Cəhənnəmə gedənlər ölümsüz olur

38 Baxış


shamil-sadiq-300x300Şəmil Sadiq

Artıq ikinci dəfədir ki, Hədəf kollektivi olaraq YUĞ teatrının qonağı oluruq. Düzü, bu teatrı dəyərli dostumuz Amil Eyyubun sayəsində yaxından tanıdıq.

Bəzən kənd uşağı olmağıma görə məhz bu səbəblərdən təəssüf edirəm. Məktəb illərimiz elə qarışıq bir dövrə düşdü ki, teatrdan, sənətdən, mədəni tədbirlərdən uzaq böyüdük. Tələbəlik illərimiz də o qədər ürəkaçan olmadı. Bəlkə də, ürəkaçan edə bilmədik.

Teatr deyəndə ağlımıza, sadəcə Azərbaycan Dram Teatrı gəlir. Bura da əksəriyyət kimi, ya yubiley mərasimlərinə gəldik, ya da məcburi aparıldığımız hansısa bir tamaşaya baxmaq üçün. Bütün bu keçmişləri yada salanda nə qədər peşmanlıq hisləri keçirsəm də, artıq gecdir.

Bir iki dəfə qrupumuzun daha intellektual uşaqlarının təklifi ilə fərqli mədəni arenalara getməyə cəhd etdik, amma tələbə bivecliyi səbəbilə yarımçıq qaldı. Yadımdadır, bir dəfə qrup yoldaşlarımızla birgə Opera və Balet teatrına getmişdik. Tələbə yoldaşım İskəndərin sayəsində burnumuzdan gəldi bu tamaşa. Balerinaları  görər-görməz gözlərini yumub, “haramdır, İslama ziddir bu cür erotik rəqslər” – dedi. Tamaşa bitənə qədər də başını kresloların altına soxdu. Birinci hissənin sonunda isə baxmayacağını deyib, yarımçıq çıxdı. Tələbələr arasında da ikitirəlik düşdüyündən hamımız yarımçıq çıxmalı olduq. Beləcə teatr, kino sevdamız da bir müddətdən sonra yenə unudulub getdi.

Ailə qurandan sonra da dostlarla, ailə ilə bir neçə aydan bir hər teatra getdiyimizdə hamı kimi “gərək həftədə bir dəfə gələk”,− deyib həvəsləndik, amma arzumuzu yerinə yetirə bilmədik. Amil bəy kursumuza gələndən sonra teatr sevdamızı yenidən dirçəltdi. Amil bəy kollektivimizi YUĞ teatrında “Unudulmaz Əfəndi” tamaşasına baxmağa dəvət etdi.  İldə heç olmasa bir dəfə kollektivimizlə birgə teatra baxmaq ənənəsini başlatmışdıq. Bu ilin başlanğıcında isə bu təklif lap yerinə düşmüşdü.

Bu dəfə isə “Naməlum Axundzadə” tamaşasına dəvət aldıq. Müəllimlərlə yığışıb dərs sonunda mədəni istirahətə yollandıq. YUĞ teatrının ab-havası o qədər qeyri-adidir ki, binaya daxil olanda artıq dünənlə sabahın, klassizmlə modernizmin arasında olduğunu hiss edirsən. Binanın bir zamanlar hamam, indi isə teatr olması bunun əyani sübutudur. Səhnə ilə, tamaşa ilə iç-içə olmaq, nəfəs-nəfəsə olmaq bir başqa zövqdür. Gördüyümüz ənənəvi teatrlardan fərqli olaraq, hadisələri bir növ yaşayırsan bu teatrda. Aktyorların da buna şərait yaratması tamaşaçıları lap həyəcanlandırır. Özünü teatr dinamikasına təslim edən tamaşaçı isə az qalır, səhnəyə çıxıb, “kimdir müqəssir?” − deyə bağırsın.

YUĞ teatrının fədakar kollektivinin bu kasıb daxmalarında nələri yaratdığını görəndə sənətin yaranmasında mal-mülkün önəminin bir o qədər də olmadığı qənaətinə gəlirsən. Yetər ki, sənətkar olsun.

“Naməlum Axundzadə” tamaşasının quruluşçu rejissoru Gümrah Ömərin Mirzə Fətəli Axundzadənin üç pyesindən – “Hekayəti Molla İbrahimxəlil Kimyagər”, “Hekayəti Müsyo Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadükini məşhur” və “Sərgüzəşti vəziri-xani Lənkəran”dan istifadə edərək yeni bir quruluşda təqdim etdiyi tamaşada “Kəmalüddövlə məktubları” fəlsəfi-traktatının ruhunun duyulması bir başqa aləm idi.

Əsərin adının yaratdığı assosasiya Mirzə Fətəli Axundzadədən bəhs edəcəyi fikrini yaratdı. Amma Axundzadədən yox, onun dünyasından, onun yaradıcılığından, onun obrazlarının cəmiyyətə çatdırmaq istədiyi bəşəri mətləblərdən, cəhalətin 150 il bundan öncəki hayqırtısından bəhs etdi. Cəhənnəmin qıl körpüsündən keçə bilməyəcək iradəyə sahib İskəndər kimi bəsirət gözü açılmamışların şeyxlərin caynağı altında inildəməsindən bəhs etdi.

Azərbaycan Respublikasının əməkdar artisti Məmməd Səfa bəyin oynadığı Məstəli şah obrazı adama o qədər doğma gəldi ki, sanki saqqalı yağlı, qaradonlu, əli təsbehli bu İran mollası bütün cəhalətimizin baiskarı idi. “Kəmalüddövlə məktubları”nın cənnət və cəhənnəm təsvirləri ilə dil boğaza qoymayan Məstəli şah Şəhrəbanu xanımı ikidə bir tumarlayaraq şəhvani acgözlüyünü doyururdu. Sanki “günahsızlar özləri bilər, qoy mən günahı bu dünyada edib, cənnət zövqünü burda yaşayım” mesajını verirdi. Məmməd Səfa bəyi ən azından “Cavid ömrü”, “Dolu” filmlərindən tanıyırıq. Halbuki onun teatr ömrü daha zəngin, daha rəngarəngdir. Nə etmək olar ki, bu cür sənətkarların can qoyduğu teatrlar müsəlman qövmünün bir zamanlar məcazi mənada adlandırdığı “şeytan qutusu” çıxandan sonra Koroğlunun qılıncı kimi kinoya qurban getdi. İndi bu şeytan qutusunda o qədər şeytan görürük ki, bir növ şeytanın tilsiminə düşmüşük.  Məmməd Səfa bəyin Məstəli şah rolundakı baxışlarını, mimikasını, özünəməxsus ikrah dolu gülüşünü, şəhvani hislər burulğanında dinlərin insanları necə yastıqladığını görmək, Axundzadənin komediyalarla anlatmaq istədiyinin əsl üzü idi. Halbuki həmin səhnələrə baxanda gülər keçərdik. Amma Axundzadənin o zamanlar şifrələrlə, dövrünə uyğun şəkildə təqdimatı bu tamaşada çılpaqcasına və rejissor cəsarəti ilə səsləndirilirdi. Hələ “Kəmalüddövlə məktubları”ndan alıntıları duya bilənlər üçün bu bir inqilab idi. Məstəli şaha fəlsəfi yanaşma bu səhnənin önəmini birə-beş artırırdı.

Azərbaycan Respublikası Əməkdar artisti Vidadi Həsənovun oynadığı Molla İbrahim Kimyagər obrazı da yalançı din adamının fırıldaqlarını, cahil insanların ərəb çuxasından çıxmış bu insana inanaraq hara getdiyinin ifadəsi idi. İnsanların başını cin-şəyatinlə qatıb, arxada eyş-işrət yaşayan din xadimlərinin iç üzünün açılışı idi.

Düzünü deyim, bu tamaşadan sonra mən, Axundovla Hüseyn Cavid arasında əlaqə axtarmağa başladım. Yəqin ki, buna ayrıca bir məqalə həsr etməli olacağam. Çünki komediyaların “Kəmalüddövlə məktubları”nın fəlsəfəsi ilə süslənməsi və baş rolların bu fəlsəfəni məharətlə tamaşaçıya çatdırması bir vəhdət təşkil edirdi. Yumorla satiranın birgə təqdimatı komediya ortaya qoyduğu kimi, yumorla faciə də bir tragikomediya ərsəyə gətirir. Lakin tragikomediyaya bir fəlsəfə qatıldığında bu tamaşaçını məhv etmək deməkdir. Nəfəsini kəsməkdir. Birbaşa morfi rolunu oynaması deməkdir. Bu morfini hazırlayana da, ustacasına damarlara vurana da əhsən, indi qalır bunun təsirindən çıxıb həyatı yenidən dərk etmək.

Vidadi müəllimin Molla İbrahim Kimyagər rolunda qəfildən gözlərimin içinə baxaraq “Kim cəhənnəmdən qorxur?” sualını səsləndirməsi o qədər ucadan, o qədər inandırıcı səslənmişdi ki, qorxmuram deyə bilməsəm də, yanımda əyləşən Elxan Nəcəfovu göstərməyimə mane ola bilmədi. Elə o anda Elxanın da barmağı ilə məni göstərdiyini sezdim.

Tamaşa boyu səslənən iki fikir gecənin bu saatında da (3:09) beynimdə səslənməkdədir: “İstidir, istidir….”. Bir də “Cəhənnəmə gedənlər ölümsüz olur, çünki Allah onları yandırır, çürüdür, əridir, tikə-tikə doğratdırır, sonra yenə dirildir, sonra yenə, sonra yenə, sonra yenə…”

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10