“Çanaqqala zəfəri:1915-ci ildə Birinci Dünya müharibəsinin təlatümləri və Osmanlı imperiyası”

36 Baxış

cannaqqala

“Çanaqqala zəfəri:1915-ci ildə Birinci Dünya müharibəsinin təlatümləri və Osmanlı imperiyası” mövzusunda elmi konfrans keçirilib.

Mayın 13-də AMEA-nın əsas binasında Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Çanaqqala zəfəri:1915-ci ildə Birinci Dünya müharibəsinin təlatümləri və Osmanlı imperiyası” mövzusunda konfrans keçirilib.

Senet.az xəbər verir ki, əvvəlcə foyedə Şərqşünaslıq İnstitutu tərəfindən nəşr olunmuş kitablardan ibarət sərgi nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva Türk xalqına şərəf gətirən, bu millətin əyilməzliyini, yenilməzliyini sübut edən Çanaqqala zəfərindən, bu zəfərin tarixi əhəmiyyətindən danışdı.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa HəbibbəyliÇanaqqala zəfərini təkcə soykökü bir olan iki qardaş xalqın tarixi qələbəsi deyil, eləcə də bütün məzlum millətlərin zəfəri adlandırdı. Bildirdi ki, bütün türk dünyasının tarixinə böyük qəhrəmanlıq və hərbi şücaət salnaməsi kimi daxil olmuş Çanaqqala zəfərindən 100 il keçir. Çanaqqala müharibəsi 1915-1916-cı illərdə Osmanlı dövləti ilə müttəfiq Avropa dövlətləri arasında aparılan dəniz və quru müharibələri kimi tarixə düşüb. Türkiyənin şanlı zəfər tarixinə çevrilən bu gündə Osmanlı dövləti dünyaya türk əsgərinin rəşadətini nümayiş etdirib. Bu zəfərin qazanılmasında 3 minə yaxın azərbaycanlı da iştirak edib.

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun həm Azərbaycan, həm də türk xalqının dostluq və qardaşlığının çox dərin tarixi köklərə malik olduğunu vurğuladı, Çanaqqala qalibiyyətinin ortaq tariximizin şanlı səhifəsi olduğunu qeyd edti. Həmin savaşda türk əsgərlərinin göstərdikləri şücaətdən bəhs edən səfir Azərbaycan oğullarının onların yanında olduğunu, onlarla birlikdə döyüşdüklərini diqqətə çatdırdı.

Daha sonra çıxış edən Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev Çanaqqala zəfərinin türklərin tarix boyu nə qədər qəhrəman, mübariz bir xalq olduğunu bir daha göstərdiyini bildirdi.

Tədbir çərçivəsində, həmçinin Çanaqqala zəfərindən bəhs edən sənədli film nümayiş etdirildi.

Konfransda “Birinci Dünya müharibəsində böyük dövlətlərin Şərq siyasəti və Osmanlı imperiyası”, “Çanaqqala zəfərinin türk tarixində yeri və əhəmiyyəti”, “1915-ci ildə Osmanlı imperiyasında erməni siyasi təşkilatlarının terrorçu və təxribat fəaliyyətləri və nəticələri (Van hadisələri)” və digər mövzularda məruzələr dinlənildi.

 

 

 

 

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10