Çağdaş şairin məğlubiyyət başarısı – Xanəmir Telmanoğlu yazır…

35 Baxış

12a

Ey dili qafil fil faili məchuil fani f…

Sözlərin bu dünyaya təsirini bilməmiş olmazsınız. Bəlkə də, sözlərdən daha çox rəqəmlərin bu dünyaya təsir elədiyini də bilməmiş deyilsiniz. Bu dünyada mədəniyyətlərin formalaşması, şəkillənməsi və inkişafında insan oğlu sözlə bahəm rəqəmlərdən də bəs deyincə yararlanıb. Ancaq bu söz-rəqəm qarşıdurmasında və paralelliyində qəribə paradokslar yeri-yurdu dağıdır, “məni açıqla” deyir.

Bu gün rəqəmlərin nəyə qadir olduğunu daha çox anlamaq gərəkdir. Həyatımız rəqəmlərlə iç-içə keçib getməyindədir. Çağdaş dünya rəqəmlərdən ibarətdir. İstifadə elədiyimiz bütün texnologiya və elektrik avadanlıqlarının hamısı rəqəmin “övladları” hesab edilir. Təbii ki, bu yerdə kibernetika elminin bizzat adını çəkməmək doğru deyil.

Hər gün düyməsindəki rəqəmlərinə toxunduğumuz telefonlarımız bizi hansı ünsiyyətlərlə, münasibət və uğurlarla, sevinc və kədərlərlə üz-üzə qoyur, bu barədə dolğun danışmaq əsrlərimizi apara bilər.

Ancaq bəşəriyyət dünyanın başlanğıcında sözə daha çox üstünlük vermişdi. Hətta insanlıq bu sözə yaxınlığını daha çox bədii-fəlsəfi əsərlərin yaradılmasında da göstərməyində davam edirdi.

Bəşərin mədəniyyət tarixinin gedişatına nəzər yetiriləndə sözün insana yaxınlığı bir zamanlar daha çox insanlığa gücünü göstərir. Bunu Şumer mətnlərindən, Orhun-Yenisey yazılarından, qədim eposlardan, “Gilqamış” dastanından, “Dədə Qorqud” eposundan, Homerin “İliada”sından, yeddi yunan müdrikinin fikir və nəzəriyyələrindən, hətta dörd müqəddəs kitabdan, Zərdüştün “Avesta”sından, hindin “Bhaqavat Gita”sından, Nizaminin, Nəsiminin, Yunus İmrənin, Füzulinin, Mövlanənin, İbn Arabinin, Haldunun, Rüştinin söz xəzinələrindən də bilmək mümkündür. Bunlar aydındır. Maraqlı olan odur ki, sözlə rəqəmin başlanğıcından tarix boyunca söz hakimliyi ələ almış, qəribə bir inkişaf yolu keçsə də, sonradan, yəni ən azından, son 200 ildə o inkişaf tempini aşağı salmışdır. Məsələn, XX əsrin şairi nədən XII-XIII-XIV əsrlərin şairlərindən zəif şeirlər yazıb. Nədən öncəki əsrlərin şairləri bədii vüsət və hikmət baxımından bu günün şairlərindən daha çox misilsiz, hesaba gəlməyəcək dərəcədə üstünlüyə sahibdirlər? Görünür, bu hikmətin özəl bir mahiyyətə dayanan mənası olmamış deyil.

Çağdaş şair öz müasir həyat tərzini rəqəmlərlə bağlayıb. Bir zamanlar sözə hakim olan, sözün məna mahiyyətini, təsiretmə anlayışını ucaldan şair bu gün o sözün bəlli bir zirvəyə qalxmış ölçüsünü, əndazəsini, dozasını rəqəmlərin varlığına sərf etməli olur. Bu rəqəmlər onun həyatına maşın, avtomobil, qatar, uçaq, televiziya, bilgisayar, soyuducu, telefon, fotoaparat, tozsoran şəklində daxil olur. Aha, çağdaş şairin sözləri niyə öncəki əsrlərin şairlərinin sözləri yanında zəif, solğun, bayağı, içiboş, cansız, ruhsuz görünür? Cavab belədir: elmi-texniki yeniliyi həyatının hər nöqtəsinə soxmuş, səpələmiş bu günün şairi məna və hikmət baxımından yüksəlməyə doğru gedə bilən sözün girə bilmədiyi yerlərdə günümüzün texnologiyasını yerləşdirib. Artıq belə demək mümkünsə, şairin şeirlərini, əsərlərini həm də həyat, həm də elm, həm də yüksək texnologiyaya dönüşmüş şüur doldurmaqla məşğuldur. Bu günün şairi öz əsərlərini təkbaşına yazmır. Belə bir qənaət hasil olur. Çağdaş şair sözün magiyasından, mahiyyətindən kəsdiyi məna tutumunu bir kərə həyatında itirib. Çağdaş şair yazdığı mətnin təkbaşına müəllifi ola bilməz. Əgər ola bilsəydi, bu gün, elə bu gün ən ortabab şairin əsəri Nizaminin, Nəsiminin istənilən əsərindən böyük, güclü yerdə durmuş olacaqdı. Demək, belə olmadığı təqdirdə, yəni sözün başlanğıcdan yüksəlişi eyni templə getməmiş və bu şeirin cızılmış xətti başlanğıcdakı vaxtının xəttindən yuxarıda deyil, daha aşağıya doğru yön almış durumdadır.

Burdan çıxarılacaq nəticə nədir? Yuxarıdakı düşüncələrimizin doğrultusunda yazıdan bir nəticə çıxarmağa çalışsaq, nəyinsə yanlış, ya doğru qənaətinə gəlməyəcəyik və bu yanaşma heç də doğru sayılmamalıdır. Yanlış və doğru yoxdur. Yalnız doğru olan, düzgün olan, yerində olanlar mövcuddur…

Sözsüz ki, sözün məna tutumunun bir zamanlar sonsuz yüksəkliklərdə olması, həm də bu gün o yüksəklikdə olmaması, yaxud ola bilməməsi və yaxud daha yüksəkdə olmaması çağdaş texnoloji yeniliyin, rəqəmsəl inkişafın sözün bir zamanlardakı böyüklüyündə gizləndiyindən xəbər verir. Söz yüksəldikcə, mənası artdıqca, məna tutumu genişlənib qatdan-qata adladıqca rəqəmlər şüurumuzda daha çox dışarı vurmağa başlayırdı. Elə ki rəqəmlər dışa keçiş prosesini tamamlamağa başladı, o zaman söz içini boşaldaraq geriyə doğru çəkildi. Söz o qədər geriyə, aşağıya doğru dartılıb yığıldı ki, çağdaş şairin mətnləri, əsərləri, yazıları artıq öz müəllifinin varlığındakı proseslərdən narahatlıq keçirdi. Bu şübhəçilik – sözün, mətnlərin müəllifinə qarşı şübhəçi davranışı müəllif hüquqlarına müdaxilə ilə meydan oxudu tarixə. İndi o əsərlər müəllif tərəfindən deyil, müəlliflər tərəfindən yazıldı. Demirəm ki, burda kollektiv şüurun iştirakı vazkeçilməzlikdən dəm vurdu. Ancaq bu müəllifliyin bir başında şair durdusa – həyatın, insanın, dünyanın, kainatın sirrini daşıyan sözün rəqəmlərə ödədiyi haqqın hesabına, bir başında da sözün məna vüsətinin, alov dilinin qalxdığı yerlərin ərazisi, canlı həyat iştirak etməyə başladı. Bunu anlayan və anlamayan müəlliflər oldu. Müəlliflərin anlayıb-anlamaması heç bir məna kəsb etmədi. Ancaq müəllifin bunu anlaması da özgə bir meditasiya icrayışların mədəniyyətə dirənişinin xəbərdarlığını etməyi gizləmədi.

Şair əlindən alınmış müəlliflik, yarımüəlliflik hüquqlarının bərpası uğrunda boş vaxt sərf edəməyəcəyini anlayaraq mücadiləsinə davam edir. Ən yaxşısı və sərfəlisi də budur. Çünki baş verənlər şairin həm öz inisiativi, həm də bunun dışında cərəyan edərək “yeni nəzəriyyələrlə” bizi üz-üzə gətirdi. Şair parçalanmış müəlllifliyini şəxsiyyət və ruhaniyyətindən, şüursal axınından zühur edən bir ədayla elə əsərlərində də parçalamağı başardı. Bu, çağdaş şairin ilk məğlubiyyət başarısıydı.

Əslində, bu, nəyin göstəricisidir? Bütün yuxarıda sayıqladığımız məsələlər sonda şairin yükünü üzərindən götürməyə xidmət edir. Şair bunun fərqindədir. Çağdaş yazar bunu hiss edir. Ən azından, bu energetik və magik gedişatı yazılan əsərlərdən, onların üslub, ideya, texnik və məna-məzmun tutumundan, mesajından bilmək mümkündür. Yaşayışımız, içində və dışında ömür sürdüyümüz bu texno-dünya düzənində yazdığı mətnlər üzərində çağdaş şairin parçalanmış müəlliflik haqları, hüquqları gələcəkdə daha da əlindən çıxmağa başlayacaq. O zaman kosmosun düzənindən çıxan şairlik sindromu insana sözlərlə, dillə daha birbaşa əlaqəyə keçməyə şərait saxlayacaq. Şair sadəcə bura qədər kosmik dalğaların axarında sözün qarşısında yumşaldıcı, rahatlaşdıcı, xəfiflədici missiyasını imkanları daxilində işə salırdısa, bundan sonrakı dönəmdə onun əldən çıxan müəlliflik haqqının üzərindən sürətlə yer üzünə doğru uzaq planetlərdən meteorlar kimi yağacaq sözlər daha etkiləyici, daha təsirli, daha çox magik imkanlarla insanlığı tənhalığa sürükləyəcək. O zaman şairin qiyməti, yeri, qədri və qədəri bəşəriyyətə daha aydın şəkildə görünəcək.

Ancaq görünən odur ki, çağdaş şair hələ də müəlliflik eqosundan vaz keçməməkdə dirənir…

Bir şeyi də unutmamaq gərəkdir: görəsən, yerini hər kəsə – kosmosa, cəmiyyətə verəcək şairin şairliyini kimsə davam etdirəcəkmi? Yəni boşalmış yerin boşluğunu mütləq nəsə doldurmalıdır. O zaman… hə… o zaman kosmosla cəmiyyət, saysız-hesabsız insan yığını şairsizlikdən əziyyət çəkmə acılarını tənhalığa çevirməyin bizzat ağırlığı altında inləyərək gerçək sözü, gerçək Tanrını, gerçək Allahı, gerçək Haqqı, gerçək Həqiqəti görəcəklər. Sözün pərdəsi sivrilib dağılacaq, sözlər açılacaq. Tanrı sözlə ölmədiyini, ölə bilmədiyini, ölümsüzlüyünü bir daha sözlə insanlığın, mədəniyyətlərin cəmdəyinə axıdacaq.

Mənbə: “Ustad” jurnalının 28-ci sayı.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10