Cəlil Məmmədquluzadənin bədii dili leksikoloji və leksikoqrafik rakursdan

201 Baxış

Shehla(1)

Senet.az Bakı Slavyan Universitetinin dosenti Şəhla Əhmədova  “Cəlil Məmmədquluzadənin bədii dili leksikoloji və leksikoqrafik rakursdan” məqaləsini təqdim edir:

Cəlil Məmmədquluzadə məktəb illərindən həyatımıza daxil olan ədiblərdəndir. Yazıçılar haqqında işlədilən belə bir ifadəni oxuculara da şamil etmək olar ki, “biz hamımız Cəlil Məmmədquluzadənin “Poçt qutusu”ndan çıxmışıq”. O öz əsərlərində böyük mətləblərin bəzisini aşkar, bəzisini sətiraltı da olsa, çatdırmağa çalışmışdır. Bir epizodu xatırlayaq: Novruzəli poçt qutusunun qarşısında dayanıb   məktubu atıb-atmamaq barədə düşünür. Bu zaman bir rus qadın gəlib məktubu atır və gedir, daha sonra bir erməni uşaq hoppana-hoppana gəlib məktubu atıb gedir. Oxucu belə bir acı həqiqətlə üzləşir: bizim başıpapaqlımızın bacara bilmədiyini başqa millətin arvad-uşağı asanlıqla görür. Çox sevdiyim “Nigarançılıq” hekayəsi zahirən cansıxıcı, eyni söhbətlərin, eyni mətləblərin təkrarı kimi görünsə də, əslində, böyük bir bəlanın nümayişidir: “bu nigarançılıq yaman pis şeydir” qənaətindən uzağa gedə bilməyən bir toplumdan ümummilli, azadlıq, hüriyyət kimi ümumbəşəri məsələlər haqqında düşünməyi gözləmək əbəsdir. Deyilənlərə görə, Y.V.Çəmənzəminli Cəlil Məmmədquluzadəyə gileylənir ki, Mirzə, bu milləti avam, nadan hesab etmək yetər, novruzəlilərin Avropa mədəniyyətindən geri qalmayan mədəniyyətləri var. Amma tutduğu yol ilə, yanaşması ilə Mirzə Cəlil “öz eyiblərini görən xalq böyükdür” fikrini bir daha təsdiq etmiş oldu.

Ən çox oxunan yazıçılardan biri olan C.Məmmədquluzadənin əsərləri lüğət tərkibinin zənginliyi ilə də maraq doğurur və bu leksikonun oxucu rastına çıxması ehtimalı böyükdür. Yazıçının əsərlərində rast gəlinən və tədris, mütaliə zamanı qarşıya çıxa biləcək hər bir söz leksikologiyanın, leksikoqrafiyanın maraq dairəsindədir. Tərtib olunmalı yazıçı lüğətlərinin sırasında Cəlil Məmmədquluzadə dilinin lüğəti birincilərdən olmalıdır. Bu tipli müəllif lüğətləri leksikologiya və leksikoqrafiyanın nəzəri məsələlərinin həll olunması baxımından əhəmiyyət kəsb etməklə yanaşı, böyük izahlı lüğətlərin, məktəblilər üçün tərtib olunmuş lüğətlərin də tərkib hisəsi ola bilər. Bu səbəbdən C. Məmmədquluzadə dilinin izahlı lüğətində xüsusən məktəb proqramına daxil olmuş əsərlərinin mətni öz leksikoqrafik həllini tapmalıdır. Bu əsərlərin leksikasının bir qismi ümumişlək xarakter daşıyır və normativ lüğətlərin tərkib hissəsi olur, digər qismi qeyri-normativ leksikaya aid olduğu üçün sorğu lüğətlərin tələbləri baxımından seçilməli, araşdırılmalıdır. Sorğu prinsipinin mahiyyəti sözlərin leksik fonda daxil olmamasına baxmayaraq, oxucunun qarşılaşdığı halda, mənasının aydınlaşmasına, lazımi informasiyanın əldə olunmasında yardımçı olmaqdır. Məsələn, varvarizmlər qeyri-normativ leksikaya daxildir, amma tədris prosesində izaha ehtiyac olduqda cavablandırmaq lüzumundan lüğətə daxil edilməlidir.

Mirzə Cəlilin dil özəlliyi bəllidir. Oxucunun anladığı dildə yazmaq onun həyat məramlarından biri olmuşdur. Əli bəy Hüseynzadə ilə məşhur dialoqla başa çatan mübarizə yolu da konkret və aydın olmuşdur. İki millətsevər şəxsiyyətin maarifçilik yolunun kəsişməyən xətlər üzrə keçməsi, müxtəlif müstəvilərdə yön alması qüvvələrin birləşməsinə mane olsa da, hər halda millətin ziyanına olmamışdır. Bu mübarizədə Mollanəsrəddinçilər məktəbinin qalib gəldiyini Ə.Hüseynzadə özü etiraf etmişdi. 1926-cı ildə Bakıda keçirilən birinci Türkoloji qurultayda iştirak edən Ə. Hüseynzadə C.Məmmədquluzadə ilə görüşür və onun tutduğu yolun daha düzgün olduğunu bildirir.

C. Məmmədquluzadənin dili dialekt və canlı danışıq leksikası ilə zəngindir, özü də bu leksika yalnız tipin, surətlərin dilində deyil, müəllif dilində də geniş yer alır. Ədibin dilində yalnız leksik dialektizmlər yox, leksik-semantik, fonetik, morfoloji dialektizmlər də gen-bol işlənir.

Kəfə – əlin içi, ovuc. Xudayar bəy bu dəqiqə bu halətdə oturmuşdu dizüstə, sağ əlinin dirsəyi sol əlinin kəfəsində.

Əngənək – saxsı ləyən, paltar yumaq üçün təknə, xəmir yoğurmaq üçün böyük qab.

ərov (aroy) – paltar yuyulduqdan sonra qalan çirkli su. Həyətin bir səmtində var idi əngənək, yanında çoxluca yuyulmamış paltar qalanmışdı; ərov, yəni paltarın çirkli suyu axıb gəlib, qapımnın yanında göl durmuşdu.

Ayama – ləqəb. Bizlər ayama deyirik. Bilmirəm başa düşdünüz, ya yox,? Ayama, yəni ləqəb.  … Ayama   avam sözüdür, ləqəb ərəb sözüdür. Axırda axund bərkdən-bərk bizə tapşırdı ki, ayama ləfzini dilimizə gətirməyək, ləqəb deyək.

Dəsti – tez, cəld , əlüstü. – Amma bu şəxs istəyən kimi Məhəmmədhəsən əmi dəsti getdi eşşəyi çıxardıb gətirsin.

Heyn – vaxt, vədə. Bu heyndə qapı açıldı, bir cavan oğlan qapını daraxlayıb təəccüb ilə gözlərini dirədi Xudayar bəyin gözünə.

Cəlil Məmmədquluzadə yaradıcılığında semantik dialektizmə aid maraqlı nümunələr vardır. Semantik dialektizm ədəbi dildə olan hər hansı sözün fərqli mənada təzahür etməsidir. Bu baxımdan ayrı-ayrı sözlərin ədəbi dildəki məna tutumunu dialektdə olan variantla müqayisə edək. Ədəbi dildə rədd etmək, rədd olmaq sözlərinin məlum mənalarından fərqlənən işlənmə məqamları vadır, özü də bu mənanın tezliyi (işləklik dərəcəsi) kifayət qədərdir: Kəndlilər cəld ayağa durub salamı rədd elədilər. Oğlan bir söz deməyib qapını örtdü və rədd oldu. Kəşf etmək feilinin  məlum mənasından bir qədər fərqli, həll etmək, tapmaq feili ilə sinonim kimi işlənməsinə rast gəlirik: İnşallah, kəşf edəcəyəm bu məsələni, kəşf edəcəyəm, lap asan vəchlə kəşf edəcəyəm. Çəp sözü də fərqli konteksdə, tərs mənasında işlənir: Çəp övrət imiş sənin övrətin. Dağıtmaq sözünün paylamaq mənasında işlənməsinə təsadüf olunur. Məna daralması və genişlənməsi yalnız dialektizmlərə deyil, ədəbi dil faktlarına da aiddir. “Qurbanəli bəy” hekayəsinda yemiş   sözü üzüm qurusu, kişmiş, hər cür quru meyvə mənasında işlənmişdir (bu məna izahlı lüğətdə də qeydə alınmışdır).

Cəlil Məmmədquluzadə bədii dilində yuxarıda sadalanan sözlərdən başqa,  xalq danışıq dilindən gələn sözlər də yer tutur: qovzamaq, qırpıtmaq, düymək, görsənmək və s.

Qovzamaq (bu söz izahlı lüğətdə danışıq leksikası kimi göstərilir). – qaldırmaq. Rüstəm bəy (başını stolun üstündən qovzamayıb) – Ana, məni danışdırma, lüğət yazıram; Karapet ağa qəfəsənin taxçasını qovzayıb çıxdı kənara…;  At genə başını qovzadı göyə.

Qeyd edək ki, lüğətçilikdə və ümumiyyətlə, leksikologiyada danışıq leksikası ilə dialekt leksikası arasında sərhədlərin müəyyənləşdirilməsi, bir qayda olaraq, problem yaradır. Məhz bu səbəbdən bəzən işarə sistemində qeyri-dəqiqliyə yol verilir; lüğət məqalələrində dial. (dialekt leksika), dan (danışıq), loru (loru leksika) işarələri heç də həmişə uğurla seçilmir. Dialekt leksikası məhdud bölgədə işlənir, danışıq leksikası isə bütün dildə işlənsə də, üslubi cəhətdən məhdudlaşdırıcı işarəyə ehtiyac vardır. Burada əsas mənbə dialektoloji lüğətlər, eləcə də ümumi filoloji lüğətlərin müxtəlif nəşrləridir.

C.Məmmədquluzadə dilində yer tapan söz qruplarından biri də varvarizmlərdir. Əsərlərində bəzi varvarizmlər   obrazı səciyyələndirmək üçün məqsədyönlü işlənir və bu səbəbdən də ümumi lüğətlərin obyekti ola bilməz. Bununla belə, bu sözlərin yazıçı lüğətinin sözlüyündə yer ala bilməsi mübahisə doğurmamalıdır. Məqsədyönlü işlənən varvarizmlərə aşağıdakı nümunələri göstərmək olar:

“Danabaş kəndinin əhvalatları”nda:

- Əxəvizadə, nə illət, cənabınızın ismi-şərifinə lağlağı ləqəbi izafə artırırlar?

Sən o səbəbə şəriətdən çıxırsan ki, şəriətin ümuruna mümaniət qatırsan. İstəmirsən ki, şəriəti-mənkuhəni əmələ gətirəsən.

“Ölülər”də:

Sizin dünyanız ibarətdir altı cür ləzzətdən: mət`um, mərrub, məlbus, mənkuh, mərkub, məşmum.

“Anamın kitabı”əsərində belə nümunələr daha çoxdur. Müxtəlif dillərdə təhsil alan qardaşların, onların dostlarının dilini fərdiləşdirmək üçün əsərdə kifayət qədər varvarizm işlənib və bu sözlər tipi səciyyələndirməyə xidmət edir.

Aslan bəy: Zakon bu sluçayları tamamən predusmatret eləyibdir. Əgər raznoreçiye elə bir sluçayda oldu ki, onu mədaxil cərgəsində olan punktlar düz gətirmədi, o vədə smetni statyaları o qədər sokratit edirlər ki, il axırında hesab düz gəlir.

Mirzə Baxşəli: Əzayi-giramdan üzr istəyirəm ki, zeyldə məruzeyi-mühəqqərim ağayani-büzürgüvarın dərdi-sərinə şayəd səbəb ola. Ağama ərz olsun ki, elmi-ilahi dərsləri, elmi-nücum dərslərui, heyət dərsləri və xülaətül-hesab dərsləri məktəb proqramlarında, necə ki, şayistə və əlzəmdir, arayişt olunmuyub ki, aya xüsuf və küsuf məsələləri bu saydığımız fünunun hansı birisinin dairəsində təşkil olunasıdır və fövqəlzikr fünun hansı müəllimimn öhdəsindsə və təhti-cavabdehliyindədir.

Hüseyn Şahid: Möhtərəm əzayi-əncümən həzrətlərinə öz ixlasımı təqdim edib mətləbin ən ibtidasından bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim.

Qeyd edək ki, “Anamın kitabı” əsəri və əks olunan problemlər bu gün də aktualdır, həmin problemlər hələ də qalır, bu gün də ziyalı təbəqəsi bir neçə dili bir-birinə qatıb danışır.

Varvarizmlərdən bir qismi isə o dövrün ədəbi dil faktı hesab olunmalıdır, yəni belə sözlər zahirən varvarizm kimi görünsə də, dövrünün ədəbi dil normasından xəbər verir. Məsələn, yurist, advokat, intelligent, sandalya, student və s. Bəzi sözlərin variantları da işlənir, məsələn: müəllif dilində spiçka işləndiyi halda (…Kərbəlayı Cəfər əmi girən kimi bir spiçka çəkib, sol tərəfdə divara vurulmuş xırda lampanı yandırdı və qonağa yer göstərdi), tipin dilində ispiçkə şəklində rast gəlinir (- Zəhmət olmasa, bir ispiçkə çək). Naçalnik sözü isə   nəçəlnik, nəçərnik kimi variantlarda da qeydə alınır.

Bu gün ədəbi dil baxımından varvarizm olan akoşka (rus dilində pəncərə mənası verən okoşko sözünün təhrifi) o dövr ədəbi dil üçün neytral söz olmuşdur. Qeyd edək ki, bu söz həm məhəbbət dastanlarında, həm “Koroğlu” eposunda   işlənmişdir:

Ərzurumun kənarından keçəndə,

Aquşqadan gördü məni, Koroğlu!

Kənizin göndərdi, kəsdi yolumu,

Qaytarıb otağa saldı, Koroğlu!

(“Koroğlunun Ərzurum səfəri”)

Prof.Məhərrəm Məmmədlinin dediyinə görə, “ bu söz ”akuşka” şəklində Türk dilinin dərləmə lüğətində yer alır, Qars, İqdır və Sarıqamış bölgələrində də “pəncərə” mənasında işləndiyi göstərilir.

Varvarizmlər rus dilinə aid olduğu kimi, digər dillərə, o cümlədən osmanlı türkcəsinə də məxsusdur: iştə irkaklar, haydı arkadaşlar, bən və s.

          Ümumiyyətlə, C.Məmmədquluzadə dilində müasir oxucu üçün anlaşılmaz olan, lüğətə müraciət etmək zərurəti qarşısında qoyan alınma sözlər çoxdur və onlardan bəzilərinin izahı orta məktəb dərsliklərində də verilir: sövt (səs), zaiqə (dadbilmə duyğusu), ittilaat (xəbərlər, məlumatlar), mündər (köhnəlmiş, dağılmış), mütəvəcceh (olmaq) (qulluq etmək, qayğı göstərmək), nagüvara (iyrənc) və s. Alınma sözlər içərisində Avropa mənşəli terminlər də vardır: tupaz, dendrit, kvars, tormalin və s.

C.Məmmədquluzadə bədii dilinin leksikası öz dövrü haqqında ensiklopedik məlumat verir. Onun əsərlərində o dövrdə mövcud olan peşə-sənət, məşğuliyyət adlarına rast gəlirik. Bunlardan bəziləri vəzifə adları olub, Rusiyaya ilhaq dövrünə aid tarixizm kimi səciyyələnə bilər: qlava (bələdiyyə idarəsi başçısı), pristav (yerli polis rəisi), qaradavoy (aşağı rütbəli polis nəfəri), yasavul (polis nəfəri;), prixod mollası (məhəllə mollası), strajnik (mühafizəçilərin ümumi adı), əfsər (офицер sözünün təhrifi) və s…

İş, peşə, məşğuliyyət bildirən sözlərin sırasında oxucu diqqətini cəlb edə biləcək və leksikoqrafik cəhətdən maraq kəsb edən sözlərdən daha bir neçəsini nəzərdən keçirək:

Qoltuqçu – bu sözün mənası mətnin özündən aydın olur: Mənim sənətim qoltuqçuluqdur, yəni dörd-beş top çit qoltuğuma vurub, dolanıram öz kəndimizi, ya qeyri kəndləri, çit-mit satıb, bir tövr güzəranımı keçirirəm.

Çarvadar –  yük heyvanı ilə muzdla yük daşıyan adam. Qərəz, tutmadı işi, əliboş kəndə qayıdıb üç-dörd eşşək alıb, başladı çarvadarlığa.

Bəzzaz – parça, arşınmalı satan tacir. … ikisi də naxçıvanlı idi: biri bəzzaz Məşədi Heydər idi, biri də ayaq üstə alış-veriş eləyən Məşədi Qulamhüseyn idi.

Sərkar – dərslikdə başçı, böyük kimi izah olunur. Amma söz mala, heyvana baxanların başçısı kimi də işlənir. Qənbər – Rüstəm bəyin sərkarı, 45 yaşında.

Dəftərdar – məktəbdar sözünün qəlibi ilə düzəlmiş və kargüzar mənasına uyğun gəlir. Teymur bəy – Cəmiyyəti-xeyriyyənin dəftərdarı, 25 yaşında.

Dilmanc – tərcüməçi, Mirzə Həsən – Rüstəm bəyin dilmancı, 30 yaşında.

Odabaşı – karvansaralarda otaqlara baxan, onların açarlarını özündə saxlayan adam. Odabaşı əlini ölçə-ölçə qayım səslə başladı: – A kişi sən allah zarafat eləmə.

Çavuş – 1. Fərmanları, qərarları, hökmləri uca səslə camaata elan edən şəxs. 2. Aşağı rütbəli məmur. 3. Zəvvarları müşayiət edən, onların yola düşməsini və gəlməsini uca səslə camaata xəbər verən şəxs. Dialektlərdə həmçinin “başçı” mənasında işlənir. Əvvəl, yəni iki il bundan əqdəm Xudayar bəy qlava yanında çavuş idi.

Qəzetçi – qəzetçi bir şəxsdi ağlı kamalı cəhətə yaxşı əhvalatlar, yaxşı xəbərlər yığıb, çap eləyir, dağıdır o yana, bu yana.

Katta – kətxuda (əhali tərəfindən seçilən və kəndin inzibati işlərini idarə edən şəxs). Xudayar bəy özgə katdalar kimi katda olmayıb.

Bəzi leksik vahidlər o dövrün maddi mədəniyyəti, məişəti haqqında təsəvvür yaradır. Məsələn o dövrdə yaşayış məkanının təsvirini bu əsərlərdən öyrənmək olar: Bu otağın otuz yeddi taxça tağı var və heç birisi boş deyil. Tağlara düzülübdür çox bərni və hədsiz çini qab. Taxçalara bir neçə samovar, sandıqça, qəlyan, dörd-beş kəllə rus qəndi və xırdavat şeylərdən.

Evi döşəmək üçün istifadə olunan əşyaların adı çəkilir: xalı, xalça, keçə, kilim, palaz və s. Əsərlərdə döşənəcəklərin ümumi adı – fərş də keçir. Məişət əşyalarından: sənək, lüleyin,bərni, samovar, padnos və s.ilə tanış oluruq. Məişətlə bağlı maraqlı sözlərdən biri dəqqülbabdır. Dəqqülbab etmək – qapını döymək, taqqıldatmaqdır. Qəndi vurdu qoltğuna bir öskürüb dəqqulbab elədi. Çöl qapısının, darvazanın üstündə qapını döymək üçün adətən dəmirdən əşya asılırdı. Bəzən bir yox, iki ədəd olurdu, müxtəlif hündürlükdə asılırdı, səsi də fərqli çıxırdı. Qapını döyənin kim olmasından asılı olaraq, açmağa da nökər və ya qaravaş gedirdi.

Bu əsərlər bizə o dövrün geyim mədəniyyəti haqqında xəbər verir. Məsələn:

Çuxabeli büzməli, uzun kişi üst geyimi. Kərbəlayı çuxasının ətəyini qalxızıb ağzının və burnunun suyunu sildi

Fəs kəsik konus şəklində olan baş geyimi. Mərakeşdə olan Fəs şəhərinin adının apelyativləşməsi (ümumiləşməsi) nəticəsində yaranmış sözdür.Səməd Vahid – onun üçüncü oğlu, türk dili müəllimi (fəs qoyur), 30 yaşında

Bunlardan başqa arxalıq, geymə, börk, çarıq, başmaq və s. geyim adları bildirən sözlərə təsadüf olunur. Bu sözlər içərisində variantlılığı ilə seçilənlər də vardır: çarşav, çarşov, çadirşəb.

C.Məmmədquluzadə bədii dilində çəki, ölçü vahidərindən put, girvənkə, ağac, pul vahidlərindən şahı, abbası və s. işlənir.

Sadə xalq dilində yazılan əsərlərin lüğət tərkibində, heç şübhəsiz, vulqarizmlərin işlənməsi təbiidir. Mənfi tiplərin daxili aləmini ifadə edən vuıqarizmlərin təkrar sözlərdən (xalq arasında buna “ikimərtəbəli” deyilir) ibarət olması diqqət cəlb edir: köpək oğlu köpək; supa oğlu supa; məlun qızı məlun; cəhənnəm ol,  axmaq oğlu və s.

Cəlil Məmmədquluzadə bədii dilində sinonim sistemi öz zənginliyi ilə təzahür edir. Sinonimlərin işlənmə özəlliyi ondan ibrətdir ki, onlar yaxın cümlələrdə, hətta yanaşı işlənir: …”almasdan bərk şey dünyada yoxdur” demək özü səhvqələtdir; Övrət indiyə kimi bir söz deməyib, sakit və samit qulaq asırdı;  Məhəmmədhəsən əminin olar əlli dörd, əlli beş yaşı. Artıq olmaz. Hərçənd ki saqqalı ağarıbdı, özü ki and içir ki, əgər məni kasıblıq sıxmasaydı, heç kəs deməzdi ki, mənim sinnim qırxdan artıq ola.

Ümumi filoloji lüğətlərdə frazeologizmlər vokabula sırasında verilmir, frazeoloji vahidlər lüğət məqaləsi içərisində illüstrasiya məqsədinə xidmət edir. Ancaq yazıçı dilinin lüğəti spesifik lüğət olduğundan, frazemlərin leksik vahidlər kimi müstəqil lüğət məqaləsində yerləşdirilməsi məqsədəuyğundur. Mirzə Cəilil dilində frazeoloji birləşmələr kifayət qədər çox işlənir və əksəriyyəti müasir dildə işlək olanlardır: it yiyəsini tanımır, xoruz səsi eşitməmiş, ağzına it başı almaq, ölüsünü qoyardım, canı ağzından çıxan kimi, özgəsinə dil vermək , aldın payını, çağır dayını… Az işlənən və ya lüğətlər tərəfindən qeydə alınmayan frazemlər də vardır, məsələn: pərdiləri saymaq - fikir və düşüncə içərisində olmaq, gözünə yuxu getməmək, düşünüb-daşınmaq. Zeynəb haman biz gördüyümüz evdə ki indi heç bir şey qalmayıbdı, – köhnə palaz üstdə oturub, dizlərini qucaqlayıb. Gözlərini dikmişdi səqfə; guya ki pərdiləri sayır;  …gözünü evin səqfinə dirəyib deyəsən. pərdi saayırdı. Amma söz yox, pərdi saymırdı, “qulhuvəllah”deyirdi. Qeyd edək ki, frazeoloji birləşmələrin, idiomların tərkibində işlənən naməlum sözlər də lüğət üçün maraq təşkil edir. Özü müstəqil söz kimi az işlənsə də və ya işlənməsə də, frazeoloji birləşmənin tərkib hissəsində olması onun   lüğətlərin maraq dairəsinə daxil olmasına əsas verir. Məsələn, Pəs deyəsən ki, çim altında qurbağa baxır frazemində çim sözünün izaha ehtiyacı var. Çim- otlağın üst qatı.

Bu gün leksik normanın pozulması kimi qəbul edilə bilən dil faktları da maraq doğurur: Bir təfavütmüz ordadır ki, mən gözlük qoyuram, gözlərim çox zəifdi; amma yoldaşımın gözləri çox salamatdı. (gözlük qoymaq – gözlük, eynək taxmaq).

Cəlil Məmmədquluzadə bədii dilində söz yaradıcılığı məhsulu olan bəzi az işlək sözlərə aid kifayət qədər material var. Morfoloji və sintaktik yolla, daha çox qeyri-məhsuldar şəkilçi vasitəsilə yaranmış sözlərdən maraq doğuranlar: pürqiymət, pürbaha, bəddavalıq, bədyol (bədyolu yola gətirək), kəmetinalıq və s.

Biz daha çox leksik vahidlərə, leksik kateqoriyalara nəzər yetirdik. Amma bəzi morfoloji hadisələr var ki, onlar son nəticədə leksik vahidin dəyişməsinə, yaranmasına gətirib çıxarır. Maraqlı morfoloji hadisələrdən biri də feili sifət formasının işlənməsi ilə bağlıdır; -acaq feili sifət şəkilçisinin -dıq+mənsubiyyət şəkilçisi ilə sinonimliyinə rast gəlirik: mənim qanacağıma görəmənim anladığıma görə kimi anlaşılır. Məsdər formasının -lıq şəkilçisi qəbul etməsi müasir dil baxımından norma pozulması saylır və hər dəfə “Danabaş kəndinin əhvalatları”ndan “Eşşəyin itməkliyi” başlığı nümunə göstərilir. Ancaq C.Məmmədquluzadə yaradıcılığında belə nümunələr çoxdur: evlənməklik, göndərməkliyə, getməkliyinə, incitməklik  və s.   Müasir norma baxımından pozuntu sayılan daha bir hadisə -çı şəkilçisinin artıq işlənməsidir. Bəzi sözlərdə çı+lıq şəkilçisi birlikdə çıxış edir: razıçılıq, qaragünçülük, nigarançılıq və s. Bu sözlər ədəbi dil üçün məqbul hesab olunmasa da, danışıq leksikasına nümunə kimi, eləcə də Mirzə Cəlil leksikonuna daxil olan söz kmi dan. üslubi işarəsi ilə qeydə alınmalıdır.

C.Məmmədquluzadə hər dövrdə aktual olan yazıçılarımızdandır. Onun irsini illərin, əsrlərin bu tayında qalan oxuculara çatdırmaq lüğətçilərin də öhdəsinə düşür. Onun əsərləri yazıçı lüğəti, izahlı lüğətlə yanaşı, ikidilli tərcümə lüğətlərinin obyekti olur. İzahlı lüğətlərdən fərqli olaraq, tarixən ən qədim lüğət növlərindən olan ikidilli lüğətlərdə illüstrasiya, bir qayda olaraq, problem yaradır. İkidilli lüğət anlayışı müasir leksikoqrafiyada müxtəlif dillərin müqayisəsini verən mürəkkəb linqvistik bir əsər mənası versə də, onun əsas funksiyası tərcümə işinə xidmət kimi dəyişməz qalır. Bu səbəbdən tərcümə prosesində meydana çıxan problemlərin, sualların həllini adətən bu lüğətlərdən gözləyirlər. Bu zaman nəzərə almaq lazımdır ki, tərcümə sənəti yaradıcı işdir, lüğətlər bu işdə yalnız yardımçı vasitədir, bu vasitədən istifadə etmək bacarığı tərcüməçinin istedadından, imkanlarından, yanaşma tərzindən asılıdır. Bu zaman qarşıya çıxan problemlərdən biri də yaxın tərcümə ilə bağlıdır. İkinci dildə qarşılığı olmayan sözün leksikoqrafik həlli zamanı izah üsulundan, bəzən də yaxın tərcümədən istifadə olunur. Bu halda sözü orijinalda olduğu kimi saxlamaq və ya ona yaxın sözdən istifadə etmək tərcüməçinin ixtiyarındadır. Məsələn: C. Məmmədquluzadənin məşhur “Qurbanəli bəy” hekayəsində bir cümlənin tərcüməsinə və orada olan realinin leksikoqrafik həllinə nəzər salaq: Qonaqlar yığışmışdılar zal otağına. Ortaya düzülmüşdü stollar və stolların üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, kanfetlər, lumu-partaxallar, quru yemişlər. – Все собрались в зале. На столах были разложены печенье, пирожные, сдобные сухари, конфеты, лимоны, апельсины, сушеные фрукты и прочие явствa. Göründüyü kimi, şirin çörək sözü печенье, paxlava sözü isə   пирожное    kimi tərcümə edilmişdir. M.T. Tağıyevin redaktəsi ilə “Azərbaycanca-rusca lüğət” də isə paxlava olduğu kimi saxlanılmış, izahında пирожное sözündən istifadə edilmişdir.

Bu kimi tərcümə problemləri leksikoqrafiyada lüğət məqalələrinin strukturunda dəyişiklik etmək zərurətini meydana çıxarır. Belə ki, realilərin izah üsulu ilə verilməsi ilə yanaşı, tərcüməçilərə kömək məqsədilə yaxın tərcümələr də lüğət məqaləsində yer tapmalıdır.

Bütövlükdə Cəlil Məmmədquluzadənin bədii və publisistik əsərlərinin dili həm ayrıca lüğət şəklində tərtib olunmalı, həm də müxtəlif məqsədli izahlı lüğətlərdə təmsil olunmalıdır.

Bölmə : Manşet, Tənqid