Ceylan Mumoğl: “Bəlkə də yaşadıqlarımız paradoksdur” – Müsahibə

51 Baxış

ceylan

…Hər kəs onu aydınlanan dünyasına səyahətlə tanıyır. Lakin mən yazıçı Ceylan Mumoğlunu ilk dəfə bu sətirlərilə kəşf etdim:

Sevgisiz zəka, bizi lovğa edər.
Sevgisiz ədalət bizi amansız edər.
Sevgisiz diplomatiya bizi ikiüzlü edər.
Sevgisiz uğur bizi təkəbbürlü edər.
Sevgisiz zənginlik bizi həris edər.
Sevgisiz itaətkarlıq bizi xidmətçi edər.
Sevgisiz kasıblıq bizi deyingən edər.
Sevgisiz gözəllik bizi gülünc edər.
Sevgisiz qüdrət bizi despot edər.
Sevgisiz işləmək bizi kölə edər.
Sevgisiz sadəlik bizi dəyərsiz edər.
Sevgisiz qanun bizi dustaq edər.
Sevgisiz siyasət bizi eqoist edər.
Sevgisiz inanc bizi fanatik edər.


Sevgisiz müsahibə bizi nə edər bilmirəm, amma bildiyim odur ki, sevərək hazırladığım sualların cavabları möhtəşəmdir!
Belə ki, yazıçı Ceylan Mumoğlu ilə yeni işıq üzü görmüş “Qurbağa öpüşü” hekayələr kitabındakı hekayələrdən söz açdıq.

-Ceylan xanım, bu Həvva hansı Həvvadı?

-Təslim olmuşluqla körpə marağı arasında dövr edən müasir Həvvadır. Əsla təslimiyyətinə şübhə etmir. Öyrənmək, araşdırmaq istəyi uşaq marağına bağlıdır. Hər şeyin dərininə enməkdir niyyəti. Rahat olduğu qədər də narahatdır. Rahatlığın sonunu təkcə Adəmə sığınmaqda görmür. Dərk edir ki, Adəmlə qovuşmaq hələ yolun sonu deyil. İdarə etdiyi azadlığını sevir, fəlsəfəçidir. Daima yolda olmaq xoşuna gəlir. “Yeddi dəfə yıxıldınsa, səkkiz dəfə qalx!” deyiminin ecazkar sıçramasının fərqindədir. Məsələn, okeanın mavi-yaşıl dalğaları, səsi, ağ köpükləri kifayət etməz onun üçün, suyun özünü görmək, özünü də bilmək istəyər. Xülasə, qayğısızlıq, dinclik kimi sözləri lüğətindən silmiş sayılsa da, əslində sakitliyi, əmniyyəti yaşayan, tənhalığı sevən Həvvadır. Ən dərin ağrılardan ən dərin sevinc tapmaqdan usanmayan səyyahdır.

-”Qurbağa öpüşü” hekayəsini bir oxucu olaraq bəyəndim…

-Gerçəklərin min qat ağırlığına qarşı empatiyasından yaranan əksolunmanın cüzi təzahürüdür “Qurbağa öpüşü”. Bu öpüş yıxılıb bir yerini əzərkən “öpüm, keçər” anlayışını aşan öpüşdür, birbaşa ölümlə öpüşməkdir, ölümlə tanışlıq və aydınladan öpüşdür. Gəncin öpdüyü qurbağa adi qurbağa deyil.

-”İki qalib” hekayəsi oxucuda antipatiya hissi oyadır. Redaktor olsam kitaba salmazdım… dəhşətli və aktual mövzu olsa da, çatdırılması ürəkaçan deyil.Nə deyə bilərsiz bu barədə ?

-”İki qalib”in ilkin variantını paylaşdığımda əks cins oxuculardan biri qeyd etmişdi ki, kişi xarakterinin çalarlarını bu dərəcədə dəqiqliyiylə bilməyiniz təəccübləndirdi. Hətta o rəylə özümə bir də kənardan baxıb “mən nəymişəm” demişdim (gülür).

-Dilavər məğlub deyil, belə sanmıram…
-Dilavər məğlub deyil, ancaq təkdir. “Bir baharla gül olmaz”lığın acı yekununu yaşayır.

-Bir az gülməli də olsa, “Qiyamət” hekayəsində yanar ocağa tamaşa etməyin, oduncuqların səsini eşitməyin zövqünü yaşadım.

- Nə bilmək olar, bəlkə də yaşadıqlarımız paradoksdur. Bu dünyada zövq kimi gördüyümüz, hiss etdiyimiz şeylər, o biri dünyada əks təsirlə olacaq. “Qiyamət” hekayəsi M.Qorkiylə, V. Vulfu mənə daha yaxından hiss etdirdi.

-Doğrudanmı xoşbəxt olanlar gənclik xatirələri gözəl olanlardı?

-Gənclik xatirələrini doyumsuz yaşayan insanın yaş irəlilədikcə aclığı daha da artır. Çünki doymayıb. Natamam qalıb. Bunu bir körpənin ana südündən doymadan yuxulaması üçün yatağına yatırmağa da bənzətmək olar. O körpə yatarmı?

-Sizcə tale sevgi dolu insanları mütləq qarşılaşdırır?
-Elə sualları tapıb çıxarmısınız, molyuskdan mirvari çəkmisiniz elə bil (gülür).Talenin oyunları o qədər mürəkkəbdir ki, açıqlamasına qalxışdıqda beynimiz sulanır. Tale sevgi dolu insanları mütləq qarşılaşdırır. Bu qarşılaşma az hallarda uzunmüddətli birləşməylə nəticələnər. Sevginin uzun sürməsi üçün ayrılıq şərtdir. Məşhur filosof demiş, “Ən şirin gəldiyin zaman özünü yedirməyi kəsməli; uzun müddət sevilmək istəyənlər bunu bilirlər”.

-Burada xatırladığım bir az da Lamiyənin yoldaşı oldu…
-İnsan eqoist varlıqdır. Ən başda eqonu bəsləməyə şərtlənir. Həyatda çox az yoldaş var ki, Lamiyənin yoldaşı kimi davranmasın.

-Sözsüz anlayan qadının xəyalını belə etmək mümkün deyil?
-Yadıma düşdü ki, bir dəfə lətifə kimi paylaşmışdılar. Müsabiqədə qalib gələn ən qısa hekayə: “Parkda iki qadın oturmuşdu və ikisi də susurdu”. Bu məsələ ona bənzəyir (gülür)

-Asiya bibini həyatda görmək istəyərdim…

-Mən də ölürəm Asiya bibiyçün (gülür). Selcan o sarıdan şanslıdır. Hər insan həyatında qəlbinin dərinliklərindəkini dinləyə bilən, güvənli, eyni zamanda müdrik birinə ehtiyac duyar. Bu ehtiyacı müxtəlif səbəblərdən valideynlər qarşılaya bilmirlər, qarşılayanlarsa azlıq təşkil edir. Asiya bibi nəinki o boşluğu doldurur, eyni zamanda “Hər şeyi hazır verdikcə insanın beyni kiçik qalır” düsturuna əməl edir.

-Sizcə hər insan ömrü boyu böyüyür?

-Çətin məsələdir. Sona qədər uşaq qalan böyüklər də olur. Dostoyevski “Karamazov qardaşları” romanında Dmitri obrazının diliylə “İnsanlarla bir uşaq kimi rəftar etməli, bəziləriyləsə xəstəxanadakı xəstələr kimi” yanaşmasında haqlıdır. Böyümək də Tanrının hədiyyəsi olmalıdır. Hər insan “böyümür”.

-Həqiqət bu andırmı? – Ceylan Mumoğlu ilə İlahə Eldarqızının söhbəti…

-Həqiqət özünü tanımaqdır. Özünü zərrə-zərrə kəşf etməkdir həqiqət. Bu anda, İlahə Eldarqızıyla söhbətdə Ceylan özünü və ya əksinə İlahə özünü öyrənməklə məşğul deyilsə, həqiqətə yaxınlaşa bilməyəcək.

-”Qadın füsünkarlığı”nı nə vaxt oxucayağıq?

-O hələ daxildə yatır. Qaranlığı sevməyən nilufər çiçəyi kimi çəkilib yuvasına. Özüm oyatmıram. Qoy şəffaf yuxusunun dibindən boy atsın. Qapanıb özünə, özünü bataqlıqdan qoruyur. Bir gün mütləq günün ağarmasıyla birlikdə o da çıxacaq su üzünə, müdhiş qoxusunu ətrafa yayacaq, açmasının sədalarını dinləyəcəyik.

-Niyə qoymadınız Selcan reklam rolikinə çəkilsin?

-Selcan universitetə reklam roliki üçün getməmişdi axı (gülür). Bu səbəbdən qərarsız qalmışdı. Asiya bibi ona mayak rolunu oynadı. Dağınıq fikirlərinə işıq saldı. Sonrası Selcana qalmış…

-Rənayla Cəmilin dramına çox üzüldüm…

- Elə bir dramı hansı ruh halıyla yazmışamsa, özümü də təəccübləndirir. Rəna acılarına məhkum, Cəmil çarəsizliyinə…

-Səmədin yanına getmək istəyirəm (gülürəm)

-Mistikadan qorxmursunuzsa, gedin, çəkinməyin (gülür) Səməd maraqlı personajdır. Bir az da Zirəddin Rzayevə oxşayır (gülür). Özünü çoxbilmiş sayırdı, bir nöqtəyə qədər…

-“Ekstrasens” hekayəsində yaxşı mesaj var – Elm

-Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır. Hz. isa deyib: “Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil”. Hz. Əli də deyib ki: “Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar”. Sonuncunu anlamaq üçün gərəkli məqama çatmamışam.

-”Quyu” hekayəsi müsabiqə anlarını xatırlatdı…

-Dəyərli müsabiqəydi. Tarixçi qanımızı coşdurmuşdular (gülür). Hekayələr içərisindən ən çox bəyənilənlər sırasındadır. Belə müsabiqələrdən çox olsa, tariximizin az işlənmiş məqamlarını daha çox işıqlandırmaq olar. Ümumiyyətlə, gələcək üçün tarixi roman yazmaq istəyim çoxdan var. Qismət…

-Ən çox hansı sualı bəyəndiniz?

-Əvvəlcə, İlahə xanımın növbəti maraqlı, əyləncəli və sevimli layihəsinin bu dəfə Ceylan xanıma tuş gəlməsinə məmnun oldum. Ən çox: “Həqiqət bu andır?”, – sualını bəyəndim.

İlahə ELDARQIZI
Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi

Miq.az

Bölmə : Redaktorun seçimi
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10