Çağırsa ellər gedərəmmi davaya?

146 Baxış

ellerRövşən Danyeri

 

Uşaqlıqdan bir dillema qarşısındayam. İllərdir zaman-zaman bu sual məni narahat edir: “Görəsən, müharibə başlasa, gedib iştirak edərəmmi?” Yoxsa bir yolunu tapıb, döyüşməkdən yayınarammı? Bu sual uşaqlıq dövrümdə – 90-cı illərin ortalarında, müharibənin istisi hələ çəkilməmiş, “Ağ atlı oğlan” kinosunun dəbdə olduğu, “Cənab leytenant” mahnsının eyforiyasına qapıldığım dövrlər verilsəydi, düşünmədən “Əlbəttə ki, başqa cür necə fikirləşə bilərsən?” – deyə cavab verərdim. Amma vaxt keçdi, yeni-yeni fikirlərlə tanış oldum, qalın-qalın kitablar oxudum,  vəziyyət bir az dəyişdi. Ədəbiyyat müharibənin, insanı öldürməyin pis bir şey olduğunu öyrətdi. Hüqonu, Tolstoyu, Selinceri oxuduqdan sonra bu suala birbaşa “əlbəttə ki” cavabı vermək çətinləşir. Necə deyərlər, oxuduğu kitablar qənim olar adama. Bir tərəfdən də düşünürəm ki, hər hansı insanı hec cür incidə bilmərəm. Əgər döyüş şəraitində əks tərəfdəkini öldürsəm, ya da nə bilim, şikəst qalmağına səbəb olsam, ömür boyu bunun travması ilə yaşayaram. Və ya özüm şikəst qalsam, yenə də müharibə kimi mənasız bir şeyə görə o vəziyyətə düşdüyümə görə özümü bağışlamaram. Bura qədər hər şey özüm üçün aydındır. Müharibə etmək, insan öldürmək, hələ də bütün bunların siyasi oyunlar olduğunu bilə-bilə etmək çox məntiqsizdir.

Lənətə gəlsin, amma bütün bunlara rəğmən hec cür “Mən döyüşmərəm” də deyə bilmirəm. Sanki qanımda, içimdə məni döyüşə səsləyən nəsə var. Bəlkə də buna səbəb nəticəsi nə olursa olsun insanları dar gündə qoyub qaçmamaq kimi xarakterik özəlliyimdir. Bəlkə də, uşaqlıqdan bizə yeridilən müharibə və qisasçılıq hissidir, şüuraltıma hopub. Televiziyaların təbliğ etdiyi məğlub ölkənin məğlub vətəndaşı olmaqdan qurtulmaq istəyi də ola bilər. Kiçik, məğlub Rövşəni döyüşərək, qələbə qazanaraq xilas etmək, bir növ o travmaların qarşısını almaq istəyidir.

Ancaq yenə də bütün bunların hamısının da boş-bekar şeylər olduğunu bilirəm. Məncə bu dillema 90-cılar nəslinin böyük əksəriyyətində var. Və sanki onlar da  bu suala heç vaxt birmənalı olaraq cavab verə bilmirlər. Düşünürəm ki, 90-cıların taleyi hardasa, əvvəl-axır müharibə ilə kəsişəcək.

Bölmə : Manşet