Cemin atası – Orxan Fikrətoğlu

4 Baxış

photo_1016

Hekayə

Cemin atası ədəli-dədəli mələkdir. Qanadları da var. Gözlərimlə görmüşəm. Boyu çox  ucadır. Qız qalası boyda olar.  Adı məhləmizin üstünü yorğan kimi örtsə də, özü yerlə göy arasında qalıb. Cemdən savayı heç kim ona yaxın dura bilmir.Özündən asılı deyil. Təni yandırıcıdır.Yaxın duranı qarsır.Başının üstündə dəmir halqaya bənzər qırmızımtıl halə var. Gündə beş-altı dəfə özü-özünə  alışıb qığılcımlanır.  Ölüdən  “arxa” uman bələdiyyə sədri Məlikağa mələk göydən enəndən məhlənin işıq dirəklərini  satıb. İlin-günün bu vaxtı kim puldan qaçar? Məlikağanın əmriylə işıqçılar  Cemin atasının başı üstə hərlənən elektrik haləsinə   tel atıb  məftil-məftil evlərə paylayıblar. Cemin atası məhlənin “Atom elektrik stansiyasıdır”. Bizə pulsuz işıq verir. Bu işıq hökumət işığına bənzəmir ha.  Nur kimi safdır. Ağlığı altında  dibsuz qaranlıqlar belə aydınca görünür. Şüləyi adamı keçmişinə qədər işıqlandırır.  Cemin atası aşağı enəndən keçmiş unudulub, daha görünmür. Məhlə adamları ancaq bu günlə yaşayır. Nə qocalan var, nə  ölən. Hamı sevinə-sevinə yaşayır. Uzunömürlü olduğumuz üçün şəhərdə bizə “Qarğalar” məhləsi deyirlər. Atasını Cemin özündən savayı heç kəs gözüylə görməyib. Onun işıqlı üzünə baxmaq olmur ha.  Gözün tutulur. Biz çox qaranlığıq. Məhlədə ondan savayı alayı işıq da yoxdur. Üzümüz də fikirlərimiz kimi onun yanında qapqaradır. Bunu yaxşı bildiyindən  mələk iri projektor kimi səhərdən axşama qədər məhlənin göy üzündə dayanıb işığını üstümüzə sərib.  Hərdən nəfəsini dərib tüstü verə-verə “paravoz” kimi fısıldamağı var. Sən deyən yemək də yemir. Su heç içmir. Eləcə fənər kimi göydən asılıb durub. Mələk olmağına baxma. Bizim qədər  uşaq istəyəndi. Göydə nə qədər işi olur-olsun Cemi unutmur. Hər axşam oğlunu özüylə göyə aparır.  Ucadan gülə-gülə Cemi buludlardan yuxarı atmaq onun sevgi əyarıdır. Mələk sevgisi belə olar da. Cemin də yeməli vaxtıdır. Beş yaşı təzəcə olub.  Hələ bizim bu yalan dünyanı dişinə vurmayıb, yaxşı tanımır.  Dil də açmayıb, danışmır da. Eləcə iri, kömür kimi qara  gözlərini geniş açıb dinməz-söyləməz  atasının işığı altında birtəhər görünən insanların boş cuval kimi dartılı üzlərinə baxır. Yaltaqlıqda ad çıxarmış məhlə kişiləri mələyə yarınsınlar deyə Cemə bizim dildə  danışmağı öyrədirlər. Xeyri yoxdur. Danışmır. Atası kimi quş səsinə oxşar qəribə səslər çıxarır.  Cemgilin dalanında bizim kimi danışan ancaq  anası Məsmədir. Məsmə pis mənada “əllamədir”. Onun mələyə yaraşan nə layiqli üzü var, nə də urvatlı adı. Gödək, əyri qıç, fikri-xəyalı ancaq pul olan xalis yer adamıdır. Başını qaldırıb bircə dəfə də olsun ərinin işığına baxmır. İşi-peşəsi onu ayağından dartıb göydən yerə salmaqdır. Məsmə yerin ötəri dəbini göyün sehrli təbindən yaxşı bilir.  Özünü anlamaq qədər arif deyil. Dəb adamıdır. Onun o gözəllikdə  mələklə  harda və necə evləndiyini də  məhlədə  heç kəs bilmir. Bir də  gözümüzü açıb görmüşük ki, Cemin beş yaşı var. Mələklər cürbəcür olur. Göydən yerə müjdə gətirəni var. Burdan ora nəsə aparanı var. Cemin atasının bəxtinə bax.  Hərdən mənə elə gəlir ki, Məsmə arvad onu tüfənglə vurub göydən yerə salıb.  Ya da sapandla daşlayıb. Nə bilim vallah.  Adam babal  yuya bilmir.  Adam olsaydı,  kefinin yaxşı vaxtı ondan soruşardım  ki, “Ay kişi, bu əyriqıç Məsməni alanda sənin gözün kor idi?  Bir bunun ləkərinə baxaydın da!”. Amma o da var ki, sən demə, mələklər həqiqətən də kor imiş. Bunu mənə Cem deyib. Onlar bizi necəsə başqa yerləri ilə görürlər.Gözləri olmur. İndi bu evlilikdən bəlkə mələyin özü də peşmandır. Sadəcə mələkdir deyə, səsini çıxarmır. Yəqin onlar heç zaman boşanmırlar. Bəlkə onlar üçün pis heç nə və heç kim yoxdur. Bilmirik axı. Mən təkcə onu yəqin bilirəm ki, yaxşı ilə pisi biz insanlar düşünmüşük. Cemin atası üçün Məsmə arvad bəlkə də dünya gözəlidir. Nə bilim vallah? Hardan bilim? Mən mələk zövqü bilirəm? İndi ya həlhələdən, ya vəlvələdən. Daha fərqi eləməz. Olan olub. Keçən keçib. Bir də Məsmə arvad öz xoşu ilə o gözəllikdə mələyi əlindən buraxmaz axı. Sən ilahi müdaxiləni də az bilmə! Bəlkə elə bu yaxınlıq bizim qanmadığımız sirli bir mənanın açılmasından ötrüdür. Nə olsun ki, biz beş ildən sonra ayılıb Cemin atasının Mələk olduğunu görmüşük. Elə bilirsiz onun məhləmizə niyə görə  işıq saldığını  yəqinliklə  anlayırıq ? Ətövbə əgər biliriksə. Vallah bilmirik. Simi vallah heç ağlımıza belə gəlmir. Amma Məsməyə baxanda yenə bizə şükür. Biz heç olmasa mələyin bura nəyə gəldiyi haqda baş sındırıb düşünürük. Məsmə deyəsən bir yastığa baş qoyduğu ərinin mələk olduğunu belə bilmir.  Ona elə gəlir ki, əri mələk deyil, yad planetlidir. Qonşulara da belə deyib : – “Əşşi sən onun göydən sallanmağına baxmayın. Əlindən bir iş gələn deyil.  Əfəlin biridir. Fərsizdir e. Deyirəm mənə bir sehr göstər. Əgər doğrudan da mələksənsə, adi dəmir parçasını qızıla çevir. Mən də baxım sevinim. Və inanım ki, sən doğurdan da mələksən. Neynəsə yaxşıdır? Hər gün mənim üçün burnunun deşiklərindən qızıl gül çıxardır. Əgər o siz deyən kimi mələk olsaydı duadan zaddan oxuyub məni dünyanın “kraliçası” eləyərdi də. Yerlə göy arasında yaşadıb acından öldürməzdi ki. O, mələk zad deyil. Başında fənəri olan adi “qumanoiddir”!.

Hərdən mənə elə gəlir Cemin atası  Əzrayıldi. Məsmə qanadlarını yolub karsız edib. Görmürsüz məhlədə haçandı heç kim ölmür. Amma buna da inanmıram. Ola bilməz. Cemin atası Əzrayıl ola bilməz. Əksinə, o dünyaya nəsə gətirənə oxşayır. Məsmə əri üçün dünyaya yaraşan  bir gəlirli  iş tapıb.Hər gecə Cemin atası Məsmə üçün göydən aşağı rəngbərək ulduz parçaları  gətirir. Ağzında mələk deyirsən. Göbəyi göydə kəsilənin hədiyyəsi ulduz olar da. Arı şanı olmaz ki. Göy üzünün çiçəyi ulduzlardır axı. Ulduzlar göy üzündə çəməndə çiçək bitən kimi bitirlər. Əlin çatanı dərə bilirsən.  İstəsən bir canı sulu buludu aşağı əyib çiçəkləri çiləkdən suladığın kimi hər gün sulayarsan da. Amma sözüm ulduz sulanmasından deyil. Sözüm Məsmənin tamahındandır. Ulduz ola, Məsmənin tamahı ola. Dedim axı Məsmə istənilən “ulduzu” bircə anda pula çevirməyi bacaran xalis alver adamıdır.  Onun gözünü açandan əvvəldən axıra qədər oxuya bildiyi  yeganə  mətn  manatın üstündə yazılmış beş altı hərfdir. Hərf bilməsə də, Məsmə “hərif” deyil. Ərinin ona xatirə kimi göydən düşürdüyü ulduzları sandığa yığmır. Zərgər Vahidə verir ki, brilyant adıyla camaata satsın. İndi sən təzada bax.  Bu Cemin atası, bu da anası.  Məsmə gor əhli kimi ancaq qarnını düşünür. Mələk də  göy əhli olduğu üçün göynən gedir. Yazıq Cem, bu ayrı-ayrı hallar içində necə dil açıb danışsın? Lap danışsa da, nə desin? Atası göydə, anası yerdə. Dil açıb dillənəndə onları bir köşəyə yığıb necə danışdırsın? Bu ər-arvadın özləri birdilli deyillər axı? Cem desin ki, yerlə göy heç zaman bir ola bilməz.  Desin ki, yer üzü mələk öldürmək üçün  tələdir? Deməz axı. Ona görə deməz ki özü də mələkdir. Bura da elə-belə gəlməyib.

Ərinin adı Məsmənin başqa işlərinə  də yarayırdı. İşıq kirəsi ödəmirdi. Bələdiyyə sədri  həftədə bir dəfə  iclasda adını çəkirdi. Polisi ərinin qarsıdıcı istisi ilə qorxudurdu.  Hətta bir dəfə onu  hansısa bir Norveç şirkəti hamam çəkələklərinin baxış sərgisinə dəvət etmişdi. Ona qalsa  göydə bir dənə də olsun salamat ulduz  qoymazdı. Hamısını yerə daşıtdırıb satardı. Nə yaxşı ki Cemin atası onun bu istəyini qulaqardına vururdu. Hələ ki, küllü-kainat Cemin atasının nəfs toxluğuna hərlənirdi. Hərdən yeri-göyü yaradan  Allah da Məsmənin nəfsiylə bacarmırdı. Allahın o boyda mələyini Məsmə yerlə göy arasında  qatar bələdçisinə çevirmişdi. Amma sən sevgini az bilmə. Sevgi sənə elə də asan iş kimi gəlməsin. Çalış Məsməyə mələyin gözüylə baxasan. Allah istəyəndə quru daşın canında belə sevgi göyərdir.  İndi bu iş də belə. Mələklə Məsmənin sevdası tamam başqa bir həngaməydi. Deyiləsi, yazılası iş deyildi. Onların Cemi  harda və hansı yolla  yaratması da məhlə arvadları üçün sirri-xudaydı. Mələk isti, Məsmə soyuq. Mələklərin görəsən uşaq yaratmaq üçün nələri olur? Bunlar biri-birilərinə nətər yaxın durublar? Harda öpüşüb görüşüblər? Amma bir iş də var ki, ağzında mələk deyirsən. Kenquru demirsən. Bəlkə Cem mələyin eləcə quruca nəfəsindən yaranıb. Bu işdə Məsməyə ehtiyac qalmayıb. Bəlkə Məsmə Məryəm ana kimi hələ də bakirədir?  Nə bilmək olar.  Axır vaxtlar günəş də  gözümə bir qədər kəm görünür. Elə bil bir az kiçilib. Allah axırını xeyir eləsin. Məsmə arvada nə var ki.  Bir də gördün günəşi paralayıb bit bazarında satır. Hərdən göy üzü sıx buludlu olanda Məsmə arvadın evindəki ulduzlar işıq-işıq parıldayırlar. “Çoban aldadan” ulduz misalı yanıb-sönən bu parıltılı daşların işığını uzaqdan görən bəzi uçaqlar çaşıb göydə yollarını azırlar. Yeri göyə, göyü yerə oxşadırlar. Onları da hələ ki, Allah saxlayır.  Nə deyim vallah. Daha olan olub, keçən keçib. İndi bu evliliyin cözülməsi kimə lazımdır? Ortada ayı boyda Cem var. Bundan sonra daha mənim üçün nə mələk maraqlıdır nə də Məsmə! Cemin varlığı yerlə göyü birləşdirib. Mələyi də, Məsməni də keçmiş edib.

Cem atasını anasından çox istəyir. Üzdən də ona oxşayır, nəfsinin toxluğundan da. Qanadları olmasa da  onun da ürəyi atası kimi sevdalıdır. Onun da başının üstündə işıq haləsi var.  Kibriti çəkib alışdırsan yanacaq! Boyu da tay tuşlarından iki baş hündürdür. Çilədanında atasının deyə bilmədiyi sözlər də çoxdur. Beş yaşı olsa da, atası kimi o da dünyanı işıqlandırmaq istəyir. Ayaq üstə olana qaçmağı, yıxılana ayağa durmağı öyrədir. Sən onun adam kimi görünməsinə baxma. O, bizim kimi adam deyil.Atası kimi mələkdir.

Buludlu havalarda mələk göyə çəkilir. Cemlə birlikdə biz də oturub səbirlə onun yolunu gözləyirik.  Ayda bir dəfə onunla Allaha məktub göndəririk. O, heç kəsə yox demir. Eləcə gülümsünüb  məktublarımızı  qanadının altına qoyur. Mələk Məsmə ilə evlənəndən məhlədə heç kəsin dərdi yoxdur. Hamı xoş hallıdır.

Dünya beləcə Cemin atasının işığına fırlanacaqdı. Qoymadılar ki. Məhlə adamları  beləcə yaşayacaqdılar. Olmadı ki. Soruşma kim qoymadı. Deməyəcəm. Mələk göylə yer arasında, Məsmə arvad da yer üstündə yaşayıb Cemi böyüdəcəkdilər. O, da alınmadı. Cem mənanı anladı. Və susdu. Sən yazı yazanı az bilmə. Özümü demirəm ha. Bu oxuduğun  yazını mən yazsam da, mənim də yazımı yazan var. Nə yerdə, nə də göydə, “gorsuz” yazı yazılmır ey dili qafil. Onu bil ki, hər bir adam ömründə bir dəfə öz doğma “goru” ilə rastlaşacaq. Hər bir adamın, hər bir işin axır “goru” var. “Gor” üstünə qara kəlağayı atılmış ömürdür. Orda, o qara kələğayının altında nə baş verir onu heç kəs bilmir. O,qaranlıq məkan ancaq “gor” yiyəsi üçün işıqlıdır.

Bir gün Əzrayıl Cemin zamanı yetmiş  babası Səmədin əlindən tutub “göra” apardı. Babası gedəndən sonra Cem “gorun” nə olduğunu bildi. Anladı ki, bütün insanların sonu ölümdür. İnsan sonda “gora” gedir. Baxıb gördü ki babası yoxdur. Hamı burdadır, o isə yoxdur. Bu dünyanı hələ əməlli-başlı  anlamamış Cem “goru” heç anlaya bilmədi. Axı bu kişi necə oldu? Dünən burda idi axı. Ola bilməz ki, adam birdən-birə yox olsun. Yox olsa onda adam olmağın mənası nədir?  Heç bir məqsədi olmasa, Allah insanı yaratmaz.   Suallardan beyni yorulmuş Cem babasının arxasınca gora düşdü. Goru hələ heç kəs görməmişdi. Buranın torpaq qoxulu tamı vardı. Sağdan alov, soldan nəmişlik qoxusu bürkü kimi adamın üzünü qarsırdı. Beləcə bu dar dolanbac yol ilə Cem canı sıxılana qədər getdi. Dayananda qarşısında qara qanadlı bir quş gördü. Dimdiyində lələkli qələm vardı. Əlini uzadıb lələkli qələmi quşun dimdiyindən götürdü. Quş dərindən nəfəs alıb iki dəfə asqırdı. Sonra tükləri tökülmüş caynağını Cemə uzadıb “İşıqlı dünyada nə görmüsənsə bu qələmlə ocvuma yaz!”- dedi. Cem  beş yaşına qədər dünyada gördüklərini elə indicə qarşısında süfrə kimi açılmış quşun ovcuna yazmaq istədi. Birdən atasının mələk, anasının yer qadını olduğunu xatırlayıb başını yuxarı qaldırdı. Yuxarıdan kimsə diqqətlə ona baxırdı. Sağdan, soldan canını sıxan qəbir evinin çox geniş göyü var imiş. Görəsən yuxarı qalxmaq Cemin ağlına əvvəlcədən niyə  gəlməmişdi? Cem təkan verib yuxarı hoppanmaq istədi. Ya ayaqlarının heyi yox idi, ya da bədəni “gorda” ağırlaşmışdı. Özünə gücü çatmadı. Titrəyən əlləri ilə quşun lələklərini tumarlaya tumarlaya: “Babamı görüb geri qayıda bilərəm?”- soruşdu.

Quş: -”Burdan hələ heç kəs geri qayıtmayıb!”-söylədi.

Cem beş il ərzində  gördüklərini bir-bir yazıb qələmi yenidən qara quşa qaytardı.

Quş qələmi ondan alıb bir göz qırpımında göyə çəkildi. Cem başını aşağı salanda torpaq üstə uzanmış babası Səmədi gördü. Nə qədər çağırsa da, babası onu eşitmədi. Yuxarıdan ona doğru enən qaraltını görənə qədər Cem babasını hayladı. Babası  eşitmədi ki, eşitmədi. Qaraltı Cemin əlindən tutub qəbir evindən yuxarı qaldırdı. Cem gördü ki, boyu uzanıb buludlara dəyir. Yaşı da çoxalıb. Bir xeyli beləcə o qaraltıyla harasa uçdular. Sonra gözlə görünməyən o qaraltı Cemi bir işıqlı vadiyə çıxarıb sal daş üstə oturtdu.

Qeybdən gələn səs Cemə -”Otur,gözlə! Zaman özü gələcək!”-dedi.

Cem beləcə altı il gözlədi.

Altı ilin tamamında babası Səməd kişinin axsaya-axsaya ona sarı gəldiyini gördü. Cem babasının axsadığını yuxarı dünyada görməmişdi. Ayağa qalxıb ona sarıldı. Babası sınıxmışdı. Gözünə küskün dəyirdi.

Göz yaşlarının arasından: -”Ay Baba sən dünyada axsamırdın axı!”-pıçıldadı.

Babası da Cemi gördüyünə sevinmişdi. Elə sevincinin içindən də: -”Altı ildir yol gəlirəm. Buna ayaq dözər?”- söylədi.

Cem: -”Baba burda nə var?” – soruşdu.

Cəməd kişi: -”Ay bala burda heç nə yoxdur. Burda nə baba var,nə nəvə var! Burda doğma, yad, dost, düşmən filan da yoxdur! Burda nəfs də yoxdur, istək də. Arzu da. Burda düşüncələr də başqadır. İstəklər də. Ağrı da! Burda heç nə yoxdur! Burda heç bədən də yoxdur. Ancaq təəssüf var, mənim balaca Cemim!  Məni yola çıxarıb dolandıran da həmin o təəssüfdür! Gözümə hər an yol kimi görünən isə peşimançılıqdır!”- dedi.

Cem:-”Sən altı ildir hara gedirsən ay Baba?” -xəbər aldı.

Səməd kişi:-”Bilmirəm ki!”-dedi.

Cem babasının əlindən tutub onunla birlikdə yol getmək istədiyi zaman qarşısında  atasını gördü.  İri qanadlarını üstünə gərmiş atası bir göz qırpımında Cemi qucağına alıb yuxarı dünyaya çıxardı. Atası onu qucağından torpaq üstünə qoyanda Cemin iyirmi dörd yaşı vardı.  Hava da soyumuşdu.

“Goru” görüb geri dönmüş Cem birdən-birə anladı ki, üç ayrı zaman kəsiyində “tanıyacaq” ömrünü bir  düşüncə halqası içində yaşamağı öyrənməlidir. O, göydə yazılan mənanı, “gorda” anlayacaq  həqiqəti və  bu yalan dünyada görəcək sevgini bir yaddaş gerçəkliyində yaşamağı bacarmalıdır.  Böyük məna bu üç halın çarpazlaşdığı yerdədir. Bu halın birinə çox, birinə az bağlansan heç nə anlamayacaqsan. Onun  ömrü əvvəlcədən göydə yazılmış taleyindən, yerin altında yaşayacaq ölümündən və bu görünən dünyada idarə olunan təsadüf və yalançı doğmalıqlardan asılı olacaq.  Bu üç halın harda qovuşacağını  zamanında anlamaq isə hələ heç kəsə nəsib olmayıb. Bunu bilən Cem atası kimi birdəfəlik susdu.  Bir də heç zaman danışmadı. Deyirsən mən də susum?..

KÖŞƏ YAZARLARI
TOP 10