Cavanşir Feyziyevin “Türk dünyası” kitablar seriyası

22 Baxış

116522_588cpww1il

Hazırda bütün Türk dünyasında türk sivilizasiyası, türk mədəniyyəti, elmi, dövlətçiliyi, hərb sənəti və s. haqqında intensiv araşdırmalar aparılır, bəşər sivilizasiyası tarixində özünəxas yeri olan bu möhtəşəm irsin tam öyrənilməsinə fundamental tədqiqatlar həsr olunur.

Məlumdur ki, uzun müddət dünya sivilizasiyalarından danışarkən, bəşər tarixinin fundamental dəyərlərə malik ən seçkin sivilizasiyalarından biri olan bu zəngin irsin  üstündən məqsədyönlü şəkildə sükutla keçilmiş, elmi diqqətdən kənarda saxlanılmışdır. Bunun da səbəbi, təbii ki, aydındır: türk sivilizasiyasının bügünə qədər öz bütövlüyünü saxlaması türk dünyasının dünyanın güc mərkəzlərindən biri  kimi qəbul olunmasını ortaya qoyur. Türk həqiqəti isə müəyyən qüvvələri narahat edir.

Amacı türk xalqlarının mədəni və siyasi birliyi olan türkçülük ideyası tarixi proseslər fonunda daim sıxışdırılmış, türkçülük ideyasının daşıyıcıları təqib olunmuş, repressiyalara məruz qalmış, fiziki cəhətdən məhv edilmişlər. Müxtəlif ölkələrdə bu təqib və təzyiqlər özünü müxtəlif formada göstərsə də, başlıca məqsəd eyni olmuşdur – Türk xalqlarının mədəni və siyasi birliyini göstərən bu yolun qarşısını almaq. Ancaq bütün bunlara baxmayaraq, türk arealında müxtəlif siyasi quruluşlarda tarixən ayrı-ayrı milli mədəniyyətlər formalaşsa da, siyasi-mədəni diferensasiyaya uğrasalar da, türk sivilizasiyasının nüvəsi dağılmamış, öz bütövlüyünü qoruyub saxlamışdır.

Türk birliyi ideyası türklərin böyük dövlətlər, imperiyalar yaratdıqları zamanlarda da, tənəzzül dövrlərində də həmişə aktual olmuşdur. Türklər hər bir zaman öz məğlubiyyətlərinin səbəbini ayrı-ayrı türk ulusları arasında birliyin itirilməsində görmüşlər. Türk ulusları arasında birliyin qorunub saxlanılması həmişə həm dövlət idarəçilərinin, həm də türk mütəfəkkirlərinin diqqət mərkəzində olmuşdur. Türk birliyi ideyasının özünütəsdiq mərhələsi isə XIX əsrin sonlarından başlayır. Türklərin dünya tarixində geriləməsi, düşüncə sahiblərinin bunun səbəblərini araşdırması, yenidən dirçəliş yollarının axtarması türkçülüyün bir ideologiya kimi ortaya çıxmasına səbəb olur. M.F.Axundov, M.Kazımbəy, Ç.Vəlixanov, B.Çobanzadə, F.Köprülüzadə, H.Cavid, Ə.Cavad və b. kimi mütəfəkkirlərin fəaliyyəti, I Türkoloji qurultay türkçülüyün inkişafına töhfə verir.

 Həm çar Rusiyası, həm də Sovet hakimiyyəti illərində ciddi-cəhdlə sıxışdırılan türkçülük öz ənənələrini türkologiya elmində davam etdirirdi. Türkologiya bir elm kimi türkçülük ideologiyasının zənginləşməsinə, şübhəsiz, güclü təsir göstərmişdir. Sovet hakimiyyətinin dağılmasından sonra sovet əsarətindən xilas olan türk dövlətlərində, o cümlədən, Azərbaycanda da türkçülük ideologiyası ətrafında araşdırmalar intensivləşir. Türk dünyası ölkələrinin qarşılıqlı əlaqələri, inteqrasiya problemləri, ümumtürk siyasəti və ideologiyası sistemli şəkildə tədqiq olunur. Türk birliyi ideyasının zəruriliyi, problem və perspektivləri elmi şəkildə öyrənilir.

Türk dünyasının tanınmış tədqiqatçılarından bir kimi tanınan Cavanşir Feyziyevin 2017-ci ildə “Mütərcim” nəşriyyatında işıq üzü görən “Türk dünyası” beşcildliyi də bu amala xidmət edir:  Türk böyüklüyünü, bütövlüyünü, əzəmətini və zənginliyini göstərmək, türk dünyasının vəhdətini elmi əsaslarla təqdim etmək. Beş kitabdan təqdim olunan “Türk dünyası” əsərində müəllif türklüyün bütövlük gerçəkliyini, türk dünyasının xüsusiyyətlərini real faktlar əsasında, dolğun və zəngin məlumatlarla  əks etdirmişdir.

“Türk dünyasının təməl dəyərləri” adlı I kitabda türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir. Türk sivilizasiyası anlayışı əsaslandırılır, türk etnocoğrafiyasının hüdudları, türklərin tarixi geopolitikası, dövlətçilik ənənələri və s. elmi əsaslarla sistemləşdirilərək təqdim olunur.

“Türk xalqları” adlı II kitabda  türk etnocoğrafiyası, əski türk ulusları və boyları, müasir türk xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolundan bəhs olunur. Əski türk uluslarından, hunlar, göytürklər, saqlar, avarlar və s. başlayaraq  müasir türk dövlət və xalqları haqqında əhatəli məlumat verən müəllif daha sonra hazırda fəaliyyət göstərən türk diaspor təşkilatları və ümumtürk qurumları, onların fəaliyyət istiqamətləri haqqında bəhs edir.

“Türk dövlətçiliyi tarixi” adlı III kitabda türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikalari və vilayətləri, türk dövlətlərinin qarşılıqlı əlaqələri və inteqrasiyası haqqında söz açılır. Türk imperiya və dövlətlərinin bəşər tarixinə verdikləri töhfələr, dövlətçilik ənənələri, bu ənənələrin bu gün də davam etməsi, türk dövlətlərinin tarixi proseslərdə yeri və s. haqqında ətraflı məlumat verilir.

“Türkşünaslıq” adlı IV kitabda  türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası və onun nümayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analizi, türklərin kimliyinə münasibət, müasir türk dünyasının inkişaf potensialı və perspektivləri haqqında konkret informasiyalar yer alır. C.Feyziyev bu kitabda türkçülük ideologiyasının meydana gəlməsi, əsas hədəfləri və xüsusiyyətləri haqqında geniş məlumat verir, məfkurə savaşları, məqsədyönlü şəkildə türkçülüyün təhrif olunması (pantükizm, panislamizm, panturanizm), bunu səbəblərini araşdırır, elmi nəticələr ortaya qoyur. P.Tomsen, V.Radlov, V.Bartold, S.Malov, Y.Bertels, L.Qumilyov, N.Baskakov, A.Kononov, P.Qolden, K.Findli, H.Poup,  D.Kıdırəli və b. kimi məşhur dünya türkşünasları, onların elmi fəaliyyəti, tədqiqatları, Ə.Vefiq Paşa, M.Cəlaləddin Paşa, A.Vamberi, C.Əfqani, H.Zərdabi, V.Çələbi, Y.Akçura, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Toğan, O.Süleymenov və b. kimi türkçülüyün nümayəndələri haqqında ətraflı bəhs edir. Kitaba həmçinin türk ruhu, türk əzmkarlığı, tarixi, dövlətçiliyi, mədəniyyəti haqqında  dünyanın məşhur dövlət və mədəniyyət xadimlərinin fikirləri də daxil edilmişdir.

Böyük türk birliyinin təməlləri və imkanları haqqında oxucuya ətraflı məlumat verən verən müəllif türk dünyasının inkişaf perspektivləri haqqında elmi mülahizələr ortaya qoyur. Türk dünyasının geopolitik quruluşu, təbii ehtiyatları, iqtisadiyyatı, hərbi və elmi-intellektual potensialı, türk dövlətlərinin ümumi təhlükəsizlik problemləri göstərilir. Türk dövlətlər birliyinin ideyadan reallığa çevrilməsi yolları təsvir edilir.

“Türk dünyasının tarixi şəxsiyyətləri” adlı V kitabda isə türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirilərək təqdim olunur. Türk sivilizasiyası ən qədim zamanlardan müasir dövrümüzədək dünya tarixinə böyük töhfələr verən şəxsiyyətlər, dünyanın siyasi düzənini dəyişən fatehlər, bəşəriyyət həyatında yeni istiqamətlər açan insanlar, universal biliklərə malik zəkalar yetişdirmişdir. Təbii ki, C.Feyziyev kitabda bu dahi şəxsiyyətlərin yalnız bir qismi haqqında yığcam informasiya vermiş, onların  xidmətlərinin əsas cəhətlərini təsvir etmişdir.

Beş hissədən ibarət “Türk dünyası” kitabı türk dünyası ilə bağlı əsas fakt, mövzu və problemləri əhatə etməklə zəngin informasiya qaynağı kimi çox qiymətlidir. Kitab geniş təhlillər, ümumiləşdirmələr əsasında müasir türk dünyası haqqında tam və yeni elmi mənzərəni yaratmağa xidmət edir. Təhlil olunan bütün faktların, hadisə və proseslərin inkişaf qanunauyğunluqlarının, dinamikasının öyrənilməsi müasir humanitar elmlər üçün də aktuallıq kəsb edir. Müəllifin özünün qeyd etdiyi kimi: “Bu gün aktuallaşdırılması zəruri olan əsas məsələ – ümumtürk qurumlarının koordinasiyasını daha da optimallaşdırmaqdan və suveren türk dövlətləri arasındakı hərtərəfli münasibətlərin dərinləşdirilməsi şərtləri daxilində onların sıx humanitar əməkdaşlığını və siyasi müttəfiqliyini həyata keçirəcək proseslərin inkişafına nail olmaqdan ibarətdir”. C.Feyziyevin Azərbaycan və xarici dillərdə yüzlərlə ədəbiyyatı, bu istiqamətdə yerli və əcnəbi tədqiqatçıların araşdırmalarını təhlil edərək ortaya qoyduğu bu fundamental əsər Türk dünyasının birgə gələcəyini təmin edəcək bu şərəfli missiyanın həyata keçirilməsinə töhfə olacaqdır.

Əliş Mirzallı

Filologiya üzrə fəlsəfə doktoru, dosent