Cavid şeirinin vəzni

411 Baxış

shemilsadiqOktyabrın 24-ü Azərbaycanın görkəmli şəxsiyyəti, şair Hüseyn Cavidin doğum günüdür.  Senet.az f.ü.f.dos Şəmil Sadiqin “Cavid şeirinin vəzni” məqaləsini təqdim edir. 

 

                                            (“Azər” dastanı əsasında)

 

Şeir incə, dərin məzmunlu fikrin gözəl üslubi ifadələrlə vəznli və qafiyəli ifadəsidir. Şeirin mühüm tərkib hissələrindən biri vəzndir. Bəzən qafiyəsiz, o qədər də məzmuna malik olmayan, lakin vəznlə deyilmiş  bədii parçaları şeir də olmasa, nəzm adlandırmaq mümkün olur, lakin şeir və ya nəzmin vəzni olmasa, onları nə şeir, nə də nəzm adlandırmaq mümkün deyil. 1000 ildən artıq yazılı  və ondan daha qədim şifahi ənənələri olan poeziyamızın 2 aparıcı vəzni vardır: heca və əruz. Bu vəznlərdən zaman-zaman şairlərimiz gah birinə, gah da digərinə üstünlük vermişdir. Elə şairlərimiz də olmuşdur ki, onların hər ikisini öz yaradıcılığında sənətkarlıqla tətbiq etmişdilər. Onlara misal olaraq Ş.İ.Xətai, M.V.Vidadi, M.P.Vaqif, Q.Zakir  və S.Ə.Nəbatini göstərə bilərik. Cavid də bu qəbildən olan sənətkarlardandır. Yeniyetmə çağından yaradıcılığa əruzla başlayan, Gülçin, Arif, Salik təxəllüsləri ilə yazan şair, sonralar  heca vəzninə də müraciət etmiş, Cavid təxəllüsü ilə yazarkən hər iki vəzni hörmət, məhəbbət və ehtiramla yaradıcılığında tətbiq etmişdir. Böyük estet şair-filosof hər iki vəznin xalqımızın poeziyası üçün nə qədər əhəmiyyətli olduğunu dərindən anlamış və onları qoruyub, gələcək nəsillərə daha gözəl, cilalanmış şəkildə çatdırmaq üzərində çalışmışdır.

Cavid şeirinin vəzni ayrıca bir tədqiqat obyekti olduğundan və elmi ədəbiyyatda bu barədə bütövlükdə bir fikir söylənmədiyindən məqsədimiz Cavidin vəzni haqqında bütövlükdə fikir söyləmək yox, yəni artıq tədqiq olunmuş sahəni bir də araşdırmaq deyil, şairin hər hansı bir əsəri üzərində işləyərkən ona vəzn baxımından necə yaradıcılıqla yanaşmasıdır. Məhz bu səbəbdən Cavidin vəzn cəhətdən ən rəngarəng əsəri olan “Azər” dastanı üzərində dayanmağı məsləhət bildik.

“Azər”i yazana qədər Cavid hər iki vəzndə kiçik və iri həcmli əsərlər yaratmış, vəzn cəhətdən necə yüksək bir səviyyədə durduğunu nümayiş etdirə bilmişdir. Onun “Ana”, “Uçurum” kimi pyesləri bütünlükdə heca, “İblis” kimi faciəsi bütövlükdə əruz vəznində, “Keçmiş günlər”, “Bahar şəbnəmləri” kitabındakı şeirləri həm əruz, həm də heca vəznində yazılmışdır. “Azər” dastanında şair hər iki vəzni, onların müxtəlif bəhr, növ, variant və ölçülərini işlətmiş, bir növ müştərək vəznli bir əsər yaratmışdır.

XX əsrin I onilliyindən başlayaraq, Azərbaycan ədəbiyyatında Cavid qədər vəzn və onların müxtəlif növlərini tətbiq edən ikinci bir sənətkar tapmaq mümkün deyildir. Fitri istedada və böyük estetik zövqə malik olan Cavid sənət əsərlərində daima gözəllik axtaran və bu gözəlliyi ömürboyu izləyən şairlərdəndir. Gözəl məzmuna uyğun, gözəl forma axtarışı onu ömürboyu məşğul etmişdir. Bu fikrə Cavid bütün yaradıcılığı boyu sadiq qalmış, əsərləri zaman keçdikcə nə qədər dərin məzmuna malik olmuşsa, onların formaları da bir o qədər inkişaf etmiş, rəngarəngləşmiş və gözəlləşmişdir.

Poetik əsərin forma anlayışına daxil olan, şeirin ən əsas xüsusiyyətlərindən birincisi, şübhəsiz ki, vəzndir. Cavidin bütün yaradıcılığı boyu işlətdiyi vəzn və onların növləri barədə ətraflı bəhs etmək, hal-hazırda imkanımız xaricində olduğundan bütün diqqətimizi “Azər” dastanına yönəldərək onun əsrimizin 20-ci illərindən başlayaraq ta ömrünün axırına qədər yazıb, lakin tamamlaya bilmədiyi bu əsərdəki şeir ölçülərinin üzərində dayanacağıq. Şairin vəzni haqqında ümumi  və dəqiq təsəvvür əldə etmək üçün, yəni onun yaradıcılığındakı heca və əruz vəznləri, sərbəst şeir ölçüsü haqqında danışmaq üçün bu dastandakı poetik ölçülər kifayət qədərdir.

Əruz vəzni

Əruz vəzni əldə olan mənbələrə əsasən, ədəbiyyatımızda təxminən 1000 illik bir tarixə malikdir. Azərbaycan dilində yazılmış əruz vəznli şeirimizin tarixi isə Həsənoğlunun məlum qəzəlinə əsaslanaraq 700 ildən qədimdir. Əsrimizin 20-30-cu illərinə qədər əruz vəzni şeirimizdə  aparıcı vəzn sayılırdı. Hal-hazırda şairlərimizin bu vəznə az-az müraciət etməsi  çox təəssüf doğuran haldır. Cavid yaradıcılığında əruz vəzni milli əruzumuzun inkişafında xüsusi bir mərhələni təşkil edir. Ədəbiyyatşünaslıq elmimizin ağsaqqallarından biri, mərhum əruzşünas alim-professor Ə.Cəfər Cavid yaradıcılığını milli əruzumuzun inkişafında beşinci mərhələ adlandırmış və əruzun gələcək  inkişafında çox böyük rol oynadığını qeyd etmişdir. H.Cavid əsərlərinin çox hissəsini əruz vəznində yazmışdır. Ənənələrinə sadiq qalan şair “Azər” dastanının böyük bir hissəsini bu vəzndə qələmə almışdır. Maraqlı burasıdır ki, şair əsərlərinin parçalarının hansının əruz, hansının heca vəznində olduğunu üstündə ə və h hərflərini yazmaqla özü göstərmişdir.

Azərbaycan əruzunun birinci bəhri həzəcdir. Cavid “Azər”də bu bəhrin üç növünü tətbiq etmişdir. Bunlar aşağıdakılardır:

8-ci növ-dördbölümlü sınıq açıq naqis həzəc (“müstəzad həzəci” də adlanır)

Azər da- ha çox zövq a- lır aydın ge- cələrdən

Hətta sa- rışın ay o- na gülmüşdü bir axşam.

məf Ulü məfa İlü məf A İlü fə Ulün

(“Azər düşünür”, “Mühacirlər”, “Bayramdı”, “Üsyan”)

12-ci növ-üçbölümlü sınıq açıq naqis həzəc (“Cavid həzəci” də adlanır)

Alqışla- dılar güldü, çəkildi

Alqışla- dılar bir da- ha gəldi.

məf Ulü məfA İlü fə ulü

(“Mühacirlər yuvası”, “Bayramdı”, “Üsyan”)

14-cü növ iki bölümü sınıq naqis həzəc.

Hər nəşə- li gəncin.

Coşmuşdu diləklər

məf Ulü fə Ulün

(“Üsyan” əsərinin başqa bir yerində rast olunmur)

Azərbaycan əruzunun 2-ci bəhri rəməldir. Rəməl bəhri klassik ədəbiyyatımızda və ümumiyyətlə, əruz vəznli şeirimizdə ən çox işlənən bəhrdir. “Azər” dastanında da bu hadisənin şahidi oluruq. Cavid əsərin əruz vəznli hissələrinin əksərini rəməl bəhrində yazmışdır. Dastanda bu bəhrin də 3 növü işlənmişdir. Bunlar aşağıdakılardır.

6-cı növ-dördbölümlü qısa incə rəməl.

Möhtəşəm bir salon ahən-gi-şətarət- lə gülər

Badələr züm- zümələr şə- şəələr dəb- dəbələr.

(“Qızın təranəsi”, “Nil yavrusu”, “Yurdsuz çocuqlar”, “Bayramdı”, “Vəhşi qadın”)

8-ci növ-üçbölümlü qısa incə rəməl:

Kimi arif, kimi dilbər, və əsil,

Kimi qurnaz, kimi diva- nə səfil.

Fə ilAtün fə ilAtün fə ilün

“Əsgərlər təlim edərkən”

(“Gecə aydınlığı və gün doğuşu”, “Azərin cavabı”, “Məsciddə”, “Azad əsirlər”, “Rəssamın qızı”, “Nil yavrusu, “Şərqə doğru, “Eşidilən türkü”, “Yurdsuz çocuqlar”, “Bayramdı”, “Vəhşi qadın”, “Səlmanın səsi”)

10-cu növ-ikibölümlü qısa  incə rəməl:

Bir müsafir kimi şən,

Yolda hər qar- şı gələn.

fa ilAtün fə ilün

“Nil yavrusu”

(“Azad əsirlər”, “Rəssamın qızı”, “Bayramdı”)

Yuxarıda adları çəkilən poetik parçaların bəzilərində rəməl bəhrinin hər üç növünə rast olunur. Bunlar ya böyük həcmli şeir parçaları ilə bir-birini müəyyən ardıcıllıqla izləyir, ya da misra vahidi ilə bir-birini izləyərək ölçülü sərbəst şeir yaradırlar. Bu barədə sonra bəhs edəcəyik. Belə poetik  parçalar aşağıdakılardır:

“Azad əsirlər”, “Bayramdı”, “Nil yavrusu”

Müctəs bəhri şeir praktikasında qeyri-fəal bəhrlərdəndir. Bu bəhrdə əsərlər yaradılmamışdır. “Azər” dastanında bu bəhr ancaq bir yerdə, “Nil yavrusu” adlanan parçada işlədilmişdir. “Nil yavrusu”na daxil olan və on iki misradan ibarət olan həmin şeir parçası müctəs bəhrinin II növündə (fəal-müctəs) yazılmışdır.  Qeyd edə bilərik ki, C.Cabbarlının məşhur “Ana” şeirinin vəzni də həmin bu ölçüdədir.

Yığın-yığın axışan- av tolar tram- vaylar

məfA ilün fə ilAtün məfA ilün fə lün

çiçəkli süs- lü təravət- li bir cana- nə qoşar.

məfA ilün fə ilAtün məfA ilün fə ilün

Xəfif bəhri tarixən böyük poemalar və mənzum hekayələr, təmsillər bəhri kimi şeirimizdə işlənsə də onun ədəbiyyatımızda fəal-xəfif adlı cəmi bir növü vardır. Buna gözəl nümunə Nizaminin “Yeddi gözəl” poemasının ölçüsüdür (Buna “həft-peykər” vəzni də deyirlər). Rəməl və xəfif bəhrlərində variant qəliblərinin sayı on ikiyə çatır. Bu isə həmin bəhrləri əruzun digər bəhrlərindən fərqləndirən cəhətlərdən biridir.

Canavar qar- şı gəlsə par- çala əz.

fə ilAtün məfA ilün fə ilün

Kələbəklər qoşarkən oy- naşına

fə ilAtün məfA ilün fə ilü

Şu torpaq, iş- tə əski bir general

fə ilAtün məfA ilün fə ilan

Gülüşən hər çiçəklə həm- raz ol.

fə ilAtün məfA ilün fə lün

ruha uyğun sevimli bir röya

fə ilAtün məfa ilün fə lü

Kəsilib in- qilaba həp dü şman

Fə ilAtün məfA ilün fə lan

Bundan sonra gələn altı variantın fərqi, əvvəlki  altı variantın birinci misrasında olan iki hecası qısa fə ilAtün təfiləsinin sonrakı altı variantında iki hecası uzun olan fA ilAtün təfiləsi ilə əvəz olunmasıdır.

Çünki, hər kəs- də parlıyor bu həvəs,

Hanki xoş, han- kı pək tikən- li, qaba.

Nerdə, kim sür- ürdü səylə, dad- lı həyat?

Quşlar ötdük- də sən də dəm- saz ol.

Öylə yer var ki, hərbi al- qışla.

Çox gözəl söy- lədiklərin, heyhat.

H.Cavid aktiv xəfifi əsərin “Əsgərlər təlim edərkən”, “Mühacirlər yuvası”, “Nil yavrusu” və “Yurdsuz çocuqlar” adlı hissələrində işlətmişdir.

 

Heca vəzni

Cavid yaradıcılığı ilə tanış olmayanlar elə güman edə bilər ki, şair guya əruza daha çox rəğbət göstərmiş, hecanı az işlətmişdir. Əslində bu belə deyil. Cavid hər iki vəznə eyni hörmət və qayğı ilə yanaşmışdır. Təsadüfi deyil ki, onun ilk mənzum dramı olan “Ana” heca vəznində yazılmışdır. Bundan başqa, şairin həmin bu vəzndə “Uçurum”, “Nil yavrusu” kimi irihəcmli əsərləri vardır. Bu, böyük şairimizin doğma şeir vəznimizə olan dərin məhəbbət və hörməti ilə əlaqədardır. Cavidin ən böyük xidmətlərindən biri heca vəzninin uzun  dövrlərdən bəri şifahi xalq ədəbiyyatında işlədilən bir çox ölçülərini yazılı ədəbiyyata gətirməsi və onlara yaradıcılıqla yanaşaraq əsərlərində işlətməsidir.

“Azər”də üç  hecalıdan tutmuş on altı hecalıya qədər heca vəzninin əksər ölçülərinə rast olunur. Əlbəttə, biz bu fikri söylərkən, heç də şairin əsərdə işlətdiyi mükalimələri (dialoqları) nəzərdə tutmuruq. Misra vahidinin kiçik ölçülərə parçalanması vasitəsi ilə yaranan mükalimələr daha əvvəlki dövrlərdə M.Ə.Sabirin “İki həpənd” və Cavidin “Ana” dramında  mövcud idi. “Azər”də isə buna mükalimə kimi yox, ayrıca bir misra vahidi kimi rast olunur. Dastanda rast olan heca vəznli ən kiçik ölçü üç hecalıdır. Misra vahidi kimi bütün əsərdə iki yerdə rast olunur. Aşağıdakı misralara diqqət yetirərək buradakı üçhecalı misranın parçalanması nəticəsində yaranan mükalimə yox, ayrıca bir misra kimi qəbul etməyi tam qanuni hal hesab edə bilərik:

Bu ahıl ixtiyarı qarsıb-qovurdu.

Bu xain arxaya söyüb-sovurdu.

Azər içindən titrədi,

Hey!… dedi:

Hey zavallı, saqın, yorma kəndini!

Qüvvətdən düşüncə titrək əllərin,

Düşmənlərin deyil, hətta rəhbərin, –

Arxaların belə satarlar səni.

“Kömür mədənində”.

Yuxarıdakı misallar arasında “hey!.. dedi” ayrılıqda götürüldükdə mükalimə yox, bütöv bir misra vahididir. Bu fikrimizi misralar arasında olan qafiyə və bölgü sistemi də sübuta yetirir. Belə ki, “Azər içindən titrədi” və “hey!.. dedi” bir-biri ilə həmqafiyə olan ayrı-ayrı misralardır və bu misraların heç biri digər misralarla həmqafiyə deyillər. Cavid kimi səliqəli bir şair isə, heç vaxt “Azər içindən titrədi, hey!.. dedi” misrasını qafiyəsiz, tamam sərbəst buraxa bilməzdi. Deməli, “hey!.. dedi” üçhecalı, yarımçıq yox, bütöv bir misradır. İkinci misalımız da, təxminən, elə bu cürdür:

Azər dedi:

O imdi bitmiş artıq,

Çox yazıq!..

Bir yarpaq kimi solmuş,

Çürümüş, torpaq olmuş.

Əslində, bəlkə də, Cavid yuxarıdakı misraları belə yazmalı idi:

Azər dedi: – Çox yazıq!..

O imdi bitmiş artıq,

Bir yarpaq kimi solmuş,

Çürümüş, torpaq olmuş.

Lakin “çox yazıq…”ı şair üçüncü misra kimi işlədərək, böyük hərflə başladığı üçün, biz də onu ayrıca bir misra hesab etməliyik. Buradakı misralar arasında “Azər dedi:”ni də, elə yuxarıdakı izahata isnad edərək dördhecalı misra ölçüsünə misal kimi göstərə bilərik. Misal gətirdiyimiz parça dastanın “Məzarlıqdan keçərkən” adlı hissəsinə aiddir. Bu hissədə heca vəzninin beşhecalı növünə də rast gəlirik:

İştə mən sənə gəldim,

Bu gün çox şəndim. – 5

Göz yaşlarımı sildim,

Dərdim yox mənim. – 5

Əsərdə altıhecalı şeir ölçüsünə ancaq bir yerdə rast gəlirik:

Fəqət həp əzilən, həp qəhr olan sən! 6-6

İxtiyar çıldırdı,  – 6

Müdir şaşırdı,

Üç və dördhecalı ölçü barəsində verdiyimiz izahat bura da aiddir.

Heca vəzninin 3, 4, 5 və 6 hecalı ölçülərindən əsərdə ən çox işlədilən 5 hecalıqdır. Bu ölçüyə “Azər”in təkcə “Məzarlıqdan keçərkən” adlanan hissəsində 10 dəfə rast gəlirik.

 

7 hecalı şeir ölçüsü dastanda külli miqdardadır. Cavid bu ölçünün hər iki bölgü formasını əsərdə işlətmişdir:

Bərabər ölsən belə, 3+4

Ümid yox uzun külə 3+4

Saqın mənə darılma, 4+3

Gözəl düşün, yanılma! 4+3

(“Məzarlıqdan keçərkən”, “Gəlin köçərkən”, “Lalə”, “Köydə”)

8 hecalı şeir ölçüsü Cavidin təkcə “Azər”də deyil, digər böyük həcmli əsərlərində də tez-tez müraciət etdiyi ölçülərdəndir. Dastanın “Azərin cavabı”, “Rəssamın qızı”, “Kor neyzən”, “Dəniz kənarında”, “Köydə” adlı hissələrində bu ölçü çox geniş tətbiq edilmişdir. Əslində 8 hecalığın iki bölgü formasına (3-5, 4-4) rast gəlirik:

Bu halda qalın gövdəli, 3-5

Soyunmuş bir köylü gəldi 3-5

Əlinə dəymədən əli 3-5

Yenildi, həddini bildi. 3-5

Bir tərəfdə qadın, ərkək 4-4

Yallı gedər, oynaşırdı, 4-4

Çoluq-çocuq gülüşərək 4-4

Arı kimi qaynaşırdı. 4-4

(“Köydə”)

Dastanda 9 və 10 hecalı şeir növlərinə rast olunmur. 9 hecalı şeir, ümumiyyətlə, ədəbiyyatımızda az-az yazılır. Bu şeir ölçüsünün 3 hecalı bölgülərini üç dəfə təkrarı ilə yaranan növü nəzərə alınmasa, digər bölgü formaları ilə (4-5, 5-4) yaranan ölçüləri axıcılıq cəhətdən zəif və qeyri-ahəngdardır. 10 hecalı şeirə Cavidin “Azər” dastanında və digər əsərlərində rast olunmamasına səbəb şairin bu ölçünü əruzun daha oynaq ölçüləri ilə  müqayisə edərək, əruza daha böyük üstünlük verməsindədir.

Cavidin heca vəznində ən çox müraciət etdiyi ölçü 11 hecalıqdır. “Azər”də heca vəznli şeirlərin yarıdan çoxu, yəni 600 misraya qədəri 11 hecalı şeir ölçüsündə yazılmışdır. Burada 11 hecalı şeirin hər iki bölgü forması ilə (4-4-3, 6-5) rastlaşırıq. Dastanda, bütövlükdə 4-4-3 bölgü formasında yazılmış ayrıca poetik bir parçaya rast olunmur. Şair bu bölgü formasını 6-5-lə birlikdə işlətməyi daha məqsədəuyğun hesab edir:

Gözlərimdə dünya gülər sən gülsən, 4-4-3

Qiyamətmi qopar insafa gəlsən?! 6-5

Aləm bilir, nələr çəkdim, ah, bilsən, 4-4-3

Nələr çəkdim sənin üzündən, ay qız?! 6-5

“Ay qız”

(“Düşündüm ki…”, “Könlüm”, “Gəlin,” “Azad əsirlər”, “Rəssamın qızı”, “Kömür mədənində”, “Mühacirlər yuvası”, “Tısbağanın zövqü”, “Eşidilən türkü”, “Kor neyzən”, “ Yaşamaq və yaşatmaq”, “Lalə”, “Məzarlıqdan keçərkən”, “Dəniz kənarında”, “Köydə”, “Səlmanın səsi”)

Əsərdə 12 hecalı şeirə ancaq bir yerdə rast gəlirik. Həmin şeir üç bənddən ibarət olan “Şərqi”dir:

Səfalıdır bizim dağlar, bizim ellər, 4-4-4

Çağlayan bir yanda çağlar, orman gülər, 3-5-4

Ceyran baxışlı yosmalar həp can üzər, 8-4

İşvə, əda bilməz, bilmədən kəz süzər, 6-6

Bizim dağlar mayıs röyasına bənzər. 4-8

Yuxarıda on beş misralı şeirdən 5 misra seçib misal gətirdik. Bu beş misrada biz, ancaq Cavidə xas olan bölgü sərbəstliyi ilə rastlaşdıq. Şeirdə bu qədər rəngarənglik, ahəng və musiqi görərkən heyran qalmamaq mümkün deyil. Cavid əruz vəznli şeirlərində geniş variant rəngarəngliyi, heca vəznli şeirlərində heyrətamiz bölgü əlvanlığı yaradan və bunu əsərlərinə tətbiq edən sənətkardır. Bu baxımdan, Cavidin əsərlərində olan vəzn rəngarəngliyi və onun vəznə qarşı olan yaradıcı münasibəti şairlərimizin gənc nəsli üçün böyük bir örnək mənbəyi ola bilər.

“Azər”də heca vəzninin digər böyük ölçülü növlərindən olan 13 hecalı şeirə təsadüf olunmur. Heca vəzninin digər böyük ölçülü növləri, yəni 14, 15 hecalı şeir əsərdə külli miqdardadır. 14 hecalı şeirə dastanın “Məzarlıqdan keçərkən” , “Rəssamın qızı” adlı hissələrində rast gəlirik:

Çiçəkli bir bağçada, qos-qoca bir yapını, 3-4-3-4

Geniş salonlarda minlərcə ərkək, qadın. 2-5-5-2

Onun süzgün və məğrur, ahu baxışlarında. 4-3-7

Məlumdur ki, 14 hecalı şeir iki 7 hecalı bölgüdən ibarətdir. Həmin 7 hecalılar özlüyündə, daha xırda, 4-3, 3-4, 5-2 və 2-5 yarımbölgülərə (mikrobölgülərə) parçalanır. Yuxarıdakı 3 misrada bu yarımbölgülərin hamısına və parçalanmayan 7 hecalı bir bölgüyə rast oluruq. Şair 14-lük  şeirin bu xüsusiyyətindən istifadə edərək, müxtəlif ritm və ahəngli misralar yaratmış, yeknəsəqliyi və monotonluğu aradan götürməyə müvəffəq olmuşdur.

15 hecalı şeir poeziyamızda 8-7 (4-4-4-3) və 7-8 (4-3-4-4) bölgüləri əsasında yaradılır. Şübhəsiz ki, 15 və 16 hecalı şeirlər 7 və 8 hecalı şeirlərin sintezindən yaranmışlar. 15 və 16 hecalı şeirin əsas xüsusiyyəti orada pauza və ifadə vurğularının zənginliyidir ki, bu da şeirə xüsusi ahəng verir.

Azər dedi-könül istər həmdərd ola səninlə 4-4-4-3

Zavallı ah çəkib dedi-maraq etdinsə, dinlə. 3-5-5-2

Misal gətirdiyimiz beytin hər iki misrası 8-7 bölgülərində yazılmışdır. Lakin daha xırda bölgülərində olan rəngarənglik şeirə əlavə bir ahəng də gətirmişdir. 15 hecalıya əsərin “Kömür mədənində”, “Yaşamaq və yaşatmaq”, “Dəniz kənarında” adlı hissələrində rast oluruq.

Əsərin “Qərbə səyahət” adlanan böyük bir parçası 16 hecalı şeir ölçüsündə yazılmışdır. Bu dastanda yeganə böyük həcmli hissədir ki, əvvəldən axıra qədər eyni ölçüdə yazılmışdır. Bundan başqa “Azər”də 16 hecalı bir nümunəyə rast olunmur.

Əvət, ancaq mübariz mənlik verir hər millətə. 4-4-4-4

Nəşə sərpən yalnız odur hər şəxsə, hər cəmiyyətə. 4-4-3-5

Hər yurdu irdirən odur izlədiyi səadətdir, 3-5-4-4

Odur ancaq qovuşduran insanları məhəbbətə. 4-4-4-4

 

Heca vəzninin bu böyük şəkli ya 2 səkkiz hecalı və ya 4 dörd hecalı bölgü əsasında yaradılır. Səkkiz hecalı bölgü özlüyündə 3-5 yarımbölgülərə bölündüyü üçün əsərdə 3 və 5 hecalı bölgülər də vardır.

 

Sərbəst vəzn

Sərbəst şeirin xüsusi qafiyə sisteminə malik olduğunu az söyləməmişlər. Buna əsaslanan bir sıra şairlər vəzn cəhətdən səliqəsiz nəsrdən belə aşağı səviyyədə duran əsərlər yaratmış və həmin yazıların guya, özlərinəməxsus vəznə məxsus olduğunu sübut etməyə can atmışlar. Ədəbiyyatşünalıqda bu problem hələ indiyədək həll olunmamış vəziyyətdə qalmaqdadır.

Müasir rus şərqşünaslığında sərbəst şeir eyni ölçülü bölgülərin  misralarda müxtəlif sayda yerləşdirilməsi kimi başa düşülür. «В русском стиховедение вольным стихом принято называт стихи одинаковых стоп, но с разным числом стоп в строках»/ М.Л.Каспаров. Современный русский стих. Метрика и ритмика. Москва, 1974, стр.373./ Akademik M.Ç.Cəfərov  “Şeirimizin dili və vəzni haqqında” adlı məqaləsində sərbəst şeir barədə belə mülahizə yürüdür: söhbət vəznsizlik haqqında getmir, əksinə, vəzndə sərbəstlik haqqında gedir”. Yuxarıdakı fikirləri ümumiləşdirərək belə bir nəticəyə gələ bilərik: sərbəst şeir hər hansı bir vəzn daxilində bölgü və ya təfilə sərbəstliyi nəticəsində meydana gəlir. Bu yolla yaranan şeirlər ədəbiyyatşünaslıqda  ölçülü sərbəst şeir adı almışdır. Lakin poeziyamızda, ölçülü sərbəst şeirin yuxarıdakı tələblərə cavab verə biləcək ilk mükəmməl nümunələrini kim yaratmışdır problemi hələ də mübahisəlidir. Prof. A.Axundov “şeir sənəti və dil” adlı monoqrafiyasında bu məsələ üzərində ayrıca olaraq dayanmış və bir sıra qiymətli fikirlər söyləmişdir. Lakin, aşağıda, Cavidin ölçülü sərbəst şeirləri üzərində aparacağımız araşdırmalar bizi A.Axundovun bəzi fikirləri ilə razılaşmaq məcburiyyətində qoyur.

Razılaşa biləcəyimiz əsas fikir odur ki, müasir şairlərimizin yaradıcılığını araşdıran hörmətli alim poeziyamızda ölçülü sərbəst şeirin yaradıcısı kimi C. Novruzu götürmüş və  bu məsələdə ona ancaq Müşfiqin təsiri olduğunu söyləmişdir. Halbuki Cavid Müşfiqdən daha əvvəl, hətta indinin özündə də, vəzn texnikasına görə C.Novruzun ölçülü sərbəst şeirlərini kölgədə buraxa bilən şeirlər və poetik parçalar yaratmışdır. Bir şeyi də qeyd etməyi vacib bilərik. Bu da ondan ibarətdir ki, Müşfiq şeir-sənət məsələlərində Cavidi həmişə özünün müəllimi bilmiş və ondan öyrənməyi müqəddəs bir vəzifə hesab etmişdir. Digər tərəfdən, (söylənilən xatirələrə əsasən) Cavidin müasirləri arasında, ancaq Müşfiqin istedadına böyük ümidlər bəslədiyini az söyləməmişlər. Deməli, C.Novruz ölçülü sərbəst şeirin yaradıcısı yox, ona yaradıcılıqla yanaşan layiqli davamçısıdır.

Əsrimizin əvvəllərində şeirdə bölgü sərbəstliyinə Cavidin “Ana” mənzum dramında və Sabirin “İki həpənd” şeirində rast oluruq. Hər iki əsərdə – “Ana”da bölgü, “İki həpənd”də təfilə sərbəstliyi dialoqun (mükalimənin) tələblərindən irəli gəlir. Bu, bəlkə də ölçülü sərbəst şeiri yaradan ilk səbəblərdən biridir. Sabirdə bu forma ötəri bir hal olmuşsa, Caviddə artıq bir yaradıcılıq üslubuna çevrilmişdi. Əlbəttə, dramlarda olan ölçü sərbəstliyi hal-hazırda bizi maraqlandırır. Fikirlərimizi sübut etmək üçün buna heç ehtiyac da duymuruq. Caviddə ölçü sərbəstliyinə  malik olan “Öksüz Ənvər”, “Qız məktəbində”, “Çiçək sevgisi”, “Şərq qadını” kimi şeirlər ədəbiyyatımızda ölçülü sərbəst şeirin banisi kimdir sualına cavab verməyə imkan verir.

“Azər” dastanında da ölçülü sərbəst şeirin tələblərinə cavab verə biləcək bir neçə şeir nümunəsi vardır. Bundan əlavə, “Azər”də elə bir hadisəyə rast gəlirik ki, bu, ədəbiyyatımızda, hələlik ancaq Cavidə xas olan bir xüsusiyyət kimi qiymətləndirilə bilər. Yuxarıda M.C.Cəfərovun adını çəkdiyimiz məqaləsində belə bir fikrə rast oluruq. “Vəzndə sərbəstlik… o deməkdir ki, şair yeni məzmunu yeni formalarda daha müvəffəqiyyətli ifadə edə bilmək üçün eyni əsərdə, ya eyni bir şeirdə, poemada müxtəlif vəznlər işlədə bilər”.

Bu fikir “Azər”in bir neçə hissəsində özünü praktiki surətdə büruzə verir. Məsələn, “Nil yavrusu”nda fəal müctəs, aktiv xəfif və rəməlin 6, 8, 10-cu növlərinə, “Mühacirlər yuvası”nda həzəcin 8, 12-ci növlərinə, “Mühacirlər yuvası”nda həzəcin 8, 12-ci növlərinə, rəməlin 6-cı növünə, aktiv xəfifə və heca vəzninin 8, 11, 14 hecalı növlərinə, “Məzarlıqdan keçərkən”də heca vəzninin 3, 4, 5, 7, 11 və 14 hecalı növlərinə rast gəlirik. Klassik irsimizə müraciət edərkən buna bənzər hadisəyə  M.Füzulinin “Leyli və Məcnun”unda rast gəlirik. Lakin “Azər”də olan vəzn sərbəstliyi “Leyli və Məcnun”dakına bənzəməz, burada daha kiçik həcmli bir əsər daxilində daha artıq  vəzn və onun növlərinin tətbiqi ilə rastlaşırıq. Hər hansı kiçik həcmli bir əsər daxilində vəzn sərbəstliyi və bölgü, variant rəngarəngliyi baxımından Cavid ədəbiyyatımızda heç bir şairlə müqayisə edilə bilməz. Müqayisə edilərsə, qalib gələcəyi şübhəsizdir!

“Azər”də ölçülü sərbəst şeirin həm əruz vəznli, həm də heca vəznli formalarına rast oluruq. Şair əsərdə əruz vəznli sərbəst şeir nümunələrini həzəc və rəməl bəhrinin müxtəlif təfilələri əsasında yaratmışdır. İlk növbədə, həzəc bəhrində yazılmış ölçülü sərbəst şeirə diqqət yetirək:

Üsyan!

Fəlan

Dilcan

Üsyan deyə hər dildən, ağızdan

məf Ulü məfA İlü fə UlAn

Bir nifrət ucaldı.

məf Ulü fəUlü

Keçmişlərə, keçmişdəki adətlərə üsyan!

Məf Ulü məfA İlü məfA İlü fə UlAn

“Üsyan”

 

Misal gətirdiyimiz misralar “Müstəzad həzəci”ndə (dördbölümlü sınıq açıq nəfəs həzəc) yazılmışdır. Həzəcin bu növünü təşkil edən təfilələr asanlıqla parçalanmaq və müxtəlif ölçülərdə birləşmək (qruplaşmaq) xüsusiyyətinə malikdir. Elə həzəcin 10 və 12-ci növlərini də yaradan 8-ci növün (Müstəzad həzəcinin) bu xüsusiyyətidir. Müstəzadlığa malik olan, əruzun bəhr növlərinin hamısına bu xüsusiyyət xasdır. Klassik ədəbiyyatımızda müstəzad şeirlər külli miqdardadır.  Lakin onlarda vur-tut iki qəlib, yəni dördbölümdən sonra ikibölümlü  (nadir hallarda üçbölümlüdən sonra ikibölümlü qəlib) işlənir. Cavidin müasiri və yaxın dostu olan Hadinin yaradıcılığında bəzən üç qəlibə rast olunur (“Ümməhati-həyat”, “Fikrət”),  lakin bu, Cavidin sərbəst əruzu qədər cilalanmış bir formada deyildir.

Yuxarıda misal gətirdiyimiz parçada dörd müxtəlif ölçülü qəlibin misranın bir-birini necə ardıcıllıqla izlədiyini və tamamladığının şahidi oluruq. Bunlardan ikisi, qeyd etdiyimiz kimi, şairlər arasında çoxdan məlum idi və geniş surətdə tətbiq edilirdi. Üçüncüsü, məf ulü məfa ilü fə ulün şeirimizə Cavid tərəfindən gətirilmiş və şairin adıyla “Cavid həzəci” adlandırılmışdı. Hamısından maraqlısı dördüncü qəlib – fə lAn təfiləsidir. Fə lAn, fə ilün təfiləsindən son hecası ikiqat uzun olan variant formasıdır. Uzun fəlun adlanır: “Azərbaycan əruzunda bu təfilə fəal təfilələrdəndir. Beş bəhrdə – mütəqarib, mütədarik, rəməl, müctəs və xəfif bəhrlərində işlənir”. [1]

Bəs onda həzəclə əlaqəsi olmayan fəlAn təfiləsinin həzəc bəhrində yazılmış bir şeirdə iştirakını necə adlandıra bilərik? – Böyük şairimizin milli əruzumuzda olan daimi, ciddi axtarışlarının müvəffəqiyyətli nəticəsi!

Şeirimizdə rəməl bəhrinin müstəzad forması Cavidə qədər də mövcud idi. Bu forma müstəzadlı müxəmməs və qəzəllərimizdə iki, M.Ə.Sabirin bəhri-təbillərində (Həmin şeirlər təbii bəhrində deyil, rəməl bəhrində yazıldığı üçün Sabir onları haqlı olaraq bəhri-təbil deyil, uzun dərya adlandırmışdır) daha çox ölçülərdə təzahür etsə də, bu şeirlərin heç birinə ölçülü sərbəst şeir adı vermək mümkün deyil. Cavidin “Azər” dastanındakı rəməl bəhri müstəzadları isə, ölçülü sərbəst şeirin tələblərinə tamamilə uyğundur.

Çağlayanlar kürələrdən daşaraq,

fA ilAtün fə ilAtün fə ilün

Süzülən gözləri oxşar və öpərkən şaqraq,

Fə ilAtün fə ilAtün fə lün

İncə bir şeir oxunur.

fA ilAtün fə ilün

“Azad əsirlər”

bir-birini vəzncə izləyən və mənaca tamamlayan üç misra – üç müxtəlif ölüçülü qəlib!.. Bu, Cavidin şeri artıq sözçülükdən azad etmək üçün müxtəlif ölçülü misralara müraciət etməsi, vəznə yaradıcılıqla yanaşaraq ölçülü sərbəst şeirin daha bir müvəffəqiyyətli nümunəsini ədəbiyyatımıza gətirməsi deyilmi?

Ədəbiyyatımızda  ilk müvəffəqiyyətli nümunələri Cavid tərəfindən yaradılan əruz vəznli ölçülü sərbəst şeir, nəzəri cəhətdən çox geniş inkişaf imkanlarına malikdir. Belə ki, həzəc və rəməlin başqa növlərində, bundan əlavə, səri, muzare və mütədarik bəhrlərinin bir sıra növlərində çox asanlıqla (əlbəttə, müəyyən vərdiş sayəsində) ölçülü sərbəst şeir yazmaq mümkündür. Əruz elminin ən görkəmli nümayəndələrindən biri olan, fəxrimiz prof. Əkrəm Cəfər də milli əruzumuzda həzəc və rəməlin müstəzadlı formalarından başqa digər bəhrlərin də müstəzadlı formalarının mövcud ola biləcəyini dəfələrlə söyləmişdir. Bu, müasir şairlərimiz qarşısında milli əruzumuzun və ölçülü sərbəst şeirimizin inkişafı üçün  geniş imkanlar açan və bununla bərabər tələblər qoyan bir problemdir.

Heca vəznli ölçülü sərbəst şeirə “Azər” dastanının “Tısbağanın zövqü”, “Yaşamaq və yaşatmaq”, “Məzarlıqdan keçərkən” və “Dəniz kənarında” adlı hissələrində rast olunur:

Azər gülüb “xayır!” dedi: “Bizdə deyil tısbağa, 15

İnsan belə görməz bu zövqü əsla! 11

Şərqin bir çox ölkəsini mən gəzib də dolaşdım, 15

Çox ellərə yanaşdım. 7

“Tısbağanın zövqü”

Gəncliyin almas gözləri şimşək kimi çaxardı. 15

Hər üzdə çox maraqlı bir hal vardı. 11

“Yaşamaq və yaşatmaq”

 

 

Bir eşq ilə yaşarkən 7

Sən də atdın məni. 5

Vəfasız olsan da, mən 7

Unutmam səni 5

“Məzarlıqdan keçərkən”

 

Şətarətli bir mayısdır… Azər enmiş sahilə, 15

Zümrüd dalğaları seyrə dalmışdı. 11

Bu halda bir şey gurladı, maraqlandı çocuqlar: 15

Nədir bu səs? 4

Yıldırımmı? 4

Hər nə varsa göydə var, 7

–      Əvət, doğru… 4

Baxın, iştə! 4

–       Qos-qoca bir təyyarə… 7

–       Kim bilir nərdən gəliyor, yolu hanki diyarə? 15

 

“Dəniz kənarında”

 

Göstərdiyimiz şeir parçalarında iki və üç müxtəlif ölçülü misralar biri digərini vəzncə izləmiş və mənaca tamamlamışdır. Cavid tərəfindən ilk dəfə qələm təcrübəsindən keçən heca sərbəst şeirin bu, ilk nümunələri müasir şairlərimiz tərəfindən böyük məhəbbətlə sevilməkdə, inkişaf etdirilməkdə və cilalanmaqdadır.

Yuxarıda apardığımız araşdırmaları nəzərdən keçirərək “Azər” dastanının vəzni mövzusunda yazdıqlarımıza belə yekun vurmaq olar:

Azərbaycan poeziyasında müxtəlif vəznlərdən istifadə edərək müştərək vəznli böyük bir əsər yaradan ilk sənətkarımız Hüseyn Caviddir.

Əsərdə əruz və heca vəznlərinin, birlikdə, on doqquz ölçü növü, bundan əlavə, müxtəlif variant və bölgü formaları işlənmişdir. Hər hansı bitkin bir əsər daxilində bu qədər şeir ölçüsü işlətmək baxımından Cavid Azərbaycan ədəbiyyatında birinci yeri tutur.

Azərbaycan ədəbiyyatı tarixində heca vəznində böyük həcmli əsər yaradan ilk sənətkar H.Caviddir.

Azərbaycan ədəbiyyatı tarixində ölçülü sərbəst şeirin mükəmməl nümunələrini yaradan və əruz vəznində sərbst şeir yazıla biləcəyini əyani surətdə sübut edən ilk böyük sənətkar Caviddir.

Böyük şair və dramaturq Hüseyn Cavid Rasizadənin vəzn sahəsində ədəbiyyatımıza gətirdiyi yuxarıdakı yeniliklər bizi məcbur edir ki, bu dahi sənətkarın yaradıcılığına daha həssaslıqla yanaşaq, onun ədəbiyyat tarixində tutduğu mövqeyi daha düzgün müəyyən edək.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

[1]Ə.Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. Bakı, 1977, səh. 153

Bölmə : Manşet, Tənqid
KÖŞƏ YAZARLARI
TOP 10