Çıx get!

204 Baxış

Elnur BayramzadəElnur Bayramzadə

Novelist

Çıx get!

Bütün həyatımı silib çıxıb getməliyəm, çünki sən məndən daha yaxşılarına layiqsən …”

Sonuncu görüşün bu qədər çətin olacağını heç vaxt təsəvvür etməzdim. O qədər çətin idi ki, ilk görüşümüzdəki həyəcan, şirin bir sarsaqlığın simada yaratdığı saflıq,  ayaqların titrəməsi, ürək döyüntülərinin tezləşməsi və s. Artıq unudulmuşdu. Birini bu qədər sevərkən ayrılmaq bəzən imkansız görünür. Amma imkansız olan insanın özü ilə bacarmağıdır. Buna cəhd etmək faydasızdır. Sadəcə ürəyini kənara qoyub beyninin əmrlərinə tabe olanda nə qədər qəddar olduğun görünür. Qalanları artıq önəmsizdir. Həmin günlərdə məndəki dəyişikliyi heç özüm də başa düşə bilmirdim. Nə baş vermişdi axı? Bu qədər saf hisslərlə dolub daşan ürəyim niyə bu qədər qarabasmalarla dolmuşdu?!

Həmin gün dünya gözəli sevgilimin şəxsiyyət vəsiqəsinə təsadüfən baxırdım. Qan qrupu gözümə sataşdı.  -1. Bu dəhşətli idi. Bilirəm, siz-normal insanlar üçün həyatda guya sevgidən önəmli heç nə yoxdur. Amma mənim üçün sevdiyim insan onu sevməyimdən daha dəyərli idi. Əgər belə olmasaydı, indi ondan ayrılmaq istəməzdim. Əvvəlcə soruşmaq istədim. İstəyirdim özü inkar eləsin ki, bu vəsiqə mənə aid deyil. Amma bundan sonra o da məndən qan qrupumu soruşanda “-3″ demək istəmirdim. Mən bunu istəmirdim. Uşaqlıqdan bəri qorxduğum hadisə 25 yaşımda həyatımda bəlkə də ilk dəfə ürəkdən “Sevirəm” deyə bildiyim bir anda başıma gəlmişdi. Nifrət edirdim insanlara, insanlığa, insanın bədən quruluşuna. Niyə axı (-) qan qrupunda olan insanlar bir-birilə  ailə qura bilməsin!? Nəyə görə insanlar anatomiya kimi bir elmi yaradanda öz hisslərini nəzərə almamışdılar. Bəs indi mən?…..Bəs indi mən nə etməliyəm? Mən ki, Ayşəni ürəkdən sevirdim. Mən ki onu özümdən belə çox istəyirəm. Mən ki ona özümdən daha çox dəyər verirəm. Mən indi onu sevirəmsə, deməli…..deməli onu özümlə birgə bədbəxt bir həyata sürükləməliyəm?! Niyə axı?

Bütün bunlarla bərabər çətin olsa da başa düşürəm ki, ayrılmamaq da mənim acizliyim olardı. Bilmirəm nə edim? Bu qədər çıxılmaz variantlardan ikinci variantı fikirləşmək belə istəmirdim. Ayşəyə necə deyə bilərəm ki, “sənin qan qrupunla mənim qan qrupum mənfi olduğuna görə bizim gələcəyimiz yoxdur” ?! Bunu desəm  həmin an fikirləşəcək ki, mən onu heç vaxt sevməmişəm. Amma heç vaxt fikirləşməyəcək ki, bunu özümdən çox ona görə istəyirəm. Mən onsuz da ondan ayrıldıqdan sonra kimisə sevə bilməyəcəkdim. Amma o… O sevilməliydi, sevməliydi, o mənim həyatımın ən dəyərlisi idi. O bəlkə də mənim həyatıma girən insan simalı bir varlıq idi. Bəlkə yox, dəqiq elə idi. Mən bilirəm ki, o insan ola bilməzdi. Əgər elədisə, əminliklə deyə bilərəm ki, həyatda heç bir insanı özümdən çox sevməmişdim. Ayşədən başqa….

Əgər ona deyə bilmirdimsə, deməli ayrılıq səbəbini ondan gizlətməliydim. Sadəcə ayrılmaq istədiyimi deyəcəkdim ona. Eyib etməz qoy o məni qəddar bilsin, qoy bütün insanlar məni cani, alçaq bilsin. Mən bunların heç birini inkar etmərəm. Bəlkə də haqq da verərəm. Amma heç kəs deyə bilməz ki, bunu sevdiyim insanı həqiqətən sevmədiyim üçün edirəm. Əsl qəddarlıq elə bunu düşünməkdi. İnsanlar bütün bunları başa düşməyəcəklər.

Bəzən həyatda elə sevdiyin üçün qəddar olmaq lazımdır. Qəddar olmaq insanın həmişə paxıl və vicdansız olduğunu göstərməz. Əksinə, bəzən onun qətiyyətindən nə qədər əmin olduğunu və sevgisinin nə qədər güclü olduğunu göstərər.

Artıq həmin görüş yerimizə çatırdıq. İçim qan ağlaya-ağlaya bəhanələr fikirləşirdim.Çox uzatmaq istəmirdim. Qolumdan bərk bərk yapışmışdı. Elə bil mənə yaxın olub ürəyimdə olanları duymaq və məni danışaraq əziyyətə salmaq istəmirdi. Sifətimdəki donuqluğu  bayaqdan hiss etmişdi:

-Əzizim, sənə bu gün nə olub belə? Sifətin ağappaqdı. Xəstələnmisən?

Əlini alnıma gətirib qızdırmama baxmağa başladı. Əlini əlimə alıb gözlərinin içinə baxdım:

-Mənim şəfam sənin əllərindədir.

Təbəssümlə cavab verdi:

-Səni o qədər sevirəm ki, bilmirəm sən olmasan mən necə yaşayaram?

Başını sinəmə qoyub danışmağa başladı:

- Dünən elə gözəl bir yuxu görmüşdüm ki…Görürdüm ki, artıq evlənmişik və bir oğlumuz var. Adı da Xəyaldır. Sənin xoşladığın ad. Sən oğlumuzla oynayırsan, mən isə sizə xörək hazırlayıram.  Sonra xörək hazır olur, siz süfrəyə yığılırsız və yeməyə başlayırıq. Sonra oğlumuz soruşur ki, “ata sən anama necə evlənmə təklifi etdin?” Sən isə danışmağa başlayırsan. Mən də sənə baxıram. Səssizcə sizə baxıram. Amma nədənsə nə danışdığını eşitmirdim. Elə istəyirdim ki, səsini eşitmək… Amma duya bilmirdim. Bəlkə də eşitmişdim, amma xatırlamıram. Elə gözəl yuxu idi ki, heç ayılmaq istəmirdim.

Gözlərimdən bir damcı axan yaşı Ayşənin görməməsi üçün üzümü ondan çevirmişdim. Gözlərinin içinə baxmağa da utanırdım. Necə də gözəl yuxu görüb. Onun xəyalları məni həmişə heyran edirdi. Romantik  və xəyalpərəst düşüncələrinin yanında mən həmişə soyuq və quru görünürdüm. Zavallı sevgilim, əgər ömrünü mənlə keçirsə heç vaxt doğru dürüst övlad sevgisi dada bilməyəcəyini bilmirdi. Kaş ki, həqiqətən də onun yuxusunu nə vaxtsa reallaşdırmaq imkanım olaydı. Kaş ki, insanlar doğulanda qan qruplarına görə cəbhələrə ayrılıb hislərinə qadağa qoyulaydı ki, “siz “mənfilər” və digər cəbhədə “müsbətlər”dir. Cəbhənizin içərisində olanlarla eşq yaşaya bilməyəcəksiniz. Hissləriniz bir birinizə qarşı qıfıllanıb. Sevə bilməyəcəksiniz bir-birinizi”. Və onda yəqin ki, Ayşə ilə mən eyni qrupda olacaqdıq və beləliklə bir-birimizi sevə bilməyəcəkdik. Kaş ki, hər sey bu cür sadə olardı. Kaş ki…

Ayşə bir az dayanıb sözünə davam etdi:

-Səsini eşitməsəm də məncə gözəl yuxu idi. Doğurdaneee…sən mənə necə evlənmə təklifi etməyi düşünürsən? Baxaaa…Elə şey fikirləş ki, gələcəkdə oğlumuz Xəyala ağız dolusu danışa biləsən.

Mən göz yaşlarımı saxlaya bilmirdim. Sadəcə ağladığımı onun hiss etməsini istəmirdim. Onun danışması mənə layla kimi gəlirdi. Həyat necə də qəribədi, heç vaxt olmayacaq şeylər həyatımıza heç olmasa yuxu kimi daxil olur və bu bizi daha da duyğulandırır. Bunu edə bilməyəcəkdim. Bu qədər gözəl xəyalları olan bir qızın bütün arzularını bu cür puç edə bilməzdim. Başını qaldırıb mənə baxdı. Üzümü yana çevirdim. Hiss etmişdi kövrəldiyimi. Təəccüblə baxıb dedi:

-Ayaalla mənim ürəyim… Sən də kövrəlmisən? Axşam o qədər fikirləşmişdim ki, inanırsan sevincimdən ağlayırdım gecə.

Ağrayan qəlbim onun bu sözü ilə az da olsa təsəlli tapmışdı. Gözlərinin içinə baxıb onu bərkdən qucaqladım. O da məni qucaqladı. Ayağa qalxdım.

-Bu gün evə bir az tez getməliyəm. Mama bazarlığı mənə tapşırıb.

Demək istədiyim yalanların yanında bu cür yalan danışmaq özümə verdiyim bir mükafat idi. Həmişəki kimi sözümü iki etmədən ayağa qalxdı. Qol-qola girib piyada getməyə başladıq. Yol boyu sevimli arzularından danışırdı. O qədər şirin danışırdı ki, onu dinləmək belə bayaqkı fikirlərimdən – ona demək istədiklərimdən utanmağım üçün bəs edirdi. Amma başqa bir yol tapmalıydım. Göz görə-görə mənimlə bədbəxt olmasına icazə verə bilməzdim.

Ayşəni evlərinin yaxınlıqlarında yenidən bərk-bərk qucaqlayıb özündən muğayat olmasını söylədim. Bunun vida olacağını bilmədiyi üçün o məni həmişəki kimi qucaqlayırdı. Mənsə son dəfə qucaqlamaq ehtimalımı nəzərə alıb daha möhkəm qucaqlayırdım. Elə bil bir az da dərindən qucaqlayıb onu ürəyimdə əbədi məhkum etmək istəyirdim. Onsuz da o mənim üçün heç vaxt ölməyəcək sevgiyə sahib olan yeganə insan idi. Ona görə buna heç ehtiyyac da yox idi. Amma nə qədər belə düşünsəm də saçının bir telinin ətri külək kimi əsirdi ürəyimdə. Bu gözəl ətri heç vaxt unutmayacaqdım. Bu mənim üçün sevginin ətri idi. Ölümsüz sevginin…

Yenidən dəniz kənarına qayıtdım. Heç nə düşünə bilmirdim artıq. Keyləşmiş gözlərimlə dənizə baxırdım. Çıxış yolu tapa bilmirdim. Sevdiyim qız mənimlə bədbəxt olacaqdı və mən susmalı idim ya da onu həyatımdan çıxarmalı idim. Amma mən heç birini bacara bilmirdim.

Deməli, özüm Ayşənin həyatından çıxıb getməliydim. Özümə Ayşənin xeyir tapması üçün “Çıx get” deməliydim, qovmalıydım özümü, rədd olmalıydım onun həyatından. Amma birdən-birə itmək heç də ağlabatan görünməyəcəkdi. Yenə də vicdansız olaraq tanınacaqdım onun gözündə. Həm də özüm də belə bacarmazdım. Onu görmək, ətrini duymaq istəyərdim. İnsan həyatı olmadan yaşaya bilməz axı…….. Həə, insan həyatı olmadan- nəfəs almadan, yaşaya bilməz. Yaşaya bilməz… Həyatım olmadan… Ayşə olmadan… Mənim həyatım da elə Ayşəm idi və o olmayacaqdısa, deməli, nəfəs almaq olmayacaqdı. Gülmək, sevinmək, kədərlənmək də olmayacaqdı. Elə həyatın da bir mənası qalmırdı. Bəlkə də bu sevgimin sübutu idi. Hə sevginin sübutu. Bu durumda ən yaxşı və yeganə çıxış yolu qalırdı. İntihar. Demişdim axı, insan nəfəs almadan yaşaya bilməz. Bəs Ayşə olmasa mən necə yaşayacaqdım!? Lap tutalım yaşadım, onu o qədər çox sevirəm ki, onu birdən-birə tərk edə bilməzdim. Hə əsas səbəb budur. Kim olmazsa olmasın, həyat yaşanılır. Ən yaxşı halda sevdiyinin yarası ömür boyu ürəyində ola-ola yaşayırsan. İnsanı sevdiyinin sağ olub onu sevməməsi daha çox incidər, amma ölübsə bu daha tez unudular. Elə mən də Ayşənin yaddaşından tez silinmək istəyirdim ki, onun gələcək xoşbəxt həyatını öz zəhərli xatirələrimlə korlamıyım.

Dənizə yaxınlaşdım. Yəqin ki, sabah heç kim indi edəcəyim intiharın səbəbini bilməyəcəkdi. Əgər bilsəydilər qəzetlərdə qəribə bir başlıq olardı: “Cavan bir oğlan öz sevgilisinin həyatını xilas etmək üçün özünü dənizə ataraq intihar etdi ”.

Normalda, insanlar sevgilisi yoxdur, ya da ayrılıb deyə intihar edirlər. Amma bu normal insanlara aiddir. Mənim isə ölümüm digər insanlar üçün anormal, mənə görə normal olmalı idi. Çünki bunu mən də istəyirdim ki, sevgilimin həyatından çıxım ki, onu xilas edə bilim.

-Bağışla məni, sevgilim, bağışla. Bilirəm bəlkə də ölümümün arxasında başqa səbəblər axtaracaqsan. Amma tək səbəb sənə olan sevgimdi. Bəlkə bunu heç vaxt bilməyəcəksən, amma sırf sənə olan sevgimə görə bütün həyatımı silib çıxıb getməliyəm, çünki sən məndən daha yaxşılarına layiqsən…

Son sözlərim elə bu olmuşdu deyəsən. Sonrasını xatırlamıram. Sonda isə əlimi yana açıb özümü sonsuzluq dəryasına atılan balıq kimi təsəvvür edirdim. İlk dəfə idi ki, özümə nədənsə, daha dəqiq desəm, öz həyatımdan “Rədd olub çıxıb getməyi” arzu edə bilirdim.

Və üzməyi yaxşı bacarmamağım tezliklə öləcəyimə ümid yaradırdı. Tezliklə son nəfəsimi son çırpınışlarımla verdikdən sonra başa düşdüm ki, ümidim puç olmadı…

…ardı var