Cek London – “Qurd oğlu”

141 Baxış

ceklondonSenet.az “XAN” nəşriyyatında işıq üzü görmüş “Cek Londonun hekayələri” kitabından “Qurd oğlu” hekayəsini təqdim edir. Əsəri dilimizə  müəllim, şair, əruzşünas alim Zülfəli Zülfəliyev 1980-ci ildə dilimizə çevirsə də, kitab uzun illər çap olunmayıb. Daha sonra bu maraqlı hekayələri filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq Zülfəli müəllimin arxivində işləyərək üzə çıxarıb.

Kişi ona yaxın qadınları qiymətləndirməyi çox nadir hallarda bacarır – ən azından, onları tamamilə itirənə qədər. Qadından aldığı istilik bu müddətdə onun şüuruna qətiyyən çatmır, lakin qadın onu tərk edən zaman kişinin həyatında getdikcə böyüyən bir boşluq yaranır və onun bütün varlığına qeyri-müəyyən, özünün də anlamadığı, sözlərlə izah edə bilmədiyi bir aclıq hakim kəsilir.

Əgər dost-tanışları da həyat təcrübəsində ondan irəli gedə bilməyiblərsə, şübhə ilə başlarını bulayacaq, ciddi müalicə məsləhət görəcəklər.

Mənəvi aclıq isə hey artmağa davam edəcək, kişi gündəlik həyati şeylərə qarşı marağını itirəcək və tədricən daha əsəbi və qaşqabaqlı olacaq.

Lakin, nəhayət, gözəl günlərin birində daxilindəki bu əzablı boşluq artıq dözülməz dərəcəyə çatanda, o, nə istədiyini anlamağa başlayar.

Belə bir iş Yukonda yaşayan bir adamın başına yay vaxtı gələrsə, o, qayığını səfərə hazırlayar, yox əgər qış vaxtı olarsa itlərini kirşəyə qoşaraq cənuba tərəf istiqamət götürər.

Əgər o, şimalın vurğunudursa, bir neçə aydan sonra bü-tün əzab və əziyyətləri bu soyuq diyara qarşı olan məhəbbə-ti onunla yarıbayarı bölməyə razı olan arvadı ilə qayıdıb gələr. Bu da əsl kişi eqoizminə əyani bir sübutdur! Burda istər-istəməz o qədim zamanlarda – hələ Klondayka qızıl axtaranlar və çeçokalar gəlməmişdən, buraların ancaq əla balıq ovu yeri kimi tanındığı vaxtda Biryuki Makkenzinin başına gələn macəranı yada salmalı olursan.

Elə birinci baxışdan təyin etmək olur ki, Biryuki Makkenzi yeni torpaqları fəth edən pionerlərdəndir. Onun sifətində 25 il sərt təbiət qüvvələrinə qarşı apardığı çılğın mübarizənin silinməz izləri var idi. Ən çətini isə Qütb dairəsinin qübbəsi altında qızıl axtarışına sərf etdiyi axırıncı iki il idi. Onun bütün mənəviyyatına daxili bir boşluq hissi təsir etməyə başlayanda, heç də təəccüblənmədi. Çünki həyat təcrübəsində həmin xəstəliyə düçar olmuş çox adama rast gəlmişdi. Lakin bu xəstəlik onu ruhdan salmaq əvəzinə, daha ciddi işləməyə məcbur etdi.

Bütün yayı ağcaqanadlarla mübarizə aparmış və Yukondan Qırxıncı Milə qədər ağac ötürərək, Styuart çayının sahilində islanmışdı. Nəhayət ki, özünə əla bir daxma tikmişdi.

Bu elə möhkəm və rahat yaşayış yeri idi ki, onu Biryukla bölüşdürmək istəyən xeyli ovçu tapıldı. Lakin o, bir neçə təəccüblü dərəcədə qısa və təsirli sözlə onların bütün ümidlərini puça çıxartdı və yaxın faktoriyaların birindən ikiqat yemək ehtiyatı aldı.

Deyildiyi kimi, Makkenzi həyat təcrübəsi görmüş bir adam idi. Adətən, bir şey istəsəydi, ona yetməyə çalışardı, bununla belə, bəzən vərdiş və həyat tərzindən qırağa çıxmağa da cəhd edərdi.

Ağır əmək və çətinlik Biryuki üçün yenilik deyildi. Lakin 600 mil buzlu yollarla itlərini qoşub kirşə sürmək, 2000 mil okeanla üzmək və nəhayət, 1000 mil qədər yol gedərək, əvvəl yaşadığı yerə çatıb arvad almaq onun üçün heç də xoşagələn iş deyildi. Həyat oduqca qısadır.

Buna görə də, o, itləri qoşaraq, kirşəsinə ilk baxışdan qeyri-adi görünən şeyləri yüklədi və Qərb yamaclarından Tanana çayının başlanğıc götürdüyü dağlar silsiləsinə tərəf yol aldı.

O, yolda yorulmaq və aclıq bilməz, itləri isə Yukonda ən dözümlü və sürətli qoşqu sayılırdı. 3 həftədən sonra o Tanananın yuxarı sırasına Stisk qəbiləsinin yaşadığı yerə gəlib çıxdı. Bütün qəbilə onu görərkən heyrətə gəldi. Tanananın yuxarı cərgələrində yaşayan stisklər barədə çox pis xəbərlər gəzirdi. Onlar dəfələrlə adi bir şey – iti balta və ya sınıq bir tüfəngdən ötrü ağ adamları öldürmüşdülər. Ancaq Biryuki Makkenzi onların yanına tək gəlmişdi və onun hərəkətlərində bir sakitlik, soyuqqanlılıq, sərbəstlik və həyasızlıq hiss olunurdu. Belə müxtəlif növlü silahdan istifadə etmək üçün vəhşilərin patalogiyasını çox dərindən bilmək və böyük məharət tələb olunurdu. Lakin Makkenzi belə şeylərə böyük usta idi. O, yaxşı bilirdi ki, nə vaxt güzəştə getmək, nə vaxt inad göstərmək, sövdələşmək lazımdır.

İlk növbədə qəbilə başçısı Tlinq-Tinnexə olan hörmətini nümayiş etdirmək üçün ona bir neçə funt qara çay və tütün bağışladı və bununla da onun etimadını qazandı. Sonra isə qəbilənin bütün kişiləri və qadınları ilə tanış oldu və onları potlaça dəvət etdi. Qarın içində eni 25, uzunu 100 fut olan ovalvari bir meydança tapdanıb düzəldildi. Meydanın ortasında böyük bir tonqal qalandı, qırağına isə küknar budaqları döşəndi. Bütün qəbilə viqvamlardan bayıra töküldü və yüzə qədər ağız qonağın şərəfinə hindus mahnısı oxumağa başladı. Son iki il ərzində onlar Biryuki Makkenziyə bir neçə yüz sözü və ifadəni öyrətdilər. Makkenzi elə də çətinlik çəkmədən, boğaz səslərini və yapon dilinə yaxın olan qəliz sözləri yadda saxlaya bildi.

Beləliklə, istiarə və təşbehlərə xəsislik etmədən bütünlüklə ibtidai poeziya ilə dolu olan bir dildə hinduların qarşısında çıxış etməyə başladı. Tlinq-Tinnex və şaman ona hə 8 min üslubda cavab verirdilər. Sonra bütün kişilərə kiçik hədiyyələr bağışladı və onlarla birlikdə mahnı oxuyub müxtəlif oyunlarda, xüsusən də, ən çox sevdikləri “52 çubuq” oyununda iştirak etdi.

Beləliklə, onlar Makkenzinin tütününü çəkir və çox razı idilər. Ancaq qəbilə cavanları özlərini başqa cür aparırdılar. Burda lovğalıq da, meydan oxumaq çağırışı da hiss olunurdu. İşin nə yerdə olduğunu başa düşmək asan idi. Gənc qızların gülüşməsinə, dişsiz qarıların kobud işarələrinə fikir vermək kifayət idi. Onlar ağ adamların – Qurd oğullarının o qədər də çox olmadıqlarını bilirdilər. Lakin bu çox olmayanlar da onlara lazımi dərs verə bilirdilər. Biryuki Makkenzi ilk baxışdan özünü nə qədər qayğısız göstərsə də, bunların heç biri nəzərdən qaçmırdı. Doğrusunu desək, gecə yatacaq kisəsinə girəndən sonra, o bir neçə dəfə qəlyanını dolduraraq keçəcək əməliyyatı bir daha dəqiqlik və ciddiyyətlə fikrindən keçirdi. Bütün qızlardan ancaq biri, qəbilə başçısının qızı Zarinska onun diqqətini cəlb edə bilmişdi. O, öz qəbilədaşlarından çox fərqlənirdi. Sifətinin cizgiləri, duruşu, bədən quruluşu daha çox ağ adamın gözəllik haqda təsəvvürlərinə uyğun idi. O, mütləq bu qızı əldə etməli, onunla evlənməlidir. Adını da Hertruda çağıracaq. Bu nəticəyə gələndən sonra, Makkenzi böyrü üstə çevrilərək əsil qaliblər nəslinin övladı kimi möhkəm yuxuya getdi.

Bu vaxt və zəhmət tələb edən çətin bir iş idi, lakin Biryuki Makkenzi hiyləgər hərəkət edir, onu qayğısız görkəmi hinduları doğru yoldan sapdırırdı. O, əla atıcı və ovçu olduğunu qəbilə kişilərinə sübut etdi. 600 yarddan böyük bir sığını güllə ilə yerə sərməyinə bütün qəbilə heyran qalmışdı. Bir dəfə çoxlu tütün götürərək Tlinq-Tinnexin maral dərisindən olan viqvamına gəldi. O, başçını səxavətlə tütünə qonaq edir və ara vermədən özü haqda danışıb lovğalanardı. Hə 9 min bu hörməti şamana göstərmək fürsətini də əldən buraxmadı. Bütün qəbilə bu cadugərin sözündən çıxmazdı. Onun hörmət və etimadından istifadə etmək lazım gələcəkdi.

Ancaq bu adam özünü çox soyuq aparırdı. Makkenzi onu öz rəqibləri siyahısına daxil etməli oldu. Zarinska ilə danışmaq imkanı ələ düşmürdü. Makkenzi öz mənalı baxışları ilə məqsədini ona anlatmağa çalışırdı. Qız şübhəsiz ki, onu yaxşı başa düşürdü. Ancaq şıltaqlığından kişilər bir az uzaqmış kimi, özünü bir dəstə qadınla əhatə edirdi və Biryuki Makkenzi ona yanaşa bilmirdi. Ancaq o, tələsmir, bilirdi ki, qız onun haqqında fikirləşir. Onda qoy bir-iki gün də fikirləşsin. Bunun hər halda ona xeyri vardı.

Nəhayət, bir dəfə axşam vaxtı o qərara gəldi ki, vaxt çatıb. Biryuki yerindən duraraq qəbilə başçısının tütün tüstüsü ilə dolu viqvamından1 çıxdı və cəld qonşu viqvama tərəf yönəldi. Zarinska adəti üzrə qız və qadınların əhatəsində oturmuşdu. Onlar hamısı işlə məşğul idi: kimisi makasin2 tikir, kimisi də yastıq kisələri. Makkenzinin içəri girdiyini görərkən, hamı gülüşdü və Zarinskanın şən səsi eşidildi.

1 Viqvam – Şimali Amerika hindularının samandan hazırladığı, günbəz formasında olan daxmalar.

2 Makasin – Şimali Amerikada hinduların maral dərisindən hazırladığı ayaqqabı.

Amma sonra belə alındı ki, Zarinskadan başqa bütün qadınlar çölə atıldı və onlar kəndə səpələnərək, bu maraqlı xəbəri yaymağa tələsdilər.

Biryuki öz niyyətini qızın öz ana dilində, dolğun və gəlişigözəl sözlərlə izah etdi, təxminən iki saatdan sonra isə ayağa qalxdı.

– Deməli, Zarinska ağ adamın viqvamına köçməyə razıdır, hə? Yaxşı. Bu saat mən sənin atanla danışaram, bəlkə, o, hələ razı deyil. Mən ona çoxlu hədiyyə bağışlayaram və yaxşı olar ki, o məndən daha çox şeylər tələb etməsin. Bəs birdən o “yox” desə? Olar. Demək, Zarinska yenə də ağ adamın viqvamına köçməli olacaq.

Qapını əvəz edən dərini qaldırıb bayıra çıxmaq istəyəndə qız yavaş səslə onu çağırdı və o geri qayıtdı. Qız dizləri üstə yerə döşənmiş ayı dərisinin üstünə düşdü. Onun üzündən bütün Həvva nəslini təmsil edən nur yayılırdı. O çəkinəçəkinə Makkenzinin ağır kəmərini açdı. Makkenzi bayırdan gələn hər şaqqıltıya qulaq asa-asa təəccüblə ona baxırdı. Ancaq qızın sonrakı hərəkəti onun bütün şübhələrini aradan götürdü və o gülümsündü. Qız əl işlərini gizlətdiyi kisədən, sığın dərisindən olan, qızıl naxışlarla işlənmiş bir qın çıxartdı, Makkenzinin böyük ov bıçağını əlinə alaraq tiyəsinə baxdı və ehtiyatla barmağı ilə itiliyini yoxlayıb, təzə qının içinə qoydu. Sonra kəməri bağlayaraq, bıçağı əvvəlki yerindən asdı.

Doğrudan da, bu lap qədim keçmişi xatırladırdı. Pəri və cəngavər. Makkenzi qızı ayağa qaldıraraq bığlarını onun dodaqlarına toxundurdu. Qız üçün bu təmamilə tanış olmayan, yad bir nəvaziş – Qurd nəvazişi idi. Daş dövrü polad dövrü ilə bu cür görüşdü.

Biryuki Makkenzi qoltuğunda böyük bir bağlama ilə Tlinq-Tinnexin qapısının qarşısında görünəndə ətrafda qeyri-adi bir canlanma var idi. Uşaqlar düşərgə boyu qaçışır, potlaç üçün odun və küknar budaqları daşıyırdılar. Qadınların qərən-pərəni daha bərkdən səslənir, cavan ovçular isə topa-topa yığılaraq tutqun halda söhbətləşirdilər. Şamanın viqvamından isə qorxunc cadu səsləri gəlirdi.

Qəbilə başçısı arvadı ilə yanaşı oturub, tutqun nəzərlə qarşısına baxırdı. Makkenzi o saat başa düşdü ki, söyləyəcəyi burada artıq məlumdur. O nişanlanmanın baş verdiyini bildirmək üçün bıçağın qınını gözə tez görünən tərzdə çəkdi və o saat da mətləbə keçdi.

– Tlinq-Tinnex, bütün Tanana ailəsinin və stisk qəbiləsinin hökmdarı, balıq və ayıların, sığın və maralların sahibi, ağ adamı sənin yanına gətirən, böyük bir niyyətidir. Onun özünün tənha və evinin boş, kimsəsiz olduğu vaxtdan çoxlu-çoxlu ay dolanıb. Onun ürəyi bu sakitlikdən darıxır, qadın arzulayır. Qoy evdə onunla yanaşı otursun, qoy ovdan qayıdanda onu qarşılasın, ocaq qalayıb xörək bişirsin. Ağ adamın xəyalına qəribə şeylər gəlirdi, o xırda makasinlərin tappıltısını, balaca uşaqların səsini eşidirdi. Bir dəfə gecə vaxtı onun gözlərinə ruh göründü. Qarğa – sənin baban Ulu Qarğa, stisk qəbiləsinin atası – onun yanına gəlib danışmağa başladı. Gör, Qarğa Tənha ağ adama nə dedi: ”Makasinlərini geyin, xizəklərini ayaqlarına tax, kirşələrini uzun yol üçün yemək ehtiyatı və qəbilə başçısı Tlinq-Tinnex üçün hədiyyələrlə doldur. Ona görə ki, sən bahar günəşinin yerin kənarında girdiyi yerə, ulu Tlinq-Tinnex ovlaqları olan yerə gedəcəksən. Sən ora qiymətli hədiyyələr apararsan və mənim oğlum Tlinq-Tinnex sənin atan olar. Onun viqvamında ancaq sənin üçün həyat nəfəsi verdiyim bir qız var. Bu qızı sən özünə arvad edərsən”. Ulu Qarğa belə deyirdi, ey rəhbər! Ona görə də, mən bu hədiyyələri ayaqlarının altına sərirəm. Mən buraya sənin qızını almaq üçün gəlmişəm.

Qoca rəhbər şahanə bir tərzdə öz xəz paltarına daha da büründü, ancaq cavab verməyə tələsmədi. Bu vaxt çadıra bir uşaq girdi, rəhbərə xəbər verdi ki, onu qəbilə müşavirəsinə çağırırlar və gözdən itdi.

– Ey, bizim sığınların bəlası, həmçinin Qurd və Qurd oğlu adlandırdığımız ağ adam! Biz bilirik ki, sən böyük bir qəbilədən törəmisən, biz fəxr edirik ki, sən bizim qonağımız olmusan, ancaq keta nərə balığına tay olmadığı kimi Qurd da Qarğaya tay deyil.

– Doğru deyil! – Makkenzi dilləndi. – Mən Qarğanın qızlarına Qurdların düşərgələrində çox rast gəlmişəm. Mortimerin arvadı, Tredqidin arvadı, Barnabinin arvadı – hansı ki, iki buz axınından sonra geri qayıtmışdı. Bir də, onları görməsəm də, eşitmişəm ki, başqaları da var.

– Sən doğru deyirsən oğlum, ancaq bunlar axmaq izdivaclardır. Bu, su ilə qumun, qar ilə günəşin birləşməsi kimi bir şeydir. Sən Meyson adlı adama və onun arvadına rast gəlibsənmi? O, on buz axını bundan əvvəl Qurdlardan bura gələn ilk adam idi. Onunla birlikdə qüdrətdə qrizli ayısına, üzü bədirlənmiş aya bənzəyən bir nəhəng da gəlmişdi. Bax onu…

Söylənmiş təsvirdən Şimalda hamıya tanış olan bu adamı tanıdığı üçün Makkenzi onun sözünü kəsdi: ”Bu ki, Meylmyut Kiddir!”

– Bəli, bu həmin nəhəngdir. Ancaq sən nə vaxtsa, Meylmyutun arvadını görmüsənmi? O, Zarinskanın doğma bacısıdır.

– Yox, rəhbər mən onu görməmişəm, ancaq haqqında eşitmişəm. Şimalda, çox-çox uzaqlarda ötən illərin ağırlığından yüz illik bir şam ağacı aşdı, aşarkən Meysonu da öldürdü. Onun qızılı da çox idi, məhəbbəti də böyük idi. Qadın onun qoyub getdiyi oğlunu da, qızılı da götürdü və uzaq yola düşdü. Hesaba gəlməz çox-çox gecələrdən sonra elə bir ölkəyə gedib çıxdı ki, orda qışda da günəş işıq saçır. Elə indiyədək də orada yaşayır. Orada nə qar, nə də sərt şaxtalar var. Orda nə yayda gecəyarı günəş işıq saçır, nə də qışda günorta vaxtı zülmət olur.

Burada onların söhbətini ikinci elçi kəsib rəhbərin müşavirəyə tələb olunduğunu söylədi. Makkenzi onu qarın üstünə itələyərkən, qəbilə müşavirəsinin toplandığı yeri, tonqal ətrafında ahəstə rəqs edən kölgələri gördü. O kişilərin boğuq səslə oxuduğu mahnını eşitdi və başa düşdü ki, onlar da kin və qəzəbi alovlandıran şamandır. Vaxt gözləmirdi. Makkenzi rəhbərə tərəf çevrilərək:

– Qulaq as, – dedi. – Mən sənin qızını almaq istəyirəm. Bax: bu tütün, bu çay, bu da çoxlu-çoxlu qənd. Bax: bu isti ədyallar, möhkəm dəsmallar. Bu isə əsl tüfəngdir, yanında da çoxlu güllə və barıt var.

– Yox, – deyə bu böyük dövlətə şirnikməmək üçün qoca öz nəfsinə güc gələrək etiraz etdi. – Bu saat mənim qəbiləm müşavirəyə toplaşıb, onlar Zarinskanı sənə verməyimi istəmirlər.

– Axı sən rəhbərsən.

– Doğrudur, ancaq cavanlar qəzəblənirlər ki, Qurd övladları onların nişanlılarını əllərindən alır.

– Qulaq as, Tlinq-Tinnex! Bu gecə keçib, sabah olmamış Qurd öz itlərini Şərq dağlarından da uzağa uzaq Yukona tərəf qovacaq. Zarinska da onun itləri üçün yol açacaq.

– Bəlkə heç bu gecə yarı olmamış bizim cavanlar Qurdun ətini itlərə atacaqlar və onun sümükləri bahar günəşi çıxıb ətrafı qızdırana qədər qarın altında qalacaq.

cek londonHədəyə qarşı hədə. Makkenzinin tutqun bürünc rəngli sifəti qanla doldu. O səsini qaldırdı. Qoca qarı, bu vaxta qədər özünü tamaşaçı kimi aparan rəhbərin arvadı, onun yanından sivişib bayıra çıxmaq istədi. O qadını kobudcasına heyvan dərisindən olan oturacağa itələdi və o bayırda mahnı səsinin kəsildiyini və xeyli adamın gurultulu səsini eşitdi.

– Yenə sənə müraciət edirəm – qulaq as, ey Tlinq-Tinnex! Qurd ölərkən, çənəsini möhkəm sıxır. Onunla birlikdə on nəfər sənin qəbilənin kişilərindən də öləcək. Kişilərə isə sonra ehtiyac olacaq. Ov mövsümü təzə başlayıb, balıq ovuna da çox ay qalmayıb. Mənim ölməyimdən sənə nə fayda var? Xalqınızın adətini yaxşı bilirəm, mənim bu dövlətimdən sənin payına çox şey düşməyəcək. Yaxşısı budur, qızını ver mənə – hamısı da sənə çatsın. Bir şey də söyləyim, bura mənim qardaşlarım gələcək – onlar çox və acgözdürlər. Qarğanın qızları Qurdların evində uşaq doğacaq. Mənim qəbiləm sənin-kindən güclüdür. Taleyin hökmü budur. Qızını mənə ver – bütün bu dövlət sənin olsun.

Bayırdan makasin altında xırıldayan qarın səsi eşidildi. Makkenzi tüfəngi əlinə alıb, kəmərindən hər iki yandan asılmış tapançaların qoburunu açdı.

– Razılaş, ey Tlinq-Tinnex!

– Axı mənim xalqım “yox” deyəcək!

– Razılaş, bu dövlət sənin olsun. Sənin xalqınla özüm sonra danışaram.

– Qoy Qurd istəyən kimi olsun. Hədiyyələrini götürürəm, ancaq unutma ki, sənə xəbərdarlıq etdim.

Makkenzi hədiyyələri ona ötürdü, arada tüfənginin çaxmağını geri çəkməyi də unutmadı, üstəlik ağlığından göz qamaşdıran bir dəsmal da bağışladı. Bu vaxt şaman 5-6 döyüşçünün müşayiəti ilə içəri girdi. Makkenzi onları sərt bir hərəkətlə itələyərək qapıdan bayıra çıxdı.

Zarinskanın çadırının yanından ötərkən, “Yığış!” – deyə qısa şəkildə əmr verdi və tələsik itləri qoşmağa getdi. Bir neçə dəqiqədən sonra qoşqusunu arxasınca çəkərək, şuraya gəldi. Qız onun yanı ilə gəlirdi. O, tapdalanmış meydançanın yuxarı başında, rəhbərin yanında özünə yer saldı. Zarinskaya layiq olduğu kimi özündən sol tərəfdə bir addım arxada dayanmağı tapşırdı. Namünasib vaxtda, təhlükə olarsa, onu qoruya bilmək üçün.

Kişilər sağ və soldan çömbələrək ocağın qırağında oturmuşdular. Onların səsi qədim, artıq yaddan çıxmaqda olan bir mahnıya qarışmışdı. Qəribə, gözlənilməz keçid, təkrar və pauzalardan ibarət olan bu mahnının gözəl olduğunu söyləmək olmazdı. Onu qorxunc, dəhşətli adlandırmaq daha doğru olardı. Meydançanın o başında ona qədər qadın şamanın qarşısında mərasim rəqsini edirdi. Şaman mərasimə lazımi etiqadla yanaşmayanlara acıqlanırdı. Qarğa qanadı ki-mi tünd qara saçlarına bürünmüş qadınlar yavaş-yavaş yellənərək, dala-qabağa hərəkətlər edir, bəziləri ritmə görə əyilib-düzəlirdi.

Bu çox qəribə mənzərə – əsl anaxronizm idi. Uzaq Cənubda 19-cu əsr sona çatır, onun sonuncu onilliyinin axırıncı illəri bitməkdə idi. Burada isə, əsil ibtidai insan, tarixə qədərki mağara insanının kölgəsi, qədim zamanların unudulmuş səhnəsi təcəssüm edirdi. İri, kürən itlər öz heyvan dərisinə bürünmüş sahibləri ilə yanaşı oturub, ocağa daha yaxın yer üstündə mübarizə aparırdılar. Alovun oynaq işığı onların qanlı gözlərində, iri ağaran dişlərində əks olunub oynayırdı. Əsrarəngiz qalın qar örtüyü ilə bürünmüş böyük, qocaman meşə hər şeydən xəbərsiz möhkəm yuxuya getmişdi. Az bir vaxtda geri çəkilmiş Ağ sükunət sanki yenidən hər tərəfi ağuşuna almaq istəyirdi. Həmişə Böyük Soyuqlarda olduğu kimi ulduzlar səmada titrəşərək rəqs edirdilər. Qütb Ruhları böyük səma boyu odlu-parıltılı paltarlarını sərmişdilər.

Biryuki Makkenzi bu vəhşi mənzərənin böyüklüyünü bulanıq halda dərk edərək, gözlərini dolandırıb bu xəz paltarlı fiqurları bir-bir gözdən keçirirdi ki, kimin olmadığını təyin etsin. Bir anlıq onun nəzərləri anasının açıq döşünü əmən yeni doğulmuş bir uşağın üzərində dayandı. Sıfırdan aşağı 70 dərəcə şaxta var idi. Makkenzi öz xalqının zərif, incə qadınlarını xatırlayıb tutqun-tutqun gülümsədi. Həmin zərif qadınların birindən doğulan biri kimi, Biryuki elə bir vərəsəyə sahib olmuşdu ki, bu ona və onun həmcinslərinə quruda və dəniz-lərdə, heyvanlar və insanlar üzərində yer kürəsinin hər tərəfində hakimiyyət ixtiyarı vermişdi. Yüz nəfərə qarşı tək, Arktika qışında, doğma yerlərdən uzaqda olan Makkenzi həmin bu vərəsəliyin çağırışını eşidirdi: hakimiyyət iradəsi, təhlükələrə qarşı düşüncəsiz məhəbbət, döyüşən ruh, ya qalib çıxmaq, ya da ölmək qətiyyəti.

Mahnı və rəqs kəsildi. Şaman qızğın şəkildə nitqə başladı. O, hindu əsatirindən mürəkkəb və dolaşıq misallar çəkərək, avam dinləyicilərinə çox bacarıqla təsir göstərirdi. Onun danışığı inandırıcı və qətiyyətli idi. O, həyatın başlanğıcının mücəssiməsi Qarğa ilə Qurdu – Makkenzini qarşılaşdırırdı. Qarğanı sülh, Qurdu isə hərb və dağıntı mücəssiməsi adlandırırdı. Mübarizə təkcə yaranışın əsasında duran bu iki qüvvə arasında yox, həm də insanlar arsında gedir. Onlar öz totemləri uğrunda mübarizə aparırlar. Stisklər qəbiləsi Prometey odunun aparıcısı olan Qarğanın – Celksin övladlarıdır. Makkenzi isə Qurdun, başqa sözlə deyilsə, şeytanın övladıdır. Yaranışın əsasında duran bu iki qütbün mübarizəsini dayandırmağa cəhd etmək, qəbilə qızlarını lənətlənmiş düşmənlərə ərə vermək böyük bir günah və satqınlıqdır. Şeytanın qulu və elçisi olan Makkenziyə qarşı ən murdar təhqir və sərt sözlər söyləmək, ona yumşaqlıq göstərmək deməkdir. Burada dinləyicilər hiddətlə deyinməyə başladılar. Şaman sözünə davam etdi:

– Qardaşlar, Celks hər şeyə qadirdir! Bizim qızına bilməyimiz üçün odu göydən yerə o gətirməmişdimi? Bizim görə bilməyimiz üçün Günəşi, Ayı, ulduzları səmadakı yuvalarından o çıxartmamışdımı? Aclıq və Şaxta ruhları ilə mübarizə aparmağı bizə o öyrətmədimi? İndi isə Celksin öz övladlarına acığı tutub, qəbilədən bir ovuc adam qalıb, onlara da Celks kömək etməyəcək. Ona görə ki, onlar Celksi unutmuş, axmaqlıq etmiş, yanlış yolla getmiş və düşmənlərini viqvamlarına gətirərək ocaq başında əyləşdirmişlər. Övladlarının bu hərəkətlərinə Qarğanın acığı tutmuşdur. Nə vaxt onlar öz səhvlərini dərindən başa düşərlər və sübut etsələr ki, doğru yola qayıdıblar, onda Celks qaranlıqdan çıxar və onların köməyinə çatar. Qardaşlar! Odun daşıyıcısı öz iradəsini, hökmünü şamana söyləmişdir. İndi ona qulaq asın! Qoy cavanlar qızları öz viqvamlarına aparıb, Qurdun üzərinə atılsınlar! Qoy onların qəzəbini heç nə soyutmasın! Onda qadınlar uşaq doğmağa başlayar və Qarğanın xalqı artaraq qüdrətli olar. Onda Qarğa ata və babalarımızın qüdrətli qəbilələrini Şimaldan gətirər, onlar qurdları bir heçə – keçən ilki tonqalın külünə çevirənə qədər vuruşarlar və yenidən bütün ölkənin sahibi olarlar. Celks – Qarğa belə demişdir!

Bu yaxın zühurun sorağını eşidən stisklər xırıltılı səslə bağırıb, ayağa qalxdılar. Makkenzi baş barmaqlarını əlcəklərindən çıxarıb gözləyirdi. Bağırtılar eşidildi: “Tülkü! Tülkü!” Bağırtılar daha da şiddətləndi; nəhayət, gənclərdən biri irəli çıxıb danışmağa başladı:

– Qardaşlar! Şaman müdrik sözlər söylədi. Qurdlar arvadlarımızı əlimizdən alırlar və bizim üçün uşaq doğan olmur. Qurdlar bizim əlimizdən isti xəzləri alıb, əvəzində şüşədə yaşayan qəzəbli ruh və qunduz, vaşaq dərisindən yox, otlardan tikilmiş paltar verirlər. Bu paltarlar bədəni qızdırmır, adamlarımız isə anlaşılmayan xəstəliklərdən ölürlər. Mən Tülkünün arvadı yoxdur. Nəyə görə? Ona görə ki, istədiyim qızların hər ikisi qurdların düşərgəsinə getmişlər. Bax, indi də, çoxlu qunduz, sığın, maral dərisi toplamışam ki, Tlinq-Tinnexin razılığını ala bilib, qızı Zarinskanı özümə arvad edim. İndi isə baxın, o ayaqlarına xizək geyib Qurdun itlərinə yol açmaq istəyir. Mən təkcə özüm üçün danışmıram. Həmin bu sözləri Ayı da deyə bilərdi. O da Zarinskanın uşaqlarının atası olmaq üçün çoxlu dəri toplamış və Tlinq-Tinnexə vermək fikrindədir. Mən bütün arvadı olmayan cavan ovçuların adından danışıram. Qurdlar həmişə acdırlar. Onlar həmişə ən yaxşı tikələri götürürlər. Qarğalara isə onların artığı qalır. Bax, bu Quklaya baxın! – deyə Tülkü saymaz-yana surətdə əli ilə axsaq bir qadını göstərdi. – Onun ayaqları qayığın böyürləri kimi əyridir. O, nə odun yığa bilir, nə də ovçuların öldürdüyü ovu… Qurdlar onu seçərlərmi?

– O! O! – deyə Tülkünün yoldaşları bağırışdılar.

– Bu da Mayra, – Tülkü davam etdi, – qəzəbli ruh onun gözlərini çəpləşdirib. Uşaqlar ona baxanda qorxurlar. Deyilənə görə, hətta ayı da, rastlaşanda ona yol verir. Qurdlar onu seçərlərmi?

Yenidən təsdiqedici nidalar ucaldı.

– Bu oturan Pişeta mənim dediklərimi eşitmir. O, heç vaxt nə şən söhbətin səsini, nə ərinin sözünü, nə də uşağının qığıltısını eşidib. O, Ağ Sükunətdə yaşayır. Görün Qurdlar heç ona fikir verərlərmi? Yox! Onlara ancaq seçmə ov qalır, bizə isə qalıqlar. Qardaşlar, daha belə davam edə bilməz! Qurdların bizim ocaqların başında dolaşdıqları kifayətdir. İntiqam vaxtı çatıb.

Nəhəng şimal parıltısı yerin bir kənarından o biri kənarına qədər bütün səmanı bürüdü. Tülkü başını yuxarı qaldıraraq əllərini göyə uzatdı və çığırdı:

– Baxın! Bizim əcdadlarımızın ruhları oyanıblar. Bu gecə Böyük işlər baş verəcək!

O, geri çəkildi və yoldaşlarının dümsüklədiyi digər gənc bir ovçu tərəddüdlə irəli çıxdı. Onun sanki şaxtanın acığına sinəsi tamam açıq, boyu isə ətrafdakılardan bir baş qədər hündür idi. Utancaq olduğundan bir yerdə tapdanır, ağzından söz çıxarda bilmirdi. Sifətinə baxanda dəhşət götürürdü. Görünür nə vatsa dəhşətli, qeyri-adi bir zərbə ilə onu bu cür eybəcərləşdirmişlər. Nəhayət, o, yumruğunu gumbultu ilə təbil kimi sinəsinə çırpıb dilə gəldi. Onun səsi okean sahilində yerləşən mağarada eşidilən ləpədöyən səsi kimi uğultu və gurultu ilə səsləndi:

– Mən Ayıyam! Gümüş Nizəyəm və Gümüş Nizənin oğluyam! Hələ mənim səsim qız səsi kimi cingildəyəndə vaşaq da, sığın da, maral da öldürürdüm. Səsim tələyə düşmüş Sibir porsuğu səsinə oxşayanda Cənub dağlarını keçdim və Ağ Sahil qəbiləsindən 3 adam öldürdüm. Səsim Çinukinin nərəsinə oxşayanda, qrizli ayısı ilə rastlaşdım və ona yol vermədim.

O dayandı, çoxmənalı ifadə ilə əlini üzünün qorxunc çapığına sürtdü və davam etdi:

– Mən Tülkü deyiləm! Dilim çay kimi donub. Mən bəlağətlə danışa bilmirəm. Mənim sözüm azdır. Tülkü deyir: “Bu gecə böyük işlər baş verəcək”. Olsun! Sözlər onun dilindən bol sulu çay kimi axar, ancaq o əməldə o qədər də səxavətli deyil. Bu gecə mən Qurdla döyüşəcəm. Mən onu öldürəcəyəm və Zarinska mənim ocağımın başında əyləşəcək. Mən Ayı, sözümü dedim.

Ətrafını ölüm qorxusu bürüsə də, Makkenzi möhkəm dayanmışdı. O tüfənginin belə yaxın məsafədən faydasız olduğunu yaxşı başa düşdüyündən gizlin surətdə kəmərindəki hər iki qoburu irəli çəkdi ki, lazım gələndə revolverləri işə sala bilsin. Əlcəklərini lap barmaqlarının ucuna endirdi. O yaxşı bilirdi ki, ətrafındakılar birlikdə onun üzərinə atılsalar heç nəyə ümid bəsləyə bilməz, lakin bir əvvəlki öyünməsinə sadiq qalaraq çənəsini düşməninin boğazında qapayıb ölmək fikrində idi. Ancaq Ayı yoldaşlarının qarşısını almağa müvəffəq oldu, sözə baxmayanları isə öz dəhşətli yumruğu ilə kənara tulladı. Tufan sakitləşməyə başlayanda Makkenzi gözucu Zarinskaya baxdı. Bu çox gözəl bir mənzərə idi. O xizəklər üzərində bədənini bir az qabağa əymişdi, dodaqları azca aralanmış, burun pərələri titrəyirdi – lap sıçrayış ərəfəsində olan pələng idi. Qəbilədaşlarına dikilmiş iri qara gözlərində qorxu da, çağırış da var idi. Bütün varlığı gərilmiş yaya bənzəyirdi, hətta nəfəs almağı da unutmuşdu. O elə beləcə bir əli sinəsində, o biri əlində isə qamçını sıxaraq donub qalmışdı. Ancaq Makkenzi ona baxan kimi Zarinskanın bütün bədəni boşaldı. Əzələləri əvvəlki gərginliyini itirdi, bədənini dikəltdi və ona sonsuz sədaqət ifadə edən baxışları ilə cavab verdi.

Tlinq-Tinnex danışmağa cəhd etsə də, səsi ümumi hay-küyün içində itib batdı. Bu vaxt Makkenzi irəli çıxdı. Tülkü ağzını açmaq istərkən, elə qəzəblə ona tərəf çevrildi ki, həmin dəqiqə geri sıçradı və zingiltiyə bənzər bir səs boğazında ilişib qaldı. Tülkünün bu məğlubiyyəti qəbilədaşları tərəfindən gurultulu qəhqəhə ilə qarşılandı, indi onlar qulaq asmağa hazır idilər.

– Qardaşlar! – deyə Makkenzi sözə başladı. – Sizin düşmən adlandırdığınız ağ adam yanınıza açıq ürəklə gəlib. O sizə yalan danışmayacaq. O sizə qardaş olmaq istəyən bir adam kimi gəlib. Lakin sizin kişilər söylədilər və sülh danışıqlarının vaxtı ötmüşdür. İndi isə qulaq asın: hər şeydən əvvəl sizin şaman murdar bir boşboğazdır, onun uzaqgörənliyi də yalandır. Onun sizə söylədikləri Od Aparanın sözləri deyil. Onun qulaqları Qarğanın səsinə laqeyddir. Mümkünü olmayan şeylər uydurub sizi aldadıb. O, gücsüzdür. Siz itlərinizi öldürüb ətini yeməyə məcbur olanda, mədəniz makasinlərin xam dərisini çətinliklə həzm edəndə, qocalar öləndə, körpə uşaqlar analarının qurumuş döşlərini sora-sora öləndə; sizin torpaq zülmətə qərq olub bütün canlılar nər balığı yay vaxtı ölən kimi ləğv olanda, sizin üzərinizə aclıq hücum çəkəndə şaman ovçularınıza uğur gətirdimi? O sizin mədənizi ətlə doldurdumu? Yenə deyirəm: şaman gücsüzdür. Budur, mən onun üzünə tüpürürəm.

Bu küfürdən hamı donub qalmışdı, lakin heç kim səsini çıxartmadı. Bəzi qadınlar qorxuya düşdülər, kişilər isə möcüzə baş verəcəyini gözləyirdilər. Hamının nəzəri hadisənin iki baş qəhrəmanına yönəlmişdi. Kahin həlledici anın yetişdiyini anladı, duydu ki, hakimiyyəti əldən getmək üzrədir. Bağırmaq, hədələmək fikrində idi, lakin birdən fikrini dəyişdi. Makkenzi qəzəblə, gözləri alov saça-saça ona tərəf addımladı. Şaman kinlikinli gülümsəyib geri çəkildi.

– Nə oldu, gözlənilməz ölüm məni haqladı? Şimşək məni yandırıb kül etdimi? Bəlkə göydəki ulduzlar məni əzmək üçün yerə düşdülər? Tfu! Mən bu köpəklə qurtardım. İndi mən sizə dünyanın hər yerinə sahib olan öz qüdrətli qəbiləm haqqında danışacağam. Əvvəlcə biz, mənim kimi, təklikdə ova çıxırdıq. Sonra biz sürü ilə ova çıxırıq və nəhayət, maral sürüsü kimi hər yeri bürüyürük. Kimi öz viqvamıma götürürəmsə sağ qalır, qalanlarını isə ölüm gözləyir. Zarinska gözəl, möhkəm, qüvvətli qızdır, o Qurdlar üçün yaxşı ana olacaq. Siz məni öldürə bilərsiniz, ancaq o yenə də Qurdların anası olacaq. Ona görə ki, mənim qardaşlarım çoxdur, onlar itlərimin izi ilə gələcəklər. Qulaq asın, Qurdun qanunu budur: əgər bir Qurdun həyatına qəsd edərsənsə, on nəfər sənin qəbiləndən bu borcu öz həyatı ilə ödəyəcək. Bu qiyməti çox torpaqlarda ödəyiblər, hələ çox torpaqlarda da ödəyəcəklər.

İndi isə mən Tülkü və Ayı ilə danışacağam. Görünür, bu qız onların xoşuna gəlib. Eləmi? Ancaq baxın – mən onu satın almışam! Tlinq-Tinnex mənim tüfəngimə söykənib, bundan başqa mən ona başqa mallar da vermişəm. Həmin mallar indi də onun ocağının yanındadır. Ancaq mən hər halda gənc ovçulara qarşı ədalətli olacağam. Uzun danışıqdan dili-boğazı quruyan Tülküyə mən 5 iri qutu tütün verəcəyəm. Qoy burda daha ləzzətlə küy salmaqdan ötrü ağzı bir daha sulansın. Ayıya isə, mən bu tanışlıqla fəxr edirəm, 2 adyal, iyirmi qab un, Tülküyə verdiyimdən 2 dəfə artıq tütün və hərgah mənimlə Şərq dağlarına getmək istəsə, Tlinq-Tinnexə bağışladığımın eyni olan bir tüfəng də verəcəyəm. Əgər o istəmirsə, nə olar, çox gözəl! Qurd danışmaqdan yorulmaz. Ancaq Qanunu sizə bir də təkrar edirəm: əgər bir Qurdun həyatına qəsd edirsənsə, sənin qəbiləndən on nəfər bu borcu öz həyatı ilə ödəyəcək.

Makkenzi gülümsünüb öz əvvəlki yerinə çəkilsə də, Tlinq-Tinnexin ürəyi sakitləşə bilmirdi. Gecə hələ tamam qaranlıq idi. Qız Makkenzinin yanında duraraq tələsə-tələsə Ayının bıçaq davasında işə saldığı hiylələrdən danışmağa başladı. Makkenzi diqqətlə qulaq asırdı.

Beləliklə, qərar qətidir – onlar vuruşacaqlar. Bir anda onlarla makasin tonqal ətrafında olan meydanı genişləndirdi. Hamının gözü qarşısında məğlub olan şaman barədə də az söhbət olmadı. Bəziləri inanırdılar ki, o hələ öz gücünü göstərəcək, digərləri isə keçən illərin hadisələrini yada salıb Qurdla razılaşırdılar. Ayı irəli çıxdı, onun əlində tiyəsindən sıyrılmış, rus ustalarının işi olan, iri bir ov bıçağı var idi. Tülkü hamının nəzərini Makkenzinin revolverinə yönəltdi. O kəmərinı açaraq Zarinskanın belinə bağladı, tüfəngini də ona verəndə qız güllə ata bilmədiyini işarə edərək başını yellədi. Axı qadın bu cür qiymətli silahdan istifadə etməyi hardan biləydi?

Onda əgər təhlükə arxadan gələrsə bərkdən çığır ”Mənim ərim!” Hə, bax belə, ”Mənim ərim!”

Qız tanış olmayan ingilis sözlərini təkrar edərkən Makkenzi güldü və onun yanağından bir çimdik götürərək meydançaya qayıtdı. Ayının üstünlüyü təkcə bu cəhətdən deyildi. Onun qolları uzun olmaqla bərabər, boğazı da iki düym uzun idi. Bu Makkenzinin başına əvəllər də gəlmişdi, buna görə də qarşısında əsl kişinin dayandığını o saat başa düşdü. Bir də ki, poladın parıltısını görən kimi o daha da cana gəldi. Əcdadlarının çağırışına itaətkar olan qanı isə damarlarında daha sürətlə dövr etməyə başladı.

Təkrar-təkrar rəqibi onu gah tonqalın yanına, gah da qalın qarın içinə atırdı, lakin təcrübəli boksçu kimi Makkenzi addım-addım onu mərkəzə doğru sıxışdırırdı. Rəqibini təriflərlə həvəsləndirir, məsləhət verir, təhlükədən xəbərdar edirdilər. Onu isə bir səs belə təqdir etmirdi. Makkenzi polad tiyələr cingilti ilə bir-birinə söykənəndə dişlərini daha da möhkəm sıxır və öz qüvvəsinə inamdan yaranan bir soyuq canlılıqla gah hücum edir, gah da geri çəkilirdi. Əvvəlcə, o, düşməninə qarşı özündən asılı olmadan ehtiram hissi bəsləyir, lakin bu da özünü müdafiə instinkti qarşısında yoxa çıxdı və öz növbəsini öldürmək ehtirasına verdi. On min illik mədəniyyət Makkenzinin üstündən qabıq kimi ovulub töküldü və o dişi qadın uğrunda mübarizə aparan adi bir mağara insanına çevrildi.

İki dəfə bıçağı ilə Ayını zədələyib cəldliklə aralana bildi. Ancaq üçüncü dəfə zərbədən yayınmaq üçün Ayıya həddən artıq yaxınlaşmalı oldu. Hər biri sərbəst əli ilə digərinin silahlı əlini kənara itələməyə cəhd edirdi. Burada Makkenzi rəqibinin bütün dəhşətli qüvvəsini hiss etdi. Əzələləri keyləşməyə başladı, damar və bəndləri az qala gərginlikdən partlayacaqdı. Rus poladının tiyəsi isə get-gedə yaxınlaşır, yaxınlaşırdı. O rəqibindən qopmağa cəhd etdi, lakin bununla mövqeyini daha da zəiflətdi. Xəz dəri geymiş adamların çevrəsi getdikcə sıxlaşırdı. Son zərbənin yaxın olduğuna heç kimin şübhəsi yox idi və hamı onu görməkdən ötrü səbirsizlik göstərirdi. Ancaq Makkenzi təcrübəli güləşçi fəndi ilə özünü kənara verdi və rəqibini başı ilə vurdu. Ayı özündən asılı olmayaraq geri çəkildi və tarazlığını itirdi. Makkenzi bir anlığa bundan istifadə edib bütün ağırlığı ilə Ayının üzərinə atıldı və onu tamaşaçıların təşkil etdiyi çevrədən qırağa, qalın tapdanmamış qarın üstünə itələdi. Ayı çətinliklə oradan çıxıb Makkenzinin üstünə cumdu.

– Ey mənim ərim! – deyə Zarinskanın yaxınlıqdakı təhlükəni xəbər verən cingiltili səsi eşidildi.

Yayın uğultusu eşidildi, ancaq Makkenzi əyilməyə fürsət tapmışdı. Sümük ucluqlu ox onun başı üzərindən uçaraq Ayının sinəsinə sancıldı və o bütün ağırlığı ilə rəqibinin üzərinə yıxıldı. Bir saniyə keçməmiş Makkenzi ayaq üstə idi. Ayı hərəkətsiz uzanmışdı. Tonqalın o tərəfində isə şaman ikinci oxu atmağa hazırlaşırdı.

Makkenzi ağır bıçağın tiyəsinin ucundan yapışaraq qısa, sərt hərəkətlə yelləyib atdı. Bıçaq şimşək kimi parıldayan tonqalın üzərindən uçdu. Tiyə dəstəyinə qədər şamanın boğazına girdi, o yellənərək alovlanan közlərin üzərinə yıxıldı.

Klik! Klik!.. Tülkü Tlinq-Tinnexin tüfəngini ələ keçirib gülləni lüləyə verməyə cəhd edirdi. Lakin Makkenzinin qəh-qəhəsini eşidən kimi tüfəng əlindən yerə düşdü.

– Belə! Deməli, Tülkü hələ bu oyuncaqla rəftar etməyi öyrənməyib. Belə çıxır ki, Tülkü hələ qadındır? Bura gəl! Tüfəngi ver, sənə nə etmək lazım olduğunu göstərim.

Tülkü tərəddüd edirdi.

– Sənə deyirəm, bura gəl!

Tülkü döyülmüş küçük kimi yaxına gəldi.

– Bax belə, sonra da belə və hər şey qaydasındadır.

Güllə yerinə keçdi, tətik şaqqıldadı. Makkenzi tüfəngi döşünə götürdü:

– Tülkü dedi ki, bu gecə böyük işlər baş verəcək. O, doğru deyirdi. Böyük işlər baş verdi. Ancaq onları Tülkü etmədi. Necə, o yenə Zarinskanı öz viqvamına aparmaq fikrindədirmi? O şaman və Ayının açdığı yolla getmək arzusundadır? Hə? Çox gözəl!

Makkenzi ikrahla çevrilərək bıçağını şamanın boğazından dartıb çıxartdı.

– Bəlkə, gənc ovçulardan başqa istəyən var? Əgər belədirsə, Qurd onları həmin yolla iki-iki, üç-üç biri də qalmayana qədər göndərəcək. Heç kim istəmir? Çox gözəl. Tlinq-Tinnex, bu tüfəngi sənə ikinci dəfə verirəm. Əgər nə vaxtsa Yukona yolun düşsə, bil ki, Qurdun evində həmişə sənin üçün ocaq başında yer, doyunca yemək var. İndi isə gecə səhərlə əvəz olunur. Mən gedirəm, ancaq bəlkə bura yenə gəldim. Sonuncu dəfə deyirəm: Qurdların Qanununu unutmayın!

O Zarinskaya yaxınlaşdı. Ətrafdakılar ona fövqəlbəşər bir varlıq kimi baxırdılar. Zarinska qoşqunun qabağında öz yerini tutdu, itlər tərpəndilər. Bir neçə dəqiqədən sonra əsrarəngiz, qarlı meşə onları uddu. Bu vaxt hərəkətsiz dayanan Makkenzi xizəkləri ayaqlarına taxıb yola düşməyə hazırlaşdı.

– Qurd  iri qutu tütünü unutdumu?

Makkenzi acıqlı surətdə Tülküyə tərəf döndü və o saat da onu gülmək tutdu.

– Mən sənə 1 kiçik qutu verəcəyəm.

Qurda necə xoşdursa, – deyə Tülkü fağır-fağır əlini uzatdı.

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10