Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

12 Baxış

1a

Dekabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Senet.az Azertac-a istinadən xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək dövlətimiz tərəfindən yazıçının irsinə göstərilən diqqətdən danışıb.

Bildirib ki, Azərbaycanda dahi şəxsiyyətlərə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin görkəmli şəxslərlə əlaqədar verdiyi sərəncamlara əsasən bu il Cəfər Cabbarlı, Mikayıl Müşfiq, İbrahim Qasımov, Hüseyn İbrahimov və digər görkəmli şəxsiyyətlərin yubileyləri dövlət səviyyəsində qeyd olunub.

Nazir Əbülfəs Qarayev vurğulayıb ki, böyük yazıçı, dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyət, azərbaycançılıq məfkurəsini milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına təsir göstərən mütəfəkkir, ana dilimizin saflığı uğrunda mübarizə aparan vətəndaş, yazıçı və nəhayət, böyük demokrat ədib kimi xarakterizə edilir.

Görkəmli ədibin yaradıcılığından bəhs edən Xalq yazıçısı Anar deyib: “Bu gün biz ədəbiyyat tariximizin ən böyük simalarından biri olan Cəlil Məmmədquluzadənin işığına toplaşmışıq. Azərbaycan ədəbi mühitində yeddi nasir və şairə dahi demək olarsa, onlardan biri də Cəlil Məmmədquluzadədir. O, Azərbaycan ədəbiyyatında yeni səhifə açmış yazıçıdır. Mirzə Cəlilin əsərləri təkcə ədəbi dərslər deyil, biz ondan, həmçinin necə yazmağı və öz xalqını necə sevməyi öyrənirik. Xalqı sevmək onun inkişafına mane olan bütün hallarla amansız mübarizə aparmaq deməkdir. O mübarizəni ki, Mirzə Fətəli Axundzadə başlamışdı və Mirzə Ələkbər Sabir ilə Mirzə Cəlil Məmmədquluzadə davam etdirirdi”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli çıxış edərək deyib ki, Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapıb. Dahi sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb.

Qeyd edib ki, ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin yaratdığı qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına güclü təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

Quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov olan tədbirdə Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının, Akademik Musiqili Teatrının aktyorları Cəlil Məmmədquluzadənin yaradıcılıq nümunələri əsasında hazırladıqları səhnəcikləro təqdim ediblər.

Bölmə : Sənət xəbər