Ceyhun Hacıbəylinin bədii və publisistik irsinə bir nəzər

326 Baxış

ceyhuAbid Tahirli

Mühacirətəqədərki dövr Son 30 ilə yaxındır ki, Ceyhun Hacıbəyli yaradıcılığı müxtəlif aspekt və istiqamətlərdən araşdırılmaqdadır. Etiraf etmək lazımdır ki, 2013-cü ildən Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradıldıqdan sonra Ceyhun Hacıbəyli irsi daha sistemli və ardıcıl tədqiq edilməyə başlanılmışdır. Tam əminliklə söyləmək olar ki, “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 noyabr tarixli Sərəncamından sonra yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin həyat və yaradıcılıq yoluna maraq daha da artmış və onun irsi müasir tələblər baxımından daha dərindən araşdırılmağa başlanılmışdır. Son vaxtlar bu mövzuda Kütləvi İnformasiya Vasitələrində dərc olunan materiallar fikrimizi təsdiqləyir. Ceyhun Hacıbəyli yaradıcılığını iki mərhələyə – mühacirətəqədərki və mühacirətdən sonrakı dövrə bölərək tədqiq edilməsi məqsədəmüvafiqdir. Mövzu, toxunulan problem, ideya istiqaməti baxımından həmin əsərlər bir-birindən kəskin fərqlənsə də, onlar arasında Çin səddi də çəkmək olmaz. Yazıçının dəyişməz ideyası, əqidə və məsləyinə sədaqəti, eləcə də özünəxas dil, üslub, sənətkarlıq məziyyətləri həmin əsərlərin ruhən bir-birinə bağlılığını şərtləndirir. Ceyhun Hacıbəyli yaradıcılığının birinci mərhələsi – 1905 –ci ildən başlanan ilk qələm sınaqlarından 1919-cu ilədək olan mühacirətəqədərki dövrü əhatə edir. O, ilk bədii əsərlərini – kiçik həcmli felyetonlarnı, “Pristav ağa”, “Zaqafqaziya”kəndlisinin həyatından”, “Barışmaz ata”, “Nümunəvi sübut”və s. kimi hekayələrni, eləcə də ayrı-ayrı hekayələrdən ibarət “Hacı Kərim”povestini “Proqres”, “Baku”, “Kaspi”qəzetlərində dərc etdirmişdir. Həmin əsərlərin qəhrəmanları müxtəlif əsrlərdə yaşasalar da, müxtəlif millətləri və fərqli sosial təbəqələri təmsil etsələr də, onları birləşdirən ortaq və ümumi cəhətlər çoxdur. Bir tərəfdən cəhalətin, ətalətin, biganəliyin, fanatizmin, mədəni geriliyin, elmə, təhsilə, tərəqqiyə xor münasibətin, digər tərəfdən çar üsul-idarəsinin mənfur milli siyasətinin tənqidi Ceyhun Hacıbəylinin mühacirətəqədərki bədii əsərlərinin başlıca xüsusiyyətlərindəndir.

“Pristav ağa”C.Hacıbəylinin hekayələri arasında bir çox cəhətdən diqqəti cəlb edir. Əsər “Proqres”qəzetinin 1907-ci il 6 və 7-ci nömrələrində “Dağıstanski”imzası ilə çap olunmuşdur. Ən əvvəl qeyd etmək lazımdır ki, dahi bəstəkar, opera sənətimizin banisi, istedadlı yazıçı- publisist, Ceyhun Hacıbəylinin böyük qardaşı Üzeyir Hacıbəyov da eyni adlı satirik hekayə yazmışdır (“İrşad”qəzeti, 1905-ci il, № 6). Hər iki əsərin mövzusu eyni hadisədən götürülmüşdür: pristavın kəndə səfərindən və onun sakinlərlə rəftarından. Odur ki, əsərlərdə oxşar cəhətlər çoxdur. Bununla belə, C.Hacıbəylinin qardaşından iki il sonra qələmə aldığı “Pristav ağa”sı əvvəlkindən xeyli fərqlənir. Hər iki əsərdə hadisələrin gedişini paralel izləsək, oxşar və fərqli cəhətlər daha qabarıq üzə çıxacaqdır. İstər öz realist təsvirinə, istərsə də toxunduğu mövzunun aktuallığına və tənqidi pafosuna görə hər iki “Pristav ağa”XX əsr Azərbaycan nəsrinin ən maraqlı nümunələrindəndir.

C.Hacıbəylinin “Pristav ağa”sı ilə Ü.Hacıbəyovun “Pristav ağa”sı arasındakı oxşar və fərqli cəhətləri aşağıdakı kimi ümumiləşdirmək olar: – çarıxlılar, yəni Ceyhun Hacıbəylinin qəhrəmanları, “M”kəndinin sakinlərinə – Üzeyir Hacıbəylinin qəhrəmanlarına nisbətən sadəlövhdürlər və pristavın səfərindən faydalanacaqlarına əmindirlər; – pristavların səfərinə münasibətdən asılı olmayaraq, hər iki kəndin sakinləri eyni cəzanı alırlar, döyülür, söyülür, təhqir edilirlər; – hər iki əsərdəki strajniklər cəllad qədər amansız, qəddardırlar. C.Hacıbəyovun hekayəsində onlar həm də rüşvətxor kimi təsvir olunmuşlar; – Ü.Hacıbəyovun “Pristav ağa”sındakı ağanın kəndə səfərində məqsədi kəndlilər üçün qaranlıq qalır. Oxucu isə ağanın kəndə yalnız çalıb-talamaq niyyəti ilə gəldiyini “görür”; – C.Hacıbəylinin “qəhrəmanı”kəndə başqa niyyətlə təşrif buyurmuşdur. O, quldur Heydərin “izinə düşüb”Çarıxlıya gəlmişdir; – Ü.Hacıbəyovun “ağa”sından fərqli olaraq, C.Hacıbəylinin “qəhrəmanı”quldurlarla da döyüş səhnəsində təsvir edilir və bu zaman onun yeni keyfiyyətləri – kütbeyinliyi, fərsizliyi üzə çıxır; – əsərlər həcmcə, dil-üslub xüsusiyyətlərinə görə də bir-birindən fərqlənir; – Ü.Hacıbəyov hekayəni Azərbaycan dilində yazmışdır. Ərəb-fars kəlmələri hekayənin dilini xeyli ağırlaşdırır.

C.Hacıbəyli felyetonu rus dilində qələmə almışdır; – hər iki əsər bədii irsimizin gözəl nümunələrindəndir və Ceyhun Hacıbəylinin təbirincə desək, “XX əsrdə “mədəni Rusiya imperiyasının ayrılmaz bir parçası olan Zaqafqaziya quberniyalarından birində baş verən səhnə”ilə oxucuları təfsilatı ilə tanış edir. Hekayədə Ceyhun bəyin məqsədi, bir tərəfdən çar məmurlarının Azərbaycan kəndlisi ilə vəhşicəsinə rəftarını, onun qaniçən, quldur simasını göstərmək, digər tərəfdən müsəlman kəndlisinin hüquqsuzluğunu, avamlığını, zəlil vəziyyətini, hər cür zülmə dözümlüyünü tənqid etməkdir. Əsər sərt realist bir qələmlə, sarkastik bir ifşa pafosu ilə yazılmışdır. Faktlara söykənməsi, həyatda olmuş bir hadisəni nəql etməsi müəllifi ara-sıra publisistik müdaxilələrə vadar edir. XX əsr ədəbiyyatımızda rus hakimiyyətinə, onun məmurlarına qarşı bu cür sərt tənqidi münasibət bəsləyən ikinci bir əsər tanımırıq desək, yəqin ki, səhv etmərik. Biz əvvəllər də yazıçı və dramaturqlarımızın əsərlərində rus məmurlarının, hakimlərinin surətlərinə rast gəlmişik. Lakin həmin surətlər C.Hacıbəylinin “Pristav ağa”sından xeyli dərəcədə fərqlənir. M.F.Axundovun komediyalarında rus çinovniklərini, adətən, asayiş, qayda-qanun yaratmağa çalışan, adamları oğurluq və quldurluqdan çəkindirən hökumət nümayəndələri kimi görürük. Sonralar N.Vəzirovun, Ə.Haqverdiyevin, C.Məmmədquluzadənin əsərlərində, digər “Mola Nəsrəddinçilərin”felyetonlarında rus məmurları rüşvətxor, süründürməçi və s. sifətlərdə təsvir olunur. Lakin ədəbiyyatımızda müəllifin birbaşa olaraq rus hakimiyyəti nümayəndəsini əsərin əsas qəhrəmanı kimi götürərək ifşa və tənqid hədəfinə çevirməsini, onu hətta quldur və qatil obrazında təqdim etməsini biz ilk dəfə məhz C.Hacıbəylinin “Pristav ağa”hekayəsində görürük. Müəllifin fikrincə, heç bir günahı olmayan fağır kəndlilərin malına və canına istədiyi şəkildə qəsd edən və bunun müqabilində heç kimdən çəkinməyən məmurların həyasızlığı, harınlığı, saymazlığı, vəhşiliyi bir tərəfdən bütövlükdə rejimin öz təbiətindən irəli gəlirdisə, digər tərəfdən kəndlilərin hər hansı bir hakim, çinovnik qarşısında kölə tərzində hədsiz təzim və qorxu duymaları məmurlar tərəfindən onlarla belə qeyri-insani rəftar edilməsinə rəvac verirdi. Ceyhun Hacıbəylinin satirik hekayələrindən “Zaqafqaziya”kəndlisinin həyatından”adlı əsəri həm ideya-məzmun, həm də bədii xüsusiyyətləri ilə diqqəti cəlb edir. Hekayənin mövzusu əsərin adından da göründüyü kimi, bir Zaqafqaziya kəndlisinin həyatından bəhs edir. Lakin bu kəndli-qaçaq Zeynal ümumiyyətlə, Azərbaycan kəndlilərini yox, müəyyən ictimai-siyasi, tarixi, yaxud şəxsi səbəblər üzündən qaçaqçılıqla məşğul olmağa məcbur fərdlərin timsalıdır. Zeynalı axtaran uyezd rəisini kəndlilərin taleyi, dincliyi, sakitliyi yox, öz mənafeyi daha çox düşündürür. Hekayə belə bitir: “Qaçaq Zeynal əlçatmaz olmuşdur”.

Deməli, yenə narahatçılıqdır. Yenə kəndlilər soyulur, talan edilir, yenə fərsiz rəis, qorxaq, yalançı pristavlar, əfəl və əzazil kazaklar iş başındadır… C. Hacıbəylinin bu hekayəsi çar-üsul-idarəsinin yaramazlığını, fəsadlarını, perspektivsizliyini göstərmək baxımından da yaddaqalandır, əhəmiyyətlidir. Oxucu burada tipik bir kənd görür, xarakterik kəndli obrazları ilə tanış olur, çar üsul-idarəsinin yerlərdəki nümayəndələrinin fərasətsizliyinin, kəndlilərə qarşı qəddarlıq və etinasızlığın şahidi olur. Ceyhun Hacıbəylinin “Barışmaz ata”, “Müdrik hakim”, “Nümunəvi sübut”hekayələrinin mövzusu populyar Şərq motivlərindən götürülmüşdür. Yazıçının bu əfsanələrə müraciəti təsadüfi deyil. Qədim Şərq didaktik rəvayətlərində təlqin edilənlər dövrün aktual və əhəmiyyətli problemlərindəndir. Hekayələr üçün xarakterik olan yığcam kompozisiya, sadə süjet xətti, dinamizm, kəskin və canlı dialoqlar müəllif ideyasının daha qabarıq üzə çıxarılmasına zəmin yaratmışdır. Ceyhun Hacıbəyli bu hekayələri ilə insanları ədalətə, humanizmə, ata-anaya məhəbbətə, rəhmli, səxavətli olmağa, eyni zamanda, ədavətə, yalana, kin-küdurətə, haqsızlığa son qoymağa səsləyir. Ceyhun Hacıbəylinin mühacirətəqədərki bədii yaradıcılığı haqqında dediklərimizi yekunlaşdıraraq bu qənaətə gəlirik ki, yazıçı həmin əsərləri ilə XX əsr Azərbaycan maarifçiliyinin və tənqidi realizm cərəyanının görkəmli nümayəndələri ilə bir sırada durmaq haqqını qazanmışdır. “Hacı Kərim”povestini müəllif 1909-1910-cu illərdə qələmə almış, əvvəlcə hissə-hissə “Kaspi”də dərc etdirmiş, 1911-ci ildə rus, 1917-ci ildə 6 hekayədən ibarət kitab şəklində Azərbaycan dilində nəşr etdirmişdir. Yeri gəlmişkən qeyd edək ki, C.Hacıbəyli sonralar da bu mövzuya qayıtmış, həmin silsilədən olan daha bir neçə hekayə yazmışdır. “Əziz müəllimim Həsən bəy Məlikovun həyat yoldaşı Hənifə xanımın xatirəsinə”cümləsi ilə başlayan kitabın yalnız fotoplyonka variantı M.F.Axundov adına Milli Kitabxanada saxlanılmışdır. Biz 1995-ci ildə hekayələri fotoplyonkadan köçürərək kitabı təkrar nəşr etdirmişik. Əsər kompozisiya baxımından maraqlıdır. Hər biri 6 hekayədən ibarət povest eyni zamanda vahid süjet xəttinə, ideya və məzmuna malikdir. “Hacı Kərimin səhəri”, “Zəruri şər”, “Hacı Kərim işdə”, “Hacı Kərim qonaqlıqda”, “Hacı Kərimin romanı”, “Hacı Kərimin səfərə hazırlığı”adlı hekayələrdən ibarət əsərin ideyası cəhalətin, qadın hüquqsuzluğunun, təhsilə laqeyd münasibətin, yalançı möminliyin, xəsisliyin… amansız tənqidi, eyni zamanda maarifə, mədəniyyətə yiyələnməyin vacibliyinin təbliğidir. Əsərin baş qəhrəmanı Hacı Kərim xəsislikdə M.F.Axundovun Hacı Qarasından, nadanlıqda C.Məmmədquluzadənin Novruzəlisindən, qadına münasibətində Xudayar bəydən heç də geri qalmır. Doğrudur, C.Hacıbəylinin bu əsərində tənqid realistlərə xas olan ifşaedici, sarkastik satira aparıcı deyil: müəllifin tənqidi gülüşü xəfif bir təbəssümü xatırladır, o, öz qəhrəmanını, onun eyiblərini, mənfi xüsusiyyətlərini, geriliyini ələ salmır, onu rüsvay etmir, qəhrəmanı sosial bir tip kimi inkar etmir, sadəcə, olduğu kimi göstərməyə çalışır və onu yetirən mühiti qınayır… Yuxarıda da qeyd etdiyimiz kimi, sonralar da C.Hacıbəyli bu mövzuya qayıtmış, “Hacı Kərim toyda”və “Hacı Kərim hamamda”adlı daha iki hekayə yazmış və hekayələrin bir neçəsini fransız dilinə tərcümə etmişdir. C.Hacıbəylinin digər əsərlərinin – hekayə və felyetonlarının da başlıca mövzusu müsəlman məişətindən götürülmüş və mövcud cəmiyyət həyatının naqis cəhətlərinin tənqid edilməsinə xidmət etmişdir. Maarifçi-yazıçının əsas ideyası təhsilə, elmə yiyələnməklə cəhalətdən, nadanlıqdan, mövhumatdan xilas olmaqdır. Ceyhun Hacıbəylinin mühacirətəqədərki yaradıcılığında publisistika mühüm yer tutur. O, hər ilin sonunda Azərbaycanın ədəbi, mədəni, mətbu, ictimai-siyasi həyatında baş verən dəyişikliklərlə bağlı “Kaspi”qəzetində seriya məqalələr dərc etdirirdi ki, həmin mənbələrə istinad edərək, XX əsrin əvvəllərinin tarixini qələmə almaq mümkündür. Salnaməçi-publisistin xüsusi ilə ədəbi-mədəni həyatla bağlı sanballı məqalələri böyük diqqət çəkir. Mövzu baxımından C.Hacıbəylinin mühacirətəqədərki publisistikasını aşağıdakı kimi təsnif etmək olar: – ədəbiyyat, mədəniyyət, teatr, maarif və mətbuatın problemləri; – xeyriyyəçilik məsələləri; – Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında parlaq iz qoymuş şəxsiyyətlərə həsr olunmuş materiallar; – dini dəyərlərlə bağlı, eyni zamanda fanatizmin ifşası ilə əlaqədar qələmə alınan yazılar; – erməni məkrini, hiyləsini və vəhşiliyini ifşa edən məqalələr. Tərəfimizdən C.Hacıbəylinin bu mövzularda yazılmış və yalnız “Kaspi”də dərc olunmuş 237 (!) məqaləsinin biblioqrafik göstəricisi tərtib edilmişdir. Dini görüşləri ilə bağlı “Quranın tərcüməsinə dair”, “Müsəlman ruhanilərinin səlahiyyəti haqqında”, “Avropalılar islam haqqında”, “Aşura haqqında”, “Ramazan başladı”, “Bir daha ruhani seminariyası barədə”, “Ruhani idarəsində islahatlar haqqında”, “İslamın biliciləri”, “Müfti barədə məsələ haqqında”, “Qurban bayramı”və s., ailə-məişət, maarif, teatr, mədəniyyət, təhsil problemlərinə həsr olunmuş “Etinasızlığımız”, “Ev tərbiyəsi haqqında bəzi qeydlər”, “Zülmət və işıq”, “Müəllimlərin təqdimatı”, “Qan düşmənçiliyi”, “Aktyora kömək edin”, “Cəmiyyətin artistə ehtiramı”, “Müsəlman teatr mövsümü”, “Kömək lazımdır”, “Bizdə cəmiyyət varmı?”, “Şəhər ibtidai məktəbinin müəllimləri haqqında”, “Nuxada gimnaziya”, “Qadın təhsilinin ehtiyacları”və s., Qars qaçqınları və xeyriyyəçiliklə bağlı “Qadın qaçqınların məsələsi haqqında”, “Böyük ehtiyac”, “Unutmayın”, “Qardaş köməyi”, “Yetimləri yada salın”, “Nəhayət, nə vaxt?”, “Dəri məsələsi”və sair kimi onlarca məqalədə qaldırılan məsələlər bir çox cəhətdən bu gün də aktualdır, əhəmiyyətlidir. Ceyhun Hacıbəylinin H.Zərdabi, İ.Qaspiralı, Azərbaycanın qadın aşiq şairləri, Hüseyn Ərəblinski, Haşım bəy Vəzirov, Hüseyn əfəndi Qayıbov barədə yazdıqları, eləcə də Azərbaycan mətbuat tarixi ilə araşdırmaları da olduqca maraqlı və faydalıdır. II.Mühacirət dövrü Ceyhun Hacıbəylinin mühacirətdən sonrakı həyatı, fəaliyyəti maraqlı, zəngin , şərəfli, yaradıcılığı da maraqlı və məhsuldar olmuşdur.

Onun həyatının bu hissəsini bir cümlə ilə ifadə etmək, belə söyləmək mümkündür: Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə. Bu mübarizə 1919-cu ildən başlamış 1962-ci ilədək – vəfatına qədər fasiləsiz davam etmişdir. C. Hacıbəyli irsinin mühacirət dövrü yaradıcılığının tədqiqi ilə AMEA – Ədəbiyyat İnstitutunun dissertantı Mirzəbala Əmrahov məşğul olur və o, “Ceyhun Hacıbəylinin mühacirət dövrü yaradıcılığı”adlı tədqiqat işi üzərində işləyir. Ceyhun Hacıbəylinin “ Seçilmiş əsərləri “ adı ilə ilk kitabını M. Teymurov və A. Aslanov tərtib etmiş və bura C. Hacıbəylinin mühacirət publisistikasının bəzi nümunələri, o cümlədən “İslam əleyhinə təbliğat və onun Azərbaycanda yeni metodları”, “Rus demokratları bolşeviklərlə harada birləşir”, “Söz və əməl”, “İlk Azərbaycan operası necə yarandı”kimi əsərlər daxil edilmişdir. Kitab 1993-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılmışdır. M.Əmrahovun tərcüməsi, ön sözü və tərtibi ilə buraxılan eyni adlı kitabda isə Ceyhun bəyin “Müəzzinin lənəti”, “Baş tutmayan ziyarət”, “Stalinin öpüşü və ya staxanovçu Fatimə”, “Nejdanovun işi”, “XIX əsrin azərbaycanlı tarixçisi Abbasqulu Ağa Bakıxanov”və “SSRİ-də ziyalılar”adlı hekayə və məqalələri verilmişdir. Yazıçının fransız dilində qələmə aldığı hekayələri içərisində sosializmin saxta və insanlığa zidd mahiyyətini göstərən bir neçə hekayə də diqqəti cəlb edir. “Müəzzinin lənəti” adlı kəskin süjetli hekayənin mövzusu Azərbaycanda Sovet hakimiyyəti quruculuğunun ilk illərində müəzzin ata ilə ateist oğulun timsalında dindarlarla Allahsızların barışmaz, amansız qarşıdurmasına, mübarizəsindən götürülmüşdür. Burada cərəyan edən hadisələr yalnız ata ilə oğulun yox, bütün cəmiyyətin fəlakəti, faciəsi kimi ümumiləşdirilmişdir. Əsərin finalında minarənin uçması, ata ilə oğulun uçqunun altında qalaraq faciəli şəkildə can verməsi əslində bütün rejimin gələcək aqibətinə bir işarədir. Yazıçının “Nejdanovun işi”, “ Stalinin öpüşü və ya staxanovçu Fatimə”hekayələrində, eləcə də Ceyhun bəyin Münhendə nəşr olunan ”Azərbaycan” jurnalında dərc etdirdiyi “Şamaxı məhkəməsi, yaxud bir xainin mükafatı” adlı əsərində ötən əsrin otuzuncu illərində, həmçinin İkinci Dünya Müharibəsindən sonra Stalin repressiya rejimindən heç kimin sığorta olunmamasından, “casusların və xalq düşmənlərinin”ən ucqar əyalət məktəbləri, kolxoz və sovxozlarda göstərdiyi “təxribat işlərindən”, “vətənpərvər və sayıq”sovet vətəndaşlarının onları “ifşa etməsindən”bəhs olunur, rejimin və kommunist ideologiyasının , sovet məhkəmə sisteminin çürüklüyü və antihumanist mahiyyəti bütün çılpaqlığı ilə açılır. C. Hacıbəylinin mühacirətdə yazdığı digər bədii əsərlərdə də əsasən sovet cəmiyyətindəki həyat tərzi, rejimin eybəcərlikləri tənqid hədəfidir. İstedadlı qələm sahibinin diqqətçəkən publisistika nümunələrindən biri irihəcmli memuarı “Bir il xəyallarda və … bütöv bir ömür”adlanır.Yeri gəlmişkən qed edək ki, mühacirət ədəbi irsində memuarlar mühüm yer tutur.Bu baxımdan mühacir yazarlardan B.E.Ağaoğlunun “Solovkidə gördüklərim”(“Bildiriş”qəzeti, İstanbul, 14 avqust-13 noyabr, 1931, №2-15; Bakı, Günəş, 2004, 80 səh.), Mehmet Altunbayın “Azadlığa uçan türk”(Ankara, Azərbaycan Kültür Dərnəyi Yayınları, 1989, 254 səh; Bakı, Maarif, 1994, 172 səh.), Nağı Şeyxzamanlının “Azərbaycan istiqlal mücadiləsi xatirələri (1905-1920” (Ankara, İlke, 1998, 218 səh; Bakı, “Azərbaycan nəşriyyatı, 1997, 160 səh.), Əhməd Ağaoğlunun “Serbest Fırka hatıraları (2. baskı), İstanbul, Baha matbaası, 1969, 160 s); “Mütareke və sürgün hatıraları”, İstanbul, Doğu kitabevi, 2010, 168 səh.), Abay Dağlının “Onlar türklərdi”(Ankara, Sebat matbaası, 1851, 151 səh), M.Ə.Rəsulzadənin “Bir türk milliyetçisinin Stalinlə ihtilal hatıraları (İstanbul, Turan Xasınçılık, 1997, 120 səh.), Abdul Vahab Yurdsevərin “Azerbaycan istiklal savaşından sahnelər”(Azerbaycan Türk Kültür Dergisi, Ankara, 1954-1967, №28-35-47; 49,55; 58-59; 76-83; 85-144; 157-162; 168; 178-180) adlı əsərlərin dərindən və hərtərəfli araşdırılması aktualdır. Ceyhun Hacıbəylinin “Bir il xəyallarda və … bütöv bir ömür”adlı əsəri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə Şamil Zaman 2015-ci ilin əvvəllərində dilimizə çevirmişdir. Hazırda memuar İnsitut əməkdaşları tərəfindən nəşrə hazırlanır.

O ki, qaldı Ceyhun bəyin mühacirətdə qələmə aldığı digər publisistika nümunələrinə, həmin əsərlərdə də müəllifin bədii əsərlərində olduğu kimi, kommunist ideologiyası, rejimi, kolxoz-sovxoz həyatı, ateist tərbiyəsi, sovet din siyasəti və s. konkret, tutarlı faktlarla kəskin, eyni zamanda yüksək sənətkarlıqla tənqid edilir. Məcburi P.S. Ceyhun Hacıbəyli ilə bağlı təqdirəlayiq araşdırmalarla yanaşı, bəzən bu mövzuda ən azı təəccüb və təəssüflə qarşıladığımız yazılarla da rastlaşdığımızı qeyd etməliyik. Az- çox tanınmış tədqiqatçılardan biri Ceyhun Hacıbəyli həyatından və yaradıcılığından uzun- uzadı bəhs etdikdən , bir az da dəqiqləşdirsək , artıq elmi dövriyyədə olan faktları təkrarladıqdan sonra təəccüblə sual edir ki, görəsən niyə Ceyhun bəy bəzi yazılarını “Dağıstani” imzası ilə yazmışdır, onu Dağıstanla nə birləşdirirdi? Nəniki Ceyhun bəyi , eləcə də bütün Dağıstanı Azərbaycana birləşdirən ortaq tarixi yaddan çıxarmaq, unutmaq olarmı? Bugünkü ədalətsiz sərhədlər bizi ayırır, bu odeməkdirmi ki, biz Dərbəndə yad nəzərlə baxaq?! Digər tərəfdən əgər sən yazıçının imzasının haradan qaynaqlandığını öyrənməmisənsə, hansı təxəllüslə yazdığını bilmirsənsə, onun həyatından, əsərlərindən necə bəhs edə bilərsən!? Başqa birisi hansısa bir mənbəyə istinad edib , min bir mötəbər mənbəni qulaqardına vuraraq Ceyhun Hacıbəylinin təvəllüd tarixi ilə bağlı polemikaya girişir, bir başqası “Leyli və Məcnun “ operası ilə bağlı bir xatirədəki məqama və operanın nümayişi ilə bağlı afişaya işarə vuraraq Ceyhun bəyin müəllif hüququnun pozulduğunu kor- koranə iddia edir və əlaqədar təşkilat və insanları ədalətin bərpasına dəvət edir. Bütün bu və buna bənzər qeyri- ciddi mülahizələrin əsaslı, tutarlı , tarixi və təkzibolunmaz dəlillərlə elmi dövriyyədən çıxarılması günün tələbidir. xüsusən Ceyhun Hacıbəylinin imzaları ilə bağlı isə heç bir mübahisə doğuracaq məqamın olmadığını xüsusi ilə vurğulamaq istərdik. Ötən əsrin 90-cı illərinin əvvəllərində Parisdən C.Hacıbəylinin oğlu Timuçin Hacıbəylidən ünvanımıza daxil olan məktubda deyilirdi ki, onun atası inqilabdan əvvəl Azərbaycan mətbuatında “Dj.Dağıstani”imzası ilə çox sayda məqalə dərc etdirmişdir. “Ədəbiyyat qəzeti”1993-cü il 5 mart tarixli 9-cu nömrəsində C.Hacıbəylinin Əhməd Cavadla bağlı “Azərbaycan”(Münhen, 1952, № 4) jurnalında dərc edilmiş iki məqaləsini vermişdir. Məqalələrin təqdim olunması münasibəti ilə yazılmış ön sözdə oxuyuruq: “Ceyhun Hacıbəyli yeddiyə qədər imza ilə məqalələr yazıb. “C.H.”-da həmin imzaların biridir. Yazılanlar böyük maraq doğursa da, C.Hacıbəylinin imzaları barədə ətraflı danıçılmır. Professor Ş.Qurbanov Ceyhun bəyin imzası haqqında aşağıdakıları deməklə kifayətlənmişdir: “Ceyhun Hacıbəyov bütün məqalələrini “Dağıstani”ləqəbi ilə imzalamışdır. Bu da təsadüfi deyildir: o, əslən Dərbənddən idi”(Ş.Qurbanov. “C.Hacıbəyov (1891-1962)”. “Lit.Azerbaydjan”, 1990, № 6, səh.44-45). Tanınmış jurnalist-tədqiqatçı Qulam Məmmədli 1977-ci ildə “İmzalar”adı ilə nəşr etdirdiyi kitabda yazırdı: “…göstərilən çətinliklər üzündən bunların (imzalar nəzərdə tutulur – T.A.) bəziləri tam dəqiqləşdirilməmiş, bir çox gizli imzalar kitaba daxil edilməmişdir”(səh.17). Adı çəkilən kitabda göstərilir: “Dağıstani”- Cəmaləddin Məmmədzadə, “Kaspi”, “Səda”(səh.32). “Dj.Dağıstani”- Cəmaləddin Məmmədzadə, “Kaspi”, 1910-1911 (səh.37). “C.Dağıstani”- Cəmaləddin Məmmədov, jurnalist”(səh.105). Bir çox tutarlı faktlar “Kaspi”qəzetində “Dağıstani”, “Dj.Dağıstani”, “C.Dağıstani”imzalarının Cəmaləddin Məmmədzadəyə aid olmadığını söyləyəməyə imkan verir. C.Məmmədzadə 1864-cü ildə Dərbənddə anadan olmuş, ilk təhsilini aldıqdan sonra İstanbula getmiş, bir müddət orada qalıb, sonra Tiflisə dönmüş, Şahtaxtinskinin buraxdığı “Şərqi-Rus”(1904) qəzetində çalışmışdır. Bolşevik ideyalarının alovlu təbliğatçısı kimi çıxış edən C.Məmmədzadə az sonra Bakıya gəlir. Bu vaxt Bakı bolşevikləri ilk leqal proletar qəzeti “Qoç- Dəvət”in nəşrinə nail olurlar (1906). “Qəzetin işinə demokratik ziyalıların nümayəndəsi kimi professional jurnalist Cəmaləddin əl-Dağıstani də cəlb edilmişdir”. “O, “Qoç-Dəvət”in Azərbaycan mətnlərinin redaktəsində iştirak edirdi”(N.Y.Mageyev. İz istorii psevdonimov i anonimov, Bakı, 1977, “Elm”nəşriyyatı, səh.32).

“Yeni İrşad”qəzeti C.Məmmədzadənin ölümü münasibəti ilə 1911-ci il 23 oktyabr tarixli 45-ci nömrəsində onu “mətbuatımızın xəstə və ac fəhləsi”adlandırır, C.Məmmədzadənin ölümünü “mətbuata və millətə ağır zərbə”kimi qiymətləndirir. C.Məmmədzadə “Səda”ilə də əməkdaşlıq etmiş, ən çətin, ağır yükü öz çiyninə götürmüşdür. O, ömrünün sonunadək bolşevik ideyalarına sadiq olmuş, bu əqidə uğrunda hər cür məhrumiyyətlərə, əzablara dözərək gecə-gündüz çalışmışdır. Təsadüfi deyil ki, mollalar onu “bidin”adlandırırdılar (“Yeni İrşad”, 1911, № 45). “ C.Məmmədzadə bolşevik əqidəli jurnalist olmuş, əsasən “Şərqi-Rus”, “Qoç-Dəvət”, “Səda”qəzetlərində çalışmış, məqalələrini daha çox “Dani”gizli imzası ilə dərc etdirmişdir. Bütün bunlardan fərqli olaraq, C.Hacıbəyli əsasən, adları çəkilən qəzetlərdən məramına, məqsədinə, məzmununa görə tamamilə seçilən “Kaspi”qəzeti ilə əməkdaşlıq etmişdir. C.Hacıbəylinin dəsti-xətti, dili, üslubu, toxunduğu mövzular, məsələlərə münasibəti də özünəməxsusluğu ilə seçilir. C.Hacıbəyli “Kaspi”də demək olar ki, bütün yazılarını “Müsəlmanın qeydləri”rubrikası ilə çap etdirmişdir. Bu rubrika isə qəzetin səhifəsindən 1917-ci ilədək (C.Məmmədzadə 1911-ci ildə vəfat etmişdir) düşməmişdir. C.Hacıbəyli bu müddət ərzində “Kaspi”də D., Dj., D. D.-ni, D.Dağıstani, Ceyhun Dağıstani imzaları ilə yazılar vermişdir. “Kaspi”qəzetinin 1915-ci ilin 13 fevral tarixli 34-cü sayındakı “Biz nə etməliyik”adlı məqaləsinin sonunda “D.Dağıstani”imzası yazılmışdır. Məqalənin “P.S.”-i isə “D.D.”-ni ilə imzalanmışdır. Deməli, bütün əvvəlki və sonrakı “D.D.”-nilər də D.Dağıstaniyə, yəni C.Hacıbəyliyə mənsubdur. Qəzetin 201-ci nömrəsində (1917-ci il 8 sentyabr) Ceyhun bəyin “Kaspi”nin redaktoruna məktubu dərc edilmişdir. Orada Ceyhun bəy qəzet vasitəsi ilə oxucularına Bakı müsəlman cəmiyyətləri komitəsinin “Xəbərləri”ndə fəaliyyətini dayandırdığını çatdırır və bu barədə Komitə rəhbərlərinə də məlumat verdiyini bildirir. Məktub belə imzalanır: Ceyhun Hacıbəyov (D.Dağıstani). Bu fakt da yuxarıda sadalanan imzaların məhz C.Hacıbəyliyə məxsusluğunu bir daha təsdiqləyir. Ceyhun bəy 50-ci illərdə qələmə aldığı “İlk Azərbaycan operası necə yarandı”adlı xatirəsində də “Kaspi”qəzetində “Cey Dağıstani”ləqəbi ilə ilk məqalələr yazdığını göstərmişdir (Azərbaycan Respublikası S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Mərkəzi Dövlət Arxivi, 643 №-li fondu). Münhendə Milli Birlik tərəfindən 1952-1954 –cü illərdə Azərbaycan və rus dillərində nəşr olunan “Azərbaycan” jurnalındakı “Söz və əməl” adlı məqaləni də Ceyhun bəy belə imzalamışdır: “Cey Daqestani”. Beləliklə, Ceyhun bəyin bəyin imzası ilə bağlı mülahizələri yekunlaşdıraraq bu qənaətə gəlirik ki, ilk yaradıcılıq təcrübələrindən ömrünün sononadək C. Hacıbəyli “Dağıstani”imzasından istifadə etmişdir. C.Hacıbəylinin imzası haqqında bir qədər ətraflı bəhs etməyimiz bu mövzuda geniş diskussiya açmaq niyyətindən yox, yüzlərlə məqaləsi, onlarca bədii əsəri, xeyli tərcüməsi olan böyük qələm sahibinin mətbuat və ədəbiyyat tariximizdə layiq olduğu qiyməti vermək istəyindən irəli gəlir.

 

 

 

 

Bölmə : Manşet