Cənnət Qərbdədi? – Sahilə

7 Baxış

photo_585

İki-üç həftə əvvəl BBC İtaliya çimərliklərinin birində dincələn adamlarla dənizdən çıxan qaçqınların görüşündən bəhs edən reportaj hazırlamışdı. Daha dənizlərdən su pəriləri, suitiləri, balinaların çıxma ehtimalı olduqca azdı. İndi hər an dənizdən adam çıxa bilər. İtaliya çimərliyinin dincəlib dinc yaşayanlar Suriyadan gələn bir qayıq adam görmüşdülər. Dələduz vasitəçilərin qanunsuz, təhlükəli şərtlərlə inkişaf etmiş ölkələrə gətirib çıxartdıqları suriyalıların əzablı taleyi çoxdanın gündəmidir. BBC, CNN bu dəhşətli səhnələri peşəkarcasına çəkir, yayır, şərh edir. Bu dəfəki xəbərdə isə sanki insanı  başqa cür düşündürən məqam var idi. Günəşdən, qumdan – qayğızlıqdan həzz aldığın anda bir qayıq adam; gənc, uşaq, yaşlı ölümün və kasıblığın əjdaha ağzından qurtulur, gəlib düz qarşında dayanır. Mən mərhəmətin, xeyirxahlığın, insanlığın məhz elm vasitəsilə möhkəmləndiyi, daha yaxşı forma aldığı düşüncəsindəyəm. Cahil adamın xeyirxahlığı, ümumiyyətlə digər müsbət tərəfləri mənə kövrək, dayanıqsız görünür. Avropa işi həmişə mükəmmələ çatdırmağı bacarmasa da, siyasi və mədəni xətt olaraq humanizmi seçib, dəstəkləyir, təbliğ edir. Və bunu elm vasitəsilə gerçəkləşdirməyə çalışır. Avropa irqi, dini, siyasi fərqliliyi aradan qaldırmağa cəhd edir. Əlbəttə, hamı bununla razılaşmır, mənsə bu fikri gördüyüm universitet proqramlarına, danışdığım qərbli elm adamlarının fikirlərinə və dərslərinə dayanaraq deyə bilirəm. Bu gün dünyanın əksər konfliktli əraziləri məhz Avropanın sivil görünən ölkələri, millətləri tərəfindən yaradılan şərtlər ucbatından mövcuddur, insanlar keçmiş imperialistlərin özlərindən sonra qoyub getdikləri münaqişə ocaqlarına görə əzab və aclıq çəkir, buna görə milyonlarla günahsız adam ölür. Və sanki Qərbin keçmiş koloniya ölkələri mərhəmət və tolerantlıqla keçmiş günahlarına görə üzrxahlıq edir. Bu mövzular dərindir, çox uzağa getmədən dincələn insanlara və qayıq dolu adama dönək.
BBC-nin qeyd etdiyim xəbəri məni “Cənnət Qərb”də filminə yenidən baxmağa sövq elədi.

Film 2009-cu ildə çəkilib və elə bil, onu görən suriyalılara suları adlayıb cənnətə düşəcəklərini vəd verib. Yüz on dəqiqəlik dramın baş qəhrəmanı film boyu azsözlü, çox hərəkətlidi. Gözləri olduqca ifadəli olan aktyor (Ali və Ninoda onu tanımaq mümkün deyil. Qrim və erməni roluna adaptasiya aktyoru tanınmaz edib ) həyatını canlandırdığı adamın çaşqınlığını, çarəsizliyini və mərhəmət doğuran ümidini çox sakit, rahat, ustalıqla çatdıra bilib. Film gecə qayığa doldurularaq harasa göndərilmək üçün qablaşdırılan insanların vurnuxmaları ilə başlayır. Bu yerdə qablaşdırmaq, paketləmək, doldurmaq sözləri insanlarla rəftarı ifadə etmək üçün ən uyğun sözlərdi, çünki bu halda onlar kimlik kimi yox, məhz əşya kimi mövcuddurlar. Filmdə onların hara, niyə göndərildikləri, hardan, niyə yola çıxdıqları dəqiq göstərilməsə də, hər kəsin öz təxmini yaranır. Oğlan üzüb Fransa sahillərinə gələ bilirsə, deməli, başlanğıc nöqtə hardasa sərhəd ərazilərdədi. Və görünür, gedəcəkləri yer insanların heç də ürəyincə deyil, çünki gecə bir çoxu suya atılaraq başqa sahilə tərəf üzməyə başlayır. Sular çoxunu məhv etsə də, bəziləri sahilə çıxa bilirlər. Dalğalardan xilas ola bilənlərdən biri bizim qəhrəmanımızdı.

O, üzüb Fransa sahilində nudist otelə çatır. Avropanın müxtəlif ölkələrindən gəlmiş adamlar “Cənnət Qərb” adlı oteldə təbiətlə aralarındakı bütün sədləri götürüb, sivilizasiyanın insan azadlığını məhdudlaşdıran tərəflərindən qurtulmağa çalışırlar. “Paltarlar və polis lazım deyil.” Bəli, üzərlərində tək parça paltarın belə olmadığı adamlar otellərinə polisin də gəlməsini arzulamırlar. Onların gözündə polis niyyətindən asılı olmayaraq insanı stresə salan, azadlığı məhdudlaşdırmağa görəvlənən biridir. Polis isə oteli məhz arzuaolunmaz qaçqınlardan qorumaq niyyətindədir. Sərhədyanı ölkələrdə səfalət içində yaşayan insanların son yaşama mübarizəsi olaraq bu otelə gələ biləcəklərini hamı bilir. Filmin qəhrəmanı da üzərək məhz bu otelə gəlib çıxır. O da özünü ələ verməsin deyə üstündə qalan köhnə paltarlarını çıxarıb tullayır, bir müddət hamı kimi lüt gəzir. İnsanlar üzərilərində olan hər şeyi tullayanda bərabərləşirlər. Təbii, qaçqın oğlanın oteldəki zəngin insanlarla həmən bərabərləşməsi çox utopik səslənir. Üstəlik, otel sakinləri müəyyən vaxtlarda paltar da geyinirlər, çətinlik də elə bu zaman yaranır, onu tanıya bilərlər. Beləliklə, qaçan oğlan kiminin köynəyini, kiminin ayaqqabısını götürüb, özünü otel xidmətçisi kimi qələmə verir. Filmin hər dəqiqəsi maraqlıdı, hərəkətlidi. Əlində heç bir maddi varı olmayan birinin sağ və azad qalacağı ehtimalı insanı həyəcanladırmaya bilmir. Bütün gizli qalmaq səylərinə baxmayaraq, otelin administratoru (kişi olsa da, oğlana gözü düşür), eləcə də ona müvəqqəti aşiq olub səfər romanı yaşayan alman qadın qəribə xidmətçinin kimliyini anlayır. Otel sakinləri polisi otelə buraxmasalar da, içəridə qaçqın varsa, onu özləri yaxalayacaqlarına söz verirlər. Beləliklə, qanunsuz köçkün tutmaq aksiyası otel sakinlərinin yeni əyləncəsinə çevrilir. Onlar otel ərazisində film qəhrəmanının həmyerlisini tutub polisə təslim etdikdən sonra oğlan təhlükədə olduğunu anlayır, qaçış planı hazırlayır. Onun üz tutduğu məkan Parisdi. Məsələ burasındadır ki, oteldə qaldığı müddətdə Parisdən gələn sehrbaz şousunda qəribə xidmətçidən assistent kimi istifadə etmişdi. Ayrılanda sehrbaz oğlana vizit kartını verib, Parisə gələsi olsa onu tapmasını tövsiyə edir. Oğlan bu ümiddən yapışıb oteldən qaçır, çox uzun, təhlükəli, dolaşıq yollarla Parisə gəlib çata bilir. İstər oteldə, istərsə də Parisə gedən yolda rejissor və ssenarist Avropanın üzdə görünən humanistliyi arxasındakı sinizmi, kapitalizmin insanı istismar etmək üsullarını, adamların mənfəətpərəstliyini qabarıq şəkildə göstərir. Oğlan polisin gözündən yayınmaq üçün bir musiqiçinin bahalı pencəyini oğurlayıb geyinəndə insanlar ona xoş münasibət göstərir, şübhədən kənar sayır. O, sığınacaqların birində geri qayıtmaq istəyən həmvətəni ilə qarşılaşanda adam ona pencəyindən muğayat olmasını tövsiyə edir. Dialoqlar və səhnələr kapitalizmdə insanların nə qədər maddiyyatçı, fetişist olmasını göstərir. Amma film 2009-cu ildə çəkilib və əslində tarix üçün uzun zaman sayılmasa da, bir çox tərəflər eyni şəkildə qalsa da, indi Avropa qətiyyətlə başqa dəyərləri təbliğ etməkdədir. Ən imtiyazlı adamlar sadə evlərdə qalır, adi insanların yaşam tərzinə oxşar həyat tərzləri seçir, parıltını deyil, məzmun dəyərini reklam edirlər. Qərbin dəstəklədiyi əsas dəyər sadəlik və yararlılıqdır. Utilitarizm-yararlılıq, fayda əxlaq çərçivəsində bəyənilir. Bu, ən çox modada özünü qabarıq şəkildə göstərir. Bu gün moda daha praktik, daha sadə çalarları seçir. Rəngarəng deyəndə müxtəlif etnik naxışlar, fərqli xalqlara aid gündəlik, iş geyimi nümunələri nəzərdə tutulur. Filmdə səfil geyimli adam ilk şübhə doğuran biri kimi verilir, halbuki, mən getdiyim ölkələrdə bu tip adamlar təhlükə kateqoriyası kimi dəyərləndirilmir. Ümumiyyətlə, insanların görünüşlərinə, geyimlərinə görə dəyərləndirilməməsi fikri aşılanır.

Qaçqın oğlan Parisə çatır, sehrbazı tapır, ondan aldığı vizit kartını göstərib, bir zamanlar dediyi sözləri adamın yadına salır. Sehrbaz ona kömək edirmi? Sehr varmı? Avropalı okeanları, dənizləri aşıb cənnət tapmaq istəyən səfilləri xoşbəxt edəcək gücdədirmi? Gərək burasını özünüz öyrənəsiz. “Cənnət qərb” filmini bəyənəcəyinizə şübhə etmirəm. Hər kəs cənnət axtarır. Hər kəs bu dünyadan daha mükəmməl yer olduğuna inanmaq istəyir. Dinlər bu vəd üzərində dayanıb. “Yaxşı adam olun, cənnətə gedin”. Bu dünyadakı çətinliklərimiz də nəfsimiz üzündən cənnətdən qovulmağımızdandı deyirlər. Filmdə simvolikadan çox istifadə olunub. Ən çox bəyəndiyim “Cənnət Qərb” otelində insanların cənnətdəki kimi maddi zənginliyi soyunub gəzməyi oldu. Bəlkə doğrudan da həyatımızdakı maddi zənginliyi atıb, adi həzləri çoxaldaraq elə bu dünyadaca cənnətə düşə bilərik?.. Açığı, mən özüm də minimal şeylərlə kifayətlənib xoşbəxt ola bilən biri deyiləm. Sadəcə bu suallar məni düşündürür. Mən bu suallar üzərində incəsənət, ədəbiyyat vasitəsilə düşünürəm. Kimsə bunu fəlsəfə, bir başqası elm üzərindən edə bilər. Zaman-zaman hər bir adamın bu suallarla əlləşdiyini, hər kəsin cənnət axtardığını bilirəm. Bu dünyada, ya varsa, o dünyada hamıya cənnət tapmağı arzulayıram.

KÖŞƏ YAZARLARI
TOP 10