Cəlil Məmmədquluzadənin “Nigarançılıq” adlı kitabı Litva dilində

17 Baxış

587340ccb003d_306

Litvanın Vilnüs Universiteti kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü və Azərbaycanın Litvadakı Səfirliyinin dəstəyi ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin Litva dilinə tərcümə edilmiş seçilmiş dram və nəsr əsərlərindən ibarət “Nigarançılıq” adlı kitabının təqdimatı keçirilib.
 
Azərbaycanın Litvadakı səfirliyindən Senet.az-a verilən məlumata görə, tədbirdə AME-nın   Rəyasət Heyətinin üzvü, Akademiyanın Humanitar elmlər bölməsinin akademik-katibi Teymur Kərimli, Litva Elmlər Akademiyasının prezidenti Valdemaras Razumas, Vilnüs Universitetinin rektoru Arturas Jukauskas, Litva Seyminin insan hüquqları üzrə komitəsinin rəhbəri, Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə qrupun sədri Valerius Simulik və sədr müavinləri Mantas Adomenas və  Kəstutis Masyulis, Litvanın tanınmış ictimai xadimləri, Vilnüs Unversitetin professor və müəllim heyəti, KİV nümayəndələri iştirak edib.
 
Tədbiri giriş sözü ilə açan kitabın Litva dilinə tərcüməçilərindən biri, Litva Azərbaycanlıları İcmasının sədri Mahir Həmzəyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin tərcümeyi-halının əsas məqamları haqqında məlumat verib.

Vilnüs Universitetinin rektoru Arturas Jukauskas XX əsr Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin kitabının təqdimatının Vilnüs Universitetində keçirilməsindən şad olduğunu bildirib və uzun illər keçməsinə baxmayaraq, bu gün təqdimatda iştirak edən insanları Cəlil Məmmədquluzadənin kitabının birləşdirdiyindən məmnunluq ifadə edib.

Vilnüs Universitetinin kitabxanasının direktoru İrena Kriviene çıxış edərək tədbir iştirakçılarının 450 ilə yaxın yaşı olan kitabxanada Cəlil Məmmədquluzadənin kitabının təqdimatının şahidi olduqlarını vurğulayaraq, fərqli millətlərin və insanların əlyazmaları, kitabları toplanmış kitabxananın fonduna Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin “Nigarançılıq” adlı kitabının daxil edilməsindən məmnunluq duyduğunu bildirib.

AMEA Rəyasət Heyətinin üzvü Teymur Kərimli  Böyük ədib Cəlil Məmmədquluzadənin əsərləri ilə tək Azərbaycan xalqına deyil, dünya xalqlarına da xidmət etdiyini vurğulayıb.

Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kimi, insanların kamilləşməsinə çalışdığını bildirərək, dünyada zülm və ədalətsizlik olduqca, Cəlil Məmmədquluzadə kimi böyük şəxslərin əsərlərinə ehtiyac olacağını qeyd edib.

Litvanın Türkiyədə və eyni zamanda Azərbaycanda keçmiş səfiri olmuş Halina Kobetskaite çıxışında 1952-ci ildə sinif yoldaşı tərəfindən ona Azərbaycan hekayələri kitabının hədiyyə etdiyini və bu kitab vasitəsilə ilk dəfə Cəlil Məmmədquluzadənin hekayələri ilə tanış olduğunu bildirib. O, türk dilindən tərcümə edilmiş çoxlu sayda kitablar oxuduğunu qeyd edərək, onun tərəfindən Litva dilinə tərcümə edilmiş ilk kitabın Azərbaycan ədəbiyyatına məxsus olduğunu deyib. Kitab haqqında danışan səfir kitaba şəkillərin əlavə edilməsini müsbət qiymətləndirərək bildirib ki, bu şəkillərə baxanda Cəlil Məmmədquluzadənin dünyada cərəyan edən hadisələrdən məlumatlı olması çox təəccübləndirir.

Daha sonra çıxış edən jurnalist Tomas Çivas Cəlil Məmmədquluzadənin əsərlərinin Litva dilinə tərcümə edilməsini böyük hadisə kimi dəyərləndirib.

Kitabı Litva dilinə tərcümə edənlərdən biri, Litva Azərbaycanlıları İcmasının sədri Mahir Həmzəyev Azərbaycan və Litva əlaqələrinin tarixindən, həmçinin iki ölkə arasındakı ədəbiyyat və mədəniyyət sahəsindəki əlaqələrinin keçmişindən və bu günündən danışıb.
 
Cəlil Məmmədquluzadənin “Nigarançılıq” adlı kitabı 2016-cı ilin dekabr ayında Vilnüs şəhərində nəşr olunub. Kitaba görkəmli yazıçının “Danabaş kəndinin əhvalatları” povestindən bir parça, “Poçt qutusu”, “Kişmiş oyunu”, “Dəllək”, “Pirverdinin xoruzu”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı”, “Xanın təsbehi”, “Qəssab”, “Zırrama”, “Rus qızı”, “Saqqallı uşaq”, “Buz”, “Hamballar”, “Bəlkə də qaytardılar”, “İki ər” hekayələri, “Niyə məni döyürsünüz” felyetonu və “Kamança” pyesi daxil edilib.
 
Kitab Litva kitabxanaları, ədəbiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislər və kitabsevərlər arasında paylanıb. 

KÖŞƏ YAZARLARI
TOP 10