Cəfəngiyat – Cəlil Məmmədquluzadə

10 Baxış

images

Hər kəs “Həblül-mətin” ruznaməsinin 97-ci nömrəsini, “Füyuzat”ın 26-cı nömrəsini və “Vəqt” qəzetinin 210-cu nömrəsini oxuyub, – bizim bu cəfəngiyatı da başa düşəcək, amma hər kəs oxumayıb, başa düşməyəcək.

Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik.

“Vəqt” qəzeti yazır ki, avqustun 22-də Həştərxanda iki minə qədər müsəlman bir yerə cəm olub, vəbanı toxtatmaq qəsdilə 43 qoyun qurban kəsiblər.

“Füyuzat”da möhtərəm şairimiz M. Hadi cənabları yazır ki, Şirvanda Qobıstan “Şıx babası” kimi lotular (yainki hamısı birdi, həmid paşalar) allahlıq iddiası edirlər.

“Həblül-mətin” yazır ki, Firəngistanda birisi ki, istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya, bir klasdan o biri klasa keçə. Axırda imtahan tuta və şəhadətnamə ala. Amma İranda birisi gecə yatır və sübh yerindən duranda neçə xalvar elm və kamal sahibi olur, dəxi heç kəsi bəyənmir və hamını cahil, amma özünü nadiri-dəhr hesab eləyir.

“Dər frəng ta fizik və şimi və təşrih və botanik və fizioloji və… ra nəxandə və dər məhkəmeyi-ətibba çəndin sal təcarüb nəkərdə başəd enani-bimarani-natəvanra bekəfi-ixtiyari-kəsi nəmisüparənd. Lakin dər İran yek əmmameyi-tirmə və yek lülə və qələmdan və təsbih dəlili danistəni-tibbi-qədim və do kəlmə fransəvi bürhani-xandəni-tibbi-cədid əst və ümumi-mərəzi tüyuli-həzərati işan”.

Bu işlərin hamısını görəndə Ziya paşanın sözləri adamın yadına düşür:

Babəstədir xəyalına əfalı hər kəsin.

Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik. Amma bizdən bunu soruşan ağalardan təvəqqə edirik bizə cavab versinlər görək, aya mümkündürmü vəbanı dayandırmaq üçün 43 qoyun kəsən bir millətə, Allah bilən bir camaata həmişə dumadan və siyasətdən bəhs etmək?

Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməsə, fel heç vaxt düzəlməz; o səbəbə ki, ikinci birincilərə tabedir; ondan ötəri ki, “vabəstədir xəyalına əf alı hər kəsin”.

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  24 sentyabr,  1907,  N 36. 

KÖŞƏ YAZARLARI
TOP 10