Çıxara bilmədim dadını ömrün

1178 Baxış

mehemmed2

Dəhnəli Məmməd

Gördüyün bu ömür adsız ömürdü,
Nə qoyum bilmirəm adını ömrün?
Qaçıbdı ləzzəti,dadsız ömürdü,
Çıxara bilmədim dadını ömrün.
Cilovda saxladım atını ömrün.

Mən elə bilmişdim hamıya birdi,
Sən demə bu dünya sehirdi,sirdi.
Gələn də,gedən də haqqıma girdi,
Söymüşəm yüz kərə zatını ömrün.
Çıxara bilmədim dadını ömrün.

Könlünü bir kəsə açmadı sarvan,
Düşüb arxasınca getdi bu karvan.
Bu gün ümid oldu,sabahsa güman,
Duman,çən bürüdü qatını ömrün.
Çıxara bilmədim dadını ömrün.

Hardasan,ay eşqin qədrini bilən?
Hardasan,eşq ilə ağlayan,gülən?
Gəl indi özgədən məhəbbət dilən,
Sən ola bilmədin qadını ömrün.
Çıxara bilmədim dadını omrün.

Dünyanın nahaqqı,haqqı itməyib,
Haqqı qorumağa gücüm yetməyib.
Hələ yaşayıram ömür bitməyib,
Hələ sarıyıram çatını ömrün,
Çıxara bilmədim dadını ömrün.

 

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10