Çağdaş şeirdə Tanrı yerə endirilib

129 Baxış

hazirSenet.az AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, fil.ü.f.d. Nərgiz Cabbarlının  “Çağdaş şeirin müraciət obyekti – Qloballaşan Dünya və İnsan!” məqaləsinin ikinci hissəsini təqdim edir:

 

Birinci hissə

 

 

 

İfadə, təsvir orijinallığı, dil eksperimentləri…

 

          Təbii ki, şeirin əsas şərtlərindən biri onun poetik bütövlüyünü yaradan dili, təsvir və ifadə orijinallığıdır. Şeir bəzən ritmi, intonasiyası ilə yadda qalsa da, onu fərqləndirən, tarixə və yaddaşa yazan ilk növbədə bu olur…

Bu baxımdan da gənclərin yaradıclığında çox maraqlı yeniliklər var. Xüsusilə də dil eksperimentləri sahəsində maraqlı nəticələr əldə edilir. Məsələn, bu istiqamətdə xüsusi olaraq Qismətin şeirlərini qeyd etmək istərdim. Bu mətnlərdə ifadə və təsvir orijinallığı əsasən sözlərə yeni anlamlar, yeni funksiyalar yüklənilməsi hesabına yaradılır. Həm də əsas olan  odur ki, bu cür eksperimentlər öz təsdiqini tapmağı bacarır – hər halda, ən azı mətn daxilində… O yazır:

Bəzən
heç nəyə əl vurmadan
çıxıb getmək istəyir adam.
Darıxıb bir gün
evdən başını götürüb,
bir az qonşu pəncərədəki qızı,
bir az qızın gözlərindəki özünü götürüb,
şkafdan əlcəyin əllərini,
eynəyin gözünü götürüb
getmək istəyir.

“Qonşu pəncərədəki qızın gözlərindəki özü” maraqlı, dəqiq və təxəyyülün dərhal qəbul etdiyi bir ifadədir. Amma “şkafdan əlcəyin əllərini, eynəyin gözünü götürmək”  ilk baxışdan bir qədər söz oyunu kimi görünsə də, sonradan, ehmallıca öz poetik yerini ala, təsvirin əyaniləşməsində özünü təsdiqləyə bilir. Yaxud

Bomboşdur qadının baxdığı səki,
Çəkdiyi “ah”lardan tərləyib şüşə.
Tilov – gözlərini yola atıb ki,
Bəlkə gözlərinə bir ümid düşə…
“Tilov-gözlər” burda ilk baxışdan cod, qaba görünsə də, təsvirin əyaniləşməsində əsaslı rol oynaya və özünü ifadə kimi olmasa da, təsvir detalı kimi təsdiqləyə bilir. Xüsusilə də “ümid ovlamaq” funksiyasını yerinə yetirməklə… Həmçinin bu, təsvir edilən bir mənzərənin əsaslı bir detalı kimi də yadda qala bilir…. Eyni fikri onun “Susdu maşın səsi, lal oldu küçə/Günəş ayrı yerə doğdu özünü./Ulduz gözlərini bərəltdi gecə,/divarlar utanıb yumdu gözünü” bəndi haqqında söyləmək olar… “Günəşin ayrı yerə özünü doğması” da, gecənin ulduz gözlərini bərəltməsi də (“ulduz gözlər” deyil, məhz bu gözlərin bərəlməsi!) maraqlı dil eksperimentləri kimi yadda qalır. Və ən əsası növbəti təsvir – “divarlar utanıb yumdu gözünü” – peosesi tamamlayan əhəmiyyətli bir detala çevrilir, kompozisiyanı tamamlayır …

Ümumiyyətlə, onun şeirləri bu cür eksperimentlərlə də, çox fərqli, özünəməxsus poetik ifadə və təsvirlərlə də zəngindir (“Bir gün hamımıza elə gəlsin ki,/Yağışlar yağırsa hər şey düzələr…/Sinoptiklər çıxıb xəbər versin ki,/Sabahdan adamlar sevinə bilər”).  Yaxud “Bir qadın var hardasa” şeirinə nəzər salaq:

Bir qadın var hardasa
gözləri razılaşmaq dilində susur…
Bir qadın var hardasa
kibrit çöpündən tez sönür gülüşü…
Bir qadın var hardasa
qadın deyirəm sizə
gecələr ağlar səssizcə
haram qatar yuxusuna.
ağlar bir qalstukun xorultusuna,
bir kostyumun tütün qoxusuna,
ağlar yatağındakı üzütəraşlı HEÇ KİMƏ…
Bir qadın var hardasa
Soruşsan xoşbəxtsənmi?
Bədbəxtəm deməz
Deyər: çox mətbəxtəm…

Bu şeir isə təkcə aparılan dil eksperimentləri, fərqli ifadə və təsvirləri ilə deyil (“gözlərin razılaşmaq dilində danışması”, “kibrit çöpündən tez sönən gülüş”, “mətbəxtəm” deyilişi), həm də bir mətn daxilində yaradılan fərqli və uğurlu obrazlarla yadda qalır. O obrazlar ki, çox asanlıqla dilin üst qatında öz simvolik örtüsünə bürünərək yaşamaq hüququ qazana bilər:”xoruldayan qalstuk”, “tütün qoxulu kostyum”, “üzütəraşlı heç kim”…

Maraqlı təsvir və ifadə variantları meydana qoyan müəlliflərdən biri kimi Emin Pirinin də adını çələ bilərəm.

Varlı pəncərəsi önündə
yaz axşamı
romantik yağışlar,
Mənimsə tavanımdan
dərd damır.

Yayda yığılan dərdləri
turşu yerinə bağlayıb
qışa saxlamışam.

Ağarmış saçlarımdam
dərd qoxusu yayılır.
Xoş bir ətirlə də
gizlətmək olmur dərdi …

İfadədə olan qabalıq (“dərdin turşu kimi bağlanması”) təsvirin və ifadənin orijinallığını kölgəyə sala bilmir. Aparılan müqayisə də, (“Varlı pəncərəsi önündə yaz axşamı, romantik yağışlar”la “tavanından dərd daman” poetik qəhrəmanın ruh halı arasında), “dərdin xoş ətirlə gizlədilə bilməməsi” də ovqatın dəqiq ifadəsinə nail ola bilir. (Yaxud “düşmən susduruldu mərmilərə atılan ana fəryadıyla” misrasının yaratdığı orijinal təsvir…).

Maraqlı ifadə və təsvir Aqşin Evrenin də şeirlərində müşahidə olunur:

Bağışla ata, bu gün alın yazımdan 2 almışam.

Ölüm-itim dünyasıdır,
Ölüm olma, razıyam itin olaram
Deyirlər, itlərin sədaqəti daha güclü,
daha sağlamdır.
Torpaq hamı üçün döşəmə olsa da
Ölülər üçün damdır.
Başımız o qədər daşdan-daşa dəyir ki,
sonda bizə başdaşı qoyurlar
Təkcə öləndə saflaşırıq, ata,
Onda da cəsədimizi bu dünyanın çirkli suyu ilə yuyurlar…

Burada əslində alışdığımız, təsviri bizim üçün standartlaşan anlayışlar var:”torpağın dam olması” kimi… Eyni deyil, amma çox yaxın bir mənalandırmadır. Lakin şeiri yadda qalan edən ilk cəhət ölümün pnun içindən  əsas xətt kimi keçməsinə baxmayaraq, şeirin çoxqatlı olmasıdır… Məna qatları arasında gözlənilməz keçidlər, adlamalar və ifadələrin məhz bu keçidlər arasında özünə özül, bünövrə yaradaraq ayaqda dura bilməsi mətnə fərqli bir keyfiyyət qazandırır. “Təkcə öləndə saflaşırıq” amma “o zaman da dünyanın çirkli suyu ilə yuyurlar…”… Təzadlı fikilər olsa da, elə təzadı ilə də maraq doğurur… Aqşin Evrenin şeirlərində qismən də olsa 90-cı illər şeirindəki tendensiyadan müəyyən çalarlar duyulur. Bu da xüsusilə Ölümə münasibətdə yazılmış şeirdə verilən fikirlərdə özünü göstərir:

Əziz Balerina,

Başdaşımız bizi ziyarət edənləri küləkdən qoruyan  hasardı

Əslində, qazılmış qəbir dünyanın açar yeri…

Əslində, insan bu dəliyə salınan açardı

Demək, “ÖLÜM – həyatın açıqlamasıdı”

Həşəratların cəsədimizi didməsi tanrının bədənimizi qıdıqlamasıdı…

Yaradılan təsvir də, obraz da (məsələn, “dəliyə salınan açar”) fərqlidir, maraqlıdır. Bu isə yeni mənalandırma, yeni obraz arayışının, yeni eksperimentlərin nəticəsidir və eyni zamanda onu göstərir ki, fərqli düşüncə və fərqli yanaşma olmadan fərqli nəticələr almaq mümkün deyil.

 

Ritm-intonasiya ağırlığı və şeirdə proza çalarları

 

Qeyd etdiyim kimi, gənclərin əksəriyyətinin yaradıcılığında ilk diqqəti çəkən cəhət ritmin ağırlığı (və ya ritmsizlik!), həqiqətə də, fakta da, hadisəyə də prozaik yanaşmanın mövcudluğudur. (Məsələn, Aqşin Evren “Kəpənək adamın öncəgörmələri”, “Balerina ilə şahmat taxtasında”, Könül Həsənqulu, Dilqəm Əhmədin bir çox şeirləri və s.)

Səbəb nədir? Haqqında bəhs edilən problemmi, seçilən mövzumu? Əlbəttə ki, bunlar da var. Amma fikrimizcə, əsas məsələ daha çox müəllif düşüncəsinin, ruhunun yatdığı ritmdə, düşüncəsinin axın tezliyindədir. Fikir axını nə qədər detallarla (proza elementləri), mənzərə və peyzaj təsvirlərinin dəqiq, eyni zamanda da artıq ştrixlərilə yükənirsə, müəllifin yanaşması da bir o qədər prozaik olur, bir o qədər ağır ritm qazanır. Məsələn, Könül Həsənqulunun “Dəmir çarpayıda qızdırma” şeirinə nəzər salaq:

Səni sayıqlamaq kimi canlandırmaq da var qırx dərəcə qızdırmada:

“Alnımı pəncərəyə yapışdırıb qaranlıq tunelə baxıram metro qatarında

Uşaq gözlərimlə gözləyirəm bu dəqiqələrdə qatarın meşəyə çıxmasını

Meşədən mənə əl eləyən gülərüz Olimpiada Ayısı hələ də ordadırmı?”

Qırmızı binalarının üstündə bulud kimi görünən ağappaq qar topaları

Qar adamlarına isti papaq geyindirən yumşaq ürəkli sarışın uşaqların

Ağaclardakı dələlər, yolqırağı meşələrində qaçışan məsud çöl dovşanları

Qovaqlardan, küknarlardan sırğa kimi sallanan sırsıraların da yadımdadı.

Anasının təzəcə bəxş etdiyi sevimli çantasını bir andaca yerə atan

Şaxta vurmuş sərçəni qarın üstündən qaldırıb əlcəyinin içinə salan

Onu ağ əllərinin arasında tumarlayan körpə qızcığazın da yadımdadı.

Bunları Qafqazda unutmaq çətindir, Moskva!..

Mən o qırmızı çantamı və toxunma əlcəklərimi

Yalnız o kiçik sərçəyə görə sevərək xatırlayıram…

Göründüyü kimi, şeirdə ritm duyulmur. Əvəzində detallı təsvir var. Mənzərənin, duyğunun, təəssüratın təsviri. Amma daha çox mənzərənin. Bu detallı təsvir isə istər-istəməz hər ştrixin üzərində dayanmaq, düşünmək, düşünərək ritmi ağırlaşdırmaq ehtiyacını ortaya qoyur.  Amma müəyyən müəlliflərdə bu artıq ritmsizlik kimi deyil, ağır ritm kimi dəyərləndirilə bilər. Məsələn, Aqşin Evrendə:

Külək yarpaqları pul kimi saydıqca təbiət kasıblayır

Əhənglənib ağardıqca ağaclar yaşıl olur

Saçları ağardıqca insanlar yaşlı olur

Ən pisi budur ki, atalar zəiflər, atalar qocalır

Əslində, yeni doğulan körpə  ağlamır,

əslində, o, anası üçün dişsiz damağında  zəfər nəğməsi çalır…

Bu isə yuxarıda da qeyd etdiyimiz kimi, şeirə əsaslı bir proza havası qazandırır.

 

“İlahi”, “Tanrım” müraciətlərinin əvəzlənməsi – “Əziz dost”

 

Çağdaş şeirdə Tanrı yerə endirilib. Hərçənd ki, 90-cı illərin şeirində də bu mövzuda bir az zarafatyana (məsələn, Qulu Ağsəs), bir az kinayəli şeirlərə rast gəlinirdi.  Amma bu günün şeiri daha emosiyasız, daha soyuqqanlıdır. Məsələn, Dilqəm Əhməd yazır:
Tanrını
bizi unutduğu nöqtəyə qədər sevirik
qadını
bizi ovutduğu yerə qədər sevirik
elə buradan başlayır
yalnızlıq və ateizm…

Cəmiyyətdə gedən müəyyən bir prosesin şeirdə ifadəsidir. Reallığın dəqiq yozumunu təqdim edir. Yaxud Aqşin Evrenin şeirinə nəzər salaq:

Bayırda ox kimi yağış yağırdı

Tövbə hücrəsində öpürdü rahib

Mariya ananın şux döşlərindən

Görürsən, deyirəm, boş şeydir cənnət

Əsas corabını qalın geyin sən.

Qalanı düzələr, vallah düzələr,

Gün gələr… gün gələr Allah düzələr.

Amma məsələ təkcə ateizmdə, inancsızlıqda deyil. Məsələ, müraciət olunan obyekt (eynilə problemlərin və çözüm yollarının arandığı məkan kimi) yaxına gətirilməsindədi. (Məsələn, Aşin Evren – “Əziz dost”, “Əziz balerina”, Dilqəm Əhməd “səssiz” müraciət, Muza, Könül Həsənqulu – çoban və s.) Bu şeirlərdə Tanrını İnsan əvəz edir. Bu şeirlərdə çözümlər Tanrı ilə deyil, insanlarda və insanlarla aranır. Dərd də, ağrı da Tanrıya deyilmir, insanlara açılır. Məsələn, Dilqəm Əhmədin şeirində deyilir:

Səhər açılanda, pəncərəmdəki son sərçə də getdi, Aytən
Bir şəhərlik anılarım, kiçik bir küçədə getdi, Aytən.
Taxılıb əskidən qalan bir saatın kəfkirinə gözlərim.
Nə zaman bitdi hər şey, neçədə getdi, Aytən?
Görmədimi, özündən sonra unutduğu qırıntıları
Əlimdə saçlarından qalan bir xatirəni, gözlərimdəki yağıntıları
Rəsm-rəsm sevdim, divarlara rəsm etdim, divarlarla qaldım, Aytən.
Hiss edirmi, görən, divar dibinə çökdüyümdə, içimdəki bulantıları…

Göründüyü kimi, mətndə ağrı da var, şikayət də, sevginin etirafı da, üzüntü də… Amma müraciət olunan obyekt İnsandır. Və məsələ yalnızca bunun bir xanım olması, dost olması deyil. Məsələ, adətən şeirdə üz tutulan, kədər, dərd, ağrının danışıldığı obyektin yerə enməsi – İnsanlaşmasıdır.

Bir sözlə, çağdaş şeir öz gənc nümayəndələri ilə Dünyaya və İnsana üz tutmuş kimi görünür…