Çərşənbə adətləri

8 Baxış

çərşənbəBu gün xalqımız sonuncu- ilaxır çərşənbəni qeyd edir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır. Su, Od və Yel çərşənbələrindən sonra gələn Topraq çərşənbəsində artıq yer oyanır, torpaq nəfəs alır.

İlaxır çərşənbədə hər zaman ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir. Bu çərşənbə özəllikləri ilə zəngindir.

Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür.

İnama görə, Torpaq çərşənbəsi yetişəndə, torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.

Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin ən əziz qonağına çevrilir.

Həm də ilaxır çərşənbənin bayram masası fərqli olur. Novruz şirniyyatı masa üzərinə düzülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür. Adətə görə, bu naz-nemətin arasında adı “s” hərfi ilə başlanan yeddi cür nemət mütləq olmalıdır.

Üzərlik yandırılır, tonqallar qalanır, hər kəs “ağırlığım-uğurluğum bu tonqalda yansın” deyib tonqalın üstündən tullanır. Tonqalın üstündən 7 dəfə tullanılması məqbul sayılır- ya bir tonqalın üstündən 7 dəfə, ya da 7 tonqalın hərəsinin üstündən bir dəfə.

İlaxır çərşənbədə gecə səhərə qədər oyaq qalıb çillə çıxarılar.

Bu çərşənbədə qulaq falına çıxarlar. Buna görə də evlərdə hər kəs xoş düşünüb, xoş danışar ki, qulaq falına gələnlər də xoş sözlər eşitsinlər.

Həmin gün küsülülər barışar, hamı təzə paltar geyinər.

Əski inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər.

Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılar. Adətə görə, şamı yarımçıq söndürməzlər.

Həmçinin, axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatarlar.

İnanca görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda, Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.

İlaxır çərşənbəniz mübarək!