Cəlil Cavanşir: “Yazıçı olmasaydım ortabab qatil ola bilərdim.” – 13-cü sual

158 Baxış

celil2Senet.az-da 13-cü sual LAYİHƏSİ

Layihənin qonağı olmuş yazarlar

Kənan Hacı

Pərviz Cəbrayıl

Ömər Xəyyam

Layihənin qonağı: Cəlil Cavanşir

Layihə rəhbəri: Müşfiq XAN

 

1. Niyə yazırsınız?

– Musiqiçi ola bilmədiyim üçün, yazıçılığı seçmişəm. Yəqin ki, musiqiçi olsaydım yazı-pozuyla məşğul olmazdım. Musiqiçi ola bilmədiyim üçün yazıçıyam. Əslində heç vaxt musiqiçi olmağa cəhd etməmişəm. Sadəcə gizli-gizli arzulamışam. Yuxularımda tez-tez rok konsertlər verirəm. Gitaranın başına olmazın oyununu gətirirəm. Oyananda isə kompyuteri açıb, keçirəm qarşısına və özümü yazılarımla ovuduram.

2. Nədən yazmaq lazımdı?

– İnsandan yazmaq lazımdı. Mənim üçün insan hislərindən maraqlı heç nə yoxdur. Min illər keçsə də dəyişməyən insan hisləri, hər zaman aktual və maraqlıdır.

3. Kimi oxuyursunuz?

– Hazırda Tomas Manı oxuyuram.

4. Kimi oxumursunuz?

– Marsel Prustu oxumuram. Çünki hələ buna vaxtım və hövsələm yoxdur.

5. Sizcə oxucularınızın sayı nə qədər olar?

– Dəqiq sayını bilmirəm. Amma təxmin edirəm ki, 10-dan çoxdur.

6. Yazmasaydınız nə işlə məşğul olardınız?

– Fermer olardım. Ya da ovçuluqla məşğul olardım. Ya da yazıdan uzaq bütün xoşbəxt adamlar kimi, özümə normal iş tapar, biznes qurardım. Hərdən mənə elə gəlir ki, yazıçı olmasaydım ortabab qatil ola bilərdim. Ümumiyyətlə yazıçı olmasaydım, bu suala cavab vermək məcburiyyətim də olmazdı.

7. İmkanınız olsaydı ildə neçə kitab çap etdirərdiniz?

– İmkanım olsa ildə bir kitab. Saytlarda, qəzetlərdə çap olunan yazılarımın itib-batmaması üçün ildə bir kitab pis olmazdı. Hərdən əsəbiləşib ikisini də çap etdirmək olar. Hətta məhsuldar işləyib üçünü də yazmaq mümkündür. Amma bir yaxşıdır.

8. Nəyi yazdığınıza peşmansınız?

– Yazdıqlarıma görə heç zaman peşman olmuram. Bəyəndiklərim də, bəyənmədiklərim də mənim üçün doğmadır. Dünya dağılsa da, istəmədiyim yazını yazmaram.

9. Sizcə Azərbaycanda Ədəbiyyat üzrə Nobel kimə verilməlidir?

– Miqyasına görə İsa Muğanna, Əkrəm Əylisli, Afaq Məsud və Kamal Abdulla bu mükafata layiqdir.

10. Feysbukda neçə profil işlədirsiniz?

– İki profilim var. Amma birinin dostluğunda heç kəs yoxdur. Sadəcə səhifəmi idarə etmək üçün istifadə edirəm.

11. Yazmaqdan “bişey-mişey” çıxır?

Bir yazınızdan, yaxud da kitabınızdan ən çox nə qədər qazandığınızı oxucularımız üçün də açıqlayın, lütfən.

– “İtirilmiş əlyazma” romanımdan 1000 manat qazanmışam. “Oğurluq” şeirimə görə 150 manat qonararım olub. Ümumiyyətlə mən ailəmi yazılarımla dolandırıram. Yəni əsas qazanc yerim yazılarım və tərcümələrimdir. Nə çıxırsa yazıdan çıxır.

12. Yazmaqdan nə vaxt əl çəkəcəksiniz?

– Ölənə qədər dirəşəcəm. Yəqin heç vaxt əl çəkə bilməyəcəm. Artıq həyatımın bir parçasıdır. Yazmasam darıxaram. Darıxsam da tez ölərəm. Qısacası, yazmaqdan əl çəkməyəcəm.

13. Master P-ni tanıyırsınız?

– Təəssüf ki, tanımıram. Google-da axtarmağa da həya elədim.

p.s.

“Daha çox meyxana həvəskarı olan Cəlil müəllimin repin atası hesab olunan Master P-ni tanımaması başadüşüləndi. Məncə əlavə şərhə ehtiyac yoxdu.”

 

KÖŞƏ YAZARLARI
TOP 10