Cavidanə uçurum

53 Baxış

gulnarHüseyn Cavid yaradıcılığının çoxşaxəliliyi danılmazdır. Hətta onun əsərlərinə sadəcə bir mövzu çərçivəsindən də nəzər salsaq, yenə də sonsuzluqla üz-üzə dayanırıq. Ədibin toxunduğu ən aktual problemlərin içərisindən uçurum daha çox diqqətimi çəkdi. Bəlkə də, tədqiqatçılar Cavid yaradıcılığının birinci mərhələsinin “Uçurum”la bitirməsini qeyd etməkdə haqlıdırlar. Amma bu bitginlik özü də nisbidir, çünki uçurumlu mövzular onun dramaturgiyasını addımbaaddım izləyib. Maraqlısı budur ki, böyük sənətkar ən müxtəlif situasiyaları uçurumun  bir parçası kimi ayrı-ayrı əsərlərində canlandıra bilib. Bir sözlə, uçurum xofu onun yaradıcılığını qarabaqara izləyib. Elə ilk dramaturji əsəri olan “Ana” pyesində uçurumun ən türlü sıldırımlarıyla rastlaşırıq. İsmət qardaşı Səlimə Orxan barədə həqiqəti demək istəmədikdə belə bir tərəddüd keçirir: “And içməsəm, susdurmaq olmaz onu, And içsəm olurum Allah düşmanı”. Çıxılmaz vəziyyətin ən mükəmməl və fəlsəfi pıçıltıları. Qardaşın bacıya inanması üçün bacı andmı içməlidir?! Bir Allah adı bu iki doğmanı qütbləşdirir.  Digər tərəfdən Allah düşmanı olmaq qorxusu onları birləşdirir. Onlar uçurumun kənarında dövrə vururlar və son anda həqiqət qalib gəlir. O həqiqət ki, Cavid həmişə onu axtarıb, nə qədər acı və amansız olsa da, söylənilməsinin tərəfdarı olub. Nəhayət, İsmət Orxan barədə həqiqəti qardaşına demək zorunda qalır: “Qüdrətindən varından çoq söylədi, Sonra birdən elanı-eşq eylədi”. `Bir uçurumu dəf etməyə sadəcə bir cəsarət gərək imiş. Maraqlı bir ənənəvi qarşıdurmanın təqdimi verilib. Yəni qüvvət və var-dövlətin, eşqlə- insaniyyətlə çarpışması bütün əsərlər boyu davam etməkdədir. Lakin Cavid sadəcə bir beytdə bir növ ümumiləşdirmə aparıb. İsmətin uçurumlardan nə qədər uzaqda olmaq arzusunu dramaturq belə ifadə etmişdi. “Ah, fəqət intiqam dilərsə Orxan, İsmət xoşbəxt ikən olur bağrı qan”. İntiqam və xoşbəxtlik! Çox böyük ustalıqla bir-biri ilə konpensasiya edilmişdir. Həm də diqqətlə yanaşdıqda bu iki məfhum bir-birinə bərabər tutulmuşdur; Orxanın intiqamına qarşı mən də xoşbəxt olmaqla ondan intiqam alacam. Əsərin sonlarında isə yazıçı daha yaradıcı bir  manevr edir. Səlma ananın ilahi əmri ilə qanımız donur. “Yarəb mərhəmət! Mərhəmət yarəb!” Tanrıdan özünə qarşı mərhəmətli olmağı tələb edən bir ana ikinci bir tələbini də edir, onun özünün –Səlmanın da mərhəmətli olmasına təminat verilsin. Amma hər şey cəmi ikicə sözlə və sözlərin yerdəyişməsi ilə deyilir. Çünki mövcud durumun nə qədər ağır olmasına baxmayaraq, ana uçuruma yaxın getmir. “Bir də nə yapsam, bu dərd silinməz, Məhv olsa, aləm Qanpolad dirilməz”- həqiqətinin gözünün içinə dik baxır. Uçurumun dibində olan Muradı çıxarmağa gücü çatmayan ananı yazıçı, uçurumdan uzaqlaşdırır. Amma elə tükürpədici təzad yaradır ki, bütün uçurumları uçurmaq istəyirsən. “Öldürdüyün Qanpolad, Səlma pənah”. Yazar sadəcə Muradı uçurumun kənarına gətirmir. Orada obrazın hansı qərarı verəcəyini bəşəriyyətin ixtiyarına buraxır. Amma ən əsası odur ki, sənətkar insanın özünü uçuruma necə apara biləcəyini çox ustalıqla göstərə bilib.

Növbəti pyesi olan “Maral”da da uçurumlu döngələr və bu döngələrin dönümləri bədiiləşdirilib. İki fərqli düşüncəli bəy obrazı əsl ustalıqla qarşılaşdırılır.

“Turxan bəy: Hiç bir hiss, hiç bir qüvvət, hiç bir yer yoq ki, orada altın, gümüş rol oynamasın. Əminim ki, dünyanın bütün izzəti, bütün səadəti ancaq para ilə əldə edilə bilər.

Nadir bəy: Əvət, hər şey para ilə əldə edilir, illa fəzilət və insaniyyət!..

Turxan bəy: Xayır! Xayır… Fəzilət də, paradadır, insaniyyət də…

Nadir bəy: Yanılıyorsunuz, əfəndim, sizə insan qılığında öylə çulsuz-palansız uzunqulaqlar göstərə bilirim ki, yalnız altından yapılmış bir palanları əskikdir”.

Dialoq özlüyündə üstüörtülü şəkildə hər şeyi açıq-aşkar göstərir. Bu epizodda ən çox diqqəti çəkən hər iki obrazın bəy titulu daşımasıdır. Amma maraqlı budur ki, əsərin açıqfikirli bəylərinin sayı və keyfiyyəti daha çoxdur. Yazar Turxan bəyin hansı uçurumda olduğunu göstərmək üçün digər bəylərin fərqli xüsusiyyətlərini çox qabarıq şəkildə ortaya atır.

“Çingiz bəy: Azacıq insaf etməli, iştə hər millətin tarixi meydanda… əcnəbilər böyük İsgəndər, böyük Napoleon deyə öz qəhrəmanlarına abidələr yapdırıyor, heykəllər dikdiriyorlar. Fəqət bizlər!.. Bizlər isə Çingiz kibi cihangirlərə, Teymur kibi qəhrəmanlara xunxar, canavar deyə ləkələmək istiyoruz!”

Bu sözlərlə elə anındaca Bəypolad da həmfikir olur. Həmin obrazın sözlərində Cavid millətimizin tarixi uçurumlarını gizlətməmişdi, əksinə milli uçurumlarımızın faciələrini qabartmışdı. Turxan bəyə qarşı yönəldilmiş ən parlaq ziyalı bəy obrazı isə onun öz oğlu Cəmil bəydir. Bəlkə də, bu Cavid müdrikliyinin məntiqi nəticəsi idi. Övladların atalarının hansı uçurumlarda məhv olduqlarını görməsi və ondan nəticə çıxarması idi. Bu, türkün gələcəyinə inamlı ümidin işartılarıdır. Çünki uçuruma yuvarlanmış valideynlər barəsində Cəmil bəyin ümumiləşdirilmiş fikirləri çox önəmlidir. “Demək ki, bir qızı və ya bir oğlanı məhv etmək için yalnız ana-babasının rizası kafi imiş”. Nə qədər zərbəendirici bir etiraf! Milli uçurumlara gedən yollar elə fərdi uçurumlaradan istiqamət götürür. Sən demə, valideynin öz aləmində xeyir-dua sandığı razılıq əslində nə qədər xeyirsiz bir əməl imiş. Öz balana qarşı ediləcək cinayətlərin təkanvericisi olmaq elə uçuruma yuvarlanmaqdır. Və nəhayət, “Ana” pyesindən fərqli olaraq, bu əsərdə yazar artıq uçurumun əlamətlərini göstərməklə kifayətlənmir, hətta onun adını da çəkir. Və elə bundan sonra onun dramaturgiyasında Cavidanə uçurumlar əmələ gəlir. İlkin olaraq sənətkar Nadir bəyin diliylə belə bir qənaətini bölüşür: “Şəriət insanların nicat və səadəti için yapılmış bir qanundur. Xalqı təhlikəli uçurumlara yuvarlayan bir qanun isə pək çürük və mənasız bir əfsanə deməkdir”. Maraqlı bir üçbucaq yaranır; qanun-uçurum-əfsanə. Cümlələrin qrammatik quruluşu və sözlərin düzülüşü də elədir ki, yenə də uçurum ortada qalır. O nə qanuna tabe olur, nə də əfsanəyə çevrilib öz reallığını itirir. Hər tərəfə lağım atır. Daha maraqlı bir açıqlama isə “Şeyda” əsərində Məsudun dilindən verilir: “Əvət, bu gedişlə ki, biz gediyoruz, daima önümüz uçurumdur. Həm də öylə fəlakətli uçurum ki, əsla qurtuluş yoq”. Lakin elə həmin əsərdəcə yazar sanki özünü təkzib edir. Bu vaxta qədər içini didib-parçalayan uçurumların əsl səbəbini göstərməyə nail olur. Sən demə, əsarət ən təhlükəli və ən qorxunc uçurum imiş. Bu əsarətin havadarlarını da, qurbanlarını da Rəuf obrazı vasitəsilə bizə təqdim edir: “Yəqindir ki, qocaman Şimal ayısının dərisi parçalansın və hər millət kəndi yurduna, kəndi hüququna qavuşsun”. Bəlkə də, ilk baxışda bu cümlələrdən çar Rusiyasının dağılmasıyla Sovet quruluşunun səadət bəxşedici vədlərini görmək olar. Amma əslində isə yenə də uçurumlu bir vəziyyət yaranır. Qocaman Şimal ayısının dərisi parçalansa da, müstəmləkədə olan xalqlar növbəti uçuruma yuvarlanırlar. Ən qəribəsi də odur ki, onlar bu uçurumu əlçatmaz, fəthedilməz bir zirvə kimi qarşılayırlar. Bax elə əsl uçurum da burada yaranır ki, reallıqla qeyri-reallığı ayrıd etmək mümkün olmur. Bir sıra müstəmləkələr uzun sürə özlərini dünyaya hallarından məmnun kimi göstərmək zorunda qalırlar. Bu yerdə Şeydanın sözləri yada düşür. “İnanın ki, əhv etmək intiqam almaqdan daha müdhişdir”. Çox qəribə bir nəticədir. Özlüyündə bütün durumlarda təsdiqlənən bir hökmdür. Lakin müstəmləkə xalqlarının vəziyyətində bu hökm nə qədər ədalətli olar?! Yalnız bir çıxış yolu var ki, tarix geriyədönməzdir prinsipini yaddan çıxarmamaq. Keçmişdə heç nəyi dəyişdirmək olmaz. Yalnız keçmişin gələcəyinə təsir edə bilərik, yalnız gələcəyi uçurumdan xilas edə bilərik.

Uçurumlarla bağlı bu qədər eyhamlar Cavidə bəs etmir. Nəhayət, o, “Uçurum”a atılır. 1919-cu ildə həmin əsər yazılır. Əsərdə Əkrəmin diliylə maraqlı bir açıqlama verilir. “Əyləniyorsun qorqunc Uçurumlar önündə”. Bütün insanlara tək-tək göndərilmiş bir xəbərdarlıq mesajıdır bu cümlə. Hər kəs özünə yenidən ciddi baxış keçirir. Uçurumlar önündə olduğunu, yaxud önündə uçurumlar olduğunu müəyyənləşdirmək üçün fikirləşməyə vaxt verilir. Bu suala Anjel də cavab tapır. “Düşün, bitmiş artıq tabım, təvanım. Uçurumdur sağım, solun, hər yanım”. Avropanın əxlaqını itirmiş qadınlarının ümumiləşdirilməsi olan Anjel hər yanının uçurum olduğunu bildirir. Deməli, onunla ətrafdakılar arasında bir uçurum dayanıb. O özü də bu uçuruma düşə bilər və ya ətrafındakıları özünə tərəf çəkməklə həmin uçurumun o tərəfində dayanan şəxs Anjelə sarı getdikcə aradakı uçurumun varlığının fərqinə varmır. Onu yalnız uçurumun o tayında dayanan Anjel maraqlandırır. Anjelin xəbərdarlığı yaddan çıxarılır. “Hər yanım uçurumdur!!!” Hər yanım! – o deməkdir ki, mən uçurumun mərkəzindəyəm. Mənə tərəf atılan hər addımın son nəticəsi ilk addımdanca bəllidir. Anjeldən fərqli olaraq “Şeyx Sənan”dakı Qafqazlı əxlaqına sahib olan Xumar obrazı anasının;

“Bana söylərdi daima: Yavrum!

Ərə getmək həyat için uçurum…

Yoqdur erkəklərin vəfası, Xumar!

Yerin olsun fəqət monastrlar”- nəsihətlərini ciddiyə alır. Həyat üçün əslində nəyin uçurum olduğu aşkarca göstərilmişdir. Bir əsərdə ailə qurmağa can atanlar, digər əsərdə isə artıq qurulmuş ailəyə sahib olanlar müqayisə edilə bilər. Amma Xumar ucalığıyla Anjel çökəkliyinə eyni gözlə baxmaq olmaz. Buna görə də, yazar Uluq bəyin timsalında əsl məqsədini ortaya qoyub:

O gün ki, İstanbulda gənclik fransızlaşdı,

Getdikcə türk evladı uçuruma yaqlaşdı.

Yurdumuzu sardıqca düşük Paris modası,

Hər həsə örnək oldu, sərsəm firəng ədası!

Dramaturq maraqlı bir nüansa toxunur. Əgər eyni zaman kəsiyində Azərbaycan Rusiyanın əsarəti altında idisə və russayağı ədaların, modaların Azərbaycana ayaq açması başa düşüləndir. Ən azından Azərbaycan müstəmləkə bir ölkə idi. Lakin Osmanlı imperiyasının dağılma mərhələsini yaşamasına baxmayaraq, hələ də azadlıqlarına sahib olduqlarını nəzərə alsaq, onda gərək nəticə belə olaydı ki, türk əsarəti altında olan Avropa xalqları türk modasına keçəydilər. Lakin göründüyü kimi, tam fərqli bir durum yaranır. Yəni mədəniyyətlərarası uçurumlar formalaşır. Avropanın lazımsız qalıqları türk mədəniyyətinə hücum etməyə başlayır. Hətta, Anjelin simasında gəlib İstanbulu da, şəhərətrafı köyləri də gəzişib geri qayıdır. Diqqət yetirin, sənətkar Anjeli İstanbula qədər gətirsə də, orada saxlamır, yenidən gəldiyi yerə qaytarır. Özü də onu Yıldırım kimi bir türk oğlu öz xoşluğuyla yola salır. Yəni uçurumdan müdafiəyə hazır olan nəsil yetişir ki, bu nəsil Türk cumhuriyyətinin özülünü qoydu. Lakin bəzi nəsillər isə artıq uçurumun yetirməsi idilər. Bunu biz “Şeyx Sənan”da da görə bilərik: “Uçurum, iştə hər tərəf uçurum! Anlamam bən, nədir bu taleyi-şum!?” sözlərini elə Şeyxin özü söyləyir. Ən ümumiləşdirilmiş obraz olan Cəlal isə çox şeyi etiraf edir ki,

“Uçurum: qaranlıq, çıqılmaz yolum,

Uçurum: uçurum həp sağım, solum

Uçurum: duyduğum həqiqət, xəyal.

Uçurum: uçurum yıldızlı amal.

Uçurum: çağlayanlar, kəhkəşanlar.

Uçurum: dənizlər, dağlar, ormanlar.

Uçurum: üfüqlər, əngin fəzalar.

Uçurum: uçurum çılğın dəhalar.

Uçurum: sürəkli, coşqun alqışlar,

Uçurum: uçurum süzgün baqışlar.

Uçurum: şu çirkin, şu alçaq həyat

Uçurum: uçurum bütün kainat!..”

Bu fikirlərin doğruluğu  Mənəkşə kimi bir övladını itirmiş Gövərçinin timsalında görünür. 1914-cü ildə yazılmış əsərdə açıq qoyduğu bir problemi beş il sonra yazılmış əsərdə tamamilə çözür. Qeyd etdiyimiz kimi “Uçurum” əsəriylə Cavid yaradıcılığının birinci mərhələsi  başa çatsa da, bu mövzu davam edirdi. Sonralar “Peyğəmbər” əsərində görünür ki, bu uçurumların kökü neçə əsrlər əvvələ gedirmiş. Deməli, “Uçurumlar, alev saçan ovalar. Ruhu qəsvətə yıldıran havalar…” hələ peyğəmbərin zamanında da varıymış. Hətta Şəmsa ona xəbərdarlıq da edir ki, “Uçurum izlədiyin qorxulu yol”. Bu qorxulu yolun da yolunu dahi mütəfəkkir elə həmin əsərdəcə Baş rəisin vasitəsilə təqdim edir. “Kəssə hər kim dökülən qan izini, Qurtaran dahi odur yer üzünü”. Fəqət, tarix öz qanunauyğunluqlarıyla davam edir. Peyğəmbərin zamanından yüz illər ötsə də, onun dinini qəbul etmiş iki türk cahangiri nə din, nə də milli birliyi düşünmədən türk xalqlarının sonrakı taleyini dərin bir uçuruma atdılar. Dramaturq bunu “Topal Teymur” əsərində Divanbəyinin nitqində çox ifadəli şəkildə göstərir. “Şu iki qütb bir-birlə çarpışırsa, arada fəlakətli bir uçurum açılmış olur. Və bu nifaqdan istifadə edərək, ətrafı saran əcnəbi devlətlər türk dünyasına saldırmağa fürsət bulur”. Bundan sonra nələr oldu və onlar necə yozumlandısa çoxlarımıza məlumdur. Lakin ən qəribəsi o qərarın verilməsi anındankı vəziyyətdir. İldırım bilə-bilə özüylə birlikdə bütün türklüyü uçuruma aparır: “Əvət, bu məktubla Yıldırım böyük bir məsuliyyət- bir məsuliyyəti-tarixiyyə altında qalacaqmış!” Əslində bu ən böyük tarixi məsuliyyətsizlik idi. Xəzərin sağında və solunda yaşayan türk xalqları əsrlər boyu bir-birini anlamamışlar, bir-birinə yadlaşmışlar. Xəzər sanki real uçurum rəmzinə çevrildi; dini, dili, mənşəyi bir olan bu türk etnosları bir araya gəlməkdə tarixi bir çaba göstərmək zorunda qaldılar, lakin sonuc nailiyyət oldu. Axı Cavid özü “Xəyyam” əsərində Xəyyamın diliylə deyirdi: “Binlərcə şəhər yox, ya qala almaqdan əmin ol, Bir sadə çoban könlünü almaq daha məqbul”. Xəyyam bu cür düşünsə də, onun ən yaxın həmfikri olan Xərabatını camaat: “Alçaq, haylaz!”- deyə vurub yanındakı uçuruma düşürür. “Şeyx Sənan”dakı kimi bu epizodda da yazar uçurumun həqiqi varlığına da diqqət yetirmişdir. Çünki bu uçurumlar nə qədər məcazi olsalar da, bir o qədər də həqiqi idilər. Elə Cavidi məhv edən cəllad da əsərdəki oxşarı kimi düşünürdü. “Qatil deyilim, aləti qətlim”. Məhz bu qətl alətlərinin əliylə Hüseyn Cavidi məhv etmək istədilər. Lakin həqiqətdə uçuruma yuvarlananlar özləri oldular. “Şeyda-Cavid  isə uçduqca uçdu, yüksəldikcə yüksəldi. Nihayət, buludlara qavuşaraq büsbütün qeyb oldu”.

Gülnar Səma

 

KÖŞƏ YAZARLARI
TOP 10