“Cəza” monotamaşası onlayn göstəriləcək

0 Baxış

gtt

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşasını iyunun 20-də onlayn nümayiş etdirəcək.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, psixoloji oyun dramında rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşçusu isə İsa Əsədovdur.

Tamaşa sənət ocağının sosial şəbəkələrdəki hesabları vasitəsi ilə nümayiş olunacaq.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında nümayiş edilib. Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

Bölmə : İncəsənət