Cəhənnəm başqalarıdı… – Qumral Məmmədli

20 Baxış

aaaaa

İnsan insanın gələcəyi, həm də elə insan insanın cəhənnəmidir. Cəhənnəm bəşər tarixi qədər qədim, insanların zehnində mövcud olan bir fakt, bir qorxudur. Qaranlıq düşüncələrin, qorxuların və kabusların məcmuəsidir. Demək olar ki, hər bir mədəniyyət və dində qorxulu bir cəhənnəm təsviri mövcuddur. Hər zehində fərqli təsəvvürlər olsa da, mahiyyət etibarilə cəhənnəm nəzərdə tutulduqda bənzərliklər gözə çarpır: yer altında, əbədi əzab veriləcək, pis ruhların gedəcəyi, qızdırıcı atəşin var olduğu qaranlıq yer. Bəzilərinə görə cəhənnəm bu dünyada, bəzilərinə görə isə ayrı bir dünyadadır. Kiminə görə yaşadığı əzablı həyat onun cəhənnəmidir.

Cəhənnəm haqqında çoxları çox əsərlər yazmışdır, ekzinstensializm cərəyanının izlərini daşıyan bu mövzulu əsərlərdən biri də “Bağlı Qapılar Arxasında” pyesidir. J.P.Sartr fəlsəfəsinin başlıca müddəlarından olan “cəhənnəm başqalarıdır” fikri bu əsərdə açıqlıqa təsvir olunmuşdur. “Bağlı qapı arxasında” pyesini incələsək burada biz ucuz mehmanxana nömrəsinin cəhənnəm kimi təsvirini görə bilərik. Burada paya, qaynayan  qazanlar, saplıca, mis kürə, atəş, qaranlıq yoxdur. Əvəzində isə ikinci imperiya üslubunda mebellərlə bəzədilmiş, nə güzgüsü, nə pəncərə şüşəsi olmayan tam işıqlandırılmış otaqlar vardır. Müəllif öyrəşmədiyimiz bir cəhənnəmi gözümüzün önündə canlandırır. Heç bir halda söndürülməyən işıqları olan bu cəhənnəm klassik qaranlıq basmış cəhənnəmdən xeyli fərqlənir. Yunan mifologiyasında cəhənnəm gözətçisi kimi üç başlı və ilan quyruqlu it təsvir olunmuşdusa, əsərdə xidmətçi oğlan bunu əvəz edir. Burada cəhənnəm hökmdarları-sahibləri də yoxdur, otaqda vicdanlar bir-birinə ağalıq edir. Dünyalarını dəyişmiş üç nəfər bu cəhənnəmin sakinləridir. Üç əsas aparıcı obraz olan İnes, Qarsen və Estel xidmətçi oğlan tərəfindən ard-arda bir otağa salınırlar. Amma bu otaq bizim alışdığımız, bildiyimiz otaqlardan deyil. Hər divar ayrı rəngdədir, tək-tük əşyalar, bir neçə kreslo və əzab verici bir işıq. Müəllifə görə, bəzən qaranlıq belə sakitlik gətirir. Burda hər gün eyni həyat hökm sürür və bunun insanın ürəyincə olub olmamağının da bir önəmi yoxdur. Bəzən elə tənhalıq da insana sakitlik gətirə bilər. Amma burada bu seçimin belə yoxdur. İlk öncə cəhənnəmə Qarsen gətirilir və o mis qazanı, kürəni, payanı görməyəndə çox təəccüblənir. Alışmadığı, təsəvvüründəki cəhənnəmdən fərqli bir vəziyyətlə rastlaşır. Güzgüsüz, şüşəsiz bir otaq, tam işıqlandırılmış, eyni zamanda həmişə gündüz olan bir məkan… Heç vaxt söndürülməyən işıqlar cəhənnəm sakinlərini gözləri açıq yaşamağa məcbur edir, çünki hər göz qırpımı bir qaçışdır. Qarsen bu otağa girəndə hələ heç nə başa düşmürdü, onun ağlında bu məkan haqqında heç nə yox idi. Hələ ağlı və düşüncələri canlı idi, qonaq getdiyi bir ev kimi otaqda gəzir, əşyalara toxunur və ətrafa göz gəzdirdi. Sonra isə adi bir insan kimi evdə unudub yanında aparmadığı diş fırçasının dərdinə düşür. Bura heç də onun ürəyincə deyildi və heç vaxt bəyənmədiyi əşyalarla əhatə olunmuşdu. İkinci sakin İnes olur. Onlar bir-birindən fərqli iki insandı, öz seçimlərinə görə heç vaxt bir otaqda qalmağı qəbul etməyəcək iki insan. Amma burda seçim etmək imkanı da yoxdur. Çünkı burada qapı içəri yalnız yeni bir insan girdikdə açıla bilər. Amma hələ əsl həqiqət açılmayıb, hələ əsl əzab irəlidədir. Qarsen qorxur, titrəyir, amma burada qorxmaq da əbəsdir. Artıq bir ümid yoxdur, insan yalnız bir ümidi olduqda nədənsə qorxa bilər. Daha sonra isə Estel də bu otağa gətirilir. Hələ o da harada olduğunu dərk etmir. Hələ dünyalılara xas narahatlıqlar keçirir, kreslosunu paltarının rənginə uydurmağa çalışır və yenə həminki diş fırçası məsələsi Esteli narahat edir.

Özünü publisist-yazıçı kimi tanıdan, əslində isə total satqın olan, eyni zamanda, yaşadığı illər ərzində öz həyat yoldaşına daim əziyyət verən və 12 güllə yarası alaraq cəhənnəmə düşmüş Qarsen, özünü poçtda işləyən işçi kimi təqdim edib, əslində heç bir əxlaq norması tanımayan, onlara riayət etməyən, pozğun, ucuz həyat qadını olan və cəhənnəmə qazdan boğularaq düşən İnes, nəhayət, həyat yoldaşına xəyanət edib və məşuquna görə çəkinmədən öz balasını suda öz əlləri ilə məhv edən, sətəlcəmdən ölərək bura düşən Estel – hər üçü əvvəlcə bir-birilərinə yalan danışır, ikiüzlülük edirlər. Bəs onların üçünü birləşdirən nədir? Niyə məhz bu üçü, bu otaqda yığışıb. İlk başdan hər şey təsadüf kimi görsənir. Əslində isə hər şey əvvəlcədən ölçülüb biçilmişdi. Burada heç nə təsadüf deyil, heç nəyi dəyişdirmək olmaz, hər şeydə dözülməz bir sabitlik var. Burada hər şey yalnız əsl həqiqətlər ortaya çıxdıqdan sonra başlayacaq. Bunu isə ilk olaraq İnes başa düşür. Bəli bura cəhənnəm idi. Buradakı heç nə təsadüfi deyildi. Burada sakitlik belə insana dəhşətli bir əzab verirdi. Burada gizlənmək və gizlətmək qeyri-mümkün idi. Cəhənnəm sakinləri xüsusi olaraq seçilmişdilər. İlk öncə özlərini fərqli təqdim edən Qarsen və Estel İnes tərəfindən ifşa edilir. İnes onlarla yanaşı özünü də ifşa edir. Gizlədilən hər şey ortaya çıxdıqda, gün kimi aydın olduqda bu üç nəfər arasında kinin, küdurətin, nifrətin formalaşmasına səbəb olur. Artıq aydın olur ki, düşdükləri bu cəhənnəmdə cismani işgəncə yoxdur, onlar bununla belə cəhənnəmdədirlər. Onlar əbədi burada qalacaqlar. Burada çatışmayan bir şey var o da cəlladdır. Bundan sonra onların hər biri digər ikisinin cəlladı olacaqlar. Lakin bununla razılaşmayan, bir-birinin cəlladı olmaq istəməyən sakinlər otağı tərk etmək istəsələr də, buna nail ola bilmirlər, çünki qapı bayırdan bağlanmışdır. Bu üç murdar xislətli adama kəsilən cəzanın mahiyyəti məlum olur. Onlar əbədi olaraq nifrətlə mayalanmış dözülməz münasibət telləri ilə bir-birinə bağlanmağa məhkum olunmuşlar. Bu da onların cəhənnəm atəşi, cəhənnəm cəzasıdır.

Onlar fiziki hərəkətsiz dayansalar da, özlərində digər iki sakini hiss edirlər. Sükutları fəryad kimi bir-birinin qulaqlarını cırmaqlayır. Ağızlarını yuma bilərlər, dillərini kəsə bilərlər, lakin fikirlərini dayandıra bilməyəcəklər, çünki onlar artıq qurd kimi, sümüklərinə kimi çılpaqdırlar. Onlar həqiqi əzab çəkmək istəyirlər, əqli işgəncələrdənsə, döyülmək, fiziki əzab çəkməyi üstün tuturlar.

Bir müddətdən sonra qapının açılmasına baxmayaraq, onlar bir-birilərindən ayrıla bilmirlər. Bu otaq onları daxilən bir-birinə bağlamaq üçün xarici məkan amili imiş. Məlum olur ki,  insan özündən nəyi isə gizlədə bilər, özü qarşısında ikiüzlülük etməyi bacarar, lakin başqasından gizlənmək olmaz. Başqasının baxışı fərdin daxili aləminin ən dərin qatlarına nüfuz edir, onlardakı ən murdar, ən eybəcər cəhətləri üzə çıxardır.

Artıq otaq sakinləri heç nəyin təsadüf olmadığına, hər şeyin əvvəlcədən nəzərə alındığına inanırlar. Başa düşürlər ki, kükürd, saplıca, barmaqlıq boş şeydir. Əslində saplıca nəyə lazımdır, cəhənnəm-başqalarıdı.

Bu əsərdə cəhənnəm axirətdə deyil, nəfəs aldığımız, ömür sürdüyümüz bu dünyanın özündədir – “Bağlı qapı arxasında” pyesinin finalında yekun aforizmi kimi səslənən “Cəhənnəm başqalarıdır” həqiqətindədir. Mütəfəkkirin fikrincə, fərdlərarası münasibətlər aşağıdakı labüd sxem üzrə gerçəkləşir: “Mən başqasının işğalından xilas olmağa cəhd göstərərkən, başqası məni fəth etməyə çalışır, başqası mənim işğalımdan xilas olmağa cəhd göstərərkən, mən başqasını fəth etməyə cəhd göstərirəm”. “Bağlı qapı arxasında” pyesinin bu üç personajı şər yoluna qədəm basmaqla, bütün ömürləri boyu bu yolla addımlamaqla kifayətlənmir, həmin yolda təkcə öz azadlıqlarından imtina etmir, eyni zamanda başqalarını da yamanlığa sövq etməklə onların da azadlıqlarını inkar etməyə, əllərindən almağa çalışır. Bu cür adamlar diri ikən ölüdürlər və yaşaya-yaşaya cəhənnəm əzabına düçar olurlar.

J.P.Sartr “Cəhənnəm başqalarıdı” deyib qəlibləşmiş cəhənnəm məvhumuna yeni məna verərək öz mifini yaratmış oldu. A.Dantenin “İlahi komediya” əsərindəki cəhənnəmin alt qatlarına getdikcə daralan çuxur və ağırlaşan cəzalar kimi J.P.Sartrın cəhənnəmi də bir növ artan azadsızlıq məkanı oldu.

Mənbə: “Ustad” jurnalının 13-cü sayı.

KÖŞƏ YAZARLARI
TOP 10