Cəlal Xosrovşahinin “Füruğun hekayəti” – Rövşən Danyeri

24 Baxış

Без-названия3

Senet.az Rövşən Danyerinin tərcüməsində, XX əsr İran ədəbiyyatının görkəmli yazıçılarından biri olan Cəlal Xosrovşahinin  “Füruğun hekayəti” əsərini təqdim edir.

“Cafe Nadiri”…

Böyük qapıdan girən kimi “Nadiri” şirniyyat evini görərdin. Vitrinlər göz oxşayan tortlar, kekslər və şokoladlarla bəzədilmişdi. Və kassada bir kişi oturardı. Bığları qulaqlarına qədər çatırdı. Kök olsa da, yaraşıqlı idi. Heç kim adını bilmirdi. Hamı onu “Bığ” deyə çağırırdı. Butulka materiallı şüşə qapıdan “Cafe Nadiri”nin qış salonuna keçilərdi. Burada divarlara söykənmiş masalar var idi. Hər masanın yanında divarda bürünc çərçivəli uzun aynalar asılmışdı və bura masada oturanların əksi düşərdi. Güzgülərin üstündə çiçək kimi açmış gecə lampaları ətrafa sarı işıq saçardı. Sağda vitrinin altındakı rəfdə çay və qəhvə içmək istəyənlər üçün kekslər və tortlar olardı. Solda isə qalın və solğun qırmızı pərdələr kafeni ikiyə bölərdi. Pərdənin arxasındakı bölüm qış aylarında yemək yeyənlərə ayrılmışdı. Düz qarşıda isə köhnə şüşələrdən düzəldilmiş qapı var idi. O qapı ancaq yay aylarında açılardı və oradan pillələrlə bağçaya düşmək olurdu.

Payız vaxtı, günortadan sonra idi. İş üçün Nadir küçəsində idim. Təxminən bir saat tez gəlmişdim. “Cafe Nadiri”yə girib bir az vaxt öldürmək istədim. Şirniyyat evindən keçib şüşə qapını açaraq içəri girdim. Divara söykənmiş masalar, gecə lampaları ilə ilk görüşdə hər şey əvvəlki kimi idi. Amma yenə də içəri girən kimi bir qəribəlik hiss etdim. Elə bil kafe daha qaranlıq idi və xəfif bir kif qoxusu duyulurdu. Zalda heç kim gözə dəymirdi.

Küncdəki masalardan birinə oturdum. Aynada üzümün bir hissəsi görünürdü. Gece lampasının işıqları bəzək yarpaqlarını keçə bilmir, oradaca donub qalırdılar.

Aynanın üzü incə kül təbəqəsi ilə örtülmüşdü. Üzümün aynadakı əksi çox uzaq və bulanıq idi. Ya da mənə elə gəlirdi. Dönüb ətrafıma baxdım. Soldakı masada üzbəüz iki qoca kişi oturmuşdu. Kül rəngli formalı, qalın saçlı ofisiant da masanın yanında idi. Məni görən kimi gülümsəyərək yaxınlaşdı. Üzü əvvəllər burada işləyən bir ofisianta oxşayırdı. Yaxınlaşıb təbəssümlə dedi:

– Xoş gəlmisiniz.

Təəccübləndim. Görəsən, məni haradan tanıyırdı?

– Nə gətirim sizə?

Sualına başqa bir sualla cavab verdim:

– Deyəsən, bura bağlıdır, hə?

Cavab verməyərək yanımdan uzaqlaşdı. Çox keçmədi ki, məcməyinin içində südlü qəhvə və tort gətirib masama qoydu. Xəfifcə baş əyib getdi. Təzədən dönüb yandakı masada oturan qocalara baxdım. Elə bil illərdir ki, orada oturmuşdular və stollarındaca quruyub qalmışdılar. Kül rəngli forma geyinmiş ofisiantı görə bilmədim. Harasa getmişdi. Zal getdikcə daha da qaranlıqlaşırdı və kif qoxusu dərimə işləyirdi.

Çox keçmədi ki, qocaları da görə bilmədim. Yanımdakı güzgüyə baxdım. Özümə. Bayaqkından daha uzaq və bulanıq idi. Buna rəğmən orada başqa bir üzün də əks olunduğunu gördüm. Üzümü güzgüdən çevirib soluma baxdım. Yanımdakı stula qoca bir adam oturmuşdu. Təəccüblə gah mənə, gah da güzgüyə baxırdı.

Özümdən asılı olmayaraq ağzımdan bir söz çıxdı: “Salam…”

O isə səsimi eşitmirmiş kimi danışmağa başladı:

“Görürsünüz, illər keçib-gedib. Ancaq elə bil dünən idi…”

Yay… “Café Nadiri”nin bağçası. İzdihamlı səkilərdən keçərək “Cafe Nadiri”yə tərəf  gedirdim. Kafenin qabağında həmişə olduğu kimi çoxlu insan var idi. Gənclər, şairlər, alfonslar, avaralar… İçəri girənlər və çıxanlar qapıda sıxlıq yaratmışdılar.

Birtəhər içəri keçə bildim. İşıqlı, bəzəkli şirniyyatçını keçəndə “Bığ”a salam verdim və şüşə qapını açaraq kafenin qış zalının masalarının arasından keçib-getdim.  Açıq şüşə qapıdan bağçaya tərəf addımladım. Nərdivanların yuxarısında dayanıb ətrafımı süzdüm. Masalar, işıqlar, orkestr… Hamısını görürdüm. O, düz qabağımda, orkestrin yanında, dördnəfərlik masada iki şair dostu ilə otururdu. Nərdivanlardan tezcənə düşdüm. Masaya yaxınlaşdım.

Birinci o məni gördü – Füruğ. Əlini yellədi və güldü. O, adətən, bütün çöhrəsi ilə gülürdü. Yanına gedib boş stolda oturdum. Mavi xallı ağ bir don geyinmişdi. Xoşxbət görünürdü. Masadakılarla əl verib görüşdüm. “Cafe Nadiri”nin bağçasının özünə xas sərinliyini və çiçəklərinin qoxusunu canımda hiss etdim. Yenə bir-birimizə baxdıq və yenə gülümsədik.

Elə həmin vaxt nəsə oldu. Hə, nəsə baş verdi. İzah edə bilmirəm ki, necə, amma ona toxundum. Elə bil ətrafdakı çiçəklər açdı, hər yeri təravətli qoxu bürüdü. Sanki ipək qanadlı yüzlərlə ağ göyərçin yanımızdan uçub-keçdi… Elə bil yenidən doğuldum…

Birdən-birə zaldakı hava isindi. İçəridəkilərin ayaq səsləri eşidildi. Qadınlar, kişilər, gənc qızlar, cavan oğlanlar… Zalın bağça qapısı açıq idi. Oradan sərin, çiçək qoxulu bir mehin müşayiəti ilə orkestrin səsi gəlirdi. Girib-çıxanların arasında uzunboylu bir gənci görə bildim. Tələsik qarşımdan keçdi və bağça çıxışına tərəf getdi… Ortaya sükut çökdü. Və kafe təzədən öz sakit, yarıqaranlıq, soyuq vəziyyətinə qayıtdı.

Aynadakı adam gülümsəyirdi. Səsini eşitdim.

Bir dəfə gecə saatlarında telefonuma zəng gəldi. Götürdüm. Bir səs özünü polis məmuru kimi təqdim etdi. 17-ci bölmənin növbətçisi olduğunu dedi və əlavə etdi:

– Bura Füruğ adında bir xanım gətiriblər. Telefon nömrənizi də o verib. Tez gəlməyinizi xahiş edir.

Narahatlıqla soruşdum:

– Nə olub? Füruğ niyə ordadır?

Sakit bir tövrlə cavab verdi:

– Narahat olmayın, vacib bir şey deyil, qorxmayın.

Ancaq mən dayanmadan sual verirdim:

– Niyə də, nə olub axı?

Bir anlıq sakit dayanıb, nəhayət ki, dilləndi:

– Bu gün bir mitinq vaxtı həbs edilib. Polisi təhqir etmə və döymə maddəsi ilə… İzahatını aldıq. Saat beşə qədər burada qalacaq, sonra özünü qadınlar həbsxanasına göndərəcəyik, işi də prokurorluğa verəcəyik…

Elə danışırdı, elə bil rəsmi bir sənədi üzündən oxuyurdu. Sözünü kəsdim:

“De, Füruğ xanıma de ki, indi gəlirəm”.

Telefonu bağladım. Evimiz Şimranda şəhər kənarında böyük bağçanın içərisində yerləşirdi. Tez özümü çölə atdım və maşına mindim. Həyəcandan və narahatlıqdan ürəyim sürətlə döyünürdü. Görəsən, gecənin bu vaxtı kimi tapa bilərəm? Vəzifəli dostlardan hansını? Təkcə bir şey haqqında fikirləşirdim: Necə edəcəyəm bilmirəm, amma mütləq Füruğu oradan çıxartmalıyam.

Polis idarəsinin qarşısında xeyli adam var idi. Deyəsən, həbs edilənlər çox idi. Polis heç kimin içəri girməyinə icazə vermirdi, çünki içəri də dolub-daşırdı. Qapıda duran polisə həyəcanla məni gözlədiklərini dedim. Öz adımı və zəng edən növbətçinin adını dedim. Bir-iki dəqiqə sonra bir polis gəldi və məni onun otağına apardı. Qarşılayan polis dilləndi:

– Füruğ xanımı ayrı otaqda saxlayırıq. Ümumi təcridxanaya göndərməmişik. Yadınızdan çıxmasın, onu apara bilmək üçün iki-üç saat vaxtınız var. Beşdən sonra həbsxanaya göndərməliyik.

Sonra uzun bir dəhlizdən keçdik. Otaqlardan birinin qabağında dayandıq və o, qapını açdı… Mən Füruğu gördüm. Matrasın kənarında oturub gözlərini yerə zilləmişdi.

Başını qaldırdı, məni gördü. Üzü bir gül kimi birdən-birə açıldı. Qapqara gözlərindən sevinc alovu püskürdü. Ayağa qalxdı. Mənə yaxınlaşdı. Əllərimi tutdu. Sonra da saçlarıma sığal çəkdi. Növbətçi polis çoxdan getmişdi. Bir neçə saniyə beləcə dayandıq. Bir-birini itirmiş, sonra yenidən tapmış iki körpə heyvan kimi onu qoxladım. Sonra təzədən matrasın üstünə oturtdum. Özüm də yanında oturdum.

– Nə əcəb belə tez gələ bildin, – dedi. – Belə tez gözləmirdim. İndi nə edəcəyik?

– Narahat olma – deyə onu sakitləşdirdim. – Bir yolunu taparıq. İndi de görüm, səni niyə bura gətiriblər?”

Titrək səs ilə danışmağa başladı:

– Universitetin qabağında idim. Bir də gördüm ki, mitinq başlayıb. Mən də qoşuldum tələbələrə. Hökumət əleyhinə şüarlar səsləndirirdik. Sonra polislər gəldi. Üstümüzə hücum etdilər. Biri ilə də mən tutaşdım. Məni vurdu. Mən də onun üzünə yağlı bir şapalaq ilişdirdim. Elə sürətlə vurdum ki, papağı yerə düşdü. Məni sürütləyib polis maşınına atdılar. Sonra da buraya gətirdilər. Elə o vaxtdan burdayam. Neçə dəfə xahiş etdim ki, səni çağırsınlar. Axırda bu polis növbəni dəyişdi, o razılaşdı sənə zəng etməyə.

Bir neçə dəqiqə sonra ondan ayrıldım. Növbətçi polisə təşəkkür edib çölə çıxdım. Saatlarla dəli kimi şəhərin küçələrində gəzindim. Dostlarımı yuxudan qaldırdım, polis şöbəsinə zənglər etdirdim. Nəhayət, Füruğun azad edilməyi ilə bağlı əmri verdirtdim.

Təzdən şöbəyə qayıdanda dan yeri ağarırdı. Sonra Füruğla oradan çıxanda saatıma baxdım. Beşə on dəqiqə qalırdı. Qara pəncərələri məhəccərli həbsxana maşını qapıda dayanmışdı. İçində qadınların söhbətləri və gülüşləri eşidilirdi.

Füruğu maşında yanıma oturtdum və anasının evinə tərəf sürməyə başladım. Səhərin alaqaranlığında şəhər sakit-sakit oyanırdı. Küçələrdə tək-tük maşınlar görünürdü. Yenə də ətrafımız yalqız və gözəl idi. Yolun iki tərəfində çinar və ağcaqayın ağacları qaranlığa tərəf uzanırdı. Zibilyığanlar uzun saplı süpürgələri ilə səkilərə tökülmüş sarı-qırmızı yarpaqları süpürürdülər. Payızı yara-yara şəhərin şimalına doğru gedirdik. Elbrus dağları bütün əzəməti ilə qarşıda ucalırdı. Səhərin sərin mehi maşının pəncərəsindən süzülür, üzümüzü qıdıqlayırdı. Bir də baxanda gördüm ki, Füruğ başını çiynimə qoyub yatıb. Saçları rüzgarda uçuşur, üzümə dəyirdi. Hava adamı sərxoş edirdi. Ürəyimə rahatlıq yayılırdı. Artıq narahat deyildim və ürəyimə əmin-amanlıq hökm etməyə başladı.  Füruğun səhər yuxusu kimi..

O susdu. Güzgüdəki üzü qaraldı. Tozlu ərp güzgünü örtmüşdü. Üzü şüşədə parçalanırdı. Yenə külək əsdi. Soyuq və dondurucu bir külək… Kafe get-gedə daha da qaranlıqlaşırdı. Güzgünün üstündəki sarı işıqlar parçalanır və işıq pərdəsi üstündə qaranlıq ləkələr əmələ gəlirdi. Ətrafda yalqızlıq hökm sürürdü və heç tərəfdən səs gəlmirdi.

Ətrafıma baxdım. İşıq qarşıdakı güzgüdə yayılaraq yox oldu, yox olmamışdan qabaq isə son dəfə iki qoca adamın üzünü işıqlandırdı. Hərəkətsiz oturmuşdular… Və kif qoxusu hər tərəfi əsir almışdı. Bir anlıq gözlərimi bağladım və yenə onun səsini yeşitdim.

Yazın ortaları idi, deyəsən. Şimran bağçası çiçəklərlə əhatələnmişdi. O və bir neçə yaxın dostu ilə görüşmüşdük. Zöhrab da aramızda idi. Füruğun çox sevdiyi bir dostu idi… Elə hamımızın… Danışanda ancaq şeirdən danışardı, ya da ümumiyyətlə, susardı. Danışmasa belə, yanımızda olmağı da kifayət edirdi. Zöhrab hara gedirdisə, ora sanki bilmədiyimiz bir gülün ətri yayılırdı. Bu qoxu adamı sakitləşdirirdi. Gözləri almaz kimi parlayır, baxışları daima ətrafı süzür, ağzının kənarında xoş, sevimli və inam verən bir təbəssüm olurdu. Həmçinin də həm çox yaxşı şair, həm də çox yaxşı rəssam. Şeirlərində rəsmin, rəsmlərində də şeirin izlərini görmək olardı.

Həmin gecə də Zöhrab yanımızda idi. Hindistan haqqında danışırdı. Bemaresi, Buddanın altında oturduğu  müdriklik ağacını, gecələri oxuyan qəribə quşları təsvir edirdi. Bir şeirinə o quşun səsi ilə başlamışdı:

“Dinlə, bax yer üzünün ən uzaq quşu oxuyur…”

Füruğ o gecə xoşbəxt və kefikök idi. Otağın aurasında da xoşbəxtliyin havası var idi. O hava ilə sərxoş olmuşduq. Və əlbəttə ki, pəncərələrdən gələn  çiçəklərinin qoxusu ilə… Bağçanın havasında nəsə qəribə bir şey var idi. Ruhumuzu oxşayan bir şey… Və ürəyimizi sevindirən.

Uzaqlardan bayquşun səsi gəlirdi: Hak!Hak!Hak!… Səsi yaz gecəsinin dərinliklərində elə yumşaq süzülürdü ki, hətta  çiçəkləri belə oyandırmırdı.

Elə bil möcüzənin içində idik. Ağaclar, otlar və dünya… Nəsə gözləyirdik: məsələn, xoşbəxtliyin dünyanı sarmaşıq kimi dolamasını…

Füruğ da şeir oxudu:

Quş dedi: “Nə gözəl qoxudur bu, nə gözəl günəş!

Artıq yaz da gəlib!

Yarımı tapmağa gedirəm mən!”

Gecənin bir aləmi idi. Hamı getmişdi. Füruğla mən qalmışdıq. Bir tərəfdə uzanıb yaxınlaşan sabahın ayaq səslərini dinləyirdik.

Bağçanın qaranlığı solurdu. Hava tüstü və süd rənginə çalırdı. Qalxıb çölə çıxdım. Müxtəlif rəngli güllər qoparıb içəri girdim. Füruğ yatırdı. Güllərin yarpaqlarını qopardım və onu oyandırmadan yavaşça üstünə sərdim.

…Səs kəsildi… Kafenin qapısı sürətlə açıldı. Başına yun araxçın taxmış, ayaq biləklərinə qədər uzun qalın palto geyinmiş yaşlı adam çəkmələrini yerə vura-vura içəri girdi.

Xəfifcə saqqalı var idi və saqqalında yağış damcıları parlayırdı. Onunla birlikdə qapıdan müdhiş bir soyuq girdi. Adam əllərini bir-birinə sürtdü. Və ətrafa nəzər yetirərək danışmağa başladı: “Hava dəhşət soyuqdur. Amma səhər tezdən, elə gözəl payız günəşi çıxırdı ki… Belə getsə, qar yağacaq. Buz kimi bir yağış yağır çöldə”.

Vitrinə tərəf getdi.

Güzgüyə baxdım. Onun görünüşü tər-təmiz və doğma idi. Dodaqları xəfif aralı qalmışdı, gözləri yol çəkirdi. Birdən-birə bədənim ürpərdi, üşüdüm. Elə bil bir buz parçasını sinəmə basmışdılar. Soyuq və dondurucu külək getdikcə şiddətlənməkdə idi. Küləkdən gözlərim yaşardı. Gözyaşımın dalınca yaşlı adamın ağladığını görürdüm. Və güzgü halını pozmadan incə bir buz təbəqəsi ilə örtüldü.

Füruğun həyat eşqi yüksək idi. Ondakı bu canlılıq məni xoşbəxt edirdi. Ətrafındakı hər şey ona maraqlı gəlirdi. İnsanları və təbiəti sevirdi, dənizin isə ölüsü idi. Gülərək zarafatlaşardı: “Kiçik sular böyük balıqlara görə deyil!”

Güləndə də bütün siması və bədəni ilə birlikdə gülərdi. Gülüşü ürəkdən gələrdi. Elə ağlamağı da… Həmişə aynanın qarşısında ağlayardı. Kefi pozulanda, bezəndə aynasını gətirər və ona baxaraq ağlayardı: “Bütün gün aynada ağladım”.

Düz deyirdi. Güzgüdə ağlayırdı və bu, əsl ağlamaq idi.

Bir dəfə gecə dostumla onun evinə getdik. Evdə yox idi. Hər tərəfdə onu axtardım. Heç kim yerini bilmirdi. Düzü, bəzi vaxtlarda belə yoxa çıxmasına öyrəşmişdim. Həmişə harasa gedər, bunu bizdən gizləyərdi və heç kim onu tapa bilməzdi.

Günlər sonra qayıtdı. Bu barədə bir kəlmə belə danışmadı.

– Harada idin?

– Heç harda.

Evində yox idi. Dostumun maşını ilə geri qayıtdıq. Şimranda küçələrə diqqətlə baxa-baxa keçdik. Küçə bomboş idi. Aradabir şütüyüb-keçən maşınlardan başqa bir ins-cins gözə dəymirdi.

Lap uzaqda bir qaraltı gördük. Bizə tərəf gəlirdi. Dayandıq. O idi. Başını əymişdi, vecsiz-vecsiz gəzişirdi. Çağırdım, eşitmədi. Maşından düşüb yanına qaçdım, qoluna toxundum. Diksindi, dərin xəyallardan ayıldı.

– Sənsən? – soruşdu.

– Hə, mənəm. Hara gedirsən?

– Heç… Upuzun bir şeirin küçəsində gəzişirdim… Çox üşüyürəm. Yaman soyuqdu…

– Gəl, – dedim. – Min maşına. Evə aparım səni.

Diqqətlə üzümə baxdı:

– Yox, tək qalmaq istəyirəm.

Səssiz-səmirsiz keçib-getdi. Arxasınca xeyli baxdım. Gecənin qaranlığında gözdən itirdi.

Nəhayət, qaranlığa qərq oldu. Artıq onu görə bilmirdim. Bir anlıq sanki kimsə sinəmə buz parçası basıbmış kimi titrədim…

Zalda əsən külək getdikcə şiddətlənmişdi. Elə bil kafeni yerindən söküb çıxaracaqdı. Birdən-birə qapısı guppultu ilə açıldı. Zalda olan qalan hər şey uçuşmağa başladı. Masalar, süfrələr, lampalar, stollar, pərdələr, stəkanlar, fincanlar, boz geyimli ofisiant, iki qoca – hamısı, hər şey göyə sovruldu və bağçanın qapısından çölə töküldü. Güzgülər divardan sökülüb fırlanmağa başladı. Hamısının da içində o adamın üzü var idi. O da aynalarla birlikdə dönürdü. Sonra bir-biriləri ilə toqquşdular. Şaqqıltı ilə qırıldılar və içlərində də o adamın üzü qırılıb-parçalandı. Hər şey bir-birinə qarışdı. Gözlərimi bərk-bərk yumdum. Başım dönürdü. Bədənimdən soyuq tər gedirdi.

Ofisiantın amiranə səsi ilə özümü toxtadım. “Nəsə olub? – deyirdi. – Heç yaxşı görünmürsünüz. İsti bir çay gətirim?”

Sayıqlayan kimi danışmağa başladım:

“Nolar… qapını… bu qapını… Necə?… Siz…Aynalar… Aynalar?..”

Gözlərimi açıb ətrafıma baxdım. Hər şey yerində idi. O iki qoca adam da. Heç bir şey dəyişməmişdi. Ofisiant üzümə şübhəli-şübhəli baxdı: “Hə, bir çay gətirim sizə”, – deyib getdi. Adamın üzü hələ də aynada idi. Mənə baxır və gülümsəyirdi.

– Sən heç bulud uçurtmusan? – qəfildən soruşdu.

– Nə, bulud uçurtmaq nədir?..

– Yəni çərpələng kimi bulud uçurtmamısan heç?

– Yox, heç vaxt etməmişəm…

– Mən… Biz çox uçurtmuşuq…

Payız yaxınlaşanda, demək olar ki, hər gün Elbrus dağlarına doğru gedirdik. Onda oralar təmiz yaşıllıq, güllük-çiçəklik idi. Bəzi yerlərdə açıq havada kafelər var idi. İnsanlar gəzməyə, çay içməyə gəlirdilər. Biz də səhər tezdən gedərdik. Buludların gəlişini gözləyərdik.

Bəzən buludlar bizdən əvvəl gəlirdilər. Füruğ uşaq kimi sevinər, əllərini bir-birinə çırpardı.

“Bax!” – deyərdi. – Buludlarımız bizdən qabaq gəliblər. Tez ol, birini seç. Birini də mən… Başla da!..”

Buludlar üfüqdən aşağı süzülürdü. Dağılır, genişlənir, daralır, böyüyür, kiçilirdi. Gözümüzün qarşısında formalaşır, qurdlar, ayılar, uşaqlar, insanlar olurdular. Füruğ öz buludunu izləyır və qışqırırdı:

– Mənim buluduma bax, indi də böyük bir ayı oldu. Qucağında da balası…

Sonra qucağında balası olan ayı küləklə sovrular, formasını dəyişib o biri bulud topalarına qarışardı.

Günlərin bir günü də başqa bir buludu göstərdi:

– Bax bu bulud yox, əslində, üç uşaqdır. Əl-ələ tutub gedirlər…

– Hara gedirlər bəs?

– Analarının yanına… Hə, hə analarının yanına. Anaları da dənizdir. Ona qovuşacaqlar… Amma belə getməyəcəklər, dəyişəcəklər. Bulud olaraq getsələr, anaları onları heç vaxt qəbul etməz. Yağış olub yağacaqlar. Ağacları, bitkiləri, çiçəkləri sulayacaqlar. İnsanların susuzluqlarını yatıracaqlar. Sonra kiçik dərələr olacaq, sonra çaylar, sonra da dəniz anaya qovuşacaqlar… Dəniz anaya çata bilmək üçün mütləq dəyişmək lazımdır.

Səs getdikcə uzaqlaşdı. Sükut çökdü. Gözləri bağlı oturdum. Kafenin havası ağır və boğucu idi. Birdən telefon səsi sükutu pozdu. Yarıyuxulu qulaq verdim. Uzun-uzun zəng gəldi. Sonra kəsildi. Yatdım.

Yaşıl bir küçədə gedirdi. Tünd yaşıl… İstiqamətimi tapa bilmirdim. Küçə dümdüz uzanırdı. İki tərəfdə də çinar ağacları cərgələnirdi. Hər iki yanda çinarların arxasında divarlar ucalırdı. Qapısız, keçidi olmayan divarlar. Onun da arxasında yenə çinarlar. Yorulmuşdum. Ürəyimdə bərk qorxu var idi. Qaçmağa başladım. Küçəni dönüb başqasına keçdim. O da birincisinin eynisi idi. Hündür divarlar və iki sıra çinarlar. Onu da keçdim. Üçüncü küçə də eyni idi. Nə qədər küçə keçdim, xatırlamıram. Hamısı da səssiz və bir-birinin bənzəri idilər. Tövşüyürdüm. Dəqiq bilirdim. Haradasa çıxmağa bir yer olmalı idi. Dar bir çıxış… O qatı sükutda fikirləşməyə başladım. O harada idi?.. Birdən-birə iki maşının toqquşmasından çıxan səs ətrafı bürüdü. Yerimdəcə donub qaldım. Qaranlıq gecəyə yenə də qulaqbatırıcı sükut hakim kəsildi. Bir anlıq quşun qanad səslərini eşitdim. Sonra o da uzaqlaşdı.

Gözlərimi açanda başdan-ayağa tərə batmışdım. “Cafe Nadiri”də bir masada otururdum. Zal bomboş idi. Heç kim yoxdu. O iki qoca da görünmürdü. Qapılar, pəncərələr bağlıydı. Havada kif qoxusu vardı. Elə bil illərdir heç kim gəlmirdi bura. Güzgünün üstündəki işıq sönmüşdü. Aynaya baxdım. Şiddətli qar yağırdı. Yavaş-yavaş güzgüdəki yolu qar örtürdü.Yolun kənarındakı ağacların budaqlarını da. Ayağa durdum. Aynaya tərəf getdim. Qarın altında, ağacların kənarı ilə gəzərək oradan uzaqlaşdım.

KÖŞƏ YAZARLARI
TOP 10