Ceylan Mumoğlu yazır – Tariximizin qaranlıq səhifəsi

105 Baxış

Çağdaş ədəbiyyatımızın seçilən nümayəndələrindən olan Ülviyyə Tahiri “Şeytanın missiyası”, “Üzü cəhənnəmə”, “Buqələmun” romanları, “Ortaq şəhər” hekayələr toplusuyla tanımışıq. Müəllifin Azərbaycan bədii nəsrinə bəxş etdiyi yeni romanı “ALJİR” adlanır.

 

ALJİR. Bu ad sizə nəsə deyirmi? Əminəm, oxuyanda çoxunuzun ağlına hansısa dövlət və ya şəhər adı gələcək, məsələn, Əlcəzair kimi. Əvvəldən qeyd edim, adın açıqlaması ilə bağlı yanılmayaq.

ALJİR – rusca “Акмолинский лагерь жён изменников Родины” (1938–1953) (“Vətən xainlərinin həyat yoldaşlarının saxlanıldığı Akmol düşərgəsi”) başlığının abreviaturasıdır.

1937-ci ilin 15 avqustundan SSRİ “NKVD”sinin verdiyi 00486№-li əmrdən sonra Qazaxıstanın qumlu və qarlı-şaxtalı səhralarına 1938-ci ilə qədər nə az, nə çox bütün Sovetlər Birliyindən 20 min qadın həbs edilərək, min bir işgəncə və əzaba məruz qalmaqla sürgün olundu. Günahları isə təkcə o idi ki, guya, “vətən xainləri” adı almış məşhur dövlət və partiya, ictimai xadimlərin arvadları, bacıları və ya qızları idilər. Onlar Vətənə qarşı etdiyi “cinayətlərdə” birgəlik nümayış etdirmişdilər.

Gətirilən qadınların içərisində azərbaycanlılar da az deyildi. Əldə olan sənədlərə görə, Azərbaycandan olan qadınların sayı 44 göstərilir.

ulviyye

Ülviyyə Tahirin tarixi-bioqrafik, SSRİ-nin stalinizm dövrünün siyasətinə aid “ALJİR” romanı məhz həmin düşərgəyə aparan hadisələr və düşərgə həyatına həsr olunub, sürgün taleyi yaşamış azərbaycanlı xanımların məşəqqətlərini, acılarını təsvir edir.

Daima başqa ölkələrin faciəvi tarixi haqqında hansısa əsəri oxuduğumda, yaxud həmin əsər əsasında çəkilən yüksək keyfiyyətli, təsirli filmlər izlədikdə düşünürdüm ki, niyə bizim tarixi hadisələr də bu cür peşəkarcasına işıqlandırılıb dünyaya çatdırılmır? Niyə bizdə bu cür effekt alınmır? Zaman keçdikcə anladım ki, həqiqətləri dünyaya çatdırmaq heç də asan məsələ deyilmiş. Bunun üçün maddi vəsaitdən başqa həm də möhkəm birlik, həmrəylik lazımdır. O həmrəylik ki, ən istedadlı qələm ustalarını dünyanın istənilən nöqtəsindəki oxucunun bağrını yarıb keçən əsər yazmağa alovlandırsın. O birlik ki, qəlbləri riqqətə gətirib göz yaşlarıyla rahatladan filmlər çəkilməsinə səbəb olsun, yəhudi filmlərində olduğu kimi, bütün izləyicilərin ağlamaqdan gözlərini qızartsın.

Ülviyyə Tahirin “ALJİR” romanını oxuduqda yüngül bir şok yaşadım. Romanı elə bil qadın deyil, kişi yazıb. Bir anlıq ağlıma Umberto Eko gəldi. Demişdi ki, mətnə baxan kimi bilirəm, bunu qadın yazıb, ya kişi. Burda Ülviyyə Tahir Eko ehkamını dağıdıb. Eko sağ olsaydı, bəlkə də, mətni oxuyub fikrimlə razılaşardı.

Bütün bunlarla yanaşı etiraf etməliyik ki, müasir Azərbaycan nəsrində keçmiş tarixi travmaları işləmək o qədər də asan iş deyil.

Bunun üçün illərin toz basmış sənədlərini eşələmək, tədqiq etmək, hadisələrin doğruluğuna əmin olmaq kimi məsuliyyət yükü yazıçının çiyinlərinə yüklənir.

Azərbaycan tarixinin qara səhifələri o qədər çoxdur ki, təkcə birini ayırıb, bu daha bəxtsiz, daha qorxunc, daha uğursuz, xəyanətlərlə dolu və s. yazmaq digərlərini kölgədə qoymayacaq. Repressiya illəri (1937-53) bu faciələr arasında özünün sirləri, müəmmaları, qaranlıqları ilə fərqlənir. Müəllifin romanın əvvəlində yazdığı kimi: “Qaranlığın rəngini bildiyimizi zənn edirik… Zülmətin rəngi olmaz”.

Qaranlıq məqamlardan biri ALJİR-də cəza çəkən, tükənməyən əzablara məhkum olmuş azərbaycanlı qadınların sayı ilə bağlı məlumatlar təxmini göstərilir. Ümumilikdə bu düşərgədə əzab-əziyyətlərdən keçən 20 mindən artıq qadının əksəriyyətinin taleyi bilinmir. “ALJİR”ə sürgün olunan azərbaycanlı qadınlar haqqında natamam ünvanlar və 44 nəfərin adından başqa heç nə yoxdur.

Romanı oxuduqca Elçinin “Ölüm hökmü”, İsmayıl Şıxlının “Ölən Dünyam” və başqa bu kimi respessiya illərindən bəhs edən əsərləri da xatırlaya bilərsiniz. Amma mənə daha çox bu yaxınlarda tatar əsilli rus yazıçısı Gözəl Yaxinanın iki böyük ədəbi mükafat almış “Züleyxa gözlərini açır” romanını xatırlatdı. Hər iki roman eyni dövrü əhatə edir – 1930-50-ci illər. Hər iki romanda insanların (xüsusən qadınlar) ağır repressiya illərində məruz qaldığı əziyyətlər qabardılır.

Hər iki romanda qadınlar tarixin burulğanlı hadisələrinin içinə sürüklənərək istəmədikləri yerlərə getmək və orada yaşamaq məcburiyyətində qalırlar. Təbii ki, romanlar arasında cüzi fərqlər də var. Ülviyyə Tahirin qadın qəhrəmanları (Gülnarə və Firuzə) oxuyan, yazan, ziyalı məclislərini bəzəyən, xanım-xatın qadınlardısa, Gözəl Yaxinanın qəhrəmanı (Züleyxa) sadə bir kəndlidir. Ancaq hər iki romandakı qadınlarla tale ağır oyun oynayır. Onların zərif bədənləri, dəriləri, incə barmaqları şaxtalarda, soyuqlarda donur, qızmar istilərdəsə günəşdən yanırdılar. Hər iki müəllifin romanda yaratdığı obrazların real, canlı, nəfəsli, yadda qalan olması oxucunu elə ilk cümləsindən öz ahənginə kökləyir. Hər iki romanda ən böyük bənzərlik budur ki, məhbus qadınların ümidi son ana qədər qırılmır, yüksək həyatsevərlik və güclü motivasiyaya malik obrazlar oxucunu roman boyu təsir altında saxlayır. “ALJİR”də tez-tez bu cümlələrlə qarşılaşacaqsınız. “O, hələ də ümid edirdi. Hələ də nəyəsə ümid edirdi”.

Ülviyyə Tahir məhbus qadınların həyatında baş vermiş real hadisələri araşdırıb, sənədlərlə tanış olduqdan sonra romanda hadisələrin axarını, xarakterləri, dialoq və monoloji nitqləri peşəkar nasir diliylə oxucuya təqdim edib. Bu səbəbdən “ALJİR” romanı yazıçının əvvəlki romanlarından kəskin fərqlənir. Düşünürəm ki, “ALJİR” romanı Ülviyyə Tahir yaradıcılığının mühüm mərhələsidir.

Hətta məndə belə bir arzu oyandı ki, bəlkə, Ülviyyə Tahir bundan sonra tarixi romanlar yazmalı, qaranlıq qalmış, zülmətə qərq olmuş hadisələrimizə ustalaşmaqda olan qələmiylə tədricən işıq salmalıdır.

Amma bunun üçün də yazımın əvvəlində bəhs etdiyim möhkəm əlbirliyə (tarixi faciələrimizin dünyaya çatdırılması həmrəyliyinə) ehtiyacımız var. Məsələn, niyə “ALJİR” romanı da film olmasın, yaxud “Züleyxa gözlərini açır” romanı kimi dünyaya səs salmasın?

Mən əminəm ki, aradan illər, əsrlər keçsə belə, “ALJİR”in cəsur və mətanətli qəhrəmanları daim yaşayacaq.

 

Bölmə : Tənqid