Buz

9 Baxış

Jalil_Mammadguluzadeh,_c._1920

Cəlil Məmmədquluzadə

Mәn on yaşında, ya bәlkә bir qәdәr dә artıq olardım. Xalam azarlamışdı. Hacı Mirzә Sәttar hәkimi gәtirmişdilәr ki, baxsın vә müalicә elәsin. Demәk, xalamın xәstәliyi o qәdәr dә ağır deyildi vә bunu mәn ondan ötrü deyirәm ki, o vәdәlәr, yәni qırx il bundan qabaq bizim şәhәrdә iki nәfәr müsәlman hәkimi var idi: biri hacı Mirzә Sәttar idi vә digәri Mәşәdi Nurmәmmәd idi. Müsәlman hәkim dedikdә o deyil ki, bunlar müsәlman idilәr. Bu iki nәfәrә onunçun müsәlman hәkimi deyirdilәr ki, bunlar hәkimlik tәhsillәrini müsәlman mәmlәkәtlәrindә almışdılar. Hacı Mirzә Sәttar Tәbrizdә oxumuşdu; hacı Nurmәmmәd dә elә bizim öz şәhәrimizdә nüsxәbәnd kitablarının mütaliәsi ilә vә tәcrübә ilә hәkimliyi öyrәnmişdi. Bunların da müalicәsi bir müxtәsәrcә nәbzә baxandan sonra ciblәrindәn xәstәyә kinә vә hәb vә işlәtmә vermәkdәn ibarәt idi.
Bu müsәlman hәkimlәrindәn savayı şәhәrimizdә rus hәkimlәri dә var idi. Rus hәkimi bunlara o sәbәbә deyirlәrdi ki, bunlar Rusiyada vә bәlkә Avropada tәhsil tapmışlardı. Vә çün bizim camaatın arasında bu etiqad var idi ki, “rus hәkimlәri” müsәlman hәkimlәrindәn artıq tәhsil görmüş vә tәcrübә hasil etmişdilәr, onunçun da ağır xәstәlik ittifaq düşәndә hәmişә rus hәkimlәrini haziq hesab edib onları dәvәt edәrdilәr; savayı kasıb-kusubdan. Bunlar iki abası fayton pulunun, bir manat rus hәkiminin hәqqi-zәhmәtindәn vә yarım manat aptek xәrcindәn qaçmaq babәtindәn Hacı Mirzә Sәttara, ya Mәşәdi Nurmәmmәdә qane olub, beş-altı şahı ilә hәkimi dә vә dava-dәrmanı da ötüşdürәrdilәr.
Demәk, müsәlman hәkim çağırmaq istәyәndә, buradan bilmәk olardı azarlının azarı yüngüldür. Amma “rus hәkimi” gәtirәnlәrin dә mәnası bu idi ki, xәstәnin halı qorxuludur. 
Hacı Mirzә Sәttar xalama baxıb gedәndәn bir saat sonra gördüm ki, xalamın әri Mәşәdi Zülfüqar bir köhnә faytonda bir rus papaqlı kişi ilә gәlib yendilәr. Bu rus papaqlı kişi rus hәkimi imiş. Buradan mәn anladım ki, xalamın işi xarabdır. Mәn dә uzaqda durub, hәkimin xalama baxmağına tamaşa edirdim.
Xülasә, baxdı qurtardı vә bilmirәm nә dedi, nә demәdi vә hәkim faytona minib gedәndә xalamın әri tәlәsik mәnә bir qәpik verdi vә dedi:
“Bala, tez ol, durma, tez, tez bir qәpiklik buz al gәtir, ver evә … hәkim deyirdi….”
Vә xalamın әri bu sözlәri bir dә tәkid edәndәn sonra anama xәlvәtcә nәsә dedi. Evdәn bir dәnә boş dava şüşәsini әlinә alıb mindi faytona hәkimin yanına vә sürüb getdilәr. Vә Fayton istәyirdi uzaqlaşa, atam evimizә tәrәf ucadan dedi: 
“Ay uşaq, buzu yaddan çıxartmayın.”
Bunlar gedәndәn sonra anam da hәkim gәlәndә örtdüyü çarşafı yerә tullayıb, çökdü xalamın yanına vә bu da mәnә tәkid elәdi ki, durmayım, tez qaçım bazara buzun dalıyca; çünki mәlum oldu ki, hәkim tapşırıb ki, xalamın ürәyinin üstünә әlbәttә buz qoysunlar vә ürәyi sakit olmayınca buzu götürmәsinlәr.
Mәn üz qoydum bazara tәrәf. Xәyalımda qoymuşdum gedәm düz baqqal çarsısına vә buzu alam gәtirәm. Vә şәhәrdә ordan da savayı bilmirdim harada buz satırlar.
Evimizdәn ayrılanda çox da tәlәsmirdim, amma xalamın yalvarmağı yadıma düşәndә bir qәdәr ayaq götürdüm; çünki yazıq xalam dәrin gözlәrini güclә mәnә tәrәf çöndәrib belә yalvarırdı:
“Qurban olsun sәnә xalan, ürәyim pörşәlәndi, buzu tez gәtir.”
Hacı Bayramın küçә qapısının qabağından keçәndә itlәri hәyәtdәn başladı hürmәyә. Mәn әlimә ehtiyat üçün iki daş aldım, qapını örtdüm, keçdim. İt küçәyә çıxmadı vә hәyәtdәn itin yorğun “hov, hov” sәsi gәlirdi. Bu it hәrçәnd çox qoca bir it idi vә yol ilә ötüb keçәnlәr ilә dә çox bir acığı yox idi vә olmazdı. Hacı Bayramın oğlu, mәnim küçә yoldaşım Şirәli, mәn hәmişә onların qapısından ötәndә haman qoca köpәyi çağırardı küçәyә vә itini küşkürәrdi üstümә vә özü dә, iti dә [mәni] bir qәdәr qovalardılar, amma tuta bilmәzdilәr; çünki it o qәdәr qoca idi ki, bir az mәnә tәrәf hücumdan sonra tez yorulardı, durardı vә ancaq gücsüz vә әlacsız durduğu yerdә “hov, hov” edәrdi. Vә mәnә xoş gәlәn o idi ki, itin bu xasiyyәtinә Şirәlinin elә bәrk acığı tutardı ki, mәni boşlayıb başlardı yazıq qoca iti daşlayıb incitmәyә.
Bu da mәnә nәhayәt xoş gәlәrdi. Belә olanda Şirәli itin acığını dönüb istәrdi mәndәn alsın vә çox vaxt olardı ki, biz bir-birimizlә söyüşәrdik vә çox vaxt da elә savaşardıq ki, yol adamları bizi gәlib aralardılar.
Çünki dәxi Şirәli qapıda görsәnmәdi, mәn dә itin hürmәyinә qulaq vermәdim vә xalamı da mülahizә elәdim; yәni bir növ yazığım gәldi vә keçdim getdim.
Baqqal çarsısına yetişdim vә bir qәpiyi uzatdım verdim buz satana. Bu da bir çuxur yerә әlini uzatdı, yarpaqların vә samanın altından bir yekә buz parçası çıxartdı, mәnim bir qәpiyimә baxdı vә buza baxdı, buzu iki böldü vә yekәsini bir kәlәm yarpağına bükdü, verdi mәnә.
Buzun ağırlığı olardı tәxminәn beş girvәnkә. Buzu aldım әlimә vә sәrin baqqal rastasından çıxdım günün qabağına. Hava şiddәtli isti idi. Yayın orta ayı idi vә başımın üstündәki nisfünnәharın günü әgәr bir imam möcüzü ilә göydәn yerә düşә bilsәydi, düz mәnim kәllәmә düşәrdi. Mәn istidәn qan-tәrin içindә idim vә bir yandan alnımın tәri damcı-damcı axırdı vә bir yandan da buz şiddәtnәn әriyib süzәlәnirdi. Yerdәn bir tәmiz daş götürmüşdüm, hәrdәn bir buzun böyrünә vurub әzirdim vә basırdım ağzıma vә alnıma.
Gәldim çatdım hacı Bayramın qapısına. İtin sәsi gәlmirdi. Şirәli genә görsәnmirdi. Hacı Bayramın darvazasının qabağına yetişәndә özüm dә deyә bilmәrәm ki, niyә dayandım. İtin genә sәsi gәlmir. Heç kәs nә qapıda, nә küçәnin bir yanında görükmür; yәqin ki, istinin zәrbindәn hәrә bir kölgә yerә pәnah gәtirib.
Adәtkәrdә olmaq yaman imiş vә mәnim dә adәtim buna idi ki, bircә gün dә olmayıb ki, bu darvazanın qabağından ötüb keçәndә ya it mәnim qabağıma çıxmasın, ya Şirәli çıxmasın. Vә mәlum ki, bunların da biri çıxanda mәnim üçün burada mәşğuliyyәt olmasın, ya iti daşlamayım, ya Şirәliylә söyüşmәyim vә hәrdәn bir dә onunla dalaşmayım.
Pәs neylәyim? Bir çarәm buna qaldı ki, yerdәn iki dәnә qıvraq daş götürdüm, öz evimizә tәrәf bir qәdәr dә uzaqlaşdım ki, bir hәngamә törәsә, mәnә әli çatan olmasın. Vә geri çönüb daşın birini tulladım hacı Bayramın darvazasına vә qaçdım, daha da uzaqlaşdım. Daldan köpәyin sәsini eşidirdim. Qoca it xahi-nәxahi çıxmışdı qapıya vә xahi-nәxahi öz vәzifәsini ifa edirdi.
Әlimdәki o biri daşı da tulladım. Daş itin başının üstündәn ötüb getdi şaqqıltı ilә dәydi hacı Bayramın darvazasına. Burada köpәk deyәsәn acığa düşdü; çünki mәnә tәrәf başladı hürmәyә. Mәn qorxumdan qaçdım, bir qәdәr uzaqlaşdım vә çönüb göri baxanda gördüm ki, itin dalıyca Şirәli dә mәnә tәrәf hücum edir.
Siz elә bilmәyin ki, mәn onlardan ehtiyat elәyirdim; bir zәrrәcә elәmirdim. Çünki bilirdim ki, köpәyin nә dişi var mәni tutsun, nә taqәti var mәnә güc gәlsin. O ki, Şirәli idi, onun öhdәsindәn hәr halda gәlә bilәrdim.
Buzu qoydum yerә, gördüm ki, od kimi isti torpağa buz cızıltı ilә yapışıb az qaldı havaya uçsun. Suyu axa-axa buzu tez torpağın içindәn götürdüm tulladım divarın kölgәsinә vә qaçdım yerdәki daşlara tәrәf vә qabağıma gәlәn daşları yerdәn qapıb başladım Şirәliyә tәrәf tullamağa. Bu da mәnә baxıb, durdu mәni daşa basmağa. Köpәk dә ancaq mәn atdığım daşlara özünü çırpırdı vә bundan başqa sahibinin oğluna bir qeyri kömәk göstәrә bilmirdi. Biz hәmi bir-birimizi daşlayırdıq, hәmi bir-birimizi söyürdük. Söyüşlәrimiz bu qәbildәn idi: “A sәnin ananı … flan vә flan”, “Ay sәnin bacının … flan vә flan” “Köpәk oğlu vә it oğlu” söyüşlәri burada o qәdәr vec vermirdi; sәbәb bu ki, toqquşmamız adi bir toqquşmalardan deyildi ki, söyüşlәr dә adi olsunlar. Hәtta mәn ona burada hirsimdәn elә bir söyuş göndәrdim ki, Şirәli qeyzindәn ağladı vә haman söyüşü ağlaya-ağlaya mәnә geri qaytaranda öz atası hacı Bayram hәyәtdәn eşitdimi, eşitmәdimi, ancaq gördüm ki, kişi düz gәldi yapışdı oğlunun qulağından vә çәkә-çәkә apardı hәyәtinә vә dübarә hәyәtdәn çıxdı, mәnә tәrәf sәslәndi:
“Әdә, vәlәdüzzina, düz yolunnan çıxıb gedә bilmirsәn?”
Mәn dinmәdim vә oturdum divarın dibindә. Ürәyim elә yanırdı, az qalırdım yerdәki buzu götürәm soxam boğazıma. Buz da öz işindә, әrimәkdә idi. Genә özümü saxlaşdıra bilmәdim vә әlimdәki daşnan buzun bir tәrәfini әzdim basdım ağzıma vә bir alma yekәlikdә qalan buzu istәdim genә qoyam yerә. Ancaq burada xalam yadıma düşdü vә istәdim duram qaçam evә vә qalan buzu yetirәm azarlıya. Vә 
burada baxdım ki, Şirәli durub darvazasının ağzında vә mәnә tәrәf baxır. Mәn dә dinmәdim vә düşdüm yola, evimizә tәrәf. Burada Şirәlidәn elә bir söz eşitdim ki, dәxi mәcbur oldum dayanam vә ona cavab verәm. Şirәli uzaqdan mәnә haraylayırdı: 
“Hә, belәcә it kimi qorxub qaçarsan ha!” 
Allahü-әkbәr…. Axı bu söz yaxşı söz olmadı. Burada Şirәli mәnә hәr nә desә idi, genә qulaq ardına vurub özümü yetirәrdim evә; çünki xalamın әrindәn dә qorxurdum vә bir az da anamdan qorxurdum. Amma axı allah görür ki, Şirәli nahaq söz danışdı; çünki mәn onun nәyindәn qorxdum ki!.… İndi gedirәm evә.
Mәn çöndüm dayandım vә Şirәliyә belә söz qaytardım: 
“Әdә, köpәk oğlu köpәk, mәn sәnin nәyindәn qorxurdum?”
“Köpәk oğlusan da, it oğlusan da!”
Biz başladıq bir-birimizә yavıq gәlmәyә. Ehtiyat üçün buz tikәsini genә qoydum divarın dibinә vә o mәnә, mәn ona yavıq gәldik, gәldik vә bir-birimizә söyә-söyә yetişdik, çatışdıq vә düşdük yumruq döyüşünә vә sonra da әlbәyaxa olduq.
Bir az bir-birimizi cırmaqlayandan vә kötәklәyәndәn sonra bir dә gördüm ki, bir qoca kişinin qucağındayam. Bir nәfәr dә çarşaflı arvad vә bir-iki dә oğul-uşaq Şirәlini çәkә-çәkә apardılar evlәrinә tәrәf. Mәn istәdim qoca kişinin әlindәn dartınıb çıxam, hәrifin üstünә hücum edәm, burada mәn birdәn ayıldım, sakit oldum. Kürәyimdәn naqafil bir bәrk yumruğu hiss edәn kimi başımı qalxızdım.
Mәni vuran xalamın әri idi. Bundan onun hirsi hәlә soyumadı; yumruğunu qalxızmışdı yenә yendirsin, qoyub qaçdım evә tәrәf.
Xalamın әrini dalımcan gәlәn görmәdim, yәqin ki, o da bazara tәrәf getdi. Sonra bildim ki, gәlib evdә mәni bazardan gәlmiş görmәyib, qayıdıb bazara ki, buzu özü alıb gәtirsin.
Utandığımdan azarlının yanına getmәdim; ancaq anam uzaqdan mәni görәndә bircә bunu dedi:
“A balam, sәnin görüm ciyәrin yansın! Necә ki, yazıq azarlı arvadın ciyәrini yandırdın.”
Xalam mәni çox istәrdi; onunçun da sonra mәn bildim anam mәnә bu qarğışı elәyәndә xalam anama belә deyib:
“Ay qız, Sara, sәn hәzrәt Abbas, uşağa elә qarğış elәmә!” 
Bir neçә gündәn sonra xalam vәfat etdi. Mәn o günü nә ağladım, nә dә dәrd elәdim, necә ki, cәmi mәnim kimi bacı uşağı xalasının ölümünә nә ağlar vә nә dәrd elәr.
Bununla belә bircә şey yadımdan çıxmadı vә indiyә kimi mәni gahdan bir narahat etmәkdәdir. 
Nәdi o? — Onun adı “buz”dur. 
Xüsusәn yay fәsillәri ki, bir tәrәfdәn bizim isti iqlimdә ki, yayın istisinin şiddәtindәn nәinki xәstәlәr, bәlkә salamat adamın da vaxt olur ki, ciyәri yanır.
Vә yay fәsli arabalarda daşınan ağ vә tәmiz duru buz kәrpiclәrini görәndә xalam yadıma düşür vә öz-özümә deyirәm: o xoşbәxt ki, indi onun ürәyi yanır, bu buzu aparıb ona verәcәklәr ki, ürәyi sәrinlәnsin. Vә çox-çox daha da xoşbәxt adamlar var ki, bu buzlar onların lәziz yemәklәri vә marojnalarına sәrf olunur. Amma mәnim xalam odlu qızdırmanın içindә ürәyi yanmaqda olduğu halda, bircә tikәsinә hәsrәt qaldı vә iki gün sonra ölüb getdi.
Kimin qüsuru ucundan? Mәnimmi, ya yox? Kimdәdir taxsır? Mәndәdirmi ki, itlәr ilә dalaşmağa mәşğul olub, xalamın buzunu odlu torpağın içindә әritdim? Ya bәlkә günahkar tәbiәtdir ki, daş kimi bәrk bir buzu istidәn suya döndәrir? Ya bәlkә günah heç birimizdә deyil? Ondan ötrü ki, mәn tәk tәrbiyә görmәyәn on yaşında bir uşağın hәmin rәftarı çox tәbiidir, necә ki, buzun gün qabağında әrimәyi tәbiidir.
Mәqsәd suallara cavab vermәk vә belә-belә fәnni mәsәlәlәri açmaq deyil. Vә heç bir mәqsәd yoxdur.
Ancaq hәr bir yay fәsli küçәlәrdә arabalarda buz sallarını görәndә, bir tәrәfdәn o buzu şampanskilәrә vә lәzzәtli marojnalara işlәdәn xoşbәxtlәr gözümün qabağına gәlir vә eyni zamanda xalamın “ciyәrinin yanmağı” yadıma düşür.
Nә qәdәr ki, uşaq idim, yadıma düşmәzdi; elә ki, yekәlib ağlım kәsdi, buz әhvalatı mәnә hәr bir yeri düşәndә dәrd olur. Bir tәrәfdәn dә on dörd yaşında olduğum vaxt ölümcül azarlı xalamı bir qәpiklik buza hәsrәt qoymağım yadıma düşür.

Bölmə : Nəsr, Ədəbiyyat