Günay Səma Şirvan:
Dünən, bu gün, sabah.
Dünən—
Günlərimiz
həvəs və təəccüblə dolu,
Günəş və gül intizarlı.
“Amma”lar,
“lakin”lər yuxulu.
Sevdalı ürəklərimizdən
ağaclar,
otlar,
çiçəklər də
borc alardı
yaşamaq eşqini,
Bu gün—
Sirli dönərgələrin
heyrətli gözləri parıldayır.
Birgə şəkillərimiz düşmənlərə tuşlanmış
qoşalülə tüfəngdir,
vəfa səngərində.
Dağ,
dərə,
çəmən.
Günəş,
Ay,
ulduzlar…
Hər yan,
baş qoyacağımız
etibarlı çiyindir.
Sabah—
İlğımlı yollarda
tabularsız
şütümək arzusu.
Bir cüt göyərçin tək
sonsuz səmada
azad süzmək istəyi.
Bütün “olmaz”lara,
“yox”lara
veto qoymağa ümidli.
***
Füruğ Fərruxzadın xatirəsinə
Dağ çiyinlərində,
şəlalələnərdi
dalğalı saçlarım.
Unudulardı,
cadar torpaqların su dərdi.
Baxışlarımız
qadağa göstərən yol işarələri idi.
Radara düşmək təhlükəsindən
qaydaları gözləməyə çalışardı
əllərimiz.
Bənövşəli təpəliklər,
gilənar çiçəkli bağlar,
arxların üstü…
Uşaqlıq xatirələrimizi danışmaq bəhanəsi ilə
aldadardıq saatı,
itirərdik zamanı.
Mənə çiçək bağışlardın–
özəl günərimdə.
Yola səpdiyin gül ləçəkləri
görüş yerimizə
bələdçi olardı…
Duman aldı
tapındığım dağları.
Artıq,
şəlalələnmir dalğalı saçlarım.
Əslində,
qara-qıvrım saçlarım da yoxdur daha .
***
Səhərlər Günəşlə oyanar
bizim kəndin adamları.
Şəfəqlə boylanar
boz yovşanlı çöllərə.
Sevgi ilə canlanar
susuz torpaqlar.
Tarlalar yaxşı bilir
qız-gəlinlərin mahnı dilini.
Qızlar,
gəlinlər də
pambıqla pəmbə dilində,
alçalarla turşaşirin dildə
danışarlar.
Anamın əllərindən çıxan isti təndir çörəyinin ətri,
Quzularımızın
dirriyə girmə qorxusu,
Atamın
qarğıdan çəpər hörgüsü
yuxularıma gəlir…
Tarladan
gec qayıdan anamın paltarlarını
şifonerdən çıxarıb iyləyərdik,
bacımla.
Yaddaşımım ən mübhəm yerində qərar tutub
o paltarların cənnət ətri—
ana qoxusu .
Nar ağacının gölgəsində mürgüləyən xatirələrimi
şaha qalxan Günəşin təbəssümü oyadır.
Ovuda bilmirəm qəribsəyən səbrimi,
Min ilin qəribiyəm.
Yaşım yadıma gəlmir.