Cənnət səsləri – Ülviyyə Kərəmqızı

9 Baxış

Screenshot_2016-05-16-12-49-09-1

Senet.az oxucularına Ustad” jurnalı“İlk crüri” rubrikasından Ülviyyə mqınnəsləri” adlı yazıqdimedir.

–Bilirsən, nə deyirəm? Oyan, Təbriz, qalxayağa. Gör yadıma nə düşüb, qulaq as. Dur da dur, yatarsan sonra.

Təbriz, qardaşım, bizdə bir Sənəm qarı var idi. Oğlu müharibədən geri qayıtmamışdı. Tək yaşayırdı. Bilirdik ki, günbatanda həmişə yolun qırağında oturub bayatı deyəcək və ağacı  ilə yerə oxunmayan qəribə yazılar yazacaq. Anam deyirdi ki, zamanında Sənəm qarı çox varlı bir ailənin qızı olub. Hətta kənddə onun xan soyundan gəldiyini deyən də var idi. Heç kəsin yazıb-oxumaq bilmədiyi bir vaxtda xatirələr yazıb, şeirlər deyər, maraqlı əhvalatlar danışarmış.

Anamın, atamın gəncliyi Sənəm qarının danışdığı bu hekayələrdən öz payını almışdı. Anam deyirdi ki: “Bir dəfə xanların, bəylərin hakimiyyətin gözündən düşdüyü zamanlarda Yaqutun atasıgilin də evlərinə basqın edirlər. Anası Fatma xanımın gözünün önündə əri Həsənəli xanı, gənc oğlanları Mərdanalını və Seyidi güllələyirlər. Atılan güllələrdən biri evin ortancıl qızı Zəhraxatunun sinəsindən dəyir. Gənc qız güllə dəyən kimi yerə yıxılır, yaylığı başından düşür, sinəsi açılır. Fatma xanım qızının açılan sinəsini yadlar görməsin deyə özünü Zəhraxatunun üstünə atır, ona sipər olur. Hadisənin gedişatına şahid olan evin sonbeşiyi – Yaqutu xanın qulluqçularından biri qaçırıb gizlədə bilir. O qız böyüyür və sağ qalmaq üçün kimliyini gizlətmək məcburiyyətində qalır. Sənəm də həmin o Yaqutun törəmələrindən biri olduğunu deyir, hər dəfə danışdıqca öz keçmişi ilə həm fəxr edir, həm də təəssüflə xatırlayırdı”.

Bizim uşaqlığımızın Sənəm nənəsi belə bir nəslin nümayəndəsi idi. Sonradan evlənmişdi. Qızı sətəlcəmdən ölmüşdü, oğlu da müharibədən geri qayıtmadı. Səssizcə yol qırağında oturub təkrar etdiyi bayatılar hələ də yadımdadır:

Qəribin səsi gəlməz,

Yanar nəfəsi gəlməz,
Gözü qaldı yollarda,
Nədən kimsəsi gəlməz?

Əzizim, göz nə çəkir,
Dil deyir, söz nə çəkir
Yalov hardan bilsin ki?
Kül altdan köz nə çəkir?!

 Hərdən şıltaqlıq edib haray-qışqırıq salır, evinin ətrafında səs-küylə oynayırdıq. Bilirdik ki, qapıya çıxanda hamımızın qarasınca deyinib yarıciddi, yarızarafat, – “Sizi yerə girəsiz, imkan verməyəcəksiz yatam?” – deyə arxamızca bir-iki addım atar, dayanardı. Sonra da dediyi sözdən peşman olub, cibindən rəngli, şüşə konfetlərdən çıxarıb bizə verər, könlümüzü alardı. Ürəyimizə çiyələkli, almalı, nanəli konfet düşəndə özümüzü “Şirin nənə” adlandırdığımız Sənəm nənənin evinin ətrafında tapırdıq. Hamımızın evində konfetlər, hətta ondan da yaxşı təamlar var idi. Amma heç biri “Şirin nənə”dən aldığımız o kiçik, rəngli konfetlər kimi dadlı olmurdu. Bizlə söhbət etdiyi halda, uzun-uzun fikrə dalırdı. Gözlərində qəribə nə isə var idi. Biz onun şirinliyindən qorxduğumuz kimi, ciddiliyindən də çəkinirdik.

Çəkdiyi bu qədər əzaba baxmayaraq, biz o qadının heç zaman ağladığını görməzdik. Heç kənddə də heç kim bunu görməmişdi. Amma bəzən səsindəki kədəri o uşaq ağlımla başa düşürdüm, nə hiss etdiyini isə indi dərk edə bilirəm. Bəlkə də, o öz əslindən, kimliyindən, müharibədən necə həvəslə danışırdısa, dərdini də öz içinə elə coşqu ilə yaşayırdı. Bir dəfə şikayət etdiyini də eşitmədik.

Sənəm nənə öləndə də gözləyə-gözləyə öldü, Təbriz. Yoxluğunu hiss edən qadınlar onu evdə, gözü qapıya dikili vəziyyətdə tapdılar. O gündən biz də o şüşə konfetləri əvvəlki kimi sevmədik. Nə də o küçədən keçəndə heç kəsin ürəyindən qışqırmaq, gülmək keçmədi.

Neçə il keçib. Bilmirəm, indiki uşaqlar Sənəm nənənin adını eşidib, ya yox. Amma ot basmış həyət, kimsəsiz ev öz sahibini əminəm ki, unutmayıb.

Təbriz, bizim kənddə hər iki evdən-bir bir qadın, bir gənc qız, bir övlad ata, qardaş, sevgili yolu gözləyir. Axşam xatırlayırdım, görəsən, hər dəfəsində Sənəm nənə bizə, – “sizi yerə girin”, – dedikcə, ağlından nə keçirdi? Düşünürdüm ki, görəsən, bir insan necə yerə girə bilər?

Doğma insanın “yerə girdiyini” ilk dəfə atamda gördüm. Axşama doğru qapımıza gələn zabitlər həyətə daxil olub anamla bir neçə saat danışdılar. Onlar gedəndən sonra evdə bacımın və anamın çığırtı səslərini eşitdim. Evdəki güzgülərin üstünə ağ saldılar. Ağlaşan qadınların başında qara yaylıq, dizlərində ağappaq dəsmallar var idi. Xatırlayıram ki, atam gəlmədi. Onu bayrağa sarılmış taxta qutuda gətirdilər. Üzündən öpə də bilmədik. Bizi – bacımla məni atama yaxın buraxmadılar. Anam qoymadı. Mən isə atamı səbirsizliklə gözləyirdim, Təbriz. Bir neçə ay öncə  yolladığı şəkillərə baxıb onun çiynindəki ulduzlarla fəxr edirdim. Dostlarım, yoldaşlarım atam haqqında danışdığım hekayələrə həvəslə qulaq asırdılar. O hekayələrdə mənim qəhrəmanım heç zaman ölmədi. Onu gətirdikləri gün üzünü görə bilsəydim, bu gün heç olmasa gözlərini xatırlayardım. Anam mənim gözlərimi atamın gözlərinə bənzədirdi. Özünü başqasının üzündə, gözlərində görmək, özünü güzgüdə görməkdən çox fərqlidir.

O gün insanın torpağa necə girdiyini gördüm. Ondan sonra Sənəm nənəni xatırlayanda bizə yaxşı şey demədiyini, ardınca niyə konfetlə başımızı qatdığını daha yaxşı anladım. Mən ilk dəfə qara daşa qırmızı güllərin necə yaraşdığını da atamdan sonra bildim. Atamın sinəsi boyda sinə daşı hazırlamışdılar.

Hər dəfə atamı xatırlayanda, ya da fikrə dalanda anam başımı aşağı salmağa icazə verməzdi. Onda görürdün ki, durub başımın üstündə könlümü alır. Atamsız qaldığımız ilk gündən anam bizə hər onu xatırlayanda, hər darıxanda səmaya baxmağı öyrətdi. Deyirdi ki, əgər nə vaxtsa ona ehtiyacınız olsa, başınızı yerə yox səmaya qaldırın. Atam “yerə girən” gündən anam bizə onu “göylərdə” axtarmağı öyrətdi.

Mən çox üşüyən biriydim, Təbriz. Bilmirəm qanım az idi, ya çox cılız idim. Amma yayda da üşüdüyümü, titrədiyimi hiss edirdim. Çox yeyirdim. Özü də hər yeməyi sevməzdim. Anam bizə heç vaxt korluq verməzdi. Adı İpək olsa da, dostlarım onu “Dözüm xala” çağırırdılar. Qocalırdı, qocaldıqca da güclənirdi. Gör neçə aydır ki, burdayıq. Acmamışam, üşümürəm. Qan qoxusu insanı doyuzdururmuş.  Təbriz, Dözüm xalan məni cəbhəyə yola salanda tapşırdı ki: “Ölmə! Sənin gözlərindən bir cütünü itirmişəm. Yatma! Çalış yuxusuzluğa vərdiş edəsən. Orada sənin oyaqlığın tək özünə deyil, yoldaşlarına da lazım olacaq. Azər, bir də çalış ki, mənim üçün geri qayıdasan. Yox əgər qayıda bilməsən, elə et ki, atan kimi səni hər düşünəndə baxışlarını səmada axtarım. Adını eşidəndə başımı aşağı salmaq istəmirəm. Bir də Azər..ş sağ-salamat qayıt. Salatın deyir ki, qardaşım gəlməmiş evlənməyəcəm.”

–Təbriz, bilirsən niyə üzülürəm? Anama da, bacıma da verdiyim sözü tuta bilmədim. İndi düşünürəm ki, əgər mən o gün atamı tabutda görə bilsəydim, onun da gözlərində indi özümdə hiss etdiyim təəssüfü xatırlayardım. Axı o da bizə söz vermişdi. Ən çox da mənə söz vermişdi ki, gələcək. Amma gələ bilmədi. Mən də gedə bilmədim. Bacarmadım. Əgər o gün sənə kömək etməsəydim, özümü bağışlaya bilməzdim. Əslində sənin yaran məndən daha yüngül idi. Sən sağala bilərdin.

–Azər, mən bilirdim ki, yanıma gələcəksən. Nə qədər taqətimi topladım ki, sənə, – “gəlmə”, – deyim. Deyə bilmədim. Görürsən, biz sənlə eyni gün doğulmuşuq. Xidməti bir bitirib geri qayıtmalı idik. Gəldik, amma geri qayıda bilmədik.

–Olsun. Deməli, belə olmalı idi. Mən sevinirəm ki, anam məni də atamın yanında axtaracaq.

–Ən azından səni axtaran var, Azər.  Məni axtaran da olmadı. Anam hansı yeməyi sevdiyimi, nəyə sevindiyimi, nəyə kədərləndiyimi də bilmədi. Mən ağlım kəsən gündən iflic olan anamı, anamın o vəziyyətinə çox dözə bilməyib vəfat edən atamı xatırlayıram. Adımı da anam qoyub. Sanki Təbriz kimi kimsəsiz, öz sevdiklərinə həsrət, sevgiyə həsrət qalacağımı bilirmiş. Mən əsgər çağırılanda anamın üzümə uzun-uzun baxdığını xatırlayıram. Başa düşürdüm ki, o edə bilmədiyi analığın nisgilini çəkir. Bizim evdən heç zaman şirin kökə iyi gəlmədi. Nə də ən sevdiyim dovğa yeməyini anamın hazırladığını xatırlamıram. Ev işlərini tam çatdıra bilmirdim. Sonuncu dəfə evimizdə bir neçə təmir işləri görməli idim, edə bilmədim. Maddi, mənəvi gücüm çatmadı. Anamı da naümid bacısına tapşırıb gəlmişdim. Bilmirəm, Azər, bilmirəm ki, mənim xəbərimi ona kim, necə çatdırdı. O, bütün xəbərləri mənim gözlərimdən başa düşməyə öyrəşmişdi. Anama qayıtmağa söz vermişdim. Qayıda bilmədim. “Dözüm xala”ya zarafatla dediyimiz sözlər başımıza gəldi. Həmişə deyirdi: “A bala, bir-birinizə bu qədər meyil salmısız, gərək sonradan da bir-birinizdən ayrılmıyasız!” Ayrılmadıq. Həyatda olmasa da, burada qəbir dostum, şəhid yoldaşım oldun.

–Təbriz, yağış başladı.. Yaz yağışını yaman çox sevirəm.. Həmişə aprel, may yağışı mənə nəyisə xatırladır. Bu aylar ağ çiçəklərin ayıdır… Qara torpağa ağ qırmızıdan daha çox yaraşırmış… Elə bil hiss edirmiş kimi, torpaq ətrafımızda ağ güllər yetişdirir. Bu qoxu, qan qoxusundan daha gözəldir… Artıq üşümürəm Təbriz, heç acmıram da.

–Araz, Gəl bura bax. Burda iki məzar da var. Yeni məzarlardır. Gör bir-birinə necə bənzəyirlər. Hətta, eyni gün doğulduqları kimi, eyni gün də şəhid olublar… Qəribədir. Qismətə bax..

Təbriz Turan oğlu  ( 28.05.1994- 02.04.2016)

Azər Mübariz oğlu  (28.05.1994- 02.04.2016)

Mənbə: Ustad jurnalının 4-cü sayı.

Bölmə : Yazarlar, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10