BXA-nın nümayəndə heyəti Rusiyada

5 Baxış

hg

 

Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli və akademiyanın Bədii rəhbəri, Əməkdar artist Nailə Məmməmzadə Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfər ediblər.

Senet.az xəbər verir ki, səfər çərçivəsində ilkin olaraq Akademiya rəhbərliyi və Sankt–Peterburq Dövlət Mədəniyyət İnstitutunun rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə BXA nümayəndlərini İnstitutun birinci prorektoru Sergey Şukşin qarşılayıb. Tərəflər mədəniyyət, xüsusən xoreoqrafiya sənəti sahəsində kadr hazırlığı, təhsil, elmi və mədəni əlaqələrin inkişafı, birgə müsabiqələr, festivallar və konfransların keçirilməsi məsələlərini müzakirə ediblər. Tələbə və müəllim heyəti arasında akademik mübadilə məsələlərinə xüsusi diqqət yetirilib.

Daha sonra qonaqlar institutun saray interyerləri, sinif otaqları, konsert salonları ilə tanış olublar. İnstitutun xoreoqrafiya şöbəsinin müdiri, pedaqoji elmlər namizədi E.V. Qromova və BXA-nın Bədii rəhbəri Nailə Məmmədzadə hər iki ali təhsil müəssisəsini maraqlandıran məsələləri qaldırıb və onların həyata keçirilmə yollarından danışıblar. Görüşün nəticəsi olaraq iki universitet arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Daha sonra Mariinski teatrında Ə. Qarayusifli və məşhur balet tənqidçisi Aleksandr Maksov arasında görüş keçirilib.Görüşdə xoreoqrafiya sənətinin keçmişi, bu günü və gələcəyinə dair müzakirələr aparılıb. A.Maksovla növbəti görüş və müzakirə üçün razılıq əldə edilib.

Sonra BXA rəhbərliyi məşhur baletmeyster soydaşımız, Rusiyanın Əməkdar incəsənət xadimi, Sankt-Peterburqun Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyev quruluş verdiyi “Min bir gecə”, “Yatmış gözəl”, “Korsar” baletləri Mariinski teatrının tarixi səhnəsində nümayişində iştirak ediblər. “Min bir gecə” baletinin dirijoru isə Eyyub Quliyev olub. Balet tamaşalarının nümayişindən sonra E.Əliyev və Akademiya rəhbərliyi arasında görüş keçirilib. Gələcəkdə Eldar Əliyevin iştirakı ilə BXA-da ustad dəsrlərinin keçirilməsi, rusiyalı müəllimlərin akademiyada seminarlar keçməsi barədə razılıq əldə edilib. Payız aylarında razılaşdırlmış seminarlara start veriləcək.

Səfər ərəfəsində “Возрождение” teatr emalatxanasının baş direktoru Gennadiy Qalitski ilə də görüş baş tutub. Görüş olduqca məhsuldar keçib. G. Qalitski BXA-nın gələcək təmir və quruluşunda, eyni zamanda, avadanlıq və balet paltarlarını alınmasında köməklik göstərəcəyini deyib.

Ə.Qarayusifli hazırda Sankt-Peterburqda təhsil alan BXA məzunu Murad Kərimovla da görüşüb. Görüşdə akademiya məzununun təhsili və fəaliyyəti ilə maraqlanılıb və M. Kərimov təhsilini bitirdikdən sonra BXA ilə əməkdaşlığa dəvət edilib.

Səfərin sonunda isə Azərbaycanın Rusiyadakı baş konsol Soltan Qasımovla görüş keçirilib. Görüş əsasında tərəflər arasında fikir mübadiləsi aparılıb. Soltan Qasımov istedadlı BXA məzunlarına Sankt-Peterburqda təhsillərini davam etdirməyə köməklik göstərməyə hazır olduğunu bildirib. Eyni zamanda, BXA ilə Rusiya ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı üçün köməklik göstərəcəyini vurğulayıb.

Bölmə : Sənət