Senet.az oxucularında Cəvahir Əsədovanın şeirlərini təqdim edir.
Ana
Sən mənə bir şirin nağıl de ana
Sonunda üç şirin almalı olsun.
Sən mənə bir gözəl nağıl de ana
Axırı çox gözəl sonluqlu olsun .
Sən mənə bir gözəl nağıl de ana
Dörd nallı bir atın hədiyyə olsun.
Üstündə bir gözəl xeyirxah mələk
Əlində sehirli bir çıraq olsun.
Sən mənə bir rahat nağil de ana
Gecələri sakit yuxulu olsun.
Hərəyə bir şirin alma hədiyyə
Mənə cənnət üçün bir ümid olsun.
Sən mənə bir gözəl nağıl de ana
Cəhənnəm odunda yanmamış olum
İllərlə içimdə yanan atəşin
Zəhərli tüstüsün çıxarmiş olsun.
Sən mənə bir təmiz nağıl de ana
Günahsız tərtəmiz bir qızın olsun.
Həyatı bilməyən hec tanımayan
Bəlkədə yanında uzanmış olsun.
Sən mənə sehirli bir nağıl danış
Fələyin çarxını döndərmiş olsun.
Atını çaparaq geriyə dönüb
Qızını yanına qaytarmış olsun.
O taylı, bu taylı
Səni parçalayıb qopardi əllər
Gününə yas tutub ağladı ellər
Balası o tayda qalan ananın
Göz yaşın sömürüb apardı sellər
Bədənin ikiyə böldü dirəklər
Sifətin tikanlı simlə diddilər
Bir gülün dibində olan torpağı
Gövdəylə birlikdə yarı böldülər.
Ürəyə paslanmış çivi düzdülər
Badəyə igidlər qanı süzdülər
Qulaqdan getməyən yaddan çıxmayan
Tarixdə ən iyrənc səslə güldülər.
Bir gülün zoğları ayrı kök saldı.
Böyüdü çoxaldı dərində qaldı.
Bir öndər olmadı yaralı vətən
Gələcək bir nəslin çiynində qaldı.
Bir evin içində iki qapını
Qıfılla bağlayıb növbə çəkdilər
Çarəsiz ümidsiz qalan insanlar
Eşlər üzünü haray çəkdilər
Bir ana doğduğu iki qardaşın
Hərəsi bir dona bir tipə düşdü.
Bir ana bir vətən demək yerinə
Hərənin ayrıca vətəni oldu.
Bir dildə danışan ata ananın
Övladı anlaşmaz sözlər söylədi.
Hərəsi əlinə bir kitab alıb
Oxuyub dayanıb izah eylədi.
Bacılar ağladı ana sızladı
Atanın qılıncı qında pas atdı.
Arazın suları axdı gurladı
İllərdən keçilməz qala yarandı.
Dənizin günahı
Qonaqpərvər bir görkəm alıb
Qapını hər kəsə açıq buraxıb
Dibində ölümcül tələ qurubsan
Nə sakit durubsan çoxmu məsumsan?
Sönən gözlərdəki dəhşəti görüb
Ondanmı lal olub sakit dayandın?
Hakim qarşısına çıxmadın deyə
Özünü günahsız donuna saldın.
Çox hüzur verirsən özünün sanma
Günahsız ruhların çarəsizliyi
Tökülüb ləpənə
Bu hüzur onların adına yazma
Gözəl olduğunu sulardan sanma
Udduğun canların ahəngi orda
Körpə uşaqların qaçışı orda
Sevinci gülüşü arzusu orda
Pıçıltı səsini adına yazma
Sevginin yarımcıq qalmış sözləri
Tökülüb dağılıb ləpəyə dönüb
Onu dinləyənlər sahildə qalıb.
Tanrıdan özümə bir güc istərdim
Ən dərin dibində səni gəzərdim
Qonaq qəbul etmə qapını bağla
Sənə yalvararaq dilə tutardım.
Bır kənar sahildə isti qumunda
Ləpəni özümə yorğan edərdim
Sakitcə uzanıb gözümü yumub
Bütün günahını silmək istərdim…