Cahillikdən doğan fəsadlar – Türkan Turan yazır

14 Baxış

164440_ac3h96sjpy

Aylardır, dünyanı cənginə alan koronavirus bəlası az deyilmiş kimi, indi də Ermənistanın törətdiyi təxribatlar nəticəsində ard-arda gələn şəhid xəbərləri ilə sarsılırıq. Üstəlik, sonu gəlməyən karantin günləri, can sıxan, qan qaraldan, könül bulandıran digər hadisələr hamımızın əsəblərini tarıma çəkib.

Demək olar, üzü güldürən, ürəyi sevindirən bircə dənə də olsun xoş hadisə baş vermir. Hər kəs partlamağa hazır bomba kimi dayanıb. Hardasa haqq vermək olur. Çünki bu qədər stress və gərginlik altında əksinə davranmaq bir az çətindir. İndi elə bir vaxtdır ki, kimisə qınamazdan əvvəl yüz ölçüb, bir biçirsən. Əlindən gəldiyi qədər başqalarını incidəcək davranışlardan, sözlərdən qaçmağa çalışırsan. Di gəl, bu, həmişə mümkün olmur. Çox vaxt bacarsan da, bəzən səbrinin daşdığı məqamlar olur.

Bu ərəfələrdə həmin daşqına təkan verənlərin bir qolu sosial şəbəkə istifadəçiləridir. Son günlər burada baş verənləri mat-məəttəl qalaraq izləyirik. Sanki içindən cin çıxartmağa hazırlaşan əcaib hərəkətli adamları yığıb səpələyiblər Feysbuka. Əvvəllər heç olmasa bir az hədd bilir, azacıq sədd gözləyirdilər. Amma indi əksəriyyərinin qəti belə narahatlıqları yoxdur. Bir az dərinə gedəndə görürsən ki, yox, onların sərhədsiz aqressiyaları, qusduqları nifrət elə əzəldən var, karantin və digər hadisələrdən də əvvəl.

Siyasi, dini baxışları fərqli olan, ən müxtəlif mövzularda, hər ovqatda yazan, paylaşım edən o qədər insan var ki, iki dəqiqə telefonu əlinə almaqla ölkədən və dünyadan xəbər tutursan. Amma məsələ özünü bilməzlərin yazdıqlarına gələndə bütün bu üstünlüklər gözdən düşür. Birdə görürsən ki, heç tanımadığın, sonuncu dəfə açıb oxuduğu kitabın əlifba olduğuna şübhə etmədiyin, belə olduğunu yazdığı hər məzmunsuz fikir, savadsız kəlmələrlə sübut edən bir nəfər zərrə qədər utanc hissi keçirmədən səni təhqir edir. Hələ üstəlik, linç etmək üçün özü kimi düşünənləri də başına yığıb təbliğat aparır, “hamı dişinin dibindən çıxanı yazsın” deyə.

Bəzən ona onun səviyyəsində cavab vermək istəyirsən, ya da götürüb dostluqdan silmək keçir ürəyindən, sonra düşünürsən ki, bəs tolerantlıq, bəs demokratiya, bəs söz azadlığı? Adama nə deyərlər? Bir cümləyə dözməyib kimisə silməyi özünə ayıb bilirsən. Düşünürsən ki, səbr göstərməmək cılız hərəkət olar. Amma mümkün deyil, sən susduqca qarşı tərəfin içindəki hiddət daha da şiddətlənir. Alovları hər gün daha da yüksəlir. Getdikcə yazdıqları çirkin sözlər mərtəbəli hal almağa başlayır. Söyüş, təhqir, şantaj havada uçuşur. Dəhşətə gəlir insan. Elə bil bu adamları keyidib, döş qəfəslərinin altında nifrət transplantasiyası gerçəkləşdiriblər. Öz-özünə fikirləşirsən ki, kimdir bunlar? Bu adamları hardan yığıb gətiriblər? Qusduqları kin-kidurətin qaynağı haradır? Bu şəxslər ərləri, arvadları ilə necə bir yastığa baş qoya bilirlər?!

Təəssüf ki, sosial şəbəkələr nifrət püskürən, bir-birini zəhərləyən insanlarla doludur. Qadın-kişi ayrımı etməyəcəm, hər iki cinsdən də boldur. Hirslənə də bilmirsən, zəif, iradəsiz, əsəbləri yerində olmayan insandır deyib üstündən keçirsən. Hərdən ən yumşaq cavabı verməyə, qısa kəlmələr yazmağa, etik qaydalardan çıxmamağa çalışırsan, bunu sənin zəifliyin kimi qəbul edirlər.

Bəziləri gözlərini bağlayır sonra qılıncı götürüb sağı solu biçməyə, önündəkinin kim olduğunu belə vecinə almadan hücum çəkməyə başlayır. Təbii ki, bu cahilliyin fəsadlarıdır. Hərdən deyirsən cavab verəcəm. Cavab verəndə isə min dəfə peşman olursan, çünki cahilə baş qoşmaq öz gözündən düşmək üçün ən böyük səbəbdir.

Başa düşmək olmur, insan öz fikrini başqasına necə zorla sırıya bilər axı? Kimisə sənin kimi düşünməyə necə məcbur etmək olar? Kimisə asanlıqla təhqir edən şəxs necə bir beyin daşıyır? Sən ağı qara görürsən deyə eynisini başqasından da tələb etmək nə dərəcədə doğrudur?

Bəzən demək istəyirsən ki, ay xanım, ay bəy, ay yoldaş, hamı sənin kimi düşünmək məcburiyətində deyil. Sən almanı sevirsən deyə hər kəs alma sevə bilməz. Əncir ağacı gilas yetişdirmir deyə onu daşlayırsanmı? Niyə verdiyi bar gilas deyil, əncirdir deyib budaqlarını qırırsanmı? Yox! Bəs, insanla nə işin var? İnsan da ağac kimidir, hər kəsin beynində yetişdirdiyi fikri var. Başqalarının barından deyil, öz meyvəsindən faydalanır deyə kiməsə hücum çəkməyə, aşağılamağa, hətta qaşlarını belə çatmağa kimsənin haqqı yoxdur.

Hamı eyni gəminin içindədir, hər kəs ağır günlər keçirir. Amma bu, heç kimə həddini aşmağa əsas vermir. Bütün hallarda düşünən hər kəs özünü cilovlamağı bacarmalıdır. İnsan olmağın şərti budur. Əks halda, dişlərini qıcayıb parçalamaq üçün hərəkətə keçən heyvandan fərqi olmur.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10