.  Odur,  Teymur  kişini  bir  həftə  əvvəl  at  yıxıb  sürütləyibmiş.  Arvadı  deyir   sat  atı. Durub  arvadnan  dalaşır  ki,  mən uşaqlıqdan  at  minmişəm,  atsız  mənim  günüm  necə  olar?   Bir   də  ki,  mərdimazar  atdı,  kimə  satsam  nəsə  ziyan  yetirəcək.  Üç  gün   sonra  yuxu  görür  ki,  qapısında  qılınclı  əzrayıl    dolaşır.  Səhər  durub  inəyi  kəsir,  deyir  elə  inəkdi.  At  çöldə  otlayırmış,  günortadan  sonra  gedir  atı  gətirməyə.  İpini  yığır,  yığır,  yanına  çatanda  at  təpiklə  belinin  ortasından  necə  vurursa  elə  yıxılıb  oaradaca   qalır.  Qoruqçular  görürlər  kişi  yıxılıb  düzün  ortasında,  tez  gətirirlər  evinə.  Deyir  mənə  toxunmayın,  öləcəm.  Suyu  su  dalınca  içir,  yenə  yanır. Həkim  çağırırlar  baxır,  iynə  vurur,  deyir  mənlik  deyil.  Sonra  cərrah  gətirirlər, aparırlar  xəstəxanaya,  hazırlaşırlar,  yığışırlar,  bir  də  görürülər   ki,  kişi  ölüb.  İndi  o  kişi  atın   ipini  yığa  bilmirdi?  Uşaq  vaxtlarından  at  belindədi. Yox,  hərənin  qapısına  bir  görkəmdə  gəlir.  Bu  da  həyat,  adam  fikirləşməyə  belə  macal  tapmır  ki,  nə  üçün  doğulur,  nə  üçün  yaşayır,  nə  üçün  ölür?

– Qağa,  düzü  mən  elə  xurafatlara  inanmıram,- kiçik  qardaş  dedi.

– Mən  də  inanmıram,  amma  görünür  inanılası  nəsə  var.

–       Çətin  zəmanədi,-  anaları  yenə  dilləndi,-it  yiyəsini  tanımır,  qudurğanlar  yenə  qızışıb.  Arada  günahsız  ölənlərə  yazığım  gəlir.  Dünyanı  yalana  bürüyüblər. Eybi  yox,  yalan  ayaq  tutar  yeriməz.

– İt  hürər,  karvan  keçər,-  kiçik  qardaş  anasına   baxdı.

Pişik  yağlı  çörəyi  yedi,  yenə  uzandı  pilləkəndə,  gözünü  zillədi  quşlara.

Yoldan  bir  kişi  keçirdi,  əlini  qaldırıb  salam  verdi,  hər  iki  qardaş  əllərini  qaldırıb  salamı  aldılar.

– Qağa,  o  Vəli  idimi?-  böyük  qardaş  soruşdu.

– Hə,  Vəli  idi.

– Hətta  Vəli  də  evləndi,  sən  nəyi  gözləyirsən?-  böyük  qardaş  kiçiyə  baxdı.

– Vəli  birinci  dəfə  iyirmi  yaşında  evlənmişdi,  oğlu  olmuşdu,  ayrılmışdılar.

Bir  də  əlli  yaşında  olanda  ata  ilə  oğulun  toyunu   bir  eləmişdilər.  İndi  oğlu daim  qürrələnirdi  ki,  kimin  toyu  atası  ilə  bir  gündə  olub?

– Tezdi  hələ,-  kiçik  qardaş  dedi.

– Tez  niyə  olur, əsgərliyini  çəkibsən,  oxuyursan,  bir  türmən  qalır,-  böyük  qardaş  zarafat  elədi.

– Əə,  türmə  nədi,-  ana  hirsləndi,-  Allah  heç  kəsin  yolunu  salmasın  oralara.

– Hamı  deyir  evlən,  elə  bilirsən  ürəkləri  yanır?   Yox,  sadəcə  marqlanırlar ki,  kimi  alır,  nə  aparırlar  qıza,  nə  gətirirlər,  toy  necə  keçir,  vəssalam. Sonra hər  şey  adiləşir.

– Eh,  qağa,  sən  həyatda  nağıl  axtarma,  hər  şey  adidi,  hər  şey. Adam  başa  düşdükcə  sakitləşir,  tabe  olur,  öyrəşir. Nə  isə,  evlən,  sonra  gec  olar.

“Sən  evlənibsən  əllərin  yağa  batıb,  mən  də  evlənim  bala  batsın.  Adını  alim qoyubsan,  uşaqlarının  cındırından  cin  hürkür”,- kiçik  qardaş  fikirləşdi.

Ana  sərçə  balalarına  yem  verib  uçub  getdi.  Birdən  balalardan  biri  yuvadan  çıxdı,  istədi  uçsun,  qanad  çaldı,  amma  yerə  düşdü.  Bayaqdan  bunu  arzulayan  pişik  ildırım  sürəti  ilə  quşu  qamarlayıb  qaçdı.

– Dünən  də  bir  bala  sərçə  düşdü,  onu  da  pişik  apardı,-  kiçik  qardaş  dedi.

–       Tanrı  hamının  qəlbinə  görə  verir,- ana  dilləndi,- bax  niyə  qaranquşun  balaları  düşmür,  sərçənin  balaları  pişiyə  qismət  olur?

– Heç  kəsin  ahı  yerdə  qalmır.  Nə  isə,  istidir,  gedək  çaya  çimməyə,  fikirləşsək  çox  şey  çıxacaq,-  böyük  qardaş  dedi.

Hər  ikisi  durub  yola  yola  çıxdılar.

 

 

 

 

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10