Cəlil Məmmədquluzadə nəslinin davamçıları Azərbaycanın Fransadakı səfirliyində

2 Baxış

hg

 

Görkəmli yazıçı, dramaturq, publisist, ictimai xadim, “Molla Nəsrəddin” jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları – oğlu Ənvərin qızı Nezhat Cavanşiri və nəvəsi Danuş Şajari ölkəmizin Fransadakı səfirliyində olublar və səfir Rəhman Mustafayevlə görüşüblər.

Səfirlə görüşdən sonra Ənvər Cavanşirinin qızı Nezhat Cavanşiri və nəvəsi Danuş Cavanşiri AZƏRTAC-a müsahibə veriblər.

Nezhat Cavanşiri bildirib ki, Azərbaycana sovetlərin gəlişindən sonra atası İrana köçüb. İranda həkim kimi fəaliyyət göstərib. Ancaq evdə siyasətdən, eləcə də atasının ailəsindən danışmaq qadağan olunub. “Bəlkə də bu, atam Ənvərin uşaqlıq və ya gənclik illərində üzləşdiyi çətinliklərlə bağlı olub. Ailəsi, nəslimiz haqqında danışılmayıb. Uşaqlığımdan yadımda qalan bir epizod var. Bir gün atamın kabinetində ağladığının şahidi oldum. Bu, mənə qəribə gəldi. Anamın yanına gedib, ondan soruşdum ki, atam niyə ağlayır, nə baş verib. Anam dedi ki, atanın anası rəhmətə gedib, ona görə ağlayır. Bu uşaqlığımdan yadımda qalan yeganə epizoddur”,-deyə Nezhat xatirələrini bölüşüb.

Diqqətə çatdırıb ki, sonralar digər adamlardan atasının ailəsi haqqında daha çox məlumat eşidib. Atası keçmişindən ehtiyat etdiyi üçün hətta soyadın belə dəyişib. Ancaq qəbrinin üzərində hər iki soyadı – Cavanşiri-Məmmədquluzadə yazılıb.

Nezhat Cavanşiri İranda inqilabdan sonra köçmək məcburiyyətində olduqlarını bildirib. İnqilabdan əvvəl İranda olan amerikan məktəbinə gedən övladları, yeni məktəb axtarmalı olublar. Beləliklə, onlar Kanada, Avstraliya və ya ABŞ-a getməyi planlaşdırıblar. İranı tərk edəndən sonra ailə üzvlərinin ilk gəldiyi şəhər Fransanın Kann şəhəri olub. Kannda beynəlxalq məktəb olduğu üçün elə burada qalmağı qərarlaşdırıblar. Ancaq burada da onları asan həyat gözləməyib, çünki fransız dilini bilmirdilər… Ötən əsrin 80-ci illərindən Kanna gələn Nezhat elə burada qalıb yaşamaq qərarına gəlib. Oğlunu da burada evləndirib. Oğlu Danuş Şajarının qızı dünyaya gəldikdən sonra, o, kökünün, nəslinin axtarışına çıxıb.

“Qızım anadan olduqdan sonra qayğılarım artdı. Qızım nəslimizi, ailəmizi tanımalıdır. Anamın ailəsi ilə məlumatlıydım. Ancaq düşündüm ki, qızım da bilməli və tanımalıdır. Qızımın çox zəngin keçmişi var. O, belə zəngin keçmişi ilə fəxr etməli və onu bilməlidir. Bu, çox vacibdir. Beləliklə, ulu babam Cəlil Məmmədquluzadənin adı ilə internetdə axtarışlar apardım və çox məlumat əldə etdim. Sosial şəbəkələrdə azərbaycanlılara yazaraq onlarla əlaqələr qurdum. Bu gün çox istərdim, qızımla birlikdə babamın doğma yurduna gedim”, – deyə D.Şajarı bildirib.

Xatırladaq ki, Ənvər Cavanşirinin qardaşının adını daşıyan oğlu Medhat Cavanşirinin oğlu Martin Cavanşiri oğlu Przemislav Cavanşiri ilə birlikdə 2019-cu ildə Azərbaycanda olub.

Bölmə : Sənət xəbər