Cerom Selincer – “Günahkaram, düzəldərəm”

110 Baxış

selincerSenet.az “XAN” nəşriyyatında işıq üzü görmüş “Araya girən qadın” hekayələr toplusundan Cerom Selincerin “Əlvida, Cek” hekayəsini təqdim edir. Əsəri Azərbaycan dilinə Rüfət Əhmədzadə tərcümə edib.

Oğlum Harrinin orduya çağırıldığı zaman, ölkəmiz Çin bilyardı üzrə az qala ən istedadlı oyunçusundan məhrum oldu. Onun atası olaraq, əlbəttə, mən anlayıram ki, Harri dünən doğulmayıb, amma mən bu uşağa yaxşı baxmalıyam.Və sözümə başımla cavabdehəm ki, ordu daha bir Bobbi Petiti özünə çəkdi.

Bir vaxtlar, Bobbi Petit indiki Harriyə çox oxşayırdı. O, əslən Vermontun Krosbi şəhərindən idi – bu da Birləşmiş Ştatlardadır. Hətta onunla eyni bölükdə xidmət edənlərdən bəziləri hesab edirdi ki, Petitin Vermontda içdiyi ağcaqayın siropu hələ də onun dodaqlarında qurumayıb.

1917-ci ildə həmin bölükdə yeni çağırışçıların təlim-tədris işlərinə çavuş Qroqan cavabdeh idi. Düşərgədəki yoldaşlar çavuşun mənşəyinə dair cürbəcür fərziyyələr irəli sürürdülər. Onların fərziyyələri o qədər ağıllı, dəqiq və səviyyəli idi, düşünürəm ki, təkrarlamağa ehtiyac yoxdur.

Deməli, Petitin ilk hərbi xidmət günündə çavuş öz taqımına silahla davranma təlimləri keçirdi. Petit isə silahla özünəməxsus, kələkbaz

üsulu ilə davranırdı. Çavuş “Silah sağ çiyinə!” deyə əmr edərkən, Bobbi Petit silahı sol çiyninə qaldırırdı. Çavuş “Silah sinəyə!” deyə əmr edəndə isə Petit “Qarovul” vəziyyəti alırdı.

Bu, çavuşun diqqətini cəlb etmək üçün yaxşı üsul idi. Çavuş gülümsəyərək Petitə yaxınlaşdı.

– Ey, səfeh! – çavuş onu salamladı. – Sənə nə olub?

Petit irişdi.

– Hərdən qarışdırıram, – qısaca izah etdi.

– Sənin adın nədir, balaca? – çavuş soruşdu.

– Bobbi. Bobbi Petit.

– Deməli, belə, Bobbi Petit, – çavuş dedi. – mən səni sadəcə Bobbi çağıraram. Kişilərə həmişə adları ilə xitab edirəm. Onlar isə mənə mamaşa deyirlər. Lap evdəki kimi!

– Ooo! – Petit təəccübləndi.

Beləliklə, mərəkə başladı. Hər partlayıcının, iki sonu var – biri yandırmaq üçündür, digəri isə trotillə doludur.

– Qulaq as, Petit! – serjant bağırdı. – Biz səninlə beşinci sinifdə oxumuruq! Sən bilməlisən ki, sənin sol çiynin hansı tərəfdədir və “sinəyə silah” əmri ilə “qarovul” demək deyil. Nə olub sənə? Beynin yoxdur sənin?

– Günahkaram, səhvimi düzəldərəm! –

Petit söz verdi.

Növbəti gün çadır qurur və çiyin torbalarını açıb-yığırdıq. Çavuş yoxlamağa yaxınlaşanda, məlum oldu ki, Petit heç çadır dirəklərini yerə basdırmaq üçün də əziyyət çəkməyib. Çavuş bir əl toxunuşu ilə Petitin alayarımçıq çadırını dağıtdı.

– Petit, – çavuş pıçıldadı, – sən… Sən həqiqətən də… ən… indiyədək gördüklərim arasında ən axmaq və yöndəmsiz adamsan. Ağlın qaçıb, Petit? Beynin yoxdur sənin?

– Günahkaram, səhvimi düzəldərəm!

Daha sonra, hər kəs öz çiyin çantasını yığıb-yığışdırmağa başladı. Petit isə öz çantasını lap “mavi geyimlilər” dəstəsinin veteran üzvü kimi yığmışdı. Serjant yoxlamağa gəldi. Onun bir maraqlı adəti var idi – arxadan yaxınlaşaraq, gözlənilmədən kəmərdən aşağı öldürücü zərbə vurardı.

O, Petitin torbası ilə maraqlandı. Xırdalıqları danışmayacağam. Sadəcə onu deyim ki, Bobbinin son beş onurğa fəqərəsindən başqa, hər şey kənara uçdu. İyrənc bir səs idi. Çavuş öztabeliyində olan əsgərə, daha doğrusu, onun qalıqlarına sarı əyildi.

– Hə, Petit. Mən həyatım boyu çox axmaqlar görmüşəm, – çavuş sakitcə öz təəssüratlarını bölüşürdü. – O qədər… Amma səni, Petit, heç kimlə müqayisə etmək olmaz. Çünki sən dünyada ən böyük axmaqsan!

Petit birtəhər ayağa qalxaraq, üç yerə səpələnmiş halda çavuşun qarşısında durdu.

– Günahkaram, səhvimi düzəldərəm! – deyə, yenidən söz verdi.

Güllə atdığımız ilk gün altı nəfər uzanmış vəziyyətdə, eyni vaxtda altı hədəfə atəş açırdılar. Çavuş ora-bura gəzişir, atəşə hazırlığı yoxlayırdı.

– Ey, Petit! Sən nişangaha hansı gözünlə baxırsan?

– Bilmirəm, – Petit cavab verdi, – deyəsən, sol gözümlə.

– Sağ gözünlə bax! – çavuş kükrədi. – Petit, sən mənim ömrümdən iyirmi ilimi alırsan. Nə olub sənə? Beynin yoxdur?

Bu, hələ harasıdır! Əsgərlər atəş açandan və hədəfləri yaxınlaşdırandan sonra, hər kəsi şən sürpriz gözləyirdi. Petit bütün patronlarını sağdakı əsgərin hədəfinə boşaltmışdı. Az qaldı, çavuşun ürəyi partlasın!

– Petit, – dedi, – ordu sənin yerin deyil. Burda insanlar xidmət edir. Sənin altı əlin, altı ayağın var. Amma qalanlarının cəmi iki əli, iki ayağı var!

– Günahkaram, səhvimi düzəldərəm! –

arayaPetit qətiyyətlə söz verdi.

– Bir də bu sözləri eşitməyim səndən! Yoxsa, öldürərəm səni. Mən səni doğrudan da öldürərəm, Petit! Ona görə ki, sənə nifrət edirəm, Petit. Eşidirsən? Sənə nifrət edirəm!

– Ciddi deyirsiniz? – Petit soruşdu. – Zarafat eləmirsiniz?

– Zarafat eləmirəm, dostum! – çavuş dedi.

– Görərsiniz, öhdəsindən gələcəyəm, – Petit söz verdi. – Mütləq. Mən də zarafat eləmirəm. Səmimi deyirəm. Ordu çox xoşuma gəlir. Mən hələ polkovnik olacağam, ən aşağısı polkovnik. Zarafat eləmirəm.

Əlbəttə ki, mən oğlumuz Harrinin 1917-ci ildəki Bobbi Petitə oxşadığını həyat yoldaşıma demədim. Amma o, əməlli-başlı Bobbiyə oxşayır. Məsələ ondadır ki, uşağın Fort-İrokezdəki çavuşla çətinlikləri var. Əgər arvadımın sözünə inansaq, Fort-İrokez öz sinəsində ölkənin ən tərs və əzazil çavuşlarından birini bəsləyirdi. Arvadım əminliklə deyirdi ki, gənclərlə kobud davranmaq heç də vacib deyil. Amma yox, Harri şikayətçi deyil. Ordu onun xoşuna gəlir, amma yazıq uşaq heç cür o vəhşini – baş çavuşu razı sala bilmir. Hələ ki, Harri istədiyinə yetə bilmir, amma mütləq öhdəsindən gələcək.

Bəs o bölüyün komandiri? Ondan fayda sıfırdır – arvadım belə düşünür. Təntənəli görkəmdə ora-bura gəzişir, vəssəlam. Polkovnik uşaqlara kömək etməli, qəzəbli baş çavuşun onları incitməsi üçün nəzarət etməlidir. Arvadımın fikrincə, polkovnik eləcə ora-bura gəzməməlidir.

Deməli, bir neçə həftə bundan əvvəl bazar günü Fort-İrokezdən olan uşaqların ilk yaz baxışı idi. Biz arvadımla birlikdə tribunada durmuş, əsgərlərin keçidinə baxırdıq. Bizim uşağın – Harrinin necə addımladığını görən arvadım sevincdən elə qışqırdı ki, az qalmışdı başımdakı furajka da uçsun.

– O, düz addımlamır, – mən qeyd etdim.

– Eh, yaxşı sən də… – arvadım dedi.

– Amma düz addımlamır, – mən təkrarladım.

– Nə böyük cinayətdir! Gəl, buna görə öldürək onu. Bax! İndi düz addımlayır. Cəmi bir dəqiqəlik səhv eləmişdi.

Daha sonra milli himn səsləndi və uşaqlar tüfəngi “qarovul”a götürdülər. Bir nəfər tüfəngi əlindən saldı. Silah həmişə yerə dəyəndə gubbultu qopur.

– Harri idi, – mən dedim.

– Belə şey hər kəsin başına gələ bilər, – arvadım dodaqaltı çəmkirdi. – Xahiş edirəm, bir az sakit ol.

Baxış bitdi. Əsgərlər sərbəst buraxıldı və baş çavuş Qroqan salamlaşmaq üçün bizə yaxınlaşdı.

– Günortanız xeyir, Missis Petit.

– Hər vaxtınız xeyir, – arvadım ona çox soyuq cavab verdi.

Mən Qroqandan soruşdum:

– Sizcə, bizim uşağın gələcəyi varmı, çavuş?

Çavuş gülümsəyərək, başını buladı.

– İstisna edirəm, – o, dedi. – Qəti şəkildə istisna edirəm, polkovnik.

 

 

 

 

 

 

Bölmə : Manşet, Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10