Camaatdan cümhuriyyətə Şərqdə “respublika” fikri – Əkbər Nəcəf

17 Baxış

1000846_10151706892312528_901462668_n

 Senet.az oxucularına “Ustad” jurnalının 19-cu sayından, tarixçi alim Əkbər Nəcəfin “Camaatdan cümhuriyyətə Şərqdə “respublika” fikri” yazısını təqdim edir.

1918-ci ilin 28 may tarixində Tiflisdə açıqlanan istiqlaliyyət bəyannaməsi ilə Azərbaycan Cümhuriyyəti elan olundu. Bəyannamənin ilk maddəsində Azərbaycan Cümhuriyyətinin “müstəqil”, ikinci maddəsində “demokratik” bir rejim olduğu vurğulanır. Cümhuriyyətin elanının birinci ilində M.Ə.Rəsulzadə bu tarixi hadisəni belə şərh edir: “Türk mənşəli bütün başqa dövlətlər meydana gələrkən, xüsusilə də dini əsaslara söykənmişlərsə də, Azərbaycan Cümhuriyyəti Türk milli-demokratik dövlətçilik əsasında milli-mədəni təyini-müqəddəratın müasirliyinə əsaslanmışdır. Bu nöqtəyi-nəzərdən cümhuriyyətimiz birinci Türk dövlətidir”.

Ancaq Azərbaycan Cümhuriyyətinin konustitusiyası olmayıb. Buna görə də, cümhuriyətin sahib olduğu bütün təməl haq və hüquqlar parlament və hökumətin çıxartdığı qanunlarla təyin edilmişdir. Həmin qanunlar arasında cəmiyyətin demokratikləşdirilməsi, söz, vicdan, ictimai və kollektiv hürriyyətlər, vətəndaş haqlarının qorunması istiqamətində bir çox qanun qəbul olunub. Musavat partiyasının parlament fraksiyasının deklarasiyasında da “Azərbaycan hürriyyətlər ölkəsi olmalıdır” sözlərinə yer verilib.

Bizi maraqlandıran məsələ, Azərbaycan düşüncə sistemidə “cümhuriyyət” anlayışının necə yarandığıdır. Bu dövrün tədqiqatçıları Azərbaycanın siyasi düşüncəsində həmin terminin necə, hansı şəraitdə və nə şəkildə ortaya çıxdığını, bu anlayışın siyasi və ideoloji mənşəyini araşdırmayıblar.

Termin ilk dəfə Məmməd Əmin Rəsulzadə və Cəlil Məmmədquluzadə tərəfindən səsləndirilib. 1917-ci ildə “Cümhuriyyət” adlı qələmə aldığı bir məqalədə C.Məmmədquluzadə bu terminin geniş izhatını verib.

Azərbaycan fikir tarixində ilk dəfə həmin məqalədə “cümhuriyyətin” mənası, tarixi, idarə əsasları, hüquqi təməlləri şərh edilib. Məqalədə cümhuriyyətin latınca “Respublika” sözünün qarşılığı olduğu, “orada məmləkətin idarəsi camaatın öz öhdəsinə və ixtiyarına” buraxıldığı qeyd edilir. Tarixi baxımdan “Cümhuriyyət üsuli-idarəsi təzə deyil: qədim yəhudilər, germanlar, yunanlar və rumlar tarixin çox əvail vaxtlarında cümhuriyyət idarəsi ilə yaşayırdılar… Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə rəisi-cümhur deyilir. Onu ya millət özü, ya parlaman, yəni millət vəkilləri seçir”.

Mirzə Cəlilə görə, cümhuriyyət sistemində seçkilər 4 təmələ əsaslanır:

“1) Ümumilik – yəni məmləkətdə yaşayan nüfusun cəmisi seçkidə iştirak etməlidir, …yəni açığı budur ki, seçkiyə kişilər ilə övrətlər də, erməni də, müsəlman da, xan da və rəiyyət də durmalıdır.

2) Müsavilik – yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir.

3) Düzgünlük – bunun mənası budur ki, bir para seçkilərdə, məsələn, kəndlilər qabaqca vəkilləri seçib göndərirlər şəhərə. Şəhərdə bu vəkillər qarışırlar qeyri şəhərlərin vəkillərinə. Dübarə vəkillər seçib göndərirlər qubernski şəhərə. Belə olanda aşkardır ki, əvvəlinci seçkidə səs verənlər bilməyəcəklər ki, aya axırıncı seçkinin vəkilləri kimin və hansı məbusun seçkilərinə səs verəcəklər. Bəs, bundan yaxşısı budur ki, hər bir kəs əvvəlinci seçkiyə duranda düzbədüz istədiyi məbusa rəy versin.

4) Gizlilik – yəni səs sahibi səsini elə gizlin verə ki, bir kəs xəbərdar olmaya ki, aya, bu kimə rəy verdi”.

Mirzə Cəlil məqaləsində cümhuriyyət sistemində azadlığın əhəmiyyətini vurğulayaraq, təməl azalıqların “etiqad, yığıncaq, birləşmək, çap eləmək, danışmaq, siyasi partiyalar düzəltmək, dilbir olub, həmtədbir” olduğunu qeyd edir. Nəticədə Mirzə Cəlilə görə, “Vətəndaşlar! Bir tamaşa edin bu nemətlərə, bu gözəl nemətlərə! Bir tərəfdən də yada salınız zalım padşahların və onların polislərinin cövr və zülmünü! Əgər bizdə insanlıq hissi ölməyibsə – və güman edirəm ki, ölməyib, – o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın cümhuriyyət!” – deyə yazır.

Siyasi mənada termini Azərbaycan siyasi-fikir tarixində 1917-ci il inqilabından sonra Rusiyanın seçəcəyi yol haqqında fikir bəyan edərkən M.Ə.Rəsulzadə səsləndirib. O, yeni Rusiyanın “federativ-demokratik cümhuriyyət” olmasını dilə gətirib.[5] Bu fikir, Gəncədə Nəsibbəy Yusifbəyli rəhbərliyində yaradılan “Türk Adəmi Mərkəziyyə firqəsi”nin bəyannaməsində “muxtar cümhuriyyət” şəklində öz əksini tapıb. 1917-ci ilin may ayında Moskvada keçirilən Bütün Rusiya Müsəlmanları qurultayında da M.Ə.Rəsulzadənin Rusiya üçün “federal əsaslarə söykənən demokratik cümhuriyyət” fikri səs çoxluğu ilə qəbul edilmişdir.

Azərbaycan siyasi-fikir tarixində “cümhuriyyət” fikri məhz bu şəkildə ortaya çıxıb. 1917-ci ildən əvvəl Azərbaycanla bağlı belə bir fikrin səsləndirildiyinə dair indilik əlimizdə başqa bir məlumat yoxdur. Maraqlıdır ki, tədqiqatçılar dövrün Azərbaycan ziyalılarının və siyasi xadimlərinin bu termini haradan, necə və hansı məqsədlə alındığını araşdırmayıblar.

Birmənalı olaraq qeyd edə bilərik ki, “cümhuriyyət” termini Osmanlı mənşəlidir. Avropa dillərində “cümhuriyyət” mənasında respublika anlayışı latınca “res publica” sözündən törədilib. Günümüzdə bütün müsəlman xalqlarının dilində yer alan “cümhur” və ya “cümhuriyyət” terminləri də latıncadan fransızca keçən republique sözünün qarşılığında istifadə edilir. Termin ilk dəfə Osmanlı türkcəsində işlədilmiş və osmanlıca vasitəsilə ərəb, fars, hətta Hind dillərinə keçmişdir.

Cümhuriyyət sözünün kökü olan “cumhur” ərəbcə olub mənası “xalq”dır. Kəlmə, “Kamusi-Türki”də “xalq”, “cəmiyyət” və siyasi idarəetmə şəkli olaraq üç mənada açıqlanıb. Cümhuriyyət termininin yaranmasında ərəbcə “cumhur-xalq” əsas alınsa da, kəlmə fransızca republique qarşılığında türkcə “lıq/lik/lük” şəkilçisinın ərəbcə forması olan “iyyət” birləşməsindən yaranmışdır. Belə olan halda, kəlmənin dilimizdəki tam açıqlaması “xalqa aid, xalqla bağlı və xalqa məxsus” olub, XIX əsrdən əvvəl nadir hallarda Osmanlı rəsmi sənədlərində keçir.

Termin Osmanlıca əsərlərdə Böyük Fransız inqilabından sonra daha geniş işlədilməyə başlandı. XIX əsrin ortalarından etibarən kəlmə türk dilinə xas bəzi ifadə formaları qazanaraq bəzi yeni terminlərin yaranmasına səbəb oldu. Belə terminlərdən biri də “cümhuriyyətçilik” idi. Osmanlı siyasi-fikir tarixində “cümhuriyyət” terminin və anlayışının memarları isə Namiq Kəmal və Əli Suavi qəbul edilir.

 Yeni Osmanlıcılıq cərəyanının qabaqcılları olan bu iki maarifçi Şərq düşüncə sistemində “cümhuriyyət” üçün uzun və geniş hüquqi-tarixi təməllər axtarıblar. Osmanlıca və onun təsiri ilə Azərbaycan dilində görünən bu terminin latınca “res publica” sözündən yarandığı gizlədilmir. Bunu diqqətə alan müasir tədqiqatçılar cümhuriyyət üçün kökləri Platona qədər uzanan geniş bir fikir şəcərəsi yaradırlar. Halbuki, Qərb düşüncə sistemində, günümüzdə işlədildiyi şəkli ilə terminin banisi Palazzodur.

1606-ci ildə Palazzo tərəfindən qələmə alınan, 1611-ci ildə fransızcaya tərcümə olunan “İdarə və həqiqi dövlət ağlı haqqında nitq” əsərində “cümhuriyyət” anlayışı “dövlət ağlı”nın (ratio status) ən mükəmməl idarəetmə forması olaraq şərh edilib. Palazzo əsərində əvvəlcə “dövlət nədir?” sualını mərkəzə qoymuş və onu dörd təməldə əsaslanıdırmışdır:

1. Dövlət (etat) ilk növbədə ərazidir (dominum);

2. Dövlət bir mühakimə sahəsidir (juridiction). Yəni qanunlar, haqlar, təhəmmüllərin cəmi, bir növ “qurum”dur;

3. Dövlət bir həyat tərzidir, yəni sözün başqa bir mənası ilə fərdi bir sahə, məsləkdir.

4. Dövlət bir şeyin necəlik formasıdır, yəni hərəkətə qarşı ətalət halıdır.

Bu açıqlamanın Platondan və Romadakı “cümhuriyyət” (respublika) anlayışından tamamilə fərqli bir fikrə əsaslandığı ortadadır. Belə ki, Palazzo üçün “cümhuriyyət” bir “dövlət ağlı” sistemidir. Həmin ağlın təməlində təbiət dayanır və bu ağıl “ruhun qavrama gücünü, yəni şeylərin həqiqətini hiss edib bilən və özü haqqındakı təyinatında doğru və yaxşını idarə edən şeyi ifadə edir”.[13] Beləcə, ağlı ilkin mənada “şeylərin özünün bütünü” (təbiət), ikinci mənada isə “şeylərin doğru bir qanunu və faəliyyətlərimizin bir ölçüsü” hesab edən Palazzo üçün “dövlət” yuxarda sadaladığımız bütün mənalarda “cümhuriyyət”dir.

Yazının davamı “Ustad” jurnalının 19-cu sayında.