Çayxana gündəlikləri

126 Baxış

cavansir

Hekayədə Məzi Nikbinin söhbətlərini və dosyeləri Müşfiq XAN, Vəhşi Müəllim obrazı və onun xatirələrini isə Cəlil Cavanşir qələmə almışdır.

 

Müəlliflərdən

 

Bir il əvvəl yazdığımız bu hekayəni müəllimlər günü münasibəti ilə bu gün ilk dəfə gün işığına çıxarırıq.

 

Fürsətdən sui istifadə edib burdan bütün Xırdalan uşaqlarına salam göndəririk!

 

Tale bu dəfə üzümə güldü. Günlərdi alınmasa da, nəhayət müsahibimlə Xırdalan bazarında, göy-göyərti satılan yerin yanındakı kafedə oturub söhbətləşməyə razılaşdıq. Metr yarım boyuna baxmayaraq sıfır kompleksli və ədalı görünürdü. Uzaqdan, özündən bir az razı, hamıdan isə xeyli dərəcədə narazı insan təsiri bağışlayır. Əlbəttə, bu, ilk görüşün ilk təəssüratıdı. Qırmızı şalvarını görüb onu uzaqdan tanıdım. Tələsik özümə çəki-düzən verib qarşılamaq üçün qabağına yüyürdüm.

Hal-əhval tutub əyləşdik. Yerimiz istidi. Ofisiant funksiyasını can-başla yerinə yetirməyə çalışan Məmi dayı da çox mehribandır.

 

Dosye

Məmi dayı – 65 yaşı var. Qəsəbədə Kar Məmi ləqəbi ilə tanınır. Orqan və qadın alveri xaricində bütün iri və xırda bizneslə məşğul olub. Amma dediyinə görə, indi olmasa da, vaxtilə ən çox Moskva bazarında satdığı qərənfillərdən qazanırmış. Elə o vaxtlardan nərd azarkeşi olub.

 

Masaya əvvəlcə çay, bir az sonra da yarımçıq “Zalatoy Kaltso” gətirdi. Kənd çolpasının çığırtmasından başqa seçim olmadığına görə razılaşdıq. Allah tərəfi, dadlı imiş kənd çolpası. Qəşəngcə yedik, adama iki qədəh də içdik. Danışdıqlarım sürətlə, təxminən yarım saat ərzində baş verdi.

Yerini sınıq-salxaq ofis kreslosunda rahatlamağa çalışan müsahibimə – Vəhşi müəllimə dəyərli vaxtından bir parça ayırıb, onunla söhbətləşməyimə razılıq verdiyinə görə minnətdarlıq elədim.

 

 

Dosye

Vəhşi müəllim – 43 yaşı var. Beynəlxalq ləqəbi Super Vəhşi. Əslində çox sadə və səmimi adamdır. Söhbətimiz dəyərli və əməksevər xalqımızın milli oyunlarından ən sevimlisi olan nərd haqqında olacaqdı. Çünki Vəhşi bəy, daha doğrusu müəllim, (“bəy” deyəndə sözün həqiqi mənasında vəhşiləşir) otuz ildən çoxdur ki, nərd elminin nəzəriyyəsini tamamilə “məhv” eləmiş, praktikasını bu sahədə nəinki ölkəmizdə, hətta Avropada gəlişdirmiş bir nərd ustadımızdı.

 

Masanı əvəz edən məktəb partasının digər ucunda güllü çit parça ilə təzəcə üzlənmiş ev kreslosunun bir küncündə büzüşmüşdüm. Söhbətə hardan başlayacağım barəsində götür-qoy eləməyə macal tapmamış Vəhşi müəllim cibindən zərləri çıxarıb masamızın üstünə atdı. Sən demə bu jest vəhşi nərd ustaları arasında xüsusi anlam daşıyırmış. Məmi dayının tələm-tələsik mətbəxin pərdəsinin arxasında yox olması ilə, qoltuğunda nərdtaxta qayıtması cəmi bir neçə saniyə çəkdi.

Daşları düzüb saydıq – 15 ağ, 15 qara. Daha doğrusu mən həmişəki vasvasılığımın diktəsi ilə diqqətlə saymağa çalışmışdım. Rəqib isə baxırdı. Xeyli gərgin idim. Vəhşi ilə nərdtaxta arxasında oturmaq mənimçün duel kimi bir şey idi. Olan-olmuşdu. Suallara başlamaq vaxtıydı. Həyəcanlandığımı hiss edib qımışdı. Mənim daşlarımdan düz beşini götürüb kənara qoydu. Həyatım boyu nərddə belə riskli oyunçu, bu cür “fora” görməmişdim. O, əsl Vəhşi idi… hətta deyərdim ki, Super Vəhşi…

 

Nərd Ustadı – Super Vəhşi ilə söhbətimiz

 

– Vəhşi müəllim, xahiş edirəm, əvvəlcə burdan başlayaq ki, nərdə qurşanmağınız necə oldu? Yəni neçə yaşında hiss elədiniz ki, siz bu zəhrimarı bacarırsız?

 

– Ya Allah, Məzi, ya allah!

 

Dosye

Məzi – 27 yaşı var. Əsl adı Məzahirdi. Amma işlədiyi redaksiyada Məzi müəllim deyirlər. Hərdənbir düşdüyü “lomka”lar istisna olmaqla, özünün də dediyi kimi nikbin adamdı. Falçı, çöpçü, sınıxçı, cindar, dindar, bürc, qoroskop kimi mövzularda çox həssas və inanclıdı Məzi. Jurnalist imzası Məzi Nikbin.

 

– O bayaq daş-zad sayırdın ha, allah haqqı, az qaldı nərdi götürüb başıma çırpım. Mənə qarşı bu hərəkəti eliyən adamın gərək nərd elmindən ciddi şəkildə anlayışı olsun. Belə şeylər babat xətrimə dəyir, Temişin goru haqqı. Özün də oxumuş oğlansan, sənə yaraşmaz. Qaldı ki, bu zəhirmarla tanışlığıma, uzun söhbətdi. Kəndimizin qocaman nərd ustadı Temiş kişinin oyunu yarımçıq qoyub tualetə getməyə ərindiyi üçün altını islatdığı il, ilk dəfə bu şoğəriblə tanış oldum. Daha doğrusu Temiş kişinin insanın damarda qanını donduran qeyri-adi qəhrəmanlığı dildən-dilə dolaşıb gəlib mənə çatanda uşaqdım, nərdi də ancaq sənətkarların qarşısında görmüşdüm. Həmin il, ilk dəfə atamın qarşısında əsgər kimi farağatda dayanıb tələb etdim ki, mənə nərdi öyrətsin. İki il dalbadal yeddinci sinifdə qaldığım üçün  kişi əlimdən yanıqlı idi. Xahiş-minnət eləsəm də, mənə qulaq asmadı. Üstəlik sağ qulağımın dibindən bir qapaz da ilişdirdi ki, “adamsan, adam balasısan get dərsini oxu”. Sözün açığı üzə düşdüm bala. Beynim çöndü, getdim cavanların yığışdığı kənd çayxanasına. Yerdən tapdığım siqaret kötüklərindən birini yandırıb, iki tüstü vurdum. Ağır illər idi, siqaret almaq hər oğulun işi deyildi. Bax, həmin anda sol qulağımın dibi də qızışdı. Əmim damağımdakı siqaret kötüyünü götürüb yerə atdı və əsəbi şəkildə ayaqladı:

– Bu nədi a qurumsaq? Heç ölüb yerə girirsən? İki ildir bir sinfi keçə bilmirsən, çayxanada siqaret çəkirsən? Öl, gir yerə! Alçaq, nadan, tərbiyəsiz!

Canımı dişimə sıxıb, ağlamadım. Dərdimi əmimə danışdım. Böyük nərd həvəskarı olan əmim cibindən filtrsiz “Astra” çıxarıb qutunu fikirli-fikirli mənə uzatdı. Adama bir siqaret yandırıb yalan olmasın yarım saat susduq. “Astra”nın vaxtları vardı eee. Kəndin naxırçısı Dünyamalı səhər evdən çıxanda birini yandırır, axşam mal qayıdan vaxt kötüyünü qəbirstanlığa dədəsinin qəbrinə tərəf atırdı.  Əmim əlini ağır-ağır çiynimə endirdi:

– Darıxma qardaşoğlu, Qarabağ da qayıdacaq, qaçqınlar da yer-yurduna dönəcək. Belə şeylərin fikrini eləmə.

– Əmi, Qarabağ nədi?

– Ə kopayoğlu, bə bayaqdan nəyin dərdini çəkirsən?

– Nərd oynamağı bacarmıram, onu fikirləşirəm.

– Day bunu niyə dərd eləmisən özünə? Get çayçı Qaradan nərdtaxtanı al gəl. Tapşır bir çay dəmləsin, xoruzquyruğu.

 

Həəə. Sonra çay gəldi, nərdtaxta gəldi və əmim mənim əlimdən tutub zər cütləməyi, daş gizlətməyi, daşı iki-üç xana sürüşdürməyi, “Mars”dan qaçmağı, “Domaşniy Mars”ı öyrətdi. Elə o gündən bu şoğəribə qurşanan oldum. Tay-tuşlarım əsgərliyə gedəndə dədəm iki inək satıb məni “kamsavat” elətdirdi. Kənddə qalıb, bu zəhirmarın sirlərini öyrənməyə başladım. Gördüyün bu it sümüyündən düzəldilmiş zərlər də, əmi yadigarıdır.

Al müəllim, at görək nə atırsan. Yadda saxla, usta ya “yek” atar, ya “şeş”! Bu zəhirmarın bir qaydası da, budur.

– Vəhşi müəllim, xətrinizə dəyməsin, el arasında belə söz-söhbət yayılıb ki, Vəhşi axır-macallar nərdə yadırğayıb, uşaq-muşağa da uduzur. Hələ bu azmış kimi, sizin heç əvvəllər də bir o qədər performanslı nərd oynaya bilmədiyiniz haqqında şayiələr gəzib-dolaşır. Mən başa düşürəm, bunlar beyninin bütün “əplikeyşinlərində fatal error” getmiş nadürüstlərin başının altınnan çıxır. Amma yenə də, gəlmişkən, bu iddialara da münasibətinizi öyrənmək oxucularımızçün göydəndüşmə olar. Görün nə deyirəm, qəzetimiz əvvəllər reket siyahısındaydı. Sonra baş redaktorumuz xod tapıb məsələni kökünnən həll elədi. Siyasətdi-zaddı belə şeylərə də qarışmırığ. Bayaq bir-iki kəlmə Qarabağdan dedüz ha, vallah məni gülmək tutdu. Özümü zornan saxladım. Ümumiyyətlə inciməsöz, o “Qarabağ söhbətin” yazıya salmaram. Düz başa düşün eee, belə mövzular qəzetimizin reytinqinə, çəkisinə kölgə salır. Diqqətli oxucularımız ancaq qalmaqallı, şok xəbərlər oxumağı sevir. Deməli o gün bəstəkar-müğənni və son illərin ən çox oxunan şairəsi Elzanə xanımın iti haqqında evinnən reportaj hazırlamışdım. Qəzetdə çap olunannan sonra, saytımıza da verdik. Bir iş günündə on minnən çox adam oxumuşdu. Heç bizdə bələdiyyə seçkilərinə o qədər seçici getmir. Buna görə də, Vəhşi müəllim, sizdən təvvəqqem budur ki, bir az sərt danışın. Amansız olun. Kimdi axı bu şayiələri yayan beyni oksidləşmiş təbəqə? Hə, sizi də söhbətə tutdum, qarışdırduz deyəsən. Xahiş edirəm üç xana geri qoyun o daşı. Ora “sə” yox, “şeş” gedərdi.

– Bala, sən nə “qniloy” adamsan? Guya mən bilmirəm “sə” hara gedir? İndi götürüm bu çayniki, çırpım yerə? Niyə qoymursan bu zəhirmarı adam kimi oynayaq? Temişin narahat ruhuna and olsun ki, sən cığal adamsan. Qardaşoğlu, ayıbdır axı. Mən zərlər  nərdtaxtanın üzərinə düşməmiş, göydə bilirəm nəyi hara oynayacağımı. İndi bu xana sənə sərf elədiyi üçün mən “şeş”i “sə” oynamalıyam? Bu fırıldaqçılıq siz jurnalistlərin, yazarların qanında var ee, qınamıram səni. O gün Azərbaycan nəşriyyatının yeməkxanasında neçə ilin jurnalistlərini düzdüm qabağıma, bir dənə sual verdim! Pah! Denən biri cavab tapa bildimi? Mal kimi gözlərini döyə-döyə qaldılar. Sual da bir qəliz sual ola, yanmaram. Eləcə, məzə üçün soruşdum ki, “Bu işlərin axırı necə olacaq?”. Lənət sənə kor şeytan! Qiymətli başın üçün, hamısı getdi “çorta”. Aralarında bir az cavanı vardı, Qiyasalı Coşqun, tanımamış olmazsan.

 

Dosye

Qiyasalı Coşqun – 24 yaşı var. Bir az ədabaz, bir az özünnən deyən, bir az savadsız, bir az da istedadsız adamdı. Ümumiyyətlə, Qiyasalı bir az adamdı, bir az yox.

 

Hə, qıyıqgöz, uzunsaç, keçisaqqal bir gedədi. Dirəşdi ki, cavab versin, mızıldaya-mızıldaya qaldı. “Amerikanın oyunlarıdı”, “İsrailin barmağı var”, “Mossadın işidi”, “İŞİD-in islama dəxli yoxdu”… Zırt! Kül sənin publisist başına a Qiyasalı! Bir suala da düz cavab verə bilmirsənsə, get tullan da. Əziz canın üçün, eləcə soruşdum ki, “Bu işlərin axırı necə olacaq?”. İndi sən də incimə eee, sizin tayfa bir az savadsız, məlumatsız olur. Qoşulmusan belə avara, cahil, mənasız adamlara. Günah səndə deyil ee, günah məndədir. Niyə sənə müsahibə verməliyəm mən? Oturub ustalarla nərdimi atıb, çayımı hörtüldədərəm də… Nə isə ee, nə isə…

El arasında çox şey deyilə bilər bala, elin ağzı çuval deyil ki, yığasan. Qətiyyən yadırğayıb eləməmişəm. Əlhəmdülillah, formadayam! Lazım gəlsə dünya çempionatına çıxıb performans göstərə bilərəm. Belə boş-boş söhbətlərə görə özünü yorma, məni isə heç yorma qadan alım. Hə ataş, belə-belə işlər.

Adəəəəə!!!! Neynirsən? Qəndin yerinə zərləri nöş atırsan ağzına! Fuuu. Ayıbdı vallah! Sonra da məndə səhv tutursan! Bala, qəndi ağzına qoy, zəri at. Lənət sənə kor şeytan! Bala, niyə məni çərlədirsən? Nə pisliyim keçib sənə? Nə günahın sahibiyəm? Pah dədə!

 

– Vəhşi müəllim, eşit gör nə deyirəm. Deməli, inişil elə bu vaxtlar olardı, söz vaxtına çəkər. Mənim bir bacanağım var – Qələndər, dirəşdi ki, gəl nərd oynayaq sənnən.

 

Dosye

Qələndər – 32 yaşı var. Kitab-zad oxuyan adam deyil. Sadə, suyuşirin, cüssəli və çox əsəbidi. Nərddə uduzanda uşaq kimi ağlamağı var. Hə, bir də təsadüfən udubsa, mütləq nərd taxtanı qoltuğuna verib 0.9 meqa piksel samsungla şəklini çəkib arxivləşdirməlidi.

 

– Hə, onu deyirdim axı, ha istədim ki, yola verim getsin, gördüm yoooox, hərif israrlıdı. Sizə ilişmək kimi çıxmasın, amma o da yaxşı bacarmır bu zəhrimarı. Adamın başının üstündə Allah var, insafən siz nərdin nəzəriyyəsini bilən adama oxşuyursuz. Amma nədənsə bayaqdan baxıram, bir az əsəbi görünürsüz. Deyəsən psixoloji təsir edib udmağı planlaşdırırduz. İndi də alınmayacağını görüb başlamısuz məni danlamağa. Vəhşi müəllim, başağrısı olmasın, bir şey də deyim, görürəm əlinizə bir fağır jurnalist düşüb, sağdan da təpinirsiz, soldan da. Amma bayaq dediyüz o jurnalistlər var ha, onların çoxu əvvəllər bizim Qələndər kimi kitab-zad oxumayan adamlar olublar. İndi Qələndər mənim bacanağımdı deyə, onu tərifləmək istəmirəm. Onsuz da bizim bu söhbət gec-tez hardansa əlinə düşəcək, oturub oxuyacaq. Adam gərək xoşu naxoşun ayağına verməsin. Qələndər də noolsun kitab oxumur, “zato” canlara dəyən oğlandı. Sizin Qiyasalı mövzusundakı narahatçılığıvızı əsaslı sayıram. Etiraz eləməsöz, istedadlı bir təklifim var. Nə deyirsiz, bəlkə gələn həftə o jurnalistlərin hamısını yığıb nərdə çağıraq? Siz, indi day bacardığuzdan da olsa, onlara nərdtaxta arxasında həyatı başa salarsuz. Söz atmaq kimi çıxmasın, mən də kömək edərəm. Həm də yaxşı bir hazırlayaram. Ay Vəhşi, üzr istəyirəm, Vəhşi müəllim, o mənim daşımdı eee qadouzu alım, siz qaralarnan oynuyursuz. Xahiş eliyirəm, qaytarın daşımı yerinə qoyun.

 

p.s. Balaxanıda görüşənədək…

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10