Çanaqqala deyiləndə…

42 Baxış

rovshenyerfiÇanaqqala zəfəri – 100

Rövşən Yerfi          

                        

Çanaqqala deyiləndə, ilk əvvəl o mübariz savaşı, döyüşlərdə canını fəda edən iki yüz əlli mindən artıq şəhidin həmişəyaşar ruhunu anıram. Türkün millətlər arasında tarixi sınağı, tarix qarşısında alnı açıq, üzü ağ, başı vüqarlı çıxdığı imtahan…

Bu döyüşlər – Vətəni canından artıq sevməyin gerçək nümunəsi, şanlı sübutu, Vətən üçün ölməyin şirin dadan fürsəti…

Türkün düşmənlərinin başlarında çatlatdığı çanaxdı Çanaqqala. Çanaqqala zəfəri – böyük  türk ruhunun dolğun ifadəsi, bariz təzahürü, özünü təsdiqi,  əyilməzliyi, iradəsinin bütövlüyü, qırılmazlığı, sarsılmazlığı, dönməzliyi, ölümsüzlüyü…

İşğalçı düşmənlərin mənfur  niyyətlərinin puç olduğu, arzularının ürəklərində gömüldüyü möhtəşəm torpaq…

Osmanlı türkünün fransıza, ingilisə, onların əlaltılarına keçdiyi igidlik dərsi, millətin mətanəti, şücaəti, şərəfi, ləyaqəti, qeyrətinin varlığı, namus ucalığı, əbədi şan-şöhrəti, fərəhi, fəxri-fəxarəti, mərdlik – qəhrəmanlıq rəmzi – Çanaqqala…

Çanaqqala həm də bizim üçün – üç mindən çox Azərbaycan türkünün qardaşlıq borcunu ödəyərkən, şəhid olduğu müqəddəs məkandır. Görəsən, nədən, tariximizdəki Vətən torpaqları uğrundakı vuruşlardan yaddaqalanı, xatırlananı, beynimizə yeridiləni təkcə – (yadlarla deyil, qardaşlarımızla olan) Çaldıran döyüşü oldu? Zaman-zaman obamıza diş qıcırdan arxalı köpəklərin yürüşləri, istəkləri əksər vaxt  -  olmayan birliyimizə üstün gəldi. Parçalandıq, paralandıq, bölündük…

Heyiflər ki, yurdumun Babəki, Cavad xanı olsa da, qürrələnəsi Çanaqqalası olmadı…

Xalq – yalnız belə mətin qələbələrlə millətə çevrilir…

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10