Cənubdan səslər

15 Baxış

MƏHƏMMƏD TAĞI ZEHTABİSenet.az  “Ustad” jurnalının “Cənubdan səslər” rubrikasında dərc edilən yazını təqdim edir.

Məhəmməd Tağı Zehtabİ

XX yüzilin ikinci yarısında Güney Azərbaycanda yetişən görkəmli simalardan biri də Məhəmməd Tağı Zehtabidir. O, hələ gənc yaşlarından öz xalqının azadlığı və milli varlığı uğrunda mübarizə meydanına atılmışdır. 1923-cü ilin oktyabrında Təbriz yaxınlığındakı Şəbistər qəsəbəsində anadan olan Zehtabi 1946-cı ildə Azərbaycan Milli Hökuməti dövründə Güney Azərbaycanda açılmış Təbriz Universitetinin ilk məzunlarından olub. Universitet təhsilini başa çatdırmaq və İrandakı rejimin siyasi təqiblərindən yaxa qurtarmaq üçün Şimali Azərbaycana mühacirət etmiş,  1979-cu ildə Pəhləvi rejimi yıxıldıqdan sonra Təbrizə qayıtmışdır.

Bu vətənpərvər şairin bir neçə şeirini oxucularımıza təqdim edirik.

 

 Gün gələr səhfə çönər

Su deyibdir mənə əvvəldə anam, ab ki yox.
Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.
İlk dəfə ki, çörək verdi mənə, nan demədi.
Əzəlində mənə duzdanə nəməkdan demədi.
Anam əxtər deməyibdir mənə, ulduz deyib o.
Su donanda deməyibdir yəxdi bala, buz deyib o.
Qar deyib, bərf deməyib, dəst deməyib, əl deyib o.
Mənə heç vaxt biya söyləməyib, gəl deyib o.
Yaxşı xatırlayıram, yaz günü axşamçağılar,
Bağçanın günçıxanında ki, ilıq gün yayıla.
Gəl deyərdi darayım başıvı, ey nazlı bala.
Gəlməsən gər başıvun astaca zülfün dararam.
O deməzdi ki, biya şane zənəm bir səri to.
Gən nəayi be zənəm şane səri xahəri to.
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam.
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə məxsus olan başqa elim vardı mənim.
Elimə məxsus olan başqa dilim vardı mənim.
İstəsən qardaş olaq, bir yaşayaq, birlik edək,
Veribən qol-qola bundan sonra bir yolda gedək.
Əvvəla, özgə küləklərlə gərək axmayasan,
Saniyən, varlığıma, xalqıma xor baxmayasan.
Yoxsa gər zor deyəsən, millətimi xar edəsən.
Gün gələr səhfə çönər, məcbur olarsan gedəsən.

 

İnadlı yahi

 

Verib səadətimi, almışam fəlakəti mən

Bütün cəhanə dəyişməm inan bu haləti mən.

Sevinmə dərdimə, qovdum çıxanda yurdumdan,

Qapımdan it tək özüm, eyşi, istirahəti mən.

Uşaq da sanma məni, anlıram əlifbani

Bu qədər bil, qanıram hər kiçik işarəti mən.

Bacarsa düşmən əli, qoy sinəmdə od qalasın,

Bütün cəhani gəzib, səslərəm ədaləti mən.

Gözüm elimdədi düşmən sevinməsin bu qədər,

Səhənd dağlari tək gözlürəm nəhayəti mən.

Vətən pərəstligimdə inadli bir yahiyam,

Ki bir dəqiqə dəyişməm yuvamla cənnəti mən.

Sənindi meydan, atın çap nə qədər var qüvvən,

Təzərrü umma ki irs almışam məna`əti mən.

Həmişə laylalarından yadımdadır anamın

Ki satmayam qızıla, xəlqlə, şərafəti mən

Əcəldən olsa aman söylərəm yəqin bir gün

Vəfali xəlqimə axirdə bu hekayəti mən.

 

 

***

Fəraqın olmasa gər, mən vusali neyləyirəm,

Telin kəməndi gər olmazsa, xali neyləyirəm.

Qoy ağrısız bal umanlar xəyala aldansın,

Mən, olmasa arının nişi, bali neyləyirəm.

Mənim ki dünyada bir bağri qan həyatım var,

Çəməndə dağsız olan lalə ali neyləyirəm.

Həyat gər mənə olmuş sərab əvvəldən,

Öz ovçusun tora salmaz marali neyləyirəm.

Gözün işarəsi bir sehirli bəyandır əgər,

Rəqibimi ayıdan qıl o qali neyləyirəm.

 

Doğuldum!

 

Mən neyləyim, ey şux ki, divanə doğuldum,

El dərdlərinin şəminə pərvanə doğuldum.

Qəlbim o yetimlərdən, inan, ayrıla bilmir,

Sanki oların tellərinə şanə doğuldum.

Təqsir mənim yox, bu zamanınkıdır, ey şux,

Gülzara deyil, mən üzü tufanə doğuldum.

Üsyan edirəm eşqə, uzaqlaş mənə baxma,

Gəncəmsə də eşq – ülfətə biganə doğuldum.

Sus, sus, nə dedim, eşqidə rədd etmək olarmi?!

Mən ki girərək eşqilə peymanə doğuldum…

Pərvanəmiyəm, şəm`miyəm “gülşən”ə, bilməm,

Ğəmxarmi, aşiqmi, görən, ya nə doğuldum?!

 

Belə baxma!

 

Ey gül! Belə alçaq göz ilə bülbülə baxma,

Bülbül, belə əla nəzər ilə gülə baxma.

Mən neyləmişəm, afət – dövran, ki, küsübsən?!

Əfv et məni, bəsdir, səni tari belə baxma.

Nazınmı çəkim, ya baxışın dərdini, bilməm.

İnsanəm axi mən də, bari, nazilə baxma.

Nazın çəkərəm, qüdrətim amma baxışan yox,

Allahi sevərsən, gözəlim naz ilə baxma,

Lütfün, ğəzəbin, işvə və nazın seçə bilməm,

Gər lütf edisən, qəhrilə nərgis gilə baxma.

Gər olsa kəmənd ovçuda, şahinə nə hacət,

Zülfün verərək, ey dəli ceyran, yelə baxma.

Sinəmdə vəfa incisi bəslər dənizim var,

Əsgilməz o, çeşmimdən axan bu selə baxma.

Bax, xəlqə nə qimət verir insan, nədi dərki,

“Gülşən”! geyimə, sərvətə, şirin dilə baxma.