Çillədəyəm, çillədəyəm, əfəndim! – YENİ ŞEİR

29 Baxış


oktayDərd tutar canımı, oynayıb keçər
Keçsə, min yerimdən göynəyib keçər
Sevdan damarımda qaynayıb keçər,
Çillədəyəm, çillədəyəm, əfəndim!

Qırx ağac ötədə bir paslı zəncir,
Bu paslı zəncirdən ayağım incir.
Divara mıxlanıb içimdəki sirr,
Çillədəyəm, çillədəyəm, əfəndim!

Ovcumu tərsinə tutdum, gözlədim,
Öz xışımla qürurumu düzlədim.
Mən naqisəm ruhumdan, nə gizlədim?
Çillədəyəm, çillədəyəm, əfəndim!

Canımı aldılar, uçuldu divar,
Görklü Tenqrim, gör bir burda nələr var?
Dörd yanım ruh dolu, hər yerim məzar,
Çillədəyəm, çillədəyəm, əfəndim!

Qaldırdılar taxtalardan atımı,
Vurdular göylərdə toy – büsatımı.
Bir aydır ki, dəyişmişəm adımı,
Çillədəyəm, çillədəyəm, əfəndim!

Davullar çalınır, qutsal davullar,
Arınır tənindən burda oğullar.
Bir qam yol göstərir, açılır yollar,
Çillədəyəm, çillədəyəm, əfəndim!

 

Oktay Hacımusalı

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10