Çağırış – Fərid Hüseyn

6 Baxış

 ECCA6232-3693-42C4-9DB7-53E898D0B88B_cx0_cy6_cw0_w1023_r1_s

Senet.az oxucularına Fərid Hüseynin yeni şeirlərini təqdim edir.

 

 

Çağırış

 

Müqəddəs İsa,

bəzən kürək söykənməyə

bircə yer qalır insana –

o da çarmıxda.

Çəkil, çəkil o yana –

“yer ver mənə yanında”.

 

Əllərim alnımdan əcəl tərini silmir –

yorğun ömrün izlərini

itirməyə qıymır əllərim,

bir körpə ağacın

çarmıxa çevrilməsidir ömrüm…

 

İtirdim, sındırdım, atdım,

götürmədim özümlə,

insanlardan yadigar saxlamadım,

yığdım gözümü hamıdan,

mən daha sənin qollarına vurulan

mismar səsindən özgə

heç nə aparmaq istəmirəm dünyadan…

 

***

 

Demişdi, bir səs demişdi bizə:

“…xəzinəniz harda olacaqsa,

ürəyiniz orda olacaq”[1]

hər şeyi itirdim –

amma ürəyim ağrımır ölüm ayağında.

 

Qulağımızdan sırğa eləmədik:

“İki ayağa qulluq eləmək olmaz,

birini sevəcəksinizsə, o birinə nifrət edəcəksiniz”[2],

İndi bütün ömrüm keçir gözümün önündən

və xatırlayıram ki,

nifrət elədiyim ayağımla getmişəmmiş

arzuların dalınca.

 

 Aharon Appelfeldin müsahibəsi

 

“41-ci ilin yayı idi.

güllələdilər

anamı da,

nənəmi də.

9 yaşım var idi onda…

Anamsa 31 yaşında idi.

O həmişə elə cavan qaldı,

…mən isə qocaldım.

Atam səbirli idi

və anam öləndən sonra

sükut idi dini…

Həmişə bu sualı düşünmüşəm,

zəngin atam niyə

müharibə vaxtı olan-qalanını

satıb qaçmadı?

Sonrasa öyərəndim ki,

onun bütün var-dövləti

vətənin

təpəlikləri,

meşələriymiş,

onlarısa satıb

qaçmaq olmur…”

Və bir gün bir siyahı tutdum

əvvəl anamın,

sonra atamın adını yazdım ora

və anladım ki, mən tək deyiləm…

Birinin gündəliyində mən barədə qeydlər

 

Yazardı şeirlərini dərman qutularına,

Vurulardı rentgen gözlü qadınlara,

Ümidlərin edam günü yağlayardı ürəyini,

Söykəyərdi gecələr təkliyinə kürəyini,

Ömrü qəlbiylə dili arasındakı yolda keçərdi,

Sözü nəvəyə meyvə axtaran babatək seçərdi,

Xatirələri əsir düşmüşdü şəkillərin əlinə,

Ağrı-acıları güzgülənərdi şeirlərində,

Düşmən gülləsitək yayınardı yalanlardan

Necə oldusa yoxa çıxdı ayanalardan…

 

Mələklərin haqqımda “yazdıqları”

 

1. Sol çiynimdəki mələyin “yazdıqları”:

 

Nəfs dağlarında keçdi ömrü –
alma uzadılanda Adəm oldu.
Cənnət uşaqlığından
cəhənnəm gəncliyinə qovuldu.

Verilmişdi ona dost yolunda
şəhidlik mərtəbəsi,
o isə içindəki şamı söndürüb
edama tamaşa elədi.

Biganə qaldı insan talelərinə,
sağ əlinin verdiyini sol əli gördü,
sağ əlisə şahidi boğaraq öldürdü.

Bir gün əcəl elçi düşəndə,
ömründə çox şey yarım idi,
içindəki pişik ürəyinin döşəməsindəki
qurumuş süd ləkəsini yalayırdı.

 

2. Sağ çiynimdəki mələyin yazdıqları

 

Sözlərin təmizliyin qorumaqçün susardı,

Anasının əllərindən cənnəti qoxlardı,
Sevdiyi qadına son ümidini bağışlardı.

Nə ülfət dağının mehindən xoşallanar,
Nə riya kölgələrində sərinlərdi ürəyi,
Ancaq zəhmət şallağından əzilərdi canı.
Xeyir meyvələri dərmək vaxtı yetişəndə
o saatca yerdən üzülərdi dabanları.

 

Açarlar

  

Qulaqlarınız tutulub öz səsinizdən,
gözləriniz kor olub cibimin qaranlığından,
dişləriniz əyilib sərxoş gecələrdə
qürbət dəlikləri çeynəməkdən…

Sizsiz idim – Allah açan qapılarda,
çarəsiz idiniz – şanssızlıq kilidi qarşısında,
qorxurdunuz – işdən ayrılanda,
ağlayırdınız – evə gəlməyəndə…

Biz doğulandan “kəmərimizə”
bir topa gözəgörünməz açar asılır,
bir qapı bağlanır üzümüzə həmişə,
bir qapı açılır…

Yaddaş ilanı

Dustaqlara “görüş yoxdu” xəbəridir getməyin.

Məhbəsdə siqaret paylanan gündü sən gələndə,

baxışların meşə yanğını kimi yayılır gözlərimə.

 

İpək saçlarına ilişir gözəl sözlər, –

keçmir kəlmə kədirbazlığı.

Birgəlik günlərdə zülmümüz bol olur,

dodaqlarımız ruzisini daşdan çıxarır, –

yeməklərində əriyir güzəran narazılığı.

 

Bu sevgi də ömrün ağ bayraqlı yalanıdı

Unutmağa qorxuram – yaddaşım piton ilanıdı.

 

[1] “İncil” –  “Mattanın müjdəsi”, dördüncü fəsil,   “Səmavi xəzinələr” 21

[2]  İncil” – Mattanın müjdəsi”, dördüncü fəsil, “Səmavi xəzinələr” 24

 

Mənbə: “Ustad” jurnalının 9-cu sayı.

KÖŞƏ YAZARLARI
TOP 10