“Çaqqal və ayı” təmsili

200 Baxış

elchinefendi

Elçin Əfəndi

 

Günlərin bir günü çaqqal ayının yanına gələrək, acından öldüyünü və ona ov etmək bacarığını öyrətməyi xahiş edir. Ayı çaqqalın çaqqalığını süzərək, birtəhər razı olur. Ona necə ov etmək lazım olduğunu öyrədir.

Çaqqal çaqqalcasına “bunları mən də bilirdim” deyərək, sağ ol belə demədən çıxıb gedir. Əhvalatdan bir neçə gün keçir. Çaqqal getdikcə zəifləyir. Qabiliyyətsiz və qanacaqsız olduğunu dərk edir. Amma ümidini itirmir ki, bir gün onu da çaqqal yerinə qoyan olacaq. Bu fikirlərlə bir neçə gün meşəni gəzir, dolaşır. Bir gün axşamçağı meşə ilə gedərkən qarşısına böyük bir dovşan çıxır. O ayının təlimindən istifadə edərək, dovşanı pusur. Getdikcə ona doğru yaxınlaşır. Qəflətən dovşanın üzərinə atılaraq, onu tutur. Sürüyə-sürüyə xəlvət yerə çəkilir. Əvvəlcə dovşanın arxasını parçalayaraq yeyir. Doyduğunu hiss edərək, onu gizlətmək üçün yer axtarır. Amma hörmət-izzət sahibi olmadığının fərqinə varır. Bilir ki, harda gizlətsə, öz həmcinsləri ovu tapıb yeyəcəklər.

Çarəsiz qalaraq, yenidən ayının yanına üzsüzcəsinə üz tutur. Çünki ayının saxlancları vardı. Orada hörmətlilərin ovları saxlanırdı. Heç kim risk edib, o saxlanclara yaxınlaşa bilmirdi. Çaqqal da bunu düşünərək, ayının yanına gəlmək üçün tələsir. Ayı göl kənarında uzanaraq, balıq yeyə-yeyə xarici ölkə ədəbiyyatından “Ernest Heminquey”in “Dəniz kənarı ilə qaçan alabaş” adlı əsərini oxuyurdu. Bu zaman çaqqalın göl kənarı ilə gəldiyini görərək, bağırır: “Çaqqal, göldən kənara çəkil. Sən buna layiq deyilsən.” Çaqqal ayının bağırtısından titrəməyə başlayır. Hiss edir ki, ayı onun istəyini yerinə yetirməyəcək. Amma yenə də xislətindən əl çəkmir. Ayıya yaxınlaşaraq, salam verir və ardınca da deyir: – Ayı, səndən bir xahişim var. Ayı onu başdan ayağa süzüb, yediyi balıqları qaytarır. Əsəbləşərək çaqqalın üzərinə qışqırır: – Sən nə simasız şeysən. Deyəsən dovşan yemisən, özü də arxasını. Bütün tükləri çənənə yapışıb. Əməllicə saqqala oxşayır. Çox iyrənc görünürsən, çaqqal. İştahamı da korladın, yediyimi qaytardım. Milçək belə sənin kimi ürəkbulandırmır. Hətta xarici ölkələrin alabaşı, alabalası belə səndən daha qüdrətli, daha hörmətlidir.

Özünə hörmət et, çaqqal. Çaqqal ayının dediklərinin fərqinə varmır. Çünki onun üçün ən ali məqsəd alçalmasına baxmayaraq, qarnını doyurmaqdan ibarət idi. Ona görə də baxmayaraq ki, ayı onun xahişini dinləmək istəmir, o yenə də çaqqalcasına xahişini bildirdi: – Ovumu saxlamaq üçün səndən yer istəyirəm. Mən fağır çaqqalam. Dəstək ol mənə, ayı. Ayı onun sözlərindən daha da qəzəblənərək, sizin xislətinizə bələdəm. Sənə oxşayan biri də dovşan yeməkdən çənəsi saqqal bağlamışdı. Ona da yardım edənlər eyni aqibəti yaşadılar. Mənim saxlanclarımda nə sənə, nə də sənin cinsindən olanlara yer yoxdur.

Çünki siz tez quduran və çörəyə təpik atanlarsınız. Rədd ol. Çaqqal suyu süzülə-süzülə kor-peşman geri qayıdır. O, meşənin ortasında olan talaya çataraq, başlayır qışqırmağa. Ətrafa səs salır ki, ayı pisdir, ayı bütün meşədə saxlanclar üzərində hegemonluq edir. Başqalarının ovunu saxladığı halda, mənim ovumu saxlamaqdan imtina edir. Onun bu hay-küyünə bir-iki çaqqal istisna qalanları “əşşi çaqqaldır da. Həmişəki xasiyyətidi” deyərək, cavab verirlər. Ayı isə ünvanına səslənən bu fikirləri eşidərək deyir: – Çaqqal elə çaqqaldır. O heç zaman aslan ola bilməz! Nə qədər bağırsa belə, ondan aslan səsi deyil, kəsəyən səsi çıxar.

 

 

 

 

 

 

 

 

 

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10