“Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub

59 Baxış

72163238_2805344692845650_2261252220659957760_n

Noyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub.

Senet.az xəbər verir ki, tədbirdə çıxış edən Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən ölkədə və AMEA-da müxtəlif tədbirlər keçirildiyini diqqətə çatdırıb.

İsa Həbibbəyli bildirib ki, Azərbaycan ədəbiyyatında böyük demokrat yazıçı və ictimai xadim kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadə XIX əsrin ikinci yarısından sonra canlanmağa başlayan maarifçilik ənənələri və dövrün mühüm elm və maarif mərkəzlərindən olan məşhur Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası zəminində yetişib. O, Azərbaycanda tənqidi-realist satirik ədəbiyyatın görkəmli yaradıcısıdır. C.Məmmədquluzadə özündən əvvəl ədəbiyyatda mövcud olmuş maarifçi realist ənənələri tənqidi realizm səviyyəsinə qaldırıb. Görkəmli ədib Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının banisi, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və milli istiqlal hərəkatının əsas simalarından biri kimi şöhrət qazanıb. O, Azərbaycanda yeni tipli realist-satirik ədəbiyyatın və demokratik mətbuatın əsasını qoyub.

Akademik təqdim olunan kitabın böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov tərəfindən tərtib edildiyini söyləyib. Diqqətə çatdırıb ki, nəşrdə ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında dərc edilmiş məqalələr, esselər, müsahibələr və şeirlər toplanıb. Kitabda Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı, ümummilli lider Heydər Əliyevin böyük ədibin 125 illik yubiley tədbirindəki nitqi, 93 məqalə, 13 esse, 8 müsahibə, 8 şairin yaradıcılığına aid 30 şeir yer alıb. Bu nəşr Cəlil Məmmədquluzadəyə həsr olunan məqalələrdən və yazıçının müasirlərinin xatirələrindən ibarət olan, 1967-ci ildə professor Abbas Zamanovun elmi redaktorluğu ilə çap edilmiş “Məqalələr və xatirələr” kitabının davamı olaraq onu tamamlayan əhəmiyyətli bir mənbədir. Həmçinin Cəlil Məmmədquluzadəşünaslığın son yarım əsrdəki mənzərəsini geniş təsəvvür etməyə imkan yaradan qiymətli kitabdır.

Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, kitabın tərtibçisi Elxan Nəcəfov məruzə ilə çıxış edib. Bildirib ki, yeni nəşrdə Cəlil Məmmədquluzadə haqqında böyük ədibin 100 illik yubileyindən sonra meydana çıxan məqalələr, esselər və şeirlər toplanıb. Kitabda 52 müəllifin 78 məqaləsi yer alıb. Nəşrin baş redaktoru akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri AMEA-nın müxbir üzvü Tehran Mustafayev və dosent Şəmil Sadiqdir.

Tədbirdə Xalq yazıçısı Anar, akademik Muxtar İmanov, professorlar Cahangir Məmmədli, Təyyar Salamoğlu, AMEA-nın müxbir üzvü Tehran Mustafayev və digər çıxış edənlər “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, bu nəşr Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə mühüm elmi-ədəbi töhfədir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10