Cahandar Aybər “Dünya çox böyük deyil ki…” – ŞEİRLƏR

174 Baxış

OoYağış

Bəlkə, göy yerə qarışır,
Bəlkə, yer qarışır göyə?!
Adamlar qaçıb gizlənir,
Balıqlar dırmaşır göyə?!…

Hava udmağa da qorxur,
Qorxur ki, boğular adam…
Bəs, görəsən, kimdi göydən,
Bu havamıza su qatan?!

Və islanır adamların,
Yenə üz-gözü, paltarı…
Tanrı yuyub göydən asıb,
Yenə də bulud paltarın.

Ömür və tarix

Ömrünü ayaqlarıyla
yeriyib gedə
bilmirsə, hamı əlildi
öz ömründə.

Vaxtı ölçmək
üçün deyil,
qum töküb zamanın
gözünü kor etmək cəhdidi
qum saatı insanın…

Və tarix ona görə
təkrarlanır ki, eyni tarixi
təkrar-təkrar oxuyur
bütün nəsillər…
Sonsuz təsəlli

Mən qadın
olsaydım və
sonsuz olsaydım,
kədərlənməzdim.
Sən də
kədərlənmə.
Kişi qeyrətli
qadınlar sonsuz olur.

Udur bu güzgülər bizi

Bir vaxt baxıb güzgülərə,
Tanımır da adam özün…
Udur hər baxanda bir az,
Udur bu güzgülər bizi.

Kaş adamlar qocalanda,
Güzgüdə heç görünməyə.
Baxıb ancaq divar görə,
Güzgü də heç görünməyə.

Adam nə qaşına, nə də
Gözünə baxır güzgüdə…
Özündən arxada qalan,
Özünə baxır güzgüdə.

 

Alnımızdandı göy üzü

Kiçikdi, gözlərimizdə
Qara kiçik, ağ kiçikdi…
Dünya çox böyük deyil ki,
Gözlərimiz çox kiçikdi.
Əli çatırsa, yazırsa,
Tanrı alnımıza yazı,
Çox da hündür deyil, demək,
Alnımızdandı göy üzü…
Baxırsan, baxırsan göyə,
Deyirsən nədi o göy rəng?!
-Gedib Tanrıya çatmayan,
Dualardı o göyərən…

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10