“Can Azərbaycan” təqdim olundu

9 Baxış

20151012_sekil1Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” adlı layihə çərçivəsində “Can Azərbaycan” şeirlər toplusunun təqdimat mərasimi keçirilib. Tədbirdə ədəbi ictimaiyyət nümayəndələrinin, QHT təmsilçiləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə layihə rəhbəri Əfsanə Ələsgərli açıb. O, kitabı nəşr etdirməkdə məqsədlərinin ədəbiyyatımızda vətənimizin gözəlliyi ilə yanaşı, yurd sevgisini bədii boyalarla əks etdirən, Azərbaycanla bağlı şeirləri  bir araya toplamaq, gənc ədəbi nəslə təqdim etmək olduğunu bildirib. Daha sonra söz alan kitabın tərtibçisi Sərdar Şirvan qeyd edib ki, topluda yer alan poeziya nümunələri bütövlükdə güneyli- quzeyli Azərbaycan şairlərinin yaradıcılığını əks etdirir. Ustad Şəhriyar, Əhməd Cavad, Səməd Vurğun, Məmməd Araz, Xəlil Rza Ulutürk və s. şairlər başda olmaqla, topluya daxil edilmiş şairlərin poeziya nümunələrində vətən məhəbbəti, yurd sevgisi, vətənpərvərlik duyğuları, milli özünüdərk ideyaları öz əksini tapır.

AMEA Əlyazmalar İnstitutunun elmi əməkdaşı Könül Nehmətova, şairlər Ramiz Qusarçaylı, Akəm Xaqan, Zirəddin Qafarlı eləcə də digər iştirakçılar vətənə məhəbbət, yurda sevgi ruhunda yazılan poeziya nümunələrinin gənc nəslin mənəvi tərbiyəsində, Vətənə məhəbbət ruhunda böyüməsində mühüm rol oynadığını deyiblər. Bildirib ki, sözügedən toplu təkcə ədəbi ictimaiyyət üçün deyil, eyni zamanda orta məktəb şagirdləri üçün daha faydalı bir vasitə hesab edilə bilər.

Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq öz növbəsində kitabın əhəmiyyətindən bəhs edib. O, topluda yer alan şeirləri yüksək qiymətləndirdiyinii deyib.

Sonda çıxış edən DGTYB Təsisçilər Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı Azərbaycan ünvanlı şeirlərin, bilavasitə “Azərbaycan” sözü keçən şeirin, demək olar,  XX yüzillikdə ardıcıl xarakter daşıdığını söyləyib: “Təşkilat bu topluda Azərbaycanşünaslığa, belə deyək, ədəbi-bədii baxımdan yeni bir kitab təqdim edir. Bu, sevginin, həsrətin yolunu izləmək baxımından bizim şəkilləndirdiyimiz “Can Azərbaycan”dır!”

 

Qeyd edək ki, toplunun redaktoru Əkbər Qoşalıdır.

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10