Cəlil Cavanşir: “Eşq sizi yormaz, yaşamağa həvəsləndirər”

91 Baxış

eyn

 

 

 Senet.az “Ustad” dərgisinin 22-ci sayında yayımlanan Cəlil Cavanşirin “Eşq və intihar” kitabıdan bir hissəni sizə təqdim edirik:

I HİSSƏ

 

“Eşq sözə sığmaz.”

Mövlanə

Eşq

 

Haqqında nə qədər az düşünməyə, laqeyd yanaşaraq gündəlik qayğılarla başımızı qatmağa, böyük elmi kəşflərlə, qloballaşan dünya ilə, sənətlə, fəlsəfəylə, texnologiya ilə maraqlanmağa çalışsaq da, eşq insan övladı üçün hər zaman maraqlı və cazibəli mövzudur. Nə etsək də, şairlərin, filosofların, psixoloqların, sosioloqların minilliklər boyu çözməyə çalışdığı əbədi sirli mövzu, çarəsiz istək hətta texnologiya əsrində, insan duyğularının və hislərinin bəsitləşdiyi, az qala yox olmağa başladığı bir çağda da yaxamızı buraxmır. Amma hər kəsin eşqin o möhtəşəm toxunuşunu hiss etdiyini deyə bilmərik.

Ümumiyyətlə, eşqin varlığından xəbərsiz insanlar var. Məsələn, Yeni Qvineyada yaşayan manuların dilində eşqi ifadə edən bir söz də yoxdur. Müxtəlif mədəniyyətlərin eşq anlayışına yanaşması fərqlidir. Biz sadəcə öz düşüncə tərzimizin sərhədləri çərçivəsində eşqin izahını axtarırıq. Eşqə bir inanc sistemi kimi yanaşsaq, onu qəbul etməyənləri linc edə biləcək qədər qəzəbli aşiqləri (inanclıları) qınamalı deyilik. Amma eşq bir inancdan daha üstün və bəzən daha təhlükəlidir.

Biz əbədi sevgiyə inamımızı itirsək də, eşqdən ümidimizi tamamilə kəsmirik. İnsan hər saniyə, hər dəqiqə duyğularını, hislərini dəyişə bilirsə, eşqin əbədi olması mümkündürmü? Elə isə dildən-dilə dolaşan ölümsüz eşq hekayələrinin qəhrəmanları bu dünyaya aid deyilmi? Ölümsüz sevgilərmi gerçəkdir, ötəri hislərmi? Eşq əbədi deyilsə, nə üçün onun əbədi olmağını arzulayırıq?

Ümumiyyətlə, eşq nədir? Məncə, eşq insan övladının bütöv və kompleks şəkildə anlaya bilmədiyi məsələdir. Çox səmimi şəkildə etiraf edirəm ki, mənim eşq haqda bildiklərim elə də çox deyil. Yəni, bir ədəbiyyatçı, şair, roman yazarı olaraq eşqdən və sevgidən böyük coşğunluqla yazmağıma baxmayaraq, eşqin məni nə vaxt və necə yaxaladığını, eşqə necə “yoluxduğumu” izah etməkdə acizəm. Daha dəqiq ifadə etməyə çalışsaq, min illərdir yazılan eşq şeirləri, çarəsiz sevgilərdən bəhs edən romanlar, filmlər ona görə bizə cazibəli gəlir ki, insan bilmədiyini yazır. Eyni zamanda, insan yazdığına sirli don geyindirdiyi üçün, bəlkə də, dərk edə bilmədiyi ağrıları misralara çevirdiyi üçün şair olur. Əgər eşq bizim anlaya biləcəyimiz sadə fəlsəfi, sosioloji problemlərdən biri olsaydı, sonsuz sayda eşq şeirləri, nəğmələr, romanlar yazılmaz, sadəcə broşürlərə, kiçik məqalələrlə bütün məsələ qısa şəkildə izah olunardı. Deməli, bu məsələyə bəsit təfəkkürlə yanaşmaq, eşqin sadəcə şəhvani qatını görmək, sevginin adi fizioloji istək olduğunu düşünmək axmaqlıqdan başqa bir şey deyil. Sanki eşqin açılmayan sirri, tamamilə açıqlana bilməyən bir əfsunu var. Təbii ki, bir çox təbiət hadisələrinin, kainatda baş verən əksər proseslərin də bizim üçün sirli tərəfləri var. Amma bütün bunlar bizim üçün eşq qədər maraqlı və cazibəli deyil. Müasir intellektuallar düşünür ki, hər şey əksinə olmalıdır; biz yaşadığımız kainatı, planeti, bizi əhatə edən təbiəti daha yaxından tanımalı, sosial-iqtisadi vəziyyətə bələd olmalı, siyasi prosesləri, təbiətdə baş verən dəyişiklikləri daha dərindən anlamağa çalışmalıyıq. Gerçəklik isə çox təsirlidir. Bəzən Kvant fizikasından mühazirə oxuyan alimi, beynəlxalq iqtisadi nəzəriyyələri soyuqqanlı şəkildə təhlil edən nəzəriyyəçini, siyasi iqtidara gəlməyə hazırlaşan siyasətçini də eşqin əfsunlu dünyası daha çox cəlb edir. Sokrat aşiqliyin coşğunluq olduğunu deyir, eşqi bir xəstəlik, dəlilik hesab edir. Eyni zamanda, bu coşğunluğun ziyanlı olmadığına, bu xəstəliyin patalogiyaya çevrilmədiyinə də inanır. Bu dəliliyin, yəni eşqin ilahi bir tərəfi olduğunu sübut etməyə çalışır.

Bəli, eşq və aşiqlik mürəkkəb məsələ olmasaydı, min illərdir sənət, ədəbiyyat, elm yaranmaz, insan ibtidai halından çıxa bilməzdi. Sözsüz ki, elm adamları bu təsbitlə razılaşmaya bilər və hətta sevimli oxucum da bir qədər soyuqqanlı olsa, yuxarıdakı fikirlərlə razılaşmayacaq. İnsan irqinin inkişafının odun kəşfindən atomun parçalanmasına qədər qeyri-adi yol keçməsi, Böyük partlayışdan (Big Bang) kosmosa raket göndərilməsinə qədər ağlasığmaz mərhələ eşqdən daha vacib hesab edilə bilər. Hələ ağlasığmaz elmi kəşflər, insan zəkasının genişlənən sərhədləri, texnologiyanın sürətli inkişafı bəşəriyyət üçün eşq mövzusundan daha önəmlidir. Sadəcə bütün bu sadaladıqlarım hamını maraqlandırırmı? Məncə, sevdiyi insanın eşqiylə yanıb-qovrulan bir qəlb üçün nüvə silahından daha təhlükəlisi, sevgisinin qarşılıqsız olması, dəlicəsinə sevdiyi insanın onu tərk etməsidir.

Yəqin ki, müasir intelllektual kəsim, xüsusən gənclər və həyata rasional yanaşmağı bacaran insanlar bu məqamda mənimlə razılaşmayacaq. Gəlin etiraf edək ki, “azad seks”i müdafiə edən zehniyyətin var olduğu bir dünyada, zahiri cazibənin, erotika və pornoqrafiyanın romantikaya rəqib sayıldığı toplumlarda eşq, sevgi, romantik hislər kifayət qədər gülməli və bəsit görünür. Mən isə bütün səmimiyyətimlə inanıram ki, eşq və gözəl hislər hələ də ölməyib. İnsanların müqəddəs duyğularına xitab etməyin tam zamanıdır və biz cəmiyyətimizi gözəl duyğularla bəsləməliyik. Bütün böyük dəyişikliklər, inqilabi uğurlar üçün sevgiyə ehtiyacımız var. Sevən insan, eşqin varlığına inanan fərd Somalidəki aclığa, Suriyadakı səfilliyə, İraqdakı müharibəyə, Mərkəzi Afrikadakı qırğınlara da dur deyə bilər.

Ən bəsit ara mahnılarından ən ciddi operalara qədər bütün musiqi əsərlərində, ən bayağı eşq romanlarından Füzulinin “Leyli və Məcnun”a qədər eşqin səmavi və xilaskar gücündən bəhs edilir. Min illərdir, eşq öz müqəddəsliyindən və sehrindən heç nə itirməyib. Bax, buna görə eşq kosmosun kəşfindən də, planetlərarası məsafələrin ölçülməsindən də, işıq fotonlarının heç bir çəksi olmadan enerji ötürməsindən də maraqlı və aktualdır. Eşq bizi heç vaxt yormayan, bezdirməyən mövzudur. Hər şeydən yorula bilərsiniz, amma eşq sizi yormaz, yaşamağa həvəsləndirər, ruhunuza inanılmaz sevinc bəxş edər.

 

(Ardı var…)

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10