Çərşənbəxatun adamın üzünə tüpürər – Şəmil Sadiq

36 Baxış

Shemil-Sadiqov

Senet.az oxucularına “İlaxır çərşənbə” günü münasibətilə, tanınmış yazıçı Şəmil Sadiqin “Çərşənbəxatun adamın üzünə tüpürər” yazısını təqdim edir.

Bizim Naxçıvanda, Nehrəmdə Çərşənbə bayramını yeddiləvin günü, uşaqlar isə daha çox hallabaca günü kimi adlandırır. Adından da məlum olduğu kimi, çərşənbə günündə yeddi ləvin, yeddi cür meyvənin olmasını işarə edən yeddiləvin, axşam yandırılan tonqalı isə hallabaca ifadəsi əvəz edir.

Nənəm hər çərşənbə səhəri bizi obaşdan, yəni sübhdən oyadardı. Məhəlləmizdəki bulağa (Bizim kənddə bulaq olmadığı üçün kranta) göndərərdi ki, əl-üzümüzü yuyaq. Deyərdi Çərşənbə günü sübhdən duranlar sağlam olarlar. Hətta onu da deyərdi ki, Günəş ilk dəfə kimi görüb göz vursa, onun adaxlısı gözəl olar.

Gəlinlərə qan uddurardı ki, çərşənbəxatunun qabağına yaxşı çıxsınlar. Yoxsa ki, sən demə Çərşənbəxatun gəlib görsəymiş ki, evdə hansısa bir küncdə toz var, elə ordaca evin xanımın üzünə tüpürərmiş. Gəlinlər ev tökərdi çərşənbəxatunun gəlişi şərəfinə. Sanki ilahi bir qüvvə bizə qonaq gələcəkdi. Eli gəlirdi də. Çərşənbəyə qədər bu evtökmə mərasimi bitər, yumurtalar boyanar, “kökə”lər bişirilər, əppək yapılardı.

Uşaqlar üçün ən çox gözlənilən adət pay aparmaq idi. Çünki həmin gün qardaşlar bacılarına, oğullar analarına, analar qızlarına, əmilər gəlin olmuş qardaş qlzlarına pay göndərərdi. Çərşənbə payına meyvələr və xələt daxil idi. Bunu ona görə göndərirdilər ki, yeni ailə qurmuş gəlinə öz dəstəklərini nümayiş etdirsinlər.

Uşaqlar bunu ona görə gözlərdilər ki, həmin gün payları onlar aparardı. Apardığı payın müqabilində qırmızı-qırmızı yumurtalar əldə edərdilər. Və dostlar, qardaşlar kimin yumurtası çoxdur deyə mübahisə edərdilər. Ən sevilməz hal pay apardığın adamın xəsisliyi, etinasızlığı olardı. Həmin evə heç birimiz getmək istəmirdik. Dörd qardaş idik. ona görə əvvəlcədən bölünürdü. Evin böyüyü mən olduğum üçün az ymurta verən qohumlar adətən mənim üstümdə qalardı. Amma Bibimgilə hamımıza birdən gedərdik. Nəinki biz, hətta bütün əmiuşaqları birgə gedərdi. Bibimin qırmızı rəngə boyanmış bayram yumurtaları heç tükənməzdi. Hətta hərəmizə iki-iki verərdi.

Axşam isə hamımız ailəliklə yığışardıq ocağın başına, hallabaca keçirərdik. Bu hallabaca sözünün etimologiyası nədir, hələ indi də dəqiqləşdirə bilməmişəm, amma bir onu bilirəm ki, həmin gün bizim üçün çox maraqlı gün idi. Ocağı yandırıb, üstündən tüllanardıq. Sonra atam sonməkdə olan ocağın külünü, bu ilanın, bu çayanın, bu tısbağanın, bu kərtənkələnin və s. deyərək  yeddi yerə dağıdardı. Sonra yeddiləvin payımızı almaq üçün evə tələsərdik. Atam yeddi torbanı yanına qoyar, əlinə aldığı nəlbəki ilə hərəmizə hər çərəzdən, meyvədən bir nəlbəki verərdi. Bizim də hərəmizin bir torbası olardı. Amma anama iki və ya üç nəlbəki verərdi. Deyərdi ki, mənim də payım səndə qalsın, bu bir pay da sənin qonanqlarının. Bu ədalət sistemi o qədər gözəl idi ki, bəlkə də indi mənim üçün Növrüzü öz imkanlarına uyğunlaşdırmış ailəmizin bu ənənəsi bütün novruza bərabərdi. Hərə öz torbasını götürüb kənara çəkilər, yumurtaları da ora qoyub ağzın bağlardı. Elə olurdu ki, paylarımız bir aydan da çox qalırdı. Bilirdik ki, hər kəs öz payının ağasıdır, əgər yeyib qurtarsaq, sabah digərinə möhtac olacaq. Ona görə də qənaətlə yeyər, aydan da çox qoruyardıq. Bu da bir büdcə idarəçiliyi idi ki, atam bizlərə öyrətmişdi. Hə bir də cəviz-cəviz oynardıq. Yastıqdan hellədib dəydirəndə udardıq. Bir cığal qardaşımda vardı… (İndi də var, amma daha cəviz-fındıq hellətmirik.). Bizdə həm kişmiş, həm də meviz, (möyüc, mövüc) də vardı ki, bunu da anam özü hazırlayardı yayda. Bu tumlu üzümün qurudulmuşu idi. Kişmiş isə tumsuz olardı.

Və həmin axşam papaq atdı, açar saldı mərasimləri ilə davam edirdi. Biz heç vaxt yaxın qohumlarımızdan, qapıbir qonşularımızdan başqa heç kimə papaq atmaz, açar salmazdıq. “Ay nə gözəl qaydadı şal sallamaq”. Düzdü, uşaqlıqdan açar salmanın qadınların işi olduğu deyilirdi. Amma əmiqızlarımızı, bacımızı tək qoymamaq üçün onlarla birgə həyata keçirir və əylənirdik.

Bakıya gələndən hər dəfə bu ənənəyə heyranlıqla baxsam da, həm yaş, həm mühit imkan vermir. Sadəcə Şəhiryarın Heydərbabaya salam şeirləri ilə təsəlli tapırıq.

Sonra isə “Görüş günü”nü gözləyərdik. Azərbaycanın bir çox yerində bayram ilin təhvil alındığı gün idisə, bizdə onun səhəri-21 mart idi.

Bu günü isə uşaqlar ən pik zirvə hesab edirdi. Çünki hamı məhz həmin gün aldığı təzə paltarı geyəcəkdi, məhz həmin gün bütün qonşuları, qohumları görməyə gedəcək və yumurta qazanacaqdı, məhz həmin gün insanlar görüşəndə bir-birinin əlinə qanfet və ya alma sıxışdıracaqdı. Bu kanfet və alma isə belə bölünürdü. Həmyaşıdın və ya bir az səndən böyük idisə onunla görüşəndə qanfet qoyardın əlinə, yox əgər yaşca böyük və dəyərli insan idisə onunla görüşəndə alma götürərdin əlində. İnsanın yaşına və məqamına görə almaların da rəngi dəyişərdi. Qıpqırmızı alma ən hörmətlisi idi.

Biz əmi uşaqlarımızla bəhsə girərdik, görək kim sabah tez duracaq. babalarımızı, əmilərimizi sabah-sabah yorğan döşəkdə təbrik etmək bir şərəf idi. Sonra da Ağsaqqal, ağbirçəkləri görməyə gedərdik ailəmizlə birgə. Yumurtalarımızı alıb günortaya yaxın başlayacaq Xana tələsərdik. Profesionallaşmış yumurtaçılara yumurtamızı uduzar, evə əliboş qayıdardıq.

Əziz dostlar virtual da olsa, hamınızın əlini qanfetlə, alma ilə sıxır, Bayramınız mübarək deyirəm.

KÖŞƏ YAZARLARI
TOP 10